adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Oktyabr 2018 12:43
8454
SİYASƏT
A- A+

Siyavuş Novruzov “Qarabağ mitinqi”ni tənqid etdi: “Bu nə düşüncədir?”

"Son dövrlərdə bir qrup insanın Bakıda Dağlıq Qarabağ adı altında müxtəlif kütləvi aksiyalar keçirməsinin Qarabağla heç bir bağlılığı yoxdur”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, bu, Azərbaycan xalqında çaşqınlıq yaratmağa xidmət edir: "Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün danışıqlarda bu məsələni əsas şərt kimi qoyur. Azərbaycanın ərazi bütövlüyü əsas şərt kimi gündəmdədir. Azərbaycan cəmiyyəti də bu məsələdə prezidenti dəstəkləyir. Prezident aparılan danışıqlarla bağlı ictimaiyyət qarşısında hesabat verir. Xalq prezidenti seçib, ona səlahiyyət verib ki, bu hüquq prezidentə məxsusdur. İndi 1990-cı ilin təfəkküründə olan insanlar deyirlər mitinq keçirilməlidir ki, xarici təşkilatlar prezidentə təzyiq edildiyini görsünlər. Belə çıxır ki, Azərbaycan Prezidenti hansısa güzəştə getməyə razıdır və ictimai təzyiqin nəticəsində güzəştlərə getmir. Bu nə düşüncədir, bu nə təfəkkürün məhsuludur? Prezident tərəfindən ən kəskin mövqe bildirib”.

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının verdiyi səlahiyyətə uyğun olaraq bu proseslər davam etdirilir: "Burada hansı təzyiqdən söhbət gedə bilər, Qarabağ Azərbaycanındır. Azərbaycan həm danışıqlarda, həm də ordunun gücləndirilməsində və digər məsələlərdə buna hazırlığını sübut edib. Bu il keçirilən iki parad bunun bariz nümunəsidir. Ən müasir silahların nümayiş etdirilməsi bilavasitə mesajdır ki, məsələ sülh yolu ilə həll edilməyəcəksə, digər yollarla da bunu həll etməyə hazırıq”.

S.Novruzov əlavə edib ki, Avropada oturub çağırış edənlərə Azərbaycanda dəstək verilməsi düzgün deyil: "Birinci Qarabağ müharibəsində hər bir azərbaycanlı necə döyüşüb, mübarizə aparıbsa, bundan sonra da belə olacaq. Burada "mənim və sənin” məsələsi ola bilməz. Aksiyaya qoşulmayanları qınağa məruz qoymaq nəyə xidmət edir? Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydaçasında həll ediləcək məsələ deyil”.