adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Oktyabr 2018 22:58
20908
ƏDƏBİYYAT
A- A+

İSLAM SADIĞIN DƏDƏ QORQUD VƏ KOROĞLU NƏFƏSLİ ŞEİRLƏRİ

Hər bir söz sənətkarı öz yaradıcılığı ilə xalqının ədəbiyyatını zənginləşdirir, mədəniyyətini inkişaf etdirir. Məhz bu səbəbdən də söz sənətkarlarının ədəbi irsini dərindən öyrənmək və həqiqi qiymətini vermək mühüm məsələlərdəndir. Belə sənətkarlardan biri də şair İslam Sadıqdır. Odlar yurdu Azərbaycanı sənətkarlar ölkəsi adlandırsaq heç də yanılmarıq. Bu ölkə Ə.Xaqani, N.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli, M.V.Vidadi, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Müşviq, Ə.Cavad, H.Cavid, S.Vurğun, Ə.Vahid, B.Vahabzadə və.s. kimi bir çox söz sənətkarı yetişdirmişdir. Hər guşəsi bir-birindən usta sənətkarlar yetişdirən Azərbaycanın Tovuz rayonu da hər zaman saza-sözə dəyər-qiymət verən bölgə olmuşdur. Məhz İslam Sadıq da bu bölgənin yetişdirdiyi mahir söz ustalarından biridir. İslam Sadığın "Sözündən üşüyən dodaqlar" kitabına ön söz yazmış akademik Nizami Cəfərov deyir: "İslam Sadığın poeziyası, bütövlükdə yaradıcılığı, nə qədər istedadlı olsa da, bir şəxsin (müəllifin) üslubu hüdudundan kənara çıxıb, əgər belə demək mümkündürsə, bir etnosun üslubu miqyasını alır".

Çoxu kökə, soya çəkdi,
Qılıncını suya çəkdi.
Al qanından boya çəkdi
Azərbaycan bayrağına.
Qollarımı açın, açın,
Yollarımdan qaçın, qaçın,
Həsrət çəkir Şuşa, Laçın
Azərbaycan bayrağına.

Bir gün gələr gərək ollam,
Basat ollam, Beyrək ollam.
Heç olmasa dirək ollam
Azərbaycan bayrağına.

Şairin məna dolğunluğu, yüksək poetik mükəmməlliyi ilə seçilən şeirlərindən biri "Azərbaycan bayrağına" gəraylısıdır. Üç bəndlik bu şeir istər sözlərin sırası, istərsə seçimi, istərsə də sözlərin düzgün və yerində işlənməsi baxımından çox mükəmməldir. Şeirin son bəndindəki "Basat ollam, Beyrək ollam" misrası isə şeirə ayrı bir gözəllik bəxş etmişdir. Bütün türk dünyasının ən mükəmməl eposu olan "Kitabi-Dədə Qorqud" ruhunu özündə əks etdirən bu şeir həqiqətən də xalça üzərinə vurulmuş naxışa bənzəyir. Xalçanı xalça edən ona vurulan gözəl naxışlar olduğu kimi, şeiri də şeir edən ona seçilən gözəl sözlərdir...
Şifahi xalq ədəbiyyatı ən yaxşı söz sənətkarlarının əlində hər zaman tükənməz mənbə rolunu oynamışdır. Hər bir söz sənətkarının yaradıcılığında şifahi xalq ədəbiyyatı mühüm əhəmiyyət kəsb etmişdir. Əgər söz ustası folklor bulağının gözündən su içməzsə o heç bir zaman həqiqi söz ustası ola bilməyəcək. Həqiqi söz ustaları yaxşı bilirlər ki, hər şeydən əvvəl istinad ediləcək ən yaxşı və ən keyfiyyətli mənbə şifahi xalq ədəbiyyatıdır. Şair İslam Sadıq da bunu yaxşı bildiyi üçün hər zaman şifahi xalq ədəbiyyatına qırılmaz tellərlə bağlı olmuşdur.

Soruşma bu əməl, bu iş kimindi,
Həmzədən törəyən yüz-yüz, min-mindi.
Hər gün yüz on uşaq doğulur indi,
Yüzü həmzələşir, yüzü Koroğlu!

Şairin "Qalmışıq" şeiri kimi "Həmzələşən dünya" şeiri də Koroğlu havası üstündə köklənmişdir. Bu şeirdə şair dünyadan şikayətini Koroğlu ilə bölüşür. Şeirdə qeyd olunan "Hər gün yüz on uşaq doğulur indi, Yüzü həmzələşir, yüzü Koroğlu!" ifadəsi məhz dünyada Həmzə kimi ikiüzlü insanların, yalançı, nadanların sayının gündən-günə çoxalmasına işarədir.

Dünən "Cəngi", "Misri" çalan dünyanın,
Nəfəsi yalandı, yalan dünyanın.
Keçəl həmzələrə qalan dünyanın
Özü həmzələşir, özü, Koroğlu!
Əvvəllər elə bir zaman var idi ki, qol gücü basılmazıydı. "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarında biz həmin qol gücünün nə qədər əhəmiyyətli olduğunu görürük.
İslam Sadığın "İmza bizim, günah Arazın" şeiri Şimal-Cənub həsrət ayrılığına həsr olunmuşdur. Azərbaycan poeziyasında bu mövzuya kifayət qədər müraciət edən şairlərimiz olmuşdur. Ancaq İslam Sadığın bu mövzuya yanaşması digər şairlərin mövzuya yanaşmsından tamamilə fərqlidir. Fərq isə bundan ibarətdir ki, digərlərindən fərqli olaraq İ.Sadıq günahı Arazda yox, özümüzdə görür və Arazı yox, özümüzü qınayır. Bunu Nizamçi Cəfərov da duymuşdur. Beş bənddən ibarət olan "İmza bizim, günah Arazın" şeirində dərin fəlsəfi fikirlərin təcəssümünün şahidi oluruq.

Damğaları vuran bizik,
Günahkarı Arzadımı?!
Körpüləri qıran bizik,
Günahkarı Arazdımı?!

Şeirin ilk bəndindən göründüyü kimi şair günahı bizlərdə gördüyünü açıq şəkildə bildirmişdir.
"Damğaları vuran bizik, Günahkarı Arzadımı?!" misralarına diqqətlə baxdıqda aydın şəkildə damğaları özümüzün vurduğumuz halda, Arazı günahkar saymağımızın nə dərəcədə doğru olduğunu şair ilk misradan anlatmışdır.
Və yaxud "Körpüləri qıran bizik, Günahkarı Arazdımı?!" ifadələri də həmçinin bundan əvvəl dediyim fikirləri təsdiqləyir.

Yağılara üz verən biz,
Əlli desə, yüz verən biz.
Ocağına köz verən biz,
Günahkarı Arazdımı?!

Şeirin ikinci bəndinə diqqətlə nəzər saldıqda görürük ki, şair demək istəyir ki, düşmənlərimizə üz verən də, istədiklərinin iki qatını verən də, ocağlarını odlandıran da əslində elə biz özümüz olmuşuq. Həqiqətən də diqqətlə şeirə nəzər saldıqda və kamil bir düşüncə ilə düşündükdə görürük ki, şair haqlıdır, bütün yanlışlıqlar və günahlar bizim özümüzdədir.

İlk eşqi Şuşada qalan yarpaqlar,
Burda yalan oldu, yalan yarpaqlar.
Qovrula-qovrula solan yarpaqlar
Yan-yana düzülüb Şuşa yazmışdı.

İslam Sadıq yaradıcılığında xüsusi yerə malik olan şeirlərdən biri "Xarı bülbül" şeiridir. Bu mövzuya son zamanlar müraciət edənlərin sayı artıb. Ancaq mənə elə gəlir ki, bu mövzuda yazılmış şeirlərin içərisində İslam Sadığın "Xarı bülbül" şeiri ən gözəli və ən təsirlisidir. Xüsusən də onun mövzuya poetik cəhətdən yanaşması digərlərindən tamamilə fərqlidir.

Mən doğulan zaman yalan yoxuydu,
İçi yalan dolu palan yoxuydu.
Salamı rüşvət tək alan yoxuydu,
Mən Şumer dövründən qalmış adamam.

Akademik Nizami Cəfərov şair İslam Sadıq barəsində demişdir: "İslam Sadıq Şumer dövründən qalmış adamdı.". Şair özü də bu fikri şeiriylə təsdiləyir. Mövzu baxımından digər şeirlərindən fərqli olan bu şeirdə şair çox düşündürücü fikirlər qələmə almışdır. Digər şeirləri kimi bu şeiri də poetik mükəmməlliyi ilə seçilən şeirlərindəndir İslam Sadığın.
Şair xalqının sevdiyi şeyləri sevən insandır. Azərbaycanın xalq şairi Səməd Vurğun deyirdi ki, "Sənətkarın nəfəsi xalq nəfəsi olduğu zaman həyat və tarix onun zəhmətini çiçəkləndirir və təqdir edir." Şairin sözündə həqiqət var, əgər şair öz yaradıcılığında xalqını və onun maraqlarını ifadə etdirmirsə, təbii ki, nə tarix, nə də həyat onun yaradıcılığını, zəhmətini təqdir etməyəcəkdir. İ.Sadığın "Sözündən üşüyən dodaqlar" kitabında yer alan şeirlərin isə demək olar ki, hamısı xalqa xidmət edir. Yəni xalqın maraqlarını, problemlərini və həyat həqiqətlərini özündə əks etdirir. Bu səbəbdən də xalq şairi S.Vurğunun dediyi kimi, İ.Sadığın zəhməti təqdirəlayiq bir zəhmətdir...

Eltac SUMQAYITLI
Bakı Avrasiya Universitetinin filologiya fakültəsinin
II kurs tələbəsi