adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR"

VAQİF YUSİFLİ
28153 | 2018-10-04 09:41
Telli Sənəm Borçalı elə təxəllüsündən göründüyü kimi Borçalı elindəndir. Borçalı Azərbaycan saz və söz sənətinə görkəmli aşıqlar, şairlər bəxş edib. Sənəm xanım da bu saz-söz karvanına qoşulanlardan biridir və artıq yeddi şeir kitabı işıq üzü görüb. "Adın çiçəkləyir dodaqlarımda" onun lap axırıncı kitabıdır. Bir şairi tanımaq, onun şeir dünyasına vaqif olmaq üçün nəinki yeddi şeir kitabı, elə biri bəsdir.

Türkün yenilməyən dəyanətindən,
Əzəmət payını alıb Borçalım.
Zümrüd çeşmələri basıb bağrına,
Könül laylasını çalıb Borçalım.

Bir bax ürəyimin yaz havasına,
Əsir gözəlliyin naz havasına.
İrfana köklənmiş saz havasına,
Əbədi mehrini salıb Borçalım.

Min ildi zamanla girib savaşa,
Haramın yolunu tutubdu daşa.
Sazıyla, Sözüylə verib baş-başa,
Qeyrət qalası tək qalıb Borçalım.

Borçalıya, doğulduğu torpağa böyük sevgilərin ifadəsidir bu şeir.
Borsalı deyəndə ilk yada düşən söz adamı Zəlimxan Yaqub yada düşür. Ruhu şad olsun Zəlimxanın. Özü cismən aramızda yoxdu, amma şeir-sənət dünyamızda dərin izlər buraxıb- o, Azərbaycan poeziyasında qoşmanın, gəraylının, ümumən heca şeirinin müasir örnəklərini yaratdı, klassik aşıq sənətinin ənənələrini müasir şeir mədəniyyəti ilə birləşdirdi və sübut elədi ki, "köhnə havalarda" da təzə notlar səslənə bilər. Telli Sənəm Borçalı da öz şeirlərində Zəlimxan yolunu tutub. Onun kitabda toplanan bütün şeirləri heca vəznindədir, özü də çoxu qoşmadır. Və deyim ki, Telli Sənəm Borçalı qoşmanı məhz qoşma kimi yazır, o şeir formasının bütün qayda-qanunlarına əməl edir, amma ən əsası odur ki, hər qoşmasında təzə söz deməyə çalışır və əksər hallarda buna nail olur. Misal üçün anasına həsr etdiyi bir qoşmasına dimqqət yetirək:
Hərdən gözlərimdə bir yaz buludu,
Könül gülşənimin yamyaşıl otu.
Qəlbimin aetəşi, könlümün odu,
Ruhumun sönməyən közüdü anam!

O mənim qəlbimdə bir dağ laləsi,
Camalı nur saçan işıq haləsi,
Könlümə səpilib o şirin səsi,
Çağlayan sazımdı, sözümdü anam!

Telli Sənəm Azərbaycanı sevir- bu sevgi onun şeirlərinin mayasını təşkil edir desəm,- səhv etmərəm. Azərbaycanı sevmək onun tarixini, mədəniyyətini, dahilərini semək deməkdir. Təbiətini, onun gözəlliklərini sevmək deməkdir. Bir sözlə, Vətən sevgisini hər sevgidən uca tutur. Telli Sənəm özünü bu Vətənin bir zərrəsi sayır, Vətənə sevgisini "Mən kiməm" şeirində ifadə edir:

Bəxtimin üzünə sökülməyib dan,
Arzum ümid-ümid yıxılıb atdan.
Köksümdə Qarabağ ağrısı yatan,
Yaralı sözümdən soruş, mən kiməm.

O, azərbaycanın şəhərlərinə, kəndlərinə, təbiətinə aid çoxlu şeirlər yazıb və hər şeirində də çalışıb ki, hansı məkandan söz açırsa, o yerin-o yurdun konkret cizgilərini təsvir etsin.Gədəbəydən söz açan şeirində onu "Dübeyti", "Baş Sarıtel" saz havalarına bənzədir, Şəkidən söz açanda yazır ki: "Bu yerlər hünərin gülüstanıdır", Şamaxını "Su içib Xaqani misralarındane, İrfan dünyasınıfn haqqı-salamı" misralarıyla yad edir, Gəncəyə həsr etdiyi şeirindəsə deyir ki: "Açıb əllərini göyün üzünə, çinarlar Tanrıya dua oxuyur".
Onun şeirlərində ənənəvi təbiət mövzuları (dağa, yaylağa və s.) da diqqəti cəlb edir və Telli Sənəmin bu tipli şeirlərində onun axtarış həvəsini, sözə dirilik vermək canatımını görürük.Amma nə yazırsa-yazsın hər şeirində təbii, səmimi hisslərini qələmə alır. "Çeşmə-dağ ovcunda nurlu piyalə. Yamacın üzündə öpüşdü lalə. Nənəmin saçıdır o gur şəlalə"-elə dağlara həsr edilmiş şeirin bu misraları saübut edir ki, Telli Sənəm Borçalı sözü ehya etməyə, təzə, orijinal təşbihlər işlətməyə çalışır. "Şindi dağları" şeiri də maraqla oxunacaq şeirlərdən biridir. Mənə bu kitabda ən uğurlu şeir təsiri bağışlayan "Kəkliyin səsi" oldu:

Bu dağlar, qayaldar çiçək qoxuyur,
Mamırlı dağlarda sükut oxuyur,
Sanki yamaclarda xalça toxuyur,
Dağlara çilənib kəkliyin səsi.

Sinəmdə köklənmiş saza söykənib,
Ruhumu oxşayan naza söykənib,
Qışla vidalaşıb, yaza söykənib,
Çiçək-çiçək dinib kəkliyin səsi.

Telli Sənəm Borçalının sevgi şeirləri də təbii yaşantıların ifadəsi kimi diqqəti cəlb edir. Bu şeirlərdə həsrətin də, sevincin də, ayrılığın da, sevgini tərənnümün də öz məxsusi çalarları var. Hər halda sevgi hisslərini qələmə alanda standart, şablon, trafaret sözlərdən, kəlmələrdən imtina etmək lazımdır. Telli Sənəmin bir çox sevgi şeirləri bu təsirdən, bu ənənədən yaxa qurtarmayıb, amma elə şeirləri də var ki, o şeirlərdə orijinal ifadələr diqqəti cəlb edir.
Yenə əsir ayrılığın yelləri,
Ürəyimdə duyğularım qar ağlar.

Bu iki misra göstərir ki, sevgi haqqında yazanda gərək metaforalarla, təşbihlərlə işləyəsən. "Ürəyimdə duyğularım qar ağlar"- orijinaldır.

Dünyaya səninçün gəlim yenidən,
Məni layla-layla səsin oxşasın.
Ömrümü bir zərif boyunbağıtək,
Tanrı işıq kimi qəlbindən assın.

Təbii hisslərdir.
Onun mənim fikrimcə ən gözəo sevgi şeiri "çiçək dər alnımın qırışlarından"dır. Bu şeirdə bir sevən ürəyin iztirabları ilə sevinci bir-birini əvəz edir. Telli Sənəm Borçalının Qarabağa həsr olunan şeirlərində həm həsrət var, həm də ümid. "ağlama Qarabağ, şuşam, ağlama"-elə şeirin adından da görünür ki, Tellm Sənəm hançı hisslərlə yaşayır. "qələbə ətirli bir gün gələcək Ağlama Qarabağ, Şuşam, ağlama!".
Telli Sənəm Borçalıya yeni yaradıcılıq uğurları arzulayıram. Qoy o Zəlimxan yolundan, saz dünyasından heç vaxt ayrılmasın.


TƏQVİM / ARXİV