adalet.az header logo
  • Bakı 12°C
07 Oktyabr 2018 11:22
26854
ƏDƏBİYYAT
A- A+

Ədəbiyyat qeybətdən yaranıb – Ayxan Ayvaz yazır...


Tarixdən əvvəl də insanlar vardı. Müasir insana oxşayan heyvanlar ilk dəfə təxminən 2, 5 milyon il öncə ortaya çıxdı. İnsana oxşayan heyvanlara Homo Sapiens deyilirdi.

Daha sonra qidanın harda olduğunu bildirmək üçün dil yarandı. Homo Sapienslərin dili ilk dil deyildi amma. Meymunlar və digər heyvanların da istifadə etdiyi dil vardı. Məsələn, meymun cinslərindən biri çoxlu səs çıxarda bilir. Zooloqlar bu səslərdən bəzilərinin nə anlama gəldiyini tapıblar. Məsələn bir səs "Diqqətli ol, kartal gəlir”, digəri isə "Aslan gəlir” mənasını verir. Maraqlı bir məsələ var burda. Tədqiqatçılar bu çağırışları təkrar bir qrup meymuna qulaq asdıranda onlar əllərindəki işi buraxıb qorxuyla yuxarı baxıblar. Digər bir qrup həmin səsləri eşidəndə ağaca dırmaşıb.

Fikir verin, dil (əslində buna səs də deyə bilərik) ilk olaraq qidadan və qorxudan yaranıb. Yaşamaq üçün qida tapılmalı idi, ölməmək üçün təhlükəni bildirmək.

İlk insanlar qruplar halında yaşayırdı. Onlar aslandan, yırtıcı heyvandan daha çox özlərindən qorxurdular. Qrupda kim kimə nifrət edir, kim kimlə dostdur, kim kimlə düşməndir, kim dürüstdür, kim yalançıdır. Əsl təhlükə elə insan özü idi. Məhz bu səbəbdən dil yarandı. Daha doğrusu, belə deyə bilərik: dil qeybət üstündə yarandı.

Məsələnin digər tərəfi daha maraqlıdır. Homo Sapienslər gördükləri deyil, xəbərdar olmadıqları varlıqlar haqqında danışmağa başlamışdılar. Onlar heç danışmadığı, iyləmədiyi, toxunmadığı şeylər barəsində danışırdılar.

Varlığından xəbərsiz şeylər haqqında hekayələr quraşdırmaqla əfsanələr, nağıllar və din ortaya çıxdı. Artıq təhlükənin gəldiyini xəbər verməkdən əlavə Homo Sapienslər qəbilənin ruhunun olduğunu deyə bilirdi.

Diqqət edin, əvvəl səs ortaya çıxır. Səs qida tapmaq və ölümdən yaxa qurtarmaq üçün yarandı. Buna ilkin dil də deyə bilərik.

Daha sonra qrup halında yaşayan ilk insanlar bir-birilərini tanımağa görə qeybət qırmağa başladılar. Və beləliklə, dil yarandı. İnsanların bir-birinə olan inamsızlığı və yırtıcı heyvandan daha çox özlərindən qorxması dili yaratdı.

Qeybət, kimisə izləmək, kiminsə sözünü dinləmək. İlk insandan bu yana vaz keçə bilmədiyimiz məşğuliyyətdir. Səbəb isə çox sadədir: özünü qorumaq, təhlükədən xilas olmaq üçün. Müasir insan isə bəzən bunu əyləncəyə görə edir.

Hətta ədəbiyyat da qeybətdən yaranmırmı? Yazıçılar kimlərinsə həyatına kamera qoyur, kimlərisə dinləyir və nəticədə roman, hekayə ortaya çıxır.

Lap qədimdən bu yana insanlar qorxduqlarından, başqaları ilə maraqlandıqlarından dili ortaya çıxarıblar. Bizim belə bir ifadəmiz var: "Dilinin bəlasına düşüb”. Dil səni ya göylərə qaldırır, ya da o göylərdən kəlləmayallaq yerə salır. Başqalarını dinləyərək, başqalarının həyatı ilə maraqlanaraq insanlar əhvalatlar danışmağa başladılar. Şifahi bir ədəbiyyat. Sonra isə insanlar həmin danışılanları yazıya köçürdülər. Başqasının da oxuması üçün bunu etdilər.

İnsan yaradılışdan bu günə qədər həmişə sosiallaşmağa, özünü çoxluğa göstərməyə meylli olub. Argentinanın cənubunda Əllər Mağarası var. İnsanlar qayalara öz əllərinin rəsmini çəkiblər. Sanki milyon il əvvəl var olduqlarını göstərmək üçün. Qayaların üzərinə rəsmlər çəkilib, iz qoyulub. Bu günün müasir insanı da sosial şəbəkədə özünə hesab açır, kofe içdiyinin, xarici ölkəyə gəzintiyə çıxdığının, kimlə bərabər olduğunun fotosunu çəkib publikaya çıxarır. Əvvəl də insanlar var olduqlarını bildirmək istəyirdilər, indi də. Və bütün bununla bərabər insan insana inanmır, onu tanımaqdan qorxur. İnamsızlıq milyon ildir var. İlk insandan genetik yolla keçən inamsızlıq bizi bir-birimizdən uzaqlaşdırır.

Ona görə də düşünürəm ki, yeni insan tipi deyilən bir şey yanlışdır. İnsan həmişə insandır, sadəcə dekor dəyişib. Biz lap qədimdən bir-birimizi izləyirdik, söz gətirib söz aparırdıq, qeybət qırırdıq. Bu maraq, ya da ki qorxu, inamsızlıq dilin yaranmağına səbəb oldu. Beləliklə, qəzet, kitab, ədəbiyyat yarandı.