adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Oktyabr 2018 09:34
19124
ƏDƏBİYYAT
A- A+

VƏTƏN


Quş da qanad açıb uçmaz vətənsiz,
Bir gül də, çiçək də açmaz vətənsiz,
Ürəyim bir an da döyünməz sənsiz,
Ən şirin söhbətim, sözümsən, Vətən!

Hər xırda çayın da dənizdir mənə,
Bir quru çöpün də əzizdir mənə.
Ruhumla, canımla bağlıyam sənə,
Sönməyən ocağım, közümsən, Vətən!

Xoşbəxt gələcəyim, nurlu sabahım,
Ümidim, gümanım, sənsən pənahım.
Mənim səcdəgahım, son qibləgahım,
Döyünən ürəyim, gözümsən Vətən!

Ruhunu canımdan çəkib aldılar,
Sinənin üstünə çöküb aldılar.
Düz səni beş yerə parçaladılar,
Sən başdan-ayağa, dözümsən Vətən!

İNDİ

Məndən üz çevirib getdi gəncliyim,
Ömürdən bir yolluq itdi gəncliyim?
Yoxdu rahatlığım, yoxdu dincliyim,
İtən gəncliyimi gəzirəm indi.

Nə kədər bilirdim, nə qəm bilirdim,
Hamını özümə həmdəm bilirdim.
Cavanlıq eşqilə deyib-gülürdüm,
Qəm-kədər içində üzürəm indi.

Daha qəm yeməkdən ürəyim doyub,
Ayağım altını qocalıq oyub.
Mən özüm-özümü daş üstə qoyub
Ağlaya-ağlaya əzirəm indi.

Tufana qərq etdi illər qəlbimi,
Ay Vahid, tərpətmə gəl, sarı simi.
Arıçı pətəkdən bal süzən kimi
Gözümün yaşını süzürəm indi.

QAYĞISIZ GÜNLƏRİM QALIB
O YERDƏ

Yenə yada düşdü gözəl diyarım,
Vüqarlı dağlarım, barlı bağlarım.
Ruha sığal çəkən, gözəl çağlarım,
Uşaqlıq illərim qalıb o yerdə.

İndi saçlarıma ələnsə də dən,
Bir həsrət asılıb mənim qəlbimdən.
Babamla yaşanan, nənəmlə keçən
Qayğısız günlərim qalıb o yerdə.

Nə vaxtdır burdayam, gedib-gəlmirəm,
Neylim, əvvəlki tək deyib-gülmürəm.
Əl atıb bir çiçək üzə bilmirəm,
Elə bil əllərim qalıb o yerdə.

Daha nəfəsim də kədər qoxuyur,
Bilirəm, səsim da kədər qoxuyur.
Vahid dərdli-dərdli nəğmə oxuyur,
Şirin nəğmələrim qalıb o yerdə.

NƏ YAXŞI

Kimsə ləkə tapmaz saf vicdanımda,
Yaxşılıq, halallıq axır qanımda.
Sənin dar günündə, çətin anımda,
Köməyinə gələn varsa, nə yaxşı!

Dağıt yollarından dumanı, çəni,
Heç vaxt üzə vurma olub keçəni.
Duyub hər sözünü, hər bir kəlməni,
Can dərdini bilən varsa, nə yaxşı!

Adam var imanı, dini unudub,
Adam var nifrəti, kini unudub.
Bir yetim uşağın əlindən tutub
Göz yaşını silən varsa, nə yaxşı!

Həyatda özünə düz yol seçərək,
Ölüm şərbətini su tək içərək,
Haqq yolunda öz canından keçərək,
Haqq yolunda ölən varsa, nə yaxşı!

Vahidəm, yenə də gözüm nəmlənib,
Kövrək ürəyimdə min dərd cəmlənib.
Qəmli günlərində sənlə qəmlənib,
Şad günündə gülən varsa, nə yaxşı!

SƏN MƏNİM SEVGİMİ ÖZÜMƏ QAYTAR

Sənə məhəbbətim gərək olmadı,
Daha bu sevgiyə ümid qalmadı.
Yandırdın canımı, güldürdün yadı,
Sən mənim sevgimi özümə qaytar.

Qara bulud kimi nə qədər dolum?!
Elə bil dağ üçüb, bağlanıb yolum.
Qara gözlərini sevməmiş olum,
Sən mənim sevgimi özümə qaytar.

Daha öz köçümü yığıb gedirəm,
Gözümün yaşını sıxıb gedirəm.
Biryolluq ömründən çıxıb gedirəm.
Sən mənim sevgimi özümə qaytar.

Neylim, yollarımız ayrılıb bizim,
Eşqin bağçasından yox olar izim.
Son dəfə Vahidi eşit, əzizim,
Sən mənim sevgimi özümə qaytar.

ÜMİDLƏ, İNAMLA GEDƏK
SABAHA

Sevgidən oyanır canda həvəs də,
Ürəyə xoş gəlir adi bir səs də,
Tanrı kölgəsisən başımın üstə,
Əlini əlimdən çəksən, ölərəm.

Gülləri solmayan eşq bağıyam mən,
Tanrının sönməyən çırağıyam mən,
Göylərə ucalan şah dağıyam mən,
Boynumu bir anlıq büksən, ölərəm.

Səninçün göylərdən ulduz dərmişəm,
Bir çələng bağlayıb sənə vermişəm.
Mən səni həmişə xoşbəxt görmüşəm,
Gözünün yaşını töksən, ölərəm.

Ümidlə, inamla gedək sabaha,
Sevib-sevilməyən batar günaha.
Mən xoşbəxt yaşaram səninlə daha,
Canımda bir kədər əksən, ölərəm.

DÖZ, ÜRƏYİM, DÖZ HƏLƏ

Dərdi necə əyləyək?
Gedib kimə söyləyək?
Heç bilmirəm, neyləyək,
Döz, ürəyim, döz hələ!

Uşaq kimi küsmüsən?
Ümidimi üzmüsən.
Sən hər dərdə dözmüsən,
Döz, ürəyim, döz hələ!

Vəfasızlıq eyləmə,
Məni yoldan əyləmə.
"Yorulmuşam" söyləmə,
Döz, ürəyim, döz hələ!

Üzdü məni intizar,
Döyəclədi yağış, qar.
Neçə nəvə toyu var,
Döz, ürəyim, döz hələ!

Daha naz vaxtı deyil,
Ömrün yaz vaxtı deyil.
Yoldaşıq gör neçə il,
Döz, ürəyim, döz hələ!

BU GÜN
HARDAN DOĞDU BELƏ

Ürəyimdən qəmi dərdin,
Dünyamı nura döndərdin.
Gülümsədin, salam verdin,
Bu gün hardan doğdu belə?

Qurban olum pərim sənə,
Bəxt üzümə güldü yenə.
Göz süzdürüb baxdın mənə,
Bu gün hardan doğdu belə?

Çox dəyişib qəm halımı,
Eləyibdi kəm halımı.
Xəbər aldın əhvalımı,
Bu gün hardan doğdu belə?

Paslanıbdı sinəmdə ox,
Saya gəlməz dərdlərim çox.
Dedin: "Vahid, nə var, nə yox?"
Bu gün hardan doğdu belə?

GÜLƏ - GÜLƏ

Görmüşəm dünyanın cox namərdini,
Canım tək sevirəm elin mərdini.
Ümidlə, inamla hər bir dərdini,
Könlündən ot kimi biç gülə-gülə.
Xeyirxah adamlar elə dayaqdı,
Mərd namərd önündə keçilməz dağdı.
Hər ömrün sonu var: - Axirət haqdı,
Əcəl şərbətini iç gülə-gülə.

Bir könül sındırma, ürək dağlama,
Heç kimi yolundan tutub saxlama,
Dostum, bu dünyaya sən bel bağlama.
Köçəndə dünyadan köç gülə-gülə.

Ay Vahid, insandan yaxşılıq qalar,
Yaxşılıq eyləyən yaxşı ad alar.
Dünyanı pəncərə sanıb babalar,
Baxıb pəncərəyə keç gülə-gülə.

HÜCUM EDƏR ORDUMUZ

Bu qansız kafirləri biz qılıncdan keçirək,
Qan içən yağılara öz qanını içirək.
Düşmənə gücümüzü birdə göstərək gərək
Hücum edər ordumuz
Azad olar yurdumuz.

Biz vətəni sevirik canımızda can kimi,
Müqəddəsdir torpağı müqəddəs, Quran kimi.
Doğma yurda vermişəm könlümü, ürəyimi.
Hücum edər ordumuz
Azad olar yurdumuz.

Canımızdan keçərik bu torpaqdan keçmərik,
Xəzəl olub saralan bir yarpaqdan keçmərik.
Haqsızlığa dözmərik, heç vaxt haqdan keçmərik
Hücum edər ordumuz
Azad olar yurdumuz.

Qarabağdan düşmənin kəsiləcək ayağı,
Heç kimə pay verilməz ana vətən torpağı.
Xankəndinə sancılar Azərbaycan bayrağı,
Hücum edər ordumuz
Azad olar yurdumuz.

Eşit məni can vətən səni darda qoymarıq,
Gözlərini heç zaman intizarda qoymarıq.
Bir quruca çöpünü biz yadlara qıymarıq,
Hücum edər ordumuz
Azad olar yurdumuz.

Biz döyüş meydanından qələbəylə çıxarıq,
Lazım gəlsə dağları uçurarıq, yıxarıq.
Düşmənə qan uddurub ürəyini sıxarıq
Hücum edər ordumuz
Azad olar yurdumuz.

İgidlər nərə çəkər dağ oynayar yerindən,
Torpaq da silkələnər çıxar öz məhvərindən.
Kafir kimə daş atır bir düşünsün dərindən,
Hücum edər ordumuz
Azad olar yurdumuz.

Şanlı aprel döyüşü yenə təkrar olacaq
Al-qırmızı şəfəqlər qaranlığı boğacaq.
Bir azadlıq günəşi Qarabağda doğacaq,
Hücum edər ordumuz
Azad olar yurdumuz.

Yadellinin başına bu gen dünya dar olar,
Qalib gələr ordumuz, düşman qaçıb xar olar.
Allaha üz tutarıq, Quran bizə yar olar
Hücum edər ordumuz
Azad olar yurdumuz.