adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Oktyabr 2018 09:27
38839
ƏDƏBİYYAT
A- A+

Qəzəl de ki, məşhuri-dövran ola...


Üslub müəyyən mənada müəllifin şəxsiyyəti deməkdir. Əgər müəllif hər hansı mövzunu oxucuya təqdim etdikdə onu adi adamların görüb duymadığı bir tərzdə göstərə bilirsə, bu, həm də onun özünü daha yaxından tanıdır və sevdirir.
Bu baxımdan haqqında danışmaq istədiyimiz şəxs filologiya elmləri doktoru Vaqif Yusifli və onun oxuculara yenicə təqdim etdiyi "Azərbaycan qəzəli" kitabıdır. V.Yusifli çağdaş Azərbaycan ədəbiyyatı, müasir poeziya və nəsrimiz haqqında öz sözünü demiş tənqidçilərimizdəndir. O da bəllidir ki, Yusifli sözü həmişə öz mötəbərliyi, ağı qaradan seçmək bacarığı və mütəxəssis səriştəliliyi ilə fərqlənib. Çağdaş ədəbiyyatımızın sayılıb-seçilən xiridarlarından olan Vaqif müəllim təkcə bu sahəyə bağlanıb qalmır, həm də klassik ədəbiyyatımıza aid, yeri gəldikcə maraqlı məqalə və araşdırmalar nəşr etdirir, əruz vəznli orta əsrlər klassik şeirimiz barəsində səriştəli söz deməkdən də çəkinmir. Klassik qəzəlin şəriksiz ustadı sayılan Füzuli dühasının, Füzuli poeziyasının vurğunu kimi tanınmış V.Yusifli bu dəfə ümumən qəzəl janrının keçdiyi tarixi inkişaf yolu və bu janrın gözədəyər, ən seçilmiş örnəkləri haqqında diqqəti çəkən və maraqla oxunan bir kitabla oxucularının görüşünə gəlib.
"Azərbaycan qəzəli" kitabı oxucu auditoriyasını klassik şeir janrlarından biri olan qəzəlin quruluşu ilə tanış etməklə yanaşı, müxtəlif dövrlərdə yaşamış şairlərin qəzəl yaradıcılığını xroniki ardıcıllıqla təhlil edir. Öncə qeyd edim ki, "Azərbaycan qəzəli" yazarının zövqünü, ovqatını, ruhunu əks etdirən bir kitabdır. Kitabda qəzəl poetikası haqqında öz düşüncələrini sərgiləyən müəllif, haqlı olaraq, ümumən qəzəl janrı, eləcə də yüzilliklərdən buğünümüzə gəlib çatan ən tanınmış şairlərin yaradıcılığı, hətta çağdaş dövrümüzdə qəzəl yazmaqla məşğul olan sənətkarlarla bağlı fikirlərinə də yer vermişdir. Müəllifin yazılı nitqi axıcı, oxunaqlı, sənət üçün vacib bir tərzdədir.O, mövzuya qəzəl janrının forması, mənşəyi, qəzəlin ilk və son beytləri haqqında məlumatla, Azərbaycan poeziyasında qəzəlin yeri, mövqeyi və əhəmiyyətinin açılması ilə başlayır. Məlumdur ki, qəzəl janrı ilk dəfə ərəb poeziyasında yaranmışdır.
Əruz vəznli bu janr olduqca zəngin bəhrlərə malikdir. Hər bəhrin öz təfiləsi, ahəngi, ritmi vardır. Azərbaycan poeziyasında özünə yer alan qəzəl ədəbiyyatımızda qədim zamanlardan, farsdilli poeziyanın yaranma dövründən tətbiq olunaraq çox doğmalaşmışdır. Elə bunun nəticəsidir ki, Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi yaradıcılığından çağdaş dövrümüzə qədər yaşayıb-yaradan şairlərimiz bu janra müraciət etmiş, olduqca gözəl bədii örnəklər yaratmışlar.
Vaqif Yusifli "Azərbaycan qəzəli" kitabında xroniki ardıcıllıqla qəzəlxanlığın keçdiyi inkişaf yolunu iyirmi-iyirmi birinci əsrlərə qədər nümunələrlə şərh etmiş, oxuculara yüksək səviyyəli bir dillə tanıtmağa çalışmışdır. Kitabda Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi kimi sənətkarların qəzəllərindən tərcümə nümunələri verilməklə yanaşı, anadilli poeziyanın ilk nümayəndəsi sayılan İzzədin Həsənoğlunun azərbaycanca qəzəlləri və farsca qəzəlinin tərcüməsi, Qazi Bürhanəddin, Nəsimi, Cahan şah Həqiqi, Həbibi, Kişvəri, Xətayi, Füzuli, Saib Təbrizi, Qövsi Təbrizi, Vaqif, Zakir, Natəvan, Seyid Əzim Şirvani, Əliağa Vahid, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Məhəmməd Hüseyn Şəhriyar, Hacı Mirəziz Pünhan və adını çəkmədiyim bir çox görkəmli sənətkarların qəzəllərindən sanballı nümunələr yer almışdır. Kitabın özəl cəhətlərindən biri də budur ki, müəllif seçdiyi nümunələrə həssaslıqla yanaşmış, demək olar ki, ən poetik, forma və məzmunca ən mükəmməl qəzəlləri seçmişdir. Həm də öz şərhlərində oxucunu qəzəl müəlliflərinin yaşadığı dövr, onların bir sənətkar kimi dəyəri, ədəbiyyatımızda mövqeyi ilə tanış etmişdir. Məsələn, İmadəddin Nəsiminin bir çox qiraətçilər tərəfindən "Hardasan?"rədifi ilə söylənilən qəzəlinin kitabda orijinalda olduğu kimi təqdim edilməsi diqqətəlayiqdir:

Canımı yandırdı şövqün, ey nigarım, qandasan?
Gözlərim nuri, iki aləmdə varım, qandasan?

Bağrımı qan eylədi acı fərağın, gəl, iriş,
Ey ləbi vəslət şərabi-xoşgüvarım, qandasan?..

Eylədi eşqin məni qalxan məlamət tirinə,
Ey gözü qaşı yeləkli şəhriyarım, qandasan?

Səndən ayrı könlümün yoxdur vəfalı yarı, dost,
Ey cəfasız hüsni-kamil, yadigarım, qandasan?..

Yaxud da Şamaxıda doğulub ömrünü Təbrizdə başa vuran Mirzə Nəsrullah Bahar Şirvanidən verilən "Hər kim ki, hicri-yar ilə düşsə dimağdən" misrası ilə başlayan rədifsiz qəzəlin seçilməsi müəllifin nazik duyumunu, incə zövqünü bir daha göstərir:

Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,
Heç açılırmı könlü onun seyri-bağdən?

Aldım sorağını, dedilər, qeyrə yar olub,
Ey kaş, lal olaydı dilim bu sorağdən...

Bir lalə üzlü yar çəkib dağ sinəmə,
Ya rəb, sən etmə sinəmi xali bu dağdən.

Yetdikcə gül dodağinə mey, bilməzəm alır,
Güldən dodaq nəşəni, ya mey dodağdən.

Sənsiz bahar açıla istəməz Bahar,
Nə qönçə bağdən açıla, lalə dağdən.

Filologiya üzrə elmlər doktoru V.Yusiflinin daha bir çox müsbət tərəfləriylə diqqəti çəkən "Azərbaycan qəzəli" kitabı haqqında bəzi qeyd və təkliflərimizi də bildirmək istərdik. Kitabın 16-cı səhifəsində belə bir cümlə ilə rastlaşırıq: "XIII əsrdə yazıb-yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilində ilk qəzəlin nüəllifidir". Yaxşı olardı ki, bu cümlə belə veriləydi: "XIII əsrdə yazıb-yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilində əlimizə gəlib çatan ilk qəzəlin müəllifidir". Çünki Həsənoğlunun ana dilimizdə bizə gəlib çatan qəzəlləri elə mükəmməl örnəklərdir ki, onları "ilk qələm təcrübəsi" saymaq olmaz. Çox güman ki, Həsənoğluya qədər də kimlərsə ana dilimizdə qəzəllər yazmışdır, ancaq, təəssüf ki, bu nümunələr bizə gəlib çatmamışdır.
Kitabda verilən nümunələrdən biri də ustad şairimiz Məhəmməd Hüseyn Şəhriyarın "Gəlim" rədifli məşhur qəzəlidir. Şəhriyarın özünün dediyinə görə o, uşaq olanda anasının dilindən aşağıdakı beytləri tez-tez eşidərmiş:

Getmə,tərsa balası, mən də sənə sayə gəlim,
Damənindən yapışım, mən də kəlisayə gəlim.

Ya sən İslamı qəbul eylə, mənim dinimə gəl,
Ya ki, təlim elə mən məzhəbi-İsayə gəlim.

Yeri gəlmişkən, Şəhriyar özü bu beytlərin Seyid Əzim Şirvaniyə aid olduğunu deyirdi. Onun Seyid Əzimin həmin misralarından təsirlənib yazdığı qəzəli isə aşağıdakı misralarla başlayır:

İzn ver, toy gecəsi mən də sənə dayə gəlim,
Əl qatanda sənə məşşatə tamaşayə gəlim.

Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver, mən də dalınca sürünüb sayə gəlim.

Mənə də baxdın o şəhla gözülən, mən qaragün
Cürətim olmadı bir kəlmə təmənnayə gəlim...

Şeirin Şəhriyara aid yuxarıdakı beytləri, təəssüf ki, kitabda verilməmişdir. Ümumiyyətlə, Şəhriyarın öz səsi ilə səsləndirilən "Gəlim" rədifli qəzəli müəllifin şəxsi qiraətində "İzn ver toy gecəsi mən də sənə dayə gəlim" misrası ilə başlayır. Buradan da aydın olur ki, "Getmə, tərsa balası, mən də sənə sayə gəlim" misrası ilə başlayan həmin iki beyti Şəhriyar da özününkü saymır. Yuxarıda qeyd olunduğu kimi, qəzəl ərəb poeziyasından gələn klassik şeir janrıdır. Yaxşı olardı ki, "Azərbaycan qəzəli" kitabında heç olmasa, Xətib Təbrizinin də adı çəkiləydi. Doğrudur, ərəbdilli poeziyamızdan qəzəl janrına aid heç bir nümunə əlimizdə yoxdur, amma Xətib Təbrizinin "Əruz və qafiyə haqqında elmin yekunu" əsərini yada salıb haqqında, az da olsa, danışmaq olardı. Onu da deməliyik ki, Vaqif Yusifli "Azərbaycan qəzəli" kitabında izahlı şərhlər verərkən yeri gəldikcə digər ədəbiyyatşünasların da əsərlərindən sitatlar gətirir, Məmməd Cəfər, Sabir Əliyev, Yaşar Qarayev, R.Azadə, Nizami Cəfərov və başqa tanınmış araşdırmaçı alimlərin dəyərli fikirləri ilə həmrəy olduğunu göstərməyə çalışır.
Heç şübhə etmirik ki, bu kitabı diqqətlə oxuyan hər kəs Vaqif Yusiflinin mükəmməl zövqünə, daxili aləminin zənginliyinə, klassik ədəbiyyatımıza, özəlliklə Azərbaycan qəzəlinə və onun keçdiyi tarixi inkişaf yoluna maraq göstərəcəkdir.