adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Oktyabr 2018 09:26
23792
ƏDƏBİYYAT
A- A+

Uşaqların tərbiyəsində valideynlərin hüquq və vəzifələri

Əvəz Mahmud Lələdağ

Aqillər deyiblər:
-İndiki uşaqlar bizim gələcəyimizdir. Gələcək onların çiyinləri üstə qurulacaqdır.
Uşaqlar gələcək ata-analarımızdır. Onları yaxşı tərbiyə etmək lazımdır. Onlara şəxsiyyət kimi baxmaq mütləqdir. Uşaqları lap kiçik yaşlarından bəlkə də tərbiyə etmək valideyn haqqıdır. Atalar demişkən:
-Gəlini gərdəkdə, uşağı bəlkədə, küçüyüg tərbiyə etməsək böyük əngəllərlə qarşılaşırıq.
Uşaqda insani xislət, insani keyfiyyət anadan olanda onun fitrətində potensial imkan kimi mövcuddur. Bu potensial imkan insanı təkamül dərəcəsinə çatdırmağa qadirdir. İnsanda olan bu potensial imkan düzgün istiqamətləndirilsə, o, daha real, daha həqiqi təkamülə yetişə bilər. Əxlaq alimlərinin, pedaqoqlarının, psixoloqlarının gəldikləri qənaətə görə insanın fitrətində həm heyvana xas sifətlər, həm də insani keyfiyyətlər mövcuddur. Uşaqda cismani və heyvani qüvvələr təlim görmədən daha həssas və fəal olur, getdikcə sürətlə inkişaf edir. İnsan özü bu qüvvələrin zəif və ya güclü inkişafına təsir etməkdə acizdir, gücsüzdür. Uşaq böyüdükcə, yaşa dolduqca ondan asılı olmayaraq, daha doğrusu onun xəbəri olmadan həmin qüvvələr də formalaşır. Deyirlər uşaq dünyaya gələndə ağ kağız kimi olur. Uşaq ana bətnində olanda çox şeyi hiss edir. Adi bir misal: -Valideyinlərdən başqa hec kəslə təmasda olmayan uşaq dil açanda gözlənilmədən nalayiq sözlər işlədir. Ata-ana təəccüblənirlər. Bu sözləri uşaq kimdən öyrənib? Uşaq ana bətnində formalaşanda o sözləri kimdənsə eşidib və dil açanda təkrarlayır. Uşaq lap kiçik yaşlarından ətraf mühitlə əlaqədə olur. Bu əlaqə onun gələcəkdə necə bir şəxsiyyət kimi yetişməsinə işarədir və bir silinməz iz qoyur. Bunu başqa cur desək yaxşı, sağlam bir toxum münbit torpağa düşsə və ona aqro qaydada lazımı qulluq olunsa gözəl bəhrə verər. Uşaq kiçik ikən çox həssas olur və bu vaxt edilən yaxşı "müntit" tərbiyyə onun gələcək taleyini, şəxsiyyət kimi yetişməsini, həyatını müəyyənləşdirir. Bu baxımdan ailə-uşağın ilk tərbiyə ocağıdır. Uşaq ailəyə daha çox bağlı, daha yaxın olduğu üçün onun tərbiyəsi ailədə formalaşır. Əxlaq alimlərinin dediyinə görə uşaq şəxsiyyətinin 50% 4 yaşına qədər, 30% 8 yaşına qədər, 20% 14 yaşına qədər formalaşır. Bu yaş dövrləri üşaq ailədə olur, ata-ana qayğısı ilə, tərbiyəsi olunmasında heç də bütün ailələr yaxşı, mənalı rol oynamır. Lakin hər halda ailə mühiti bu işdə ən dəyərli, ən əlverişli mühitdir. Bizim bəzi valideynlərimiz var ki, onlar bu və ya başqa səbəblərə görə uşağın tərbiyə taleyini baxça, məktəb mühitində dərk edir, üstünlüyü orada görürlər. Bu cür tərbiyyənin nəticəsi təəssüf ki, təəssüf doğurur. Ailə uşağı məktəbə hazırlayırsa məktəb onu həyata hazırlayır. Axı ailədəki tərbiyə mühitini heç bir başqa mühit əvəz edə bilməz! Uşağın tərbiyəsində təkcə təcrubə, təlim vermək rol oynaya bilməz. Bu işdə paklıq, saflıq, canı, ürəyiyananlıq olmalıdır! Bu da yalnız ailə ocağında, ailə şəraitində mümkün olar. Ananın isti qucağı, onun həssas qəlbi övlad üçün əvəz edilməz bir tərbiyə vasitəsidir. O, öz körpəsinə döş verəndə həm də uşağa nəvaziş göstərir:

-Dadı da var, tamı da var,
Beləsindən hamıda var?

Laylalar, oxşamalar ananın dilindən süzüldükcə onun məhəbbət dolu, sevgi dolu baxışları uşağın ruhunda xoş bir təəssürat yaradır. Atanın da nəvazişi uşağa yaxşı təsir bağışlayır. Ata da təmənnasız fədakarlığı ilə övladı üçün çalışır, onun gələcək xoşbəxtliyi üçün hər ağır yükün altına çiynini verməyə hazır olur.
Uşaqların tərbiyəsi sayəsində ata-ananın vəzifələrini qismən bölmək olar.
1. Ata-ananın bütün hərəkətləri, davranışı, danışığı, rəftarı uşaq üçün nümunə olmalıdır. Ailə ocağı müqəddəsdir. Bu ocaq uşaq üçün müqəddəs ilk məktəbdir. Uşaq danışmağı, dili valideynlərdən öyrəndiyi kimi yaşayış tərzini də, yaşayış əlifbasını da onlardan öyrənir. Uşaq dünyaya gələndən sonra valideylərin məsuliyyəti daha da artır. Onlar bilməlidirlər ki, ailədə baş verən hər bir hadisə, ər-arvad arasında olan səmimi və ya qeyri səmimi rəftar körpədə dərin iz buraxır. Onlar yaşayışı, həyatın düzgün yolunu öz işlərində, əməllərində göstərməyə səy etməlidirlər. Bu gəlcək nəsil qarşısında onların ülvi, pak, sağlam və müqəddəs borcudur. Ata ilə ana arasında nə olsa uşağın hiss etmədiyi dərəcədə olmalıdır. Daha doğrusu hər xoşagəlməz hal uşaqdan gizli olmalıdır.
2. Təlim vasitəsi ilə tərbiyədir. Ailədə ən vacib və ən lazımlı olan vəzifələrdən biri də uşağa həyatda lazım olan bilikləri, ədəb-ərkanı öyrətməkdir. Uşaq milli əqidəni dərindən qavramalı, yaxşı-yamanı seçməyi bacarmalıdır. Valideynlər uşaqlara mayası halallıqdan yoğrulmuş ədəb-ərkan öyrətməlidirlər. İnsan oğlu böyüdüyü, boya-başa çatdığı ölkənin bütün qayda-qanunlarına sözsüz əməl etməli, mədəni səviyyəsini göstərməli, ictimai yerlərdə, ailədə, başqaları ilə ünsiyyətdə olanda əxlaq normalarına söykənməli, nəzakətli, mərifətli, xoşxasiyyət olmalı, adi davranış qaydalarına riayət etməlidir. Ustadlarımızın dediyi kimi:

Salam verib bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin bərəkəllah, yaxşıdır.

Ədəb-ərkan hər bir xalqın, millətin mədəni və mənəvi sahədəki çoxəsrlik inkişafının yekunudur. Hələ lap qədim zamanlardan insan oğlu elə qaydaları, elə öyüd və qadağaları seçib ki, onlar uşağı bəşəri dəyərlərin qorununb saxlanması və inkişaf etdirilməsi xeyrinə yönəldib və tərbiyələndirib. Zaman keçdikcə həmin qaydalardan bəziləri müəyyən səbəblərə görə itib-batıb, sıradan çıxıb. Qalanları isə tarixin sərt sınaqlarında büdrəməyib, folklor nümunələrində, adət-ənənələrdə, etnoqrafik mənbələrdə yaşaya-yaşaya gəlib bizə çatmışdır. Başqa dünya dinlərinə nisbətən ən "gənc" olan islam dini meydana gələndən sonra ədəb-ərkan qaydalarını daha da cilaladı, saf-çürük etdi, möhkəmlətdi. Dünya müsəlmanlarının ürəkdən inandığı, müqəddəs sandığı Qurani-Kərim ümumbəşəri ədəb-ərkan qaydalarının qorunub saxlanmasında çox mühüm rol oynayıb və bu gün də belədir.
Müqəddəs kitabda yazılmış dərin hikmətlər öyrənən adam valideyn çağırışına nəzakətsizlik etməz, özündən böyük danışanda sözünü kəsməz, qonaq qarşılamağı bacarar.

Təvəqqə edirəm mən səndən, oğul,
Evdə yaxşı yeri qonağa saxla.
Bağında yetişən şirin meyvəni,
Tər-təzə nübarı qonağa saxla.

Atanın oğula nəsihəti ədəb-ərkan qaydalarından bəhrələnib. Qonaq gələndə oğul ayağa durar,ev xalatında küçəyə çıxmaz,ucadan danışmaz,yaşlı adamların yanında papiros çəkməz,məclisdə spirtli içgilərdən içib sərxoşluq etməz.Unutmaq olmaz ki:

Sərxoşluq həyanı qaçıran zaman,
Ağıl baş götürüb çıxar aradan.

- Deyiblər
O dərin hikmətləri dərk edən gənc tramvayda, avtobusda, metroda gedərkən oturduğu yeri ayaq üstə duran qocaya, qadına, qucağı uşaqlı anaya təklif edər, birinin ayağını tapdalasa, birinə bilmərəkdən toxunsa dərhal üzr istəyər, xəstələrə, zəiflərə, uşaqlara qarşı həssas olar, heç kəsin qəlbinə toxunmaz.Ata nəsihətinə, ana öyüdünə əməl edən heç vaxt tamah adlı qorxulu yükün altına çiynini verməz. Çünki tamah insanatı tənabdan asar,-deyib aqillərimiz. Ulu babalarımız, aqillərimiz, müdriklərimiz ədəbərkan qaydalarına aid saysız-hesabsız öyüd-nəsihət vermişlər.
Mən həmişə yeniliyin tərəfdarı olmuşam,lakin bu o demək deyil ki, biz öz milliliyimizi, milli geyimimizi kənara qoyub özgələşək. Əgər əqil, düşüncə bir tərəfdən tərəqqini gücləndirib inkişaf etdirirsə,digər tərəfdən naturanı, təbii saflığı, gözəlliyi pozursa, təbiiliyi korlayırsa, min illik adət-ənənəni, mədəniyyəti, ədəb-ərkanı qoruya-qoruya yeniliyi yaratmırsa, bir tərəfli inkişaf edib yaxşı halda xudbinliyə aparıb çıxarırsa, ilkinliyimizi itiririksə onda hansı tərəqqidən, inkişafdan dəm vurmaq olar?
Məhəmməd peyğəmbər əleyhissəlam öz fərmayişlərinin birində demişdir:-" Üç kəs cənnətə daxil ola bilməz. Valideyinlərinin üzünə ağ olanlar. Oğraşlıq edənlər, bir də kişiləşən qadınlar"
Bu gün özünü kişilərə bənzədən, kişi kimi geyinən, saçını kəsdirən qızlarımız milliliyimizə biganəlik göstərmirlərmi?
Elə buna görə də milliliyimiz itir. Əcnəbilər öz libaslarını tələb etsələr biz lüt qala bilərik. Necə deyərlər:-Əli aşından da olarıq, Vəli aşından da!
Hələ XIV əsr bundan əvvəl ulu Peyğəmbərimiz Məhəmməd buyurmuşdur: "Asqırarkən əlinizi ağzınıza və burnunuza tutun, çalışın ki, səsiniz ucadan çıxmasın", "Su içərkən qabın içinə nəfəs salmayın", "Saçınıza qulluq edin, darayın, səliqəyə salın, ətirli şey sürtün", "Paltarınızı, dişlərinizi, bədəninizi təmiz saxlayın", "Öyünməkdən çəkinin", "Dilinizin sahibi olun, onu zənginləşdirin, şirinləşdirin, yava danışmaqdan çəkinin", "Ana və atanız sizi eyni vaxtda səsləyərlərsə əvvəlcə ananızın yanına gedin" və s. Əli Əleyhissəlam deyərmiş: "Gözəl davranış insana həmişə təzə zinətdir", "İnsanlarla yaxşı davranın ki, bir vaxtlar dünyadan köç etsəniz yaxşı sifətinizi yada salsınlargqalsanız sizin tərəfdarlarınız olub sizə aqibət etsinlər", "Ədəb ağlın sürətidir, ədəbli olun", "qaşqabaqlı, pisniyyətli olmayın" və i.a.
Çox təssüf ki, bir əsrə yaxın aparılan antimüsəlman,amansız ateist təbliğatı milli dəyərlərimizə, mənəviyyatımıza böyük zərbələr vurub.Həmin təbliğatın nəticəsində televizora, kino ekranına yol tapan pornoqrafik səhnələr, sucetlərlə dolu olan filimlərin nümayiş etdirilməsi ədəb-ərkan qaydalarımızın çoxunu pozub, məhv edib, kobudluq, laqeyidlik,nəzakətsizlik, qayğıkeşliyi üstələyib.Çox yerdə böyüklük-kiçiklik aradan götürülüb, danışıqda, geyimdə, münasibətdə bayağılıq ayaq tutub yeriyir.
Övladlarımızı elə tərbiyə etməliyik ki,onlar nəcib əxlaqımıza və bu əxlaqla uzlaşan mədəni rəftar qaydalarına ürəkdən bağlanmış olsunlar.Bu baxımdan ailənin, valideynlərin rolu son dərəcə böyükdür. Çünki uşağın ilk məktəbi-ailə, ilk dərsliyi ailədəki səliqə-səhman, adət-ənənələr, ilk müəllimi, tərbiyəçisi isə valideynləridir. Ədəb-ərkan tərbiyəsinin özülü məhz ailədə qoyulur və bu birinci növbədə valideynin, ailənin yaşlı üzvlərinin canlı nümunəsi ilə, danışıq və davranış tərzi ilə ətə-qana dolur.
Ümumiyyətlə valideynlər ağıllı öyüd-nəsihətləri və şəxsi nümunələri vasitəsilə uşağı elə tərbiyə etməlidirlər ki, onlar hər bir sahədə ədəb-ərkan sahibi olsunlar. Deyək ki, başqalarına kömək etməkdən, baba və nənələrin qulluğunda durmaqdan, evdə, avtobusda və tramvaylarda yerlərini böyüklərə təklif etməkdən zövq alsınlar, danışıqlarında xoş sözləri yerli-yerində işlətməyi adət halına salsınlar, hər yerdə geyimlərinə, səliqə-səhmanlarına fikir versinlər, düşünmədən danışmasınlar, məclisdə böyüklərdən əvvəl süfrəyə əl uzatmasınlar, görməmişlik etməsinlər, başqalarının sözünü yarımçıq kəsməsinlər. Bundan ötrü isə təkrar edirik, ata-anaların, baba-nənələrin, ailənin digər yaşlı üzvlərinin hərəkəti, davranışı, danışığı, şəxsi nümunəsi əsas şərtdir, ən qüvvəli tərbiyə vasitəsidir. Bu vasitədən ustalıqla istifadə olunmalıdır.
Valideynlərin dəyərli işlərindən biri də uşağa gözəl əxlaqı, insani qayda-qanunları öyrətməkdir. Ata-ana bir vacib məsələyə də diqqət yetirməlidirlər ki, uşaqlar körpə vaxtlarından hər şeyi öyrənmək həvəsində olurlar. Yaxşını tanımaq,tərifi xoşlamaq, düz yolla getmək uşağın fitrətində var. Uşaq əyri yola onun meyli olmadan yönəldilir.
Uşaq həmişə həqiqəti deyər,haqqa güvənər. Ona yalan danışmaq əmrini versən o, çaşar,özünü itirər,pərt olar,dili dolaşar. Uşaqlıqda insanın qavrayışı daha iti, hafizəsi dah güclü olur.Ata-ana vaxtı keçməmiş bu imkandan yaxşı, mənalı məntiqi istifadə etməlirdir. Qurani Kərimin Əl-Təhrim (qadağan) surəsinin 6-cı ayəsində oxuyuruq:

"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun odunu insanlar və daşlar, xitmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli və çox sərt mələklərdir". Buradan aydın olur ki, həmin "od" ona görə qorxuludur ki, öz ailəni övladlarını lazımı qaydada tərbiyələndirə bilməyəsən, təlim öyrətməyəsən. Onda nə özünü, nə də əhli əyalını o oddan qoruya biləçəksən. Ailə, ilk növbədə ata övladın rəftarına, davranışına daim nəzarət etməlidir, xüsusən də uşaq həddi -buluğa çatdığı vaxt övladı gözdən qoymaq olmaz. Ata oğlunu təklikdə, ana qızını təklikdə müəyyən bəlalardan qorumalıdır. Ailə onların kimlə oturub durmalarını, dostlarını yaxından tanımalıdır. Bu ata-ananın qarşısında duran əsas və ən məsul vəzifədir.
Uşaqların tərbiyəsi xüsusi metodları olan bir prosesdir. Bu metodlar diqqətlə yerinə yetirilməlidir. Körpə uşaq hadisələrin nətiçəsini görməyə qadir deyil. Ona görə də onun bəzi hallarda təmbehə, bəzi hallarda təşviqə böyük ehtiyaçı var. Uşaq nətiçəsi pis olan lüzumsuz bir işə meyl etdikdə onu mütləq tənbeh etmək lazımdır.Lakin uşağı tənbehlə,ağılla bu yoldan uzaqlaşdırmaq, onu düzgün, təmiz işlərə cəlb edib marağını
Artırmaq, yəni təşviq etmək vacibdir. Ailədə uşaqla rəftarda valideynlər çox həssas olmalı, uşağa münasibətdə xoşa gələn sözlərdən istifadə etməli, təhqirə, məzəmmətə yol verməməlidirlər. Valideyinlər həm də uşağın qabiliyyətini, istedadını üzə çıxarmağı bacarmalı və onu düzgün istiqamətləndirməlidirlər.
Əks tədqirdə uşaq həvəsdən düşər, həyata, ətraf mühitə olan marağı sönər,onda laqeyidlik, biganəlik, süstlük, tənbəllik kimi mənfi, zərərli keyfiyyətlər cücərər, baş qaldırar.
Aqillərin dediyinə görə təşviq (tərif) tərbiyə prosesində 98 % iş görürsə, tənbeh 2 % təsiredici rola malik olur. Uşaq nə vaxt təşviq olunmalıdır:
1.Uşaq elə bir iş tutar ki, nəticəsi onun üçün aydın olmaz. İşə şübhəli baxar, həm inanar, həm də inanmaz. Bu vaxt təşviq özünü köməyə çatdırır.
2.Uşaq öz bacarığından, gücündən yüksək iş görsə yenə təşviqə layiqdir.
3. Əgər uşaq pis, xoşagəlməz iş tutsa o mütləq tənbeh olunmalıdır, çünki tənbeh olunmasa daha nalayiq hərəkətlər edə bilər. Uşaq bilməlidir ki, hər hansı qanun pozuntusuna yol versə mütləq cəzalandırılacaq, o əyri yoldan tezliklə qayıdar, gələcəyə məntiqi şüurla addımlayar. Valideynlər övladlarına, atalar sözləri, bayatılar, laylalar, oxşamalar öyrətməlidirlər. Hər atalar sözü min illərin süzgəcindən süzülüb gəlib. Həmin atalar sözlərinin cəmiyyətdə yeri, mənası açılmalıdır.