adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Oktyabr 2018 09:13
7923
GÜNDƏM
A- A+

Türk şəhidlərinin Bığır kəndindəki ünvanı


1918-ci ilin iyun ayında birləşmiş düşmən qüvvələrinin Azərbaycan sərhədləri hüdudunda müsəlman-türk əhalisinə qarşı apardığı soyqırım qətliamının ən ağır səngər və mövqe döyüşlərinin getdiyi, eləcə də cəbhədə həlledici dönüş xətti kimi Göyçay qəzasının Bığır-Qaraməryəm cəbhəsi xüsusilə əhəmiyyət kəsb etmişdir.
Ümimilikdə bu cəbhənin ağır itkiləri nəticəsində 5-ci Qafqaz İslam Ordusunun əsgər və zabit heyətinin 270-ə yaxın döyüşçüsü Şəhid olmuş, eləcə də Azərbaycan Milli Ordusunun və yerli özünümüdafiə qüvvələrinin də ilahi məqam sahiblərinin sayı az olmamışdır. Doğma Vətən uğrunda canlarını fəda verənlərin əksəriyyəti 1000 ildən artıq yaşı olan qədim Bığır kənd qəbirstanlığında dəfn edilmişdir. Bu qəbirstanlıqdan kənarda ayrı-ayrı yerlərdə də (məhəllələrdə, həyətyanı sahələrdə) Şəhid məzarları olmuş və ya dəfn edildikləri yerlər kənd sakinlərinə məlum idi. Həmin yerlər müdəqqəs ziyarətgahlar kimi yad edilmişdir.
Əhalisinin sayına görə respublikamızın ən iri yaşayış məntəqələrindən biri olan (7,0 min nəfər, kəndin uzunluğu 14 km-dir) Bığır kəndinin müxtəlif hissələrində uyuyan 5-ci Qafqaz İslam Ordusunun Şəhid əsgərlərinin məzarları aşağıdakı qaydada paylanmışdır.
Kəndin "Ağakərimlilər məhəlləsi"ndə Fərrux Feyruz oğlu Osmanovun həyətində su arxının ("Xan arxı", Göyçay çayından başlanır, Bığır kəndindən keçməklə (18 km-dək) qonşu Alxasava kəndinədək (25 km) uzanır) üstündə bir məzar (hündürlüyü 1 m-ə çatan başdaşı ilə) və ondan 10 m aralıda isə "Padarosmanlı məhəlləsi"ndə Osman Zeynal oğlunun həyətində 2 məzar yeri ziyarətgaha çevrilmişdir. Həmin həyətlərdə olan bu məzarlar barədə Rəşad Əfəndi Sədiyar oğlu (1955) və Alma Qulu qızı (1943) məlumat verdi.
"Hacıisrafilli məhəlləsi"ndə Hacı Fərzəlı Eyyub oğlunun (1855-1910) ocağı yaxınlığında yaralı türk döyüşçüsü şəhid olduğundan burada dəfn edilib və sonralar üstündə (50 il əvvəl) nar ağacı əkilmişdir. İndi bu yer "Qara şıx piri" adı ilə kənd sakini Nüsrət Fikrət oğlu Fərzəliyevin həyətyanı sahəsinin önündə, gediş-gəliş yolunun üstündədir (kənarları məftillə əhatələnib).
Bu kəndin Şəhid oğlu Mehman Şirəliyevin (1971-1992) atası Qaçay Yaqub oğlunun (1939) bildirdiyinə görə "Qıraq bağı məhəlləsi"ndən keçən "Xan arxı"nın üstündə, "Şıxəli təpəsi"nin ətəyində, kənd yolunun altında 2 Şəhid türk döyüşçüsünün (arxdan su içməyə gələn yaralı əsgərlərin) məzarını (qəbirlər ayaq-baş olub) nişan verən ağac sütunlar (ay-ulduz nişanlı, boyu 1,5 m-ə çatan) keçən əsrin 70-cı illərinədək qalırdı. Sonradan arxda aparılan torpaq-qazma işləri nəticəsində məzarların üzərində kiçik torpaq təpəciyi əmələ gəlmişdir.
Yaşlı sakinlərdən Xudu Xaliq oğlu Səmədovun (1924-2014) camaata söylədiyinə görə kənd xəstəxanasının arxasındakı kiçik dərədə 1 Şəhid qəbri olmuş, lakin sonralar (keçən əsrin 80-ci illərində) o yerdən axan sel-su nəticəsində həmin məzar yuyulmuşdur.

Qismət Yunusoğlu,
BDU-nin müəllimi