adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Oktyabr 2018 18:00
11422
ELM VƏ TƏHSİL
A- A+

Bilik Fondu ahıl müəllimləri təbrik edib

Azərbaycan Prezidenti yanında Bilik Fondu 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində Bilgəh qəsəbəsindəki müharibə və əmək veteranları üçün Pansionatda yaşayan təqaüdçü müəllimlərə baş çəkib.

Fonddan Adalet.az-a verilən məlumata görə, qocaman müəllimlərin qatıldığı görüşdə Pansionatın müdiri Qətibə Əsədova, Fondun sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçilər Ramilə Qurbanlı, Elvin Hətəmov və məsləhətçi Xumar Fərzəliyeva iştirak ediblər.

Q.Əsədova Bilik Fondunun təşəbbüsünü alqışlayaraq, Azərbaycan müəlliminin böyük hörmət və ehtirama layiq olduğunu, pansionatda məskunlaşan ahıl müəllimlərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Sektor müdiri X.Hüseynova bu əlamətdar gün münasibətilə Bilik Fondu adından müəllimləri təbrik edib, onlara sağlamlıq və xoş ovqat arzulayıb. Ulu öndər Heydər Əliyevin "müəllimdən müqəddəs peşə yoxdur” kəlamını xatırladan sektor müdiri müəllim peşəsinin müqəddəsliyindən, bu şərəfli adın daşıyıcılarının gənc nəslin tərbiyəsində əvəzsiz rolundan danışıb. Bildirib ki, Bilik Fondu onları maraqlandıran mövzularda maarifləndirici tədbirlərin, görüşlərin təşkilinə hər zaman hazırdır.

Təqaüdçü müəllimlər onları hər zaman diqqətdə saxladığına və mütəmadi olaraq pansionatda belə görüşlərin təşkilinə görə Bilik Fondunun rəhbərliyinə öz minnətdarlıqlarını bildirərək gələcək görüşlərlə bağlı maraqlı təkliflərini səsləndiriblər.

Fondun əməkdaşları Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ahıl müəllimlərə hədiyyələr, o cümlədən kitablar təqdim ediblər.