adalet.az header logo
  • Bakı 17°C
03 Oktyabr 2018 14:41
11855
GÜNDƏM
A- A+

BİR ƏLİN VERDİYİNİ O BİRİ ƏL…

Həzrət Əli buyurur ki, bir əlin verdiyini o biri əl bilməməlidir. Biz də istinni müsəlman olduğumuza görə, bir əlin verdiyini o biri əl bilmir. Uzaqbaşı, on milyon adam bilir.

Keçmişdə paltarbiçdi vardı (Qarabağda paltarbiçdi deyirlər, başqa yerdə paltarkəsdi də deyirlər, qız toyu da), qadınlar yığışardılar həmin paltarbiçdiyə, ya hədiyyələr atırdılar, ya da pul verirdilər. Ruslarda hər pul verən bir sağlıq deyir, sonra da bağırır: «qorka». (Ağdamda da Fazil müəllim onu tərcümə edəndə deyirdi: «acıdı». Bizdə də o pulu, hədiyyələri yığan deyirdi:

- Filankəs, bir atrez, oğluna, qızına borc olsun.

- Filankəs, bir döşək, iki yastıq, oğluna, qızına borc olsun.

- Filankəs, əlli manat, oğluna, qızına, lap nəvələrinə də borc olsun. Və sair və ilaxır.

İndi bizim televiziya kanallarında da paltarbiçdidi. İntəhası, xəstəyə biçirlər. Aparıcı da deyir:

- Filankəs, üç yüz manat, oğluna, qızına borc olsun.

Yəni belə çıxır ki, onunkular da xəstələnəndə bu aparıb verəcək.

Bilmirsən ağlayasan-güləsən.