adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Oktyabr 2018 21:28
13935
ƏDƏBİYYAT
A- A+

Ürəyimdə mən

Bu yalan dünyadan yalan pay aldım,
Oturub günlərlə xəyala daldım.
Olub keçənləri yadıma saldım,
Gör nələr gizlədim ürəyimdə mən?

Gör nələr yaşadıq fani dünyada,
Düşdük dildən-dilə, qaldıq biz ada,
Sirrimi vermədim bir dosta, yada,
Gör nələr gizlədim ürəyimdə mən?

Gör nələr söylədim, gör nələr yazdım,
Yalanlar içində yolumu azdım.
Sirrimə qəlbimdə bir qəbir qazdım,
Gör nələr gizlədim ürəyimdə mən?

Yalana rast gəldim, yaşadım yalan,
Yoxdu nə axtaran, nə yada salan,
Təkcə sirlərimdi bir mənə qalan,
Gör nələr gizlədim ürəyimdə mən?

Yalanı, möhnəti yığıb bir yerə,
Mən nifrət elədim yalana, şərə,
Baxdım yazılmayan o ağ dəftərə,
Gör nələr gizlədim ürəyimdə mən?


Saçlarını darardım

O sakit baxışların ürəyimi odladı,
O sönük gözlərində bir ifadə aradım.
O yaşaran gözlərin köksümdə od qaladı,
Əlimi daraq edib saçlarını darardım.

Yaşamadın evində hamı kimi bəxtəvər,
Səndən ala bilmədim mən illərlə bir xəbər,
Sən məndən bixəbərsən, mən də səndən bixəbər,
Mən səni axtarmaqçün Fərhadtək dağ yarardım.

Atalı, analı sən niyə yetim böyüdün?
Eşitmədin, görmədin ata, ana öyüdün,
Yuva qurdun dibində sən qocaman söyüdün
Mənsə xəyallarımda başqa dünya qurardım.

Vətən

Nə yaxşı ki sənin kimi varım var,
Torpağında bərəkətim, barım var,
Ürəyimdə böyük ağrılarım var,
Sən mənim canımsan, qanımsan, Vətən.

Tarixini vərəqlədim, oxudum,
Naxışlarla ürəyimə toxudum,
Səni itirməkdən yaman qorxurdum,
Sən mənim canımsan, qanımsan, Vətən!
Sən mənim canımsan, qanımsan, Vətən!
Gəl

Aylar sıralanır, illər ötüşür,
Xəstəsən, tələsmə, sağalanda gəl.
İndi qış fəslidir, soyuqlar düsüb,
Tələsmə, sevgilim, yaz olanda gəl.

Bu xəstə könlümə vurmusan yara,
Sənsizlik əlindən gəlmişəm zara,
Çox fikir eyləmə, gəl bir qərara,
Arada bir işvə, naz olanda gəl.

Nələr çəkməyibdi bəlalı başım?
Səni düşünürəm, itir yaddaşım,
Gəl ol könül dostum, gəl ol sirdaşım,
Aramız haçansa düz olanda gəl.

Gör neçə vaxtdır ki, ayrı düşdük biz,
Yoxluğun qəlbimdə salıb dərin iz,
Bu həsrət çox çəkməz, bir azca da döz,
Ayrılıq atəşi köz olanda gəl.

Sənsizlik dərdinə de, necə dözüm?
Əyilibdi belim, bükülüb dizim,
Sən gələn yollara gül-çiçək düzüm,
Sənsizlik həsrəti az olanda gəl.

Düşübdü

Qocalığı al boynuna, əzizim,
Bel bükülüb, can da əldən düşübdü.
Qollarını sal boynuma, əzizim,
Diş tökülüb, səs də zildən düşübdü.
Saç ağarıb, qara tellər tökülüb,
Gözümüzdən yuxu ərşə çəkilib,
Həyat bizi necə qocalmış bilib?
Yarpağa qocalıq güldən düşübdü.

Cavanlğın heç qədrini bilmədik,
Heç doyunca danışmadıq, gülmədik,
İzlər saldıq, köhnə izi silmədik,
Təzə izlər dağa çöldən düşübdü.

Cavanlığın qədrini bil, tez oyan,
Dost yolunda cəfakeş ol, mərd dayan.
İndi yoxdu nə eşidən, nə duyan,
Çün Ağəddin indi əldən düşübdü.

Qalmayıb

Bu dünyanın düzəni lap pozulub,
Yuxularım lap tərsinə yozulub,
Nə yazılıb, öz alnıma yazılıb,
Bu dünyadan sultan da bac almayıb,
Bu dünyada bir iş, bir güc qalmayıb.

Ağrıyır, sızlayır, göynəyir yaram,
Gecələr yuxuma qatırlar haram,
Ayılıb görürəm hələ də varam,
Bu dünyadan sultan da bac almayıb,
Bu dünyada bir iş, bir güc qalmayıb.

Allahım, dünyanı qurma, silkələ,
Bəlkə silkələnib özünə gələ,
Olub insanlara ağır bir şələ,
Bu dünyadan sultan da bac almayıb,
Bu dünyada bir iş, bir güc qalmayıb...