adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Oktyabr 2018 21:21
15188
ƏDƏBİYYAT
A- A+

Ürəklərə yol tapan şair

Mən Əvəz Lələdağın yüzlərlə oxucusundan biriyəm. Onu 35 ildən artıq bir müddətdir ki, tanıyır, yaradıcılığını izləyir, yeri gələndə həmsöhbət olur, təlim-tərbiyədən, adət-ənənədən, müxtəlif problemlərdən, xüsusilə də, müasir və klassik ədəbiyyatdan "dərdləşirik". Daha doğrusu, Əvəz Lələdağı yalnız bir sənətkar, bir şair kimi tanımamışam. Onu yüksək insani keyfiyyətlərə malik olan, mənəvi saflığı ilə seçilən, sadə, təvazökar, səmimi bir şəxs kimi, bütün varlığı ilə vətəninə, xalqına, elinə-obasına mənsub olduğu xalqın adət-ənənəsinə, dilinə, dininə bağlı bir vətəndaş kimi dostuna, yoldaşına, oturub-durduğu insanlara ürəkdən bağlanan, heç bir təmənna güdməyən bir insan kimi, ana məhəbbəti ilə qovrulub yanan bir oğul, ailəsi, övladları yolunda hər cür fədakarlığa hazır olan bir ata kimi, mötəbər yığıncaqlarda, el şənliklərində, toy mərasimlərində odlu-alovlu çıxışları ilə məst edən bir söz sərrafı kimi, nəhayət müdrik bir el ağsaqqalı, sinədəftər bir şair, fenomen yaddaşa malik qeyri-adi bir şəxsiyyət kimi tanımışam. Odur ki yazdığım bu ön sözdə mən yalnız çap olunan bu kitabı haqqında yox, ümumiyyətlə onun yaradıcılıq qayəsi haqqında ürək sözlərimi yazmaq qərarına gəldim.
Əvəz Lələdağ sənət aləmində özünü təsdiqləmiş, ədəbiyyatın müxtəlif janrlarında öz qələmini sınamış, şair, dramaturq, publisist kimi ad qazanmışdır. Həmişə həyat hadisələrinə sadiq qalan, ancaq gördüyünü, duyuduğunu, yaşadığını, taleyinin bir parçasına çevrilən gərçəkliyi qələmə alan, səksəni haqlasa da, gənclik həvəsi və enerjisi ilə işləyən yaradıcı bir şəxsiyyət, söz adamıdır. Onda olan enerjiyə yalnız qibtə etmək olar. Əvəz Mahmud Lələdağ yaşadığı ömrü şərəflə keçmişdir. Bu yolun hər günü, hər ayı, hər ili ilə fəxr etmək olar. Bu yol çətin yoldur, ancaq işıqlı yoldur. Daim axtaran, düşünən, yazan sənətkarın yoludur.
Əvəz Lələdağın yaradıcılığında güclü həyat eşqi var. Bir çox əsərlərinin nikbin ruhu, məna siqləti poetik vüsəti ilə oxucunu həyata bağlayır, gələcəyə inamını artırır. Bu şerlərdə həyatın poetik və epik lövhələri əks olunur, gözəllik, məhbbət tərənnüm olunur.

Ürəkdə cücərər eşq, məhəbbət,
Sevəni qınamaz nə oba, nə el.
Sevən bir-birinə verməz əziyyət,
Sevgi ürəkdədir, o dildə deyil.

Yaxud:

Mənim ürəyimdə yurd salıb vəfa,
Vəfasız olandan yar olmaz, yarım.
Mən sənin yolunda çəksəm min cəfa,
Vücudum heç zaman yorulmaz, yarım.

Əvəz Mahmudun yaradıcılığında, ilk növbədə, diqqəti cəlb edən, daha dəqiq desək duyulan, hiss edilən səmimiyyətdir. Bu səmimilik ondan ibarətdir ki, oxucu onun məhəbbətini də, nifrətini də aydın görür. Onun əsərlərində şəxsiyyəti ilə yaradıcılığı arasındakı birliyin, vəhdətin rolu böyükdür. Onun yaradıcılığına və şəxsən özünə yaxından bələd olan hər kəs etiraf edə bilər ki, Əvəz Mahmudun şerləri ilə şəxsiyyəti bir-birini tamamlayır. Şairin düşüncələri ilə hisləri, istəyi və dedikləri çarpazlaşır və bir-birini tamamlayır.

Qürbət eldə əgər kefin kökdüsə,
Hicran dərdi kürəyində yükdüsə.
Elim, obam, yerim, yurdum təkdisə,
Nə dincəlim burda, nə yatım burda,
Məhv olar mənalı həyatım burda.
"Qürbətdə giley"

Əvəz Lələdağ düşündüklərini açıq, aydın, həm də birbaşa yazan şairdir. Onun şerlərində qüvvətli bir vətəndaşlıq hissi var.
Insan, təbiət, cəmiyyət haqqında gözəl, orjinal misralarla şair bizi təsirləndirir, həyəcanlandırır, həm də düşündürə bilir. Odur ki, onda ən adi, ən sadə, ilk baxışda heç kəsin nəzərini cəlb etməyən varlıqları mənalandırmaq məharəti vardır. Onun şerləri həyatı dərindən duymaq, vətəndaşlıq borcunu hiss etmək xüsusiyyətləti ilə səciyyəvidir.

Qaniçən, başkəsən düşmənə qarşı,
Içimdə cücərib qəzəbim, kinim.
Vətən torpağının bircə qarışı,
Qibləmdi, Kəbəmdi, Məkkəmdi mənim.

Şer sənətinin incəliklərini başa düşən, bu sənətin tapıntılarına tapınan, deyim tərzindəki ustalığı, şablon ifadələrdən seçə bilən, sənətkarın başqa qələm sahiblərindən fərqlənən özünəməxsusluğu üzə çıxara bilən hər bir kəs etiraf edə bilər ki, Əvəz Mahmud Lələdağ məlum olan fikri özü kimi deməyi bacarır. Ona görə ki o ətrafına şair gözü ilə baxır.
Şair olduğu üçün də öz gözü ilə baxıb ətrafını özü kimi görməyi bacarır. Qoynunda pərvəriş tapdığımız adı ilə öyündüyümüz doğma Sumqayıtımızda gedən quruculuq işlərini, qumsal səhrada salınmış, "Sumqayıt bulvarı"nı görüb vəcdə gələn şair yazır.

Mənim doğma şəhərim,
Eşqim, gücüm, hünərim.
Sən mənim ümid yerim,
Inam yerim, and yerim,
Sən necə də gözəlsən,
Gündüzün özgə aləm,
Bax, gecə də gözəlsən.
Iman yerim Sumqayıt,
Güman yerim Sumqayıt
Ilham yerim Sumqayıt
Mənim doğma şəhərim
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm!
Mücərrəd mühakimələrdən, mənasız təmtəraqdan uzaq olan Əvəz Mahmud şeir həyat hadisələrinə yanaşma metodu, mövzu konkretliyi ilə diqqəti cəlb edir. Ilk baxışda adi görünən lakin böyük ictimai əhəmiyyətə malik olan məsələləri hadisələr silsiləsinə bağlamaq yolu ilə ümumiləşdirmələr aparmaq və bu istiqamətdə nəticələr çıxartmağı yalnız ilhamın deyil, həm də ağlın məhsulu kimi qiymətləndirmək lazım gəlir. Şairin şerlərində bir şair dünyası yaşayır. Bu dünyada nə varsa hamısı şairin öz baxışlarından, öz duyğularından süzülüb gəlir. Zəngin söz ehtiyatına, geniş dünyagörüşə malik Əvəz Lələdağ öz üslubu ilə fərqlənir. Çünki o qəlbinin dili ilə danışır. Sənətdə isə ürək dili ilə danışa bilmək sənətkarın sənətkarlığının qüdrətidir.
Əvəz Lələdağın şer dili sadə və aydındır həm obrazlı, həm də ümumxalq dilidir. Odur ki, onun şerləri tamamilə anlaşıqlıdır, asan başa düşülür, tez əzbərlənir. Sözləri seçmək, onları şerin tələblərinə uyğun olaraq əlaqələndirmək, sıraya düzmək nöqteyi nəzərindən Əvəz Lələdağın şerləri ən yaxşı nümunələrdən sayıla bilər. Bu da onunla bağlıdır ki, onun şerlərində şifahi poeziyamızın dilinə məxsus təbiilik və şirinlik var.

Nənəm onu nanayında çalardı,
O çaldığı yaddaşlarda qalardı.
Qara zurna kəndə haray salardı,
"Mirzeyimə" tamarzıdı Qılıncyal,
Çal a qardaş, vağzalını birdə çal.

"Vağzalı"da yeni həyat başlayır,
Vüsal gülür, kədər qəmdən ağlayır.
Tale əli gəlin beli bağlayır,
Əhdim budur pozulmasın bu ilqar,
Çal a qardaş, vağzalını birdə çal.
"vağzalı"nı birdə çal.

Əvəz Lələdağ ən çox təbiətdən, onun qanunlarından çıxış edir, təbiət və cəmiyyət arasında uyğunluq axtarır. Istəyir ki, bahar insanlara xoşbəxtlik bəxş etsin. Bu insan arzusudur. Insan istəyir ki, o da təbiət kimi hər bahar yenidən açılsın, gəncləşsin, yenidən dünyaya, həyata qayıtsın və yaşasın. Bəli, Əvəz müəllim sözün əsl mənasında təbiət şairidir. Onun şerlərinin əksəriyyətinin mövzusu təbiətdən alınmışdır. Ancaq şairin şerlərində təbiət və onun hadisələri nə qədər yüksək pafosla tərənnüm edilsə də, onun taleyi, gözəlliyi yenə də insanla bağlıdır. Əvəz müəllim təbiət vurğunu olsa da bu şerlərin (təbiət şerlərinin) çoxunda təbiət əsl məqsəd üçün bir vasitə kimi alınır. Bu şerlərdə təbiət və insan vəhdətdə götürülür, təbiət insanla mənalanır, insanla gözəlləşir, qar da, yağış da insan üçün yağır, külək də insan üçün əsir.
Istər şifahi xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatımızda dağlar saflığın, etibarın, gözəlliyin, ucalığın bütövlükdə isə Vətənin rəmzi kimi tərənnüm olunmuşdur. Əvəz Lələdağın yüzdən çox "yaylaq" və "dağlar" rədifli gəraylı və qoşmaları vardır. Bu şerlərin hər birində də həm təbiət gözəlliyi, həm də həsrət var. Qədim Zəngəzurun Qılıncyal, Əriməz, Göbəkdaş, İşıqlıdağ, Qoşadağ, Arzubulaq kimi dağlarının adını çəkib onları mənalandıran şair təkrara yol vermir, eyni mövzuda qələmə alsa da, hər birində yeni söz deyə bilir.

Mən niyə yanıram o dağlar üçün,
İmanım ordadır, dinim ordadı.
Orda cücərmişəm, orda bitmişəm,
Dumanım ordadır, çənim ordadır.

Yaxud

Sizdən ayrı düşən gündən,
Könlüm olub yara, dağlar.
Gecə-gündüz cəhd edirəm,
Çatammıram yara, dağlar.

Əvəz Lələdağ niskilli şairdir. Boya-başa çatdığı, gənclik illərini qoynunda keçirdiyi ulu Zəngəzurun əsrarəngiz təbiətindən, buz bulaqlarından, başı qarlı dağlarından, ceyranlı-cüyürlü oylaqlarından ayrıldığı üçün sızıldayır, o gecələrin həsrəti ilə yaşayır, bu ağrını, acını yaradan mənfur, xəbis, hiyləgər, bütün insani keyfiyyətlərdən məhrum olub qədim torpaqlarımıza, ata-baba yurdumuza göz dikən, zaman-zaman o torpaqları mundar nəfəsləri ilə zəhərləyən "qonşularımıza" nifrətini ifadə edir, yurd həsrətilə qovrulur, ağrını, niskil kimi yox, ümumən millətin kədəri kimi qəbul edir.

Hər kəsin dağ boyda məncə, dərdi var,
Gündüz intizarı, gecə dərdi var.
Ağbaba, Zəngəzur, Göyçə dərdi var,
Allah, bu millətin neçə dərdi var.

Bütün bunlarla yanaşı Əvəz Lələdağ oxucunu bədbinləşdirmir, o, oxucunu nikbin olmağa, mübarizə aparmağa səsləyir.

Namusumsan, qeyrətimsən, arımsan,
Mənə doğma, yaxınımsan, yarımsan.
Dövlətimsən, sərvətimsən, varımsan,
Vətən, qurban olum, başını dik tut.

Göyçə getdi əlimizdən, dinmədik,
Axdı yaşlar gözümüzdən, dinmədik,
Şəhid olduq sözümüzdən, dönmədik,
Vətən, qurban olum, başını dik tut.

Bəli, kiçik ya böyüklüyündən, yaxın ya uzaqlığından asılı olmayaraq, torpaq həsrəti, doğulduğun yurdun həsrəti insani hissdir, duyub düşünənlərin varlığında yaşayan ali bir keyfiyyətdir. Ayaq tutub yeridiyin, ata-anasının məskən saldığı evə, həyətə, kəndə övlad məhəbbəti böyük vətən məhəbbətidir. Odur ki, düşmən tapdağı altında inləyən yerlərimiz haqqında yazdığı şerlər Əvəz Lələdağın qəlbindən doğan həsrət nidalarıdır. Bu nidalar öz el-obasından ayrı düşən bizlərə nələr demir.

Yatıb oyanmadı o qara bəxtim,
Sinəmi dağladı bu hicran dağı.
Gözünə tökməyə tapa bilmədim,
Bir ovuc müqəddəs Vətən torpağı.

Yaxud:

Gecə-gündüz həsrətini çəkirəm,
Neyləyim ki, gedəmmirəm Vətənə.
Sarvan olub qəm karvanını çəkirəm,
Mən fağırı gərdiş salıb bu günə,

Vətən mənim həsrət dolu ürəyim,
Dadım, tamım, süfrəm, duzum, çörəyim.
Vətən mənim gərəyimdi, gərəyim,
Varlığımla qurban olum vətənə.

Əvəz Mahmudun yaradıcılığında vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. Bu mövzuda yazdığı əsərlərdə, ilk növbədə diqqət çəkən cəhət şerlərin ictimai həyatla cərəyan edən hadisələrlə bağlılığıdır. Hansə şeir hansı ildə yazılıbsa onda o ilin havasını duymaq olur. Lakin onlar həyatın sərvəti deyil, onun şair əlindən süzülüb gələn poetik ifadələrdir. 1988-ci il.... həmin il Azərbaycanda azadlıq hərəkatının başlanması ili idi. O il Azərbaycan xalqının böyük sınaq qarşısında qaldığı il idi. O il Azərbaycanın taleyi, bir növ karta qoyulmuşdur. Azərbaycan torpaqlarının işğalı başlayırdı, yüz minlərlə soydaşlarımızın köçkünlük günlərinin ərəfəsi idi. Respublikada faktiki sahibsizlik hökm sürürdü. Haqla-nahaq, doğru ilə yalan, ağla-qara üz-üzə dayanmışdır. Bu hadisələrlə yaşayan, qovrulan şairin səsi döyüş bölgələrindən, əsgərlərlə görüşlərdən, bu görüşlərdəki çıxışlarından gəlirdi. Zahirən çox təmkinli, sakit görünən şair həqiqətin qollarını bağlı görəndə, milli xəyanətin şahidi olanda coşur, rəzalətləri törədənlərə lənətlər yağdırır; insanların başına gələnlər isə onu riqqətə gətirir, könül rübabı hiddət və iztirab dolu nəğmələr çalır.

Hələ də açılmır sirli düyünlər,
Sirri açmaq yolunu Yaradan bilər.
Nahaqqa inanıb haqqı döyənlər,
Haqqı, ədaləti haradan bilər?

Bayatı və laylalarımızda, nağıl və dastanlarımızda demək olar ki, bütün şairlərimizin əsərlərində, rəssamlarımızın rəsmlərində, bəstəkarlarımızın nəğmələrində ən çox qələmə alınan "Ana" obrazı var.
Ana ağuşunda boya-başa çatan, beşiyi başında ana laylası eşidən, körpəlikdən doğma dilinin ahəngini duyan insanın qəlbi ana məhəbbəti ilə dolu olmaya bilməz, lakin bu məhəbbətin poetik ifadəsi nəinki hər adama, hətta hər şairə də qismət olmaz. Əvəz Mahmud Lələdağın mövzu dairəsi geniş təsvir obyekti müxtəlif və rəngarəngdir. Birmövzu isə onun yaradıclığının bu başından o başına qırmızı xətt kimi uzanır. Həmin mövzunun mərkəzində "Ana" sürəti dayanır.
Əvəz müəllimin şerlərini müntəzəm oxuyan hər kəs belə düşünür ki, bu insan oğul, bir şair kimi daima ana dünyasında yaşayır, ana nəfəsi ilə nəfəs alır. Bəli, ana məhəbbəti onun bütün varlığına hakim kəsilmişdir. Bunu aşağıdakı bir nümunə bir daha təsdiq edir.

Adı xoşdur Vətənimin adı tək,
Harda od var sinəsinin odu tək.
Dad görmədim çörəyinin dadı tək,
Ələyinə qurban olum anamın.

Yaxud

Qəlbimin çırağı, gözümün nuru,
Dilimin söhbəti, sözü anamdır.
Nağılım, dastanım, laylam, bayatım,
İlham bulağımın gözü anamdır.

Təbibim, loğmanım, dinim, imanım,
Allahım, dərgahım, dərdə dərmanım.
Sevincim, fərəhim, şadım, şadyanım,
Könlümün min telli sazı anamdır.

Əvəz Mahmud Lələdağın əruz vəznində yazdığı qəzəllər və rübaillər də, ümumiyyətlə sərbəst vəzndə yazdığı şerlər çox da üstünlük təşkil etmir. Onun poeziyası, əsasən, doğma heca vəznində yazılmışdır. O heca vəzninin müxtəlif ölçülərində şerlər yazılmışdır. Bu şerlər içərisində gəraylı və qoşmaları, bayatıları xüsusilə fərqlənir. Mən bir neçə kəlmə Ə. Mahmudun bayatıları haqqında fikrimi bildirmək istəyirəm.
Bayatı xalq yaradıcılığının "ümumən şerin ən zərif, ən incə nümunələrindəndir". Bayatını oxuyanda istəyirsən ki, ona nəfəsin dəyməsin, sola bilər. Bayatı ilahi bir qüvvətin töhfəsi kimi dünyaya gəlir. Bayatı ürəyə dolur, yaradıcının varlığına hakim kəsilir, onu rahat buraxmır. Bayatı hər zaman yaranmır-xalqın, vətənin təlatümlü günlərində yaranır. Elə indi də xalqımızın bayatılı günləridir. Bir milyondan artıq qaçqının haray səsləri həsrət bayatılarıdır, dözümə və dözümsüzlüyə çağırış bayatılarıdır. Bu bayatıları şair olmayan analar yaradır, bir də xalqın, vətənin dərdi-odu ilə yaşayan şairlər yaradır. Bəli, bayatı xalqın varlığı ilə döyünən, riyadan, məkrdən uzaq olan, varlığın gözəlliyini düzlükdə görən təbiətə və insana məhəbbət eşqi ilə bağlanan insanlar bunu edə bilər, bayatı saf ürəklərdən çıxa bilər, Əvəz Mahmud kimi insanların qəlb çırpıntılarından qopa bilər.
Əvəz Mahmud Lələdağın bayatıları da klassik xalq bayatı janrının ənənəsinə əsaslanır.
Qafiyələnmə baxımından da, məna yükünün ağırlığının son iki misraya düşməsi də bayatıya məxsus lakoniklik və oyanıqlıq da, misraların heca sayı da, cinaslar da- hamısı gözlənilir.
Bununla belə şair bəzən sərbəst hərəkət edir. Ənənəvi formadan kənara çıxır, bayatıların misralarında heca sayını artırmaq və azaltmaq meyilləri də özünü göstərir, ancaq bunlar bayatıların bayatı kimi ahəngini pozmur. Bunu şairin nümunə göstərdiyimiz aşağıdakı bayatıları bir daha sübut edir.

Ay qaya, dərin qaya,
Kölgəsi sərin qaya.
Çıxam qənşər yerindən
Elimi görüm , qaya.

Dərdi məndə,
Dərd nəfəs dərdi məndə.
Heç yerdə axtarmayın,
Axtarın dərdi məndə.

Mən aşıq Qanlıdərə,
Qanlı dik, qanlı dərə.
Yanıb külə dönərəm.
Gülümü qanlı dərə.

Ümumilikdə Azərbaycan poeziyası o qədər əzəmətli, o qədər möhtəşəm, o qədər mənalı, o qədər qüdrətlidir ki, bu poeziyada parlamaq çox çətindir. Bu poeziyanın yolu nə qədər enişli-yoxuşlu olsa da, zaman-zaman öz dühalarını yetişdirmişdir. Əvəz Mahmud da bu kök üstündə qərar tutmuş, bu sənət havası ilə nəfəs almışdır. Onun əsərlərini oxuyarkən elə bil gözəl vətənimizin güllü-çiçəkli çöllərini seyr edirsən, qarlı dağlarını, dərin dərələrini, buz bulaqlarını seyr edirsən.

Sabir Məmmədov
Əməkdar müəllim