adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Oktyabr 2018 17:44
15334
MƏMLƏKƏT
A- A+

MÜƏLLİM GÜNÜ ƏRƏFƏSİNDƏ DÜŞÜNCƏLƏR

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Oktyabrın ilk həftəsi,ayın 1-i,həftənin birinci günüdür.Həftənin sonunda , ayın 5-də Beynəlxalq Müəllim günü qeyd ediləcək.

Nə üçün ildə bir gün-müəllim hər an hər kəsin,hamının yanında deyilmi? Günlərin hamısı-365 günün acılı-şirinli,sevincli-kədərli, uğurlu-uğursuz,qayğılı,düşüncəli, fikirli-bu günlərin hər biri müəllimin günü deyilmi?

Müəllim-cəmiyyətin,millətin mənəvi -əxlaqi,etik-estetik dəyərlərinin,adət-ənənələrinin daşıyıcısı,qoruyucusu və təbliğatçısıdır.Cəmiyyət müəllimi sevir,ən ülvi ümidlərini məktəblə bağlayır- bu sevgi qoy hər zaman bayramsayağı ifadə olunsun!

***

Məktəb dəhlizi ilə hərəkət edirəm.Ətrafımda şagirdlərdir. Şən,kədərli,nadinc,şıltaq,sakit,çalışqan,çox da sakit və çox da çalışqan olmayan şagirdlər.Onların hər biri təkrarolunmazdır.Fərddir.Onların hər birinin öz tələbatı,öz marağı,öz niyyəti,öz fikri var.Hər biri Şəxsiyyətdir.

***

Düşünürəm:müəllim olmaq çətindirmi.Bəli çətindir.Bəzən elə gəlir ki,bütün gücünü itirmisən,zehnin,ruhun yorulub,əldən düşüb. Lakin məktəb,uşaqlar-əbədi güc və gənclik mənbəyidir.Bəli,müəllim olmaq çətindir,çox çətindir.Və həmişə belə olmuşdur.Pedaqogika elmlərin ən mürəkkəbidir,çünki onun məqsədi uşaqlardır və deməli,bizim gələcəyimizdir.

***

İlk dəfə məktəbə şagird kimi getdiyim gün,1961-ci ilin 1 sentyabrı indiki kimi yadımdadır. Bəzən mənə elə gəlir ki, mən məktəbə,müəllimə elə həmin gün vurulmuşam və bu böyük məhəbbəti bu gün də qoruyub saxlayıram. Bu məhəbbət məni yaşadıb və bu gün də yaşatmaqdadır.

***

Pedaqoji təhsil alıb məktəbdə dərs demək hələ müəllim olmaq deyil. Müəllim yaranışdan,fitrətən müəllim olmalıdır.Hər gün,hər dəqiqə məktəb,sinif,şagird haqqında düşüncələr bütün qayğıları,düşüncələri üstələyirsə,fikrin dərsdə keyfsiz ,küskün,incik görünən uşağın yanındadırsa, bir şagirdin hətta kiçik uğuru səni gülümsədirsə,bir sözlə,bütün fikrin-zikrin ONLARIN yanında qalırsa, deməli sən müəllimsən...

***

Nə üçün müəllimlərin bir qismini insan bütün ömrü boyu unutmur, bəziləri isə şagird məktəbdən ayrılan kimi dərhal unudulur?

Yaddaşlarda qalanlar,xatirələrdə yaşayanlar qeyri-adi insanlardır. Onları xatırlayanda göz önündə bütövlükdə məktəb deyil, bu məktəbin daxilində sənə bilik vermiş,vərdişlər aşılamış,sənə xeyirxahlıq etməyi öyrətmiş, həyata vəsiqə vermiş konkret şəxslər canlanır. Və yalnız böyüyəndən sonra dərk edirsən ki, bu insanların-Müəllimlərin sənəti nə qədər mürəkkəb və çoxşaxəlidir.

***



Şagirdlərin etimadını ,sevgisini qazanmaq üçün daim onların arasında olmaq,onlarla eyni havanı udmaq, problemlərini öyrənmək və birgə həllinə çalışmaq ,sadəcə onların dostu olmaq lazımdır. Müəllim bir tərəfdən -hamı kimi bir insandır, digər tərəfədn -o , maraqlı ideyaların təşəbbüskarı,memarıdır, uşaq taleyinin yaradıcısı, bu balaca varlıqların hər birini böyük şəxsiyyət kimi qəbul edib onlarda özünə inam yaradan şəxsdir,kollektivin sükançısıdır və bütün bunlara görə qeyri-adi insandır.

***

Mən uşaqları sadəcə uşaq olduqlarına görə sevirəm.Uşaq-ilk vaxtlar köməksiz, hər kəsə etibar edən,həyatın gözəlliyinə inanan,qəlbi sevinclə,xoş ümidlərlə,yaradıcılıq eşqilə dolu saf, məsum bir varlıqdır. Məktəbi,uşağı sevmədən yaxşı müəllim olmaq qeyri-mümkündür.Uşağı sevməyən müəllim-səsi olmayan müğənni, səs duyumu olmayan musiqiçi, rəngləri seçməyan rəssam kimidir.

***

Uşaqlar-harmoniyanın,gözəlliyin,xeyirxahlığın təcəssümüdür.Elə bir uşaq tapmazsan ki, onun çöhrəsində bəşər övladına xas olan gözəllik duyulmasın. Yumşaqlıq,böyüklərin sözlərinə inanmaq,onlara bənzəməyə çalşmaq uşaq xarakterinin xüsusiyyətləridir. Uşaqda faydalı bir işə maraq oyadılması , onda kiməsə nədəsə yardım etmək istəyinin yaradılması çox vacibdir, çünki fəaliyyət zamanı uşaq özü daha da açılışır , daxilindəki gözəlliyi bir daha nümayiş etdirir.Uşaq özünüifadəyə imkan tapır.Özünü şəxsiyyət kimi təsdiqləməyə çalışır... Bu işdə uşağa, şagirdə yardım göstərməmək isə günahdır..

***

Müəllim kimdir? O,yaradıcıdır,qurucudur. O yer üzündə ən dəyərli,ən qiymətli aləmi-əsl insanın daxili aləmini yaradır.O daim çalışır, insanın hərtərəfli inkişafına nail olmaq üçün yeni yollar,üsullar,texnologiyalar axtarır ,bu prosesin təkmilləşdirilməsi üzərində çalışır.

***

Müəlimlik sənətini başqa sənətlərlə eyniləşdirmək olmaz-çörəkçinin çörəyi yanarsa,bir-iki saata yeni çörək bişirmək mümkündür..Bənna divarı əyri hörərsə-eybi yoxdur, kərpicləri yenidən düzüb xətanı düzəltmək olar.Yalnız müəllim fəaliyyətinin nəticəsi tez görünməz- nə bir saatdan, nə bir gündən, nə də bir aydan sonra.Yalnız bir neçə ildən sonra görünür müəllim işinin nəticələri,əsası isə budur ki,artıq bu nəticələri dəyişmək olmaz. Bizim etdiyimiz səhvlər ən böyük,ən ciddi,həyati əhəmiyyyətli səhvlərdir,cünki bu səhvlər uşaqlara əzab verərək onların qəlbini yaralayır. Uşaq qəlbini ən çox yaraylayan,ona iztirab verən laqeyd müəllimin yol verdiyi ədalətsizlik olur.Təsadüfi deyil ki,uşaqlar müəllimin əsas keyfiyyəti kimi onun ədalətli olmasını göstərirlər.

***

Qəti əminəm: ədalətsiz və laqeyd insan müəllim ola bilməz.Xoşbəxtəm ki,həyat yolumu ləyaqətli və sənətinə biganə olmayan insanlarla -müəllim yoldaşlarımla və əlbətdə ki, səmimi və büllur kimi saf qəlbli uşaqlarla birlikdə davam edirəm. Lakin bugünkü uşaqlar dünən öyrətdiyimiz uşaqlardan fərqlənirlər. Bugünün uşaqlarını başa düşmək,onları başqa yolla öyrətmək,başqa yolla tərbiyə etmək lazımdır,onların sağlamlığına da başqa cür yanaşmaq zəruridir.Müasir uşaqlar "həyət" oyunlarını oynamır,kollektiv əyləncələr keçmişdə qalıb.Bunların yerini kompüter oyunları tutub. Və əgər biz müasir uşaqların yeni keyfiyyətləri və onların həyatında nələrin olmadığı haqqında düşünsək qənaətimiz bu olar ki,məktəb təcrübəsində illərdən bəri kök salmış "dəyişməz" qaydalara yenidən baxılması,pedaqoji-psixoloji prinsiplərə yeni yanaşmalar həqiqətən vacibdir.

***

Unutmamalıyıq-bizim qüsurlarımız əksini şagirdlərimizdə tapır!

***

Hər bir məktəbli müəyyən istedad və qabiliyyətə malikdir.Uşaqlar təbiətən hər şeylə maraqlanır və onların öyrənmək arzusu böyük olur.Öz istedad və qabiliyyətlərini göstərmək üçün onlara müəllim və valideyn tərəfindən düzgün,ağıllı yol göstərilməsi kifayətdir.

***

Şagird sərbəst olmalı,ətrafdakıların ona anlayışla yanaşacağına inanmalı,rəy bildirməkdən,müəllimə,yoldaşlarına sual verməkdən çəkinməməlidir. Əksinə biz suallara birgə cavab axtarmağı öyrətməliyik. Uşaqların öz gücünə əminliyi ,çətinlikləri dəf edə biləcəklərinə inamı həyatda bir tarazlıq yaradır.Bununla yanaşı hər bir uşaq öz düşüncələrinə sahib olmağı, onları müəyyən istiqamətə yönəltməyi, onlara düzəliş verməyi, ifadə tərzini düzgün seçməyi məktəbdə öyrənməlidir.

***

Müəllim dövrlə ayaqlaşmalı, şagirdləri ilə "bir dalğa" da olmalıdır. Müasir cəmiyyətdə vacibdir ki,onun gələcək üzvləri seçim edən zaman , həyati vacib suallara cavab axtararkən müstəqil qərar qəbul edə bilsinlər.Ona görə də müəllim şagirdlərdə elə keyfiyyətlər tapmalı və inkişaf etdirməlidir ki,onlara gözlənilməz hadisələrlə dolu bu "sərsəm" həyatda ayaq üstə durmaqda köməkçi ola bilsin .

***

Müasir məktəb şagirdlərdə fasiləsiz özünütəhsil təlabatının,fəal həyat movqeyinin,sağlam həyat mədəniyyətinin,sosial adaptasiya bacarığının formalaşdırılmasını, Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətənpərvər vətəndaş, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik olan bir insan yetişdirilməsini təmin etməli, məktəb məzununun gələcək inkişafı və formalaşması üçün baza yaratmalıdır.Gənc nəslə bu keyfiyyətləri aşılamaq üçün müəllim özü zəngin dünyagörüşünə malik olmalı,müasir dünyanın inkişaf meyylərini dərindən dərk etməli,bu dünyada çevik hərəkət etməyin yollarını və onu şagirdlərə necə öyrədəcəyini bilməlidir.

***

Bu gün Azərbaycan gənci ölkəmizdə xariqələr yaradır.Elmi kəşflər edir.Milli adət və ənənələrimizi layiqincə qoruyur.Müxtəlif beynəlxalq tədbirlərdə xalqımızı,dövlətimizi yüksək səviyyədə təmsil edir. Yüksək vətəndaşlıq hissi ilə xalqımıza xidmət edir.

Ən başlıcası gənclərimiz Vətəni sonsuz məhəbbətlə sevir və torpaqlarımızın bütövlüyü,müstəqilliyimizin qorunub saxlanılması üçün canından,qanından keçməyə hər an hazırdır.Biz hər gün Aərbaycan gəncinin böyük vətən sevgisinin şahidi oluruq. Bu keyfiyyətləri biz müəllimlər aşılamışıq və aşılayırıq.

Deməli,biz də Vətən qarşısında öz borcumuzu layiqincə yerinə yetirirk.Bu sevinci duyan müəllim həqiqətən xoşbəxtdir.

***

Və sonda böyük şair Süleyman Rüstəmin dedikləri:

Müəllimlik müqəddəs bir sənətdir həyatda,

Müəllimin hər sözü həqiqətdir həyatda.

Üz-gözü, pal-paltarı mürəkkəbli körpələr,

Çırpınan ürəkləri xoş mətləbli körpələr,


İlkin vətən sözünü müəllimdən öyrənir,

Mənliyini, özünü müəllimdən öyrənir,

Başım ağarıbsa da, deyilsəm də mən cavan,

Yanımda bir müəlim adı çəkilən zaman

Tez ayağa qalxıram bir məktəbli uşaqtək, -


Müəllimə həmişə, hər yerdə börmət gərək.

Müəllim də anadan müəllim doğulmayıb,

Müəllimin özü də müəllimsiz olmayıb.

Deyirəm, kaş təzədən bir məktəbli olaydım,

Barmaqları ömürlük mürəkkəbli olaydım.