adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Oktyabr 2018 21:15
23865
ƏDƏBİYYAT
A- A+

POEZİYA QƏLBİN İŞIĞIDI VƏ YA TEYMUR KƏRİMLİNİN ŞEİR DÜNYASI

Bahar Bərdəli
Filologiya üzrə fəlsəfə doktoru,
dosent

2013-cü ilin payızı idi. AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda Teymur Kərimlinin 60 illik yubleyi keçirilirdi. Hər kəs onu bir cür təbrik edirdi.Gül gətirən kim,öz kitabını avtoqrafla təqdim edən kim,alimin yaradıcılığını əks etdirən məqalələrlə çıxış edən kim.Mənim də Teymur müəllim haqqında deyəcəklərim çox idi. Amma onu ipə-sapa düzüb sistemə sala bilmədim. Daha doğrusu,mən hazırlayana kimi o an keçdi. Zarafatla söz verdim ki, mütləq onun 65 illiyində düşündüklərimi qələm-kağıza yükləyəcəyəm... Bu, əlbəttə,o andan irəli gələn zarafat idi.Fikirləşirdim ki, beş il böyük vaxt ölçüsüdür. Bu illərdə nəinki məqalə,roman da yazmaq olar.Ancaq zaman öz sözünü çox tez dedi. Təsəvvür edirsiz, o beş il indi tamamdı.Necə gəldi, necə kecdi, mən bilmədim.Amma keçdi!..İndi Teymur Kərimli 65 yaşın üstündən boylanır.İllər sürətlə keçsə də boşuna keçməyib.Kənardan heç də hər şey olduğu kimi hiss olunmur. Hər kəs öz ömür yükünü özü çəkir,özü daşıyır.Onun ağırlığını,yüngüllüyünü də tək özü bilir...
Yazıçı,filologiya elmləri doktoru Abuzər Bağırov şair haqqında yazdığı məqaləsində qeyd eləyir ki, "Dünyaya gələn bəşər övladının hər birinin ulu yaradan tərəfindən möhürlənmiş alın yazısı, ömür payı olur. Nədənsə,xaliqi-sübhan Allah hamıya eyni gözlə baxmır; tanrı dərgahından hər kəsə müxtəlif ölçü-biçidə,müxtəlif vəzn-çəkidə pay qisməti düşür.İnsanların kimi uzun,kimi qısa ömür yaşayır.Kimi əngin-zəngin, kimi yoxsul-misgin dövran sürür.Biri aqil, biri cahil yükü çəkir. Biri qanan, biri nadan adı qazanır..."
Demək, Teymur Kərimli ömrü boyu aqil yükü çəkib.Elm, ədəbiyyat aləmində onun imzası hər kəsə yaxşı tanışdı.BDU-nun filalogiya fakültəsini bitirdikdən sonra bir neçə il Kəlbəcərdə təyinatla müəllim işləsə də ömrünü AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağladı,namizədlik,doktorluq mövzuları da Nizaminin yaradıcılığından bəhs etdi.Həmçinin Dahi Fizulinin də yaradıcılığını tədqiq etdi. "Nizami və tariximiz", " Görünməyən Fizuli" və s. kimi monoqrafiyaları ilə özünü orta əsrlər ədəbiyyatının mütəxəsisi kimi təsdiqlədi.Bu tədqiqatlara yüksək qiymət verən akademik İsa Həbibbəyli belə yazır":O, tarixi biliklərə malik olan geniş dünya görüşlü ədəbiyyatşunas alim səviyyəsində diqqəti cəlb edir."
Teymur Kərimli son beş ildə bir çox işlərə imza atıb.O, 2015-ci ildə AMEA-nın həqiqi üzvü, M.Fizuli adına Əlyazmaları İnstitutuna direktor və AMEA-nın Humanitar Elmlər bölməsinin akademik katibi seçilib.Əlyazmalar institutunda işlədiyi bu zaman kəsiyində akademik, bir çox xarici ölkə kitabxanalarından bizim orta əsrlərə aid əlyazmaları tapıb üzə çıxardıb, onların surətini inistitutun fonduna daxil edərək fondu zənginləşdirib və onu oxucuların ixtiyarına verib. Bütün bunlar alimin elmi uğurlarıdı,yenilikləridi.
Mən indi Teymur Kərimlinin bədii yaradıcılığından,onun poeziyasından danışmaq istəyirəm. Uzun illər yazdığı şeirlərini nəhayət," Hicran ömrü" kitabında bir toplu halında oxucularına təqdim edən alim subut etdi ki,o, həm də şairdi.Elmi işlərin çoxluğu, ağırlığı, ciddiliyi heç də onun şair ruhunu uçurtmayıb, qaçırtmayib. Kitabın adını təsdiqləyən şeirə nəzər salaq:

Göylər dönə bilməz dövran günündən,
Ərənlər qaçammaz meydan günündən,
Füzuli dad çəkdi hicran günündən,
Mənim qismətimdə hicran ömrü var...

İnsanı şair edən bəlkə də ən çox onun dərdi,ağrı-acısı,hicran yüküdü.Əgər ağ,qara zolaqlı həyatı vüsal,hicran ilə əvəzləsək hicran tərəfi böyük,geniş olsa,yəni "Hicran at oynadır sevgi düzündə,/ Vüsal ehtimalı milyonda birdir..."- baş verirsə onda şair mütləq dərdini yazacaq və minlərlə ürəyi də fəht edəcək.

Gülüm dedim,tikan oldun,
Gülüm...-deyə bilmirəm ki...
Göz-görəti öldürürsən,
Ölüm...- deyə bilmirəm ki...

Şairin bu səpkili şerləri kifayət qədərdi." Mənim," " Xəbərin varmı," "Olaydın", "Şikayətim", "Var","İstəsəm" və s. kimi ədəbi nümunələr şair qəlbinin tərcümanıdır." "Tapammıram"şeiri isə öz səmimiliyi,deyim tərzi,fikir yükünün ağırlığı ilə diqqəti çəkir." Yar mənə gül verdi gül baxçasından,/ Gülümü qoymağa yer tapammıram..."-misraları ilə başlayan əsərdə bir çox cəmiyyət hadisələri də öz əksini tapıb:

Yenə apar-apar,yenə sayhasay,
Yenə varlı tutur kasıblara toy,
Deyirlər, danışma, dil boğaza qoy,
Dilimi qoymağa yer tapammıram...

Hər misra həyatda,dünyada baş verən naqislikləri,ədalətsizlikləri, zalımlığı,fironluğu açıb göstəri: "Yer üzü yenə də qan çanağıdı,/ Zəlimi qoymağa yer tapammıram..."
Şeirin son bəndi də çox maraqlıdı:

Oksigen çatmadı,canım yanmadı,
Necə gəldim-getdim,necə, qanmadım...
Odumu qoymağa yer tapammadım,
Külümü qoymağa yer tapammıram...

Şeir məni, türklər demiş, necə əskiləndirmişdsə son bəndə nəzirə də yazmışdım:

Mən necə od tutdum...Sənsə yanmadın,
Həyat nə istədi...Düzü qanmadım...
Odumnan od alıb yaşayan kəslər,
Külümü yığmağa yer tapammadım.

Bəzi ifadələri dəyişdirməklə fikiri başqa istiqamətə yönəltmişdim. Amma hər iki halda şeir həyatdan, dünyadan, zamandan, insanlardan, sevgidən , sevgilidən şikayətdi, umu-küsüdü.
Yaxşı günün "dostları" yaman gündə tapılmaz ki...
Burda qeyd eləmək yerinə düşər ki,şairin Qarabağ mövzusunda da bir çox bədii nümunələri var.hadisələrə özünəməxsus təbilə,dəsti-xəttiylə,öz dünyası ilə yanaşan Teymur Kərimli "Olmaz", "Neyləyim", "Usdadnamə", "Neynirəm", "Ayıra", "Göstərin" kimi şeirlərini bu məqsədlə qələmə alıb.Burda da yurddaşlarından,qan qardaşlarından giley və tələblər öz əksini tapıb.

Mən Şuşanı görməmişəm
Şuşanı mənə göstərin...
Dağ başından uçuruma
Düşəni mənə göstərin...

"Olmaz" şeiri şairin həyat təcrübəsindən,gördüklərindən,duyduqlarından süzülüb gələn poetik parçadı":Boz çaqqala boz qurd adı verməklə,Çaqqal dönüb aslan olmaz,qurd olmaz!"-deyən şair düşündüklərini Vətən oğulları ilə belə bölüşür,onları igidlərə,ərənlərə belə çatdırır:

Yağı düşmən sinəsinə çək dağı,
Qoy titrəsin baxışından hər yağı,
Vətən oğlu qoyub qaçma torpağı,
Qürbət eldən Vətən olmaz,yurd olmaz!

"Neynirəm" şeiri də çox ibrətamizdir.Vətənini,yurdunu satanlara tərs bir şillədir,-desək yanılmarıq. "Xətainin xənçərini satmışam, "Məmməd Araz karandaşın" neynirəm?-yazan şair Böyük Xətayinin yaratdığı,qurduğu o böyük dövləti unutmamağa çağırır.Və ya "Qan qardaşım içəcəksə qanımı,Mən qan içən qan qardaşı neyniyim?"- Misrası ilə şair xəbərdarlıq edir,əgər qardaşlar arasında nifaq düşərsə bundan yalnız düşmən bəhrələnə bilər,İtirənsə Ana Vətən olacaq.
Şairin məhəbbət şeirləri daha çoxdu.Bu şeirlərdə güclü bir yumor hissi var. Sözlərin, ifadələrin özündə xalq ifadəsi, xalq deyim tərzi daha çox üstünlük təşkil edir. Bu sözləri hər şair işlətməz. Bu ifadər ən çox xalq yaradıcılığında, folklorda özünü biruzə verir:

Könül verdim bir gözələ,
Gözəl məni saldı ələ...
Dedi: Sevirsənsə, mələ!
Mələdim, ələ gəlmədi...

"Bir gözəlin ürəyinə dəymişəm, / Elə bil ki, başıma bir daş dəyib..." -deyən şair başqa bir şeirində belə yazır:

Sən mənim ömrümə "tale qarğışı",
Mən sənin göyündə bahar yağışı,
Nənəni, babanı, bacı-qardaşı,
Ananı unutsan, məni unutma!

Maraqlıdır ki, Nizami,Füzuli kimi böyük məhəbbət şairlərini tədqiq edən T.Kərimli öz şeir yaradıcılığında Aşıq Abbas Tufarqanlı, Aşıq Alı,Aşıq Ələsgərdən daha çox təsirlənib, onlara bənzətmələr,ittihaflar yazıb:

Əl çatmayan diləksənmi?
İnsansanmı, mələksənmi?
Xəyalsanmı, gerçəksənmi?
Bilincə, gözlərəm səni...-

Aşıq Alının məhşur "Gözlərəm səni" şerinə bənzətmədir.
Aşıq Ələsgərə, Xalq mahnılarına bənzətmələrdə müasir dövrün tələbləri,vərdişləri,dəbləri çox sadə, adi sözlə elə şirin ifadə olunur ki,istər-istəməz şairin diqqətinə heyranlığını ğizlədə bilmirsən. "Ay bu gələn cüt bacının, hansına qurban mən olum?" -Məşhur xalq mahnısının bənzətməsinə nəzər salaq:

Geyinib də,bəzənib də,
Hər ikisi eyni tipdə,
Biri "Mers"də, biri "Cip"də,
Hansına qurban mən olum?

Biri hündür,biri bəstə,
Nökərləri dəstə-dəstə,
Oturublar xəznə üstə,
Hansına qurban mən olum?

Amma bu o anlama gəlməsin ki, T.Kərimli Nizamidən, Füzulidən təsirlənməyib, qəzəl aləminə baş vurmayıb, yazmayıb. Əlbəttə, yazıb, lakin görün necə yazıb, məşhur qafiyələrdən necə istifadə edib:

Geymə məni əyninə nimdaş kimi,
Saxla yadında məni yaddaş kimi...

...Sinəni aç, şifrəni sındır daha,
Faylını yığ qəlbimə flyaş kimi...

...Teymur, itirdin başını, kim dedi:
Başını get başlara qoş, baş kimi?!
Akademik Bəkir Nəbiyev "Elmlə şeir qovuşanda" məqaləsində T.Kərimlinin poeziyasından bəhs edərkən yazır: "Mən bu fikirdəyəm ki, T.Kərimli qəzəllərində daha səriştəli təsir bağışlayır. Yəni T.Kərimli Yaxın Şərq poeziyasının aparıcı janrı olan qəzəlin tarixinə, onun görkəmli nümayəndələrinin bu sahədəki ecazlarına, əruz vəzninin ən incə ahəng çalarlarına, ənənəvi poetik fiqurlarına dərindən bələddir."
Yumor dolu qəzəlləri akademik elə ciddiyətlə təhlil edir ki... "Qafiyədən söz düşmüşkən deyim ki, Teymur ənənəvi qafiyələrlə bir sırada hələ qatı açılmamış təzə-tər qafiyələr işlətməyə də xüsusi diqqət verir.Üstümə,şəstimə,qəstimə...kimi ənənəvi qafiyə cərgəsində aşağıdakı beytin qafiyəsi məhz belə təsir bağışlayır:

Mən sevgimi ispata sınaq testi düzəltdim,
Can qiymətini qoydu, mənim testimə gəldi..."-

Bəkir müəllim beytdəki testimə qafiyəsini yüksək qiymətləndirir.(Allah sizə rəhmət eləsin,ustad!)
Misal gətirdiyim şerlərin çoxu şairin "Ciddi şeirlər"indəndir. Kitabda onlar bu ad altında toplanıb. Bir də var "qeyri-ciddi şerlər", yəni "Bəzəmələr, sancmalar, bənzətmələr". Bir neçəsini, artıq, nümunə olaraq göstərmişəm.Mən belə düşünürəm ki, T.Kərimli əsl sözünü burda deyib. Necə deyərlər, ürəyindən keçənləri istədiyi kimi bu şeirlərə boşalda bilib, misralara yükləyə bilib. "Qeyri-ciddi şeirlərə" ciddi baxışımı mən də siz oxucularla şərhsiz bölüşmək istəyirəm.
Dədə Ələsgərə bənzətmə:

Çərşənbə günündə, güzgü önündə,
Gördüm ki, bir ağ tük qaşıma düşdü...
Elə bil bir vedrə soyuq, buzlu su,
Bir qazan isticə aşıma düşdü...

Böyük Füzuliyə bənzətmə:

Rüşvət almaq taki, olmuş yaxşı bir adət mana,
Nəqqəddər alsam da çox, çox az gəlir rüşvət mana...

Söylədin ki, alma rüşvət, çək bu xalqın qeyrətin...
Qoy alım mən rüşvəti-xalq eyləsin nifrət mana...

Milli ət, milli xörək mədəmdə boldu, arkadaş,
Neynirəm mən milləti, lazım deyil millət mana...
Teymur Kərimlinin müasirlərinə,qələm yoldaşlarına,dostlarına həsr etdiyi ittihafları da var.Bəkir Nəbiyevə, Məmməd Araza,Abuzər Bağırova,Şamil Salmanova,Məhərrəm Qasımlıya,Vaqif Arzumanlıya və neçə-neçə şairin,ədibin yubleylərinə bəxş etdiyi şeir parçaları da çox maraqla,diqqətlə oxunur."Dostum Məhərrəm Qasımlının 50 yaşına" şeirinin son bəndinə baxaq:

Dostlar tək tanıyır tək səndə səni,
Səksəndirə bilməz səksən də səni,

Belə qıvraq görüm səksəndə səni,
Nə qolun titrəsin,nə dizin,qədeş!

Yaxşı arzudu! Həm də şair qəlbinin duasıdı,məncə. Amma icazə versədiniz,Teymur müəllim, mən bir xırda düzəliş edərdim.Qədeş sözü burda yerinə düşmür axı.Məhərrəm müəllimin qədeşlərə oxşarlığı yoxdu.Bu sözün yerinə Gəncəbasarda məşhur müraciət forması olan Qağa ifadəsini işlədərdiz gərək.
"Vaqif Arzumanlıya" şeri də çox səmimidi:

Arzumanlı Vaqifin dostluqda istedadı var,
Dostunun fəryadına hər ləhzə yüz imdadı var,
Təkcə alim olmayıb,hər mətləbə vaqifdi o,
Bir zaman Vaqif olan Molla Pənahın adı var!

Yaxşıdı,deyilmi?! (Ruhu şad olsun Vaqif müəllimin də...)
Abuzər Bağırov məqaləsində qeyd eləyir ki,T.Kərimlinin "...şeirləri sanki gülüşün bütün incəliklərini əks etdirmək naminə yaranıb.T.Kərimli qloballaşan dünyamızın əşrəfi sayılan insana,onun sevgisinə,nifrətinə,oturuşuna-duruşuna,qısası,insanın kosmik əbədiyyətdəki yerinə-yuvasına, ömrünə-gününə təbəssümlə yanaşan,insan əməllərini təbəssümlə tərənnümə çəkən şairdir"
Beləliklə, akademikin şeir boxcasından bəzi fraqmentləri, kodları açdım. Sonrası qalsın onun 70 illiyinə.
Mən Teymur Kərimliyə böyük-böyük yaradıcılıq uğurları, sevincləri, xoşbəxtlik, səadət arzulayıram ! Və biz oxucu , tədqiqatçılar onun yeni-yeni ciddi, qeyri-ciddi şeirlərini,kitablarını da gözləyirik! Bir daha ad günün,yubley günün mübarək!!!