adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Oktyabr 2018 21:04
21458
GÜNDƏM
A- A+

Prokurorluğun tarixindən (Prokuror- roman kimi həyat kitabından səhifələr)

Ələmdar Məmmədov
Təqaüddə olan Baş Ədliyyə
müşaviri, prokurorluğun
fəxri işçisi

(əvvəli ötən sayımızda)

Təsadüfü deyil ki,1937-ci ildə prokurorlar özləri repressiyanın qurbanı oldular.Təkcə Azərbaycandan 21 prokurorluq işçisi repressiyaya məruz qaldı.
1939-cu ildə bir qrup prokurorluq işçisi ÜİK(b)P MK-nin siyasi büro üzvü,Leninqrad vilayət və şəhər partiya komitəsinin I katibi,RSFSR Ali Sovetinin sədri A.Jdanova müraciət edirlər.
Həmin müraciətdə deyilirdi ki,SSRİ XKS-nin və ÜİK(b)P-nin "Həbslər,prokuror nəzarəti və istintaqın aparılması haqqında" 17 oktyabr 1938-ci il tarixli birgə qərarında XDİK-də baş vermiş qanunsuzluqlar,kütləvi həbslər,istintaq işlərinin aparılması zamanı kütləvi qanun pozuntularına yol verilməsi, və prokuror nəzarətinin düzgün təşkil edilməməsi qeyd olunub pislənmişdir.XDİ Komissarı Yejov vəzifəsindən çıxarılsa da,günahsız insanların məhkum olması barədə verilmiş protestlərin baxılması hansı səbəbdənsə XDİK-nın nəzdində yaradılmış Xüsusi Müşavirəyə tapşırılmışdır.Həmin müşavirənin işinə xalq komissarı L.Beriya sədrlik edir.SSRİ prokuroru M.Pankratov isə mövqesizlik göstərir,Siyasi büro üzvlüyünə namizədin qarşısında acizlik edir.Sanki ona yarınmaq istəyir.Məktubda daha sonra göstərilir ki,orta əsr üsulları ilə insanlara əzab vermiş XDİK-nin əməkdaşlarının haqqında cinayət işi başlanması məsələsi əvvəlcə xüsusi müşavirədə müzakirə olunur, yalnız bundan sonra icazə verilərsə prokurorluq müvafiq qərar qəbul edə bilir. Burada L.Beriya təbii ki,"mundir şərəfini"qoruyur, M.Pankratov isə mövqesizlik göstərir.
Haşiyə: Həmin dövrdə xalq dümənlərinə qarşı mübarizə pərdəsi altında Azərbaycanda da kütləvi qanusuzluqlar baş verirdi.Şamaxıda baş vermiş hadisəni xatırlamaq kifayətdir.XDİK əməkdaşları tərəfindən təşkil edilmiş bu "qiyamda" xeyli insan məsuliyyətə cəlb olunaraq güllələnmişdi.Əllərdə olan silahların çoxunu əməkdaşlar özləri vətəndaşlara vermişdilər.Bəzən cinayət törətmiş şəxsləri axtarıb tapıb,ədalət mühakiməsini həyata keçirmək əvəzinə yerində güllələyir,meyidin əlinə silah qoyaraq müqavimət göstərməsi görüntüləri yaradırdılar.Prokurorluq isə bu qanunsuz hərəkətlərə qarşı heç bir tədbir görmürdü.
Məktubda həmçinin kadrlara qarşı göstərilən ayrı seçkilikdən bəhs olunaraq göstərilir ki,15-20 il prokurorluqda işləyən əməkdaşlar 650-700 manat əmək haqqı aldıqları halda təzə işə başlayan XDİK-nın gənc əməkdaşı 1200-1300 manat maaş alır,geyimlə təmin olunurlar.
Haşiyə: SSRİ vaxtında həqiqətən prokurorluqun əməkdaşları digər hüquq mühafizə işçilərindən az maaş alırdılar. Rütbə dərəcəsinə görə əvvəllər ümumiyyətlə pul hesablanmırdı.Bütün bu məsələlər müstəqilliyimizin sonrakı dövründə-2002-ci ildə öz müsbət həllini tam şəkildə tapdı.
Bu məktub Siyasi büroda müzakirə olundu.Bir neçə aydan sonra SSRİ Prokuroru M.Pankratov vəzifəsindən kənarlaşdırıldı.3 fevral 1941-ci ildə əlində hədsiz hakimiyyət toplamış XDiK-ı iki yerə -L.Beriyanın rəhbərlik etdiyi XDİK və V.Merkulovun rəhbərlik etdiyi XDTK-na bölündü.Lakin müharibənin başlanması ilə əlaqədar XDİK yenidən birləşdirildi.
1943-cü ilin sentyabr ayında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə prokurorluq və istintaq işçilərinə rütbə dərəcəsi verildi və geyim forması müəyyən edildi.
1946-cı ildə SSRİ Ali Sovetinin qəbul etdiyi qanunla SSRİ Prokurorunun adı dəyişdirilərək SSRİ Baş Prokuroru adlandırıldı.
24 may 1955-ci il tarixdə "SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə"qəbul olundu.Bu Əsasnəmə ilə SSRİ Baş Prokuroruna qanunların icrasına ali nəzarəti həyata keçirmək üçün heç bir ölkədə analoqu olmayan geniş səlahiyyətlər verilirdi.SSRİ Baş Prokuroru 7 il müddətinə seçilir,yanız Ali Sovetə,sessiyalar arası dövrdə isə Ali Sovetin rəyasət heyəti qarşısında hesabat verirdi.Ali Sovetə seçkilərin 4 ildən bir keçirilməsini nəzərə alsaq Baş Prokurorun 7 il müddətinə təyin edilməsini onun heç bir yerli orqandan asılı olmadan fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə edildiyini görərik.
Prokurorluğ bütün ölkə ərazisində qanunların icrasına ali nəzarəti həyata keçirməklə yanaşı Dövləti cinayətlərdən başqa bütün işlərin istintaqınını aparırdı.(Yalhız 1963-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə İctimai Asayişi Mühafizə Nazirliyinə müəyyən kateqoriya işlərin istintaqını aparmağa icazə verildi)
Qanunla heç bir orqandan asılı olmasada "partiyalılıq" deyilən bir məsələ prokurorluğun tam fəaliyyət göstərə bilməsinə mane olurdu.Fikrimi konkret misallarla izah etmək istəyirəm.
Kecən əsrin 60- cı illərin əvvəllərində üç nəfər gənc vətəndaş "Valyuta əməliyyatı haqqında qaydaları pozma"ilə məsuliyyətə cəlb edilirlər.Həmin dövrdə bu əmələ görə 8 il azadlıqdan məhrum cəzası tətbiq olunurdu.Bu məsələ sovet rəhbərliyini narahat etdiyindən 1961- ci ilin may və iyul aylarında RSFSR Cinayət Məcəlləsinin müvafiq maddəsinin, o cümlədən, Azərbaycan SSR Cinayət Məcəlləsinin 81-ci maddəsinin sanksiyası artırılaraq əvvəlcə 15 il,daha sonra ölüm cəzası həddinə çatdırılır. Məhkəmədə hər üç müttəhimə prokuror ölüm cəzası təyin edilməsini xahiş edir.Məhkəmənin hökmü ilə hər üç müttəhim ölüm cəzası ilə cəzalandırılır və hökm icra olunur. (Bu hadisədən sonra bir il ərzində SSRİ-də 200-ə yaxın "Farsovşik"güllələnmişdi.)
Ədalət mühakiməsinin "Qızıl qaydası" sayılan və 2000 əvvəl qədim Roma Dövlətində qanunvericiliklə öz təsbitini tapan "Ağırlaşdırıcı halda qanunun geriyə qüvvəsi yoxdur "prinsipi kobud şəkildə pozulur.
Başqa bir misal: Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin hər-hansı birgə qərarı məsələn: "Möhtəkirliyə qarşı mübarizə tədbirlərini daha da gücləndirmək haqqında" elan olunan kimi SƏDM əməkdaşları üç-beş ayaqqamı satan,on- on beş dəstə göyərti satanların hərəkətini protokollaşdırır, istintaq orqanı da məcbur qalıb cinayət işi başlamalı olurdu.
Buradan o nəticə cıxır ki,hətta ən yüksək səlahiyyətlərə malik prokurorluq da sistemə qarşı çıxa bilmirdi.
Prokurorluğu yüksək səlahiyyətlərlə yükləməkdənsə ayrıca istintaq orqanı yaradılmalı və səlahiyyət bölgüsü düzgün aparılmalı idi.
1977-ci ilin oktyabr ayında SSRİ -nin yeni Konstitutsiysı qəbul edildi.Konstitutsiyaya uyğun olaraq 1979-cu ilin noyabr ayında "SSRİ Prokurorluğu haqqında qanun" qəbul olundu.Qanunda prokurorluğa əlavə səlahiyyətlər verildi.
Əvvəla "Əsasnamədə" ali nəzarətin SSRİ Baş prokuroru tərəfindən həyata keçirilməsi nəzərdə tutulurdusa "SSRİ prokurorluğu haqqında Qanun"-un 1-ci maddəsində göstərilirdi":SSRİ Konstitutsiyasına uyğun olaraq bütün nazirliklər, dövlət komitələri və baş idarələr,müəssisə,idarə və təşkilatlar,yerli xalq deputatları Sovetlərinin icra və sərəncam orqanları,kolxozlar,kooperativ təşkilatları və digər ictimai təşkilatlar,vəzifəli şəxslər,habelə vətəndaşlar tərəfindən qanunların dürüst və eyni qaydada icra olunmasına ali nəzarət SSRİ Baş prokuroru və ona tabe olan prokurorlar tərəfindən həyata keçirilir". Göründüyü kimi, ali nəzarətin həyata keçirilməsi Baş prokurorla yanaşı respublika, vilayət, rayon şəhər prokurorluqlarına da həvalə edilirdi.
İkinci önəmli cəhət bu idi ki, prokurorluğa cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizədə hüquq- mühafizə orqanlarının işini əlaqələndirmək vəzifəsi həvalə edilirdi.
Daha sonra digər dövlət orqanları ilə birlikdə cinayətlərin və digər hüquq pozuntularının qarşısının alınması üzrə profilaktiki tədbirlərin işlənib hazırlanması,qanunvericiliyin təkmilləşdirilməsi və təbliğində iştirak etmə kimi vəzifələr müəyyən edilirdi.
Yeniliklərdən biri kimi də "Qanun pozuntusunun yolverilməsi barədə xəbərdarlıq" normasının,tələb etmək hüququnun (Tələbnamə) təsbit edilməsini göstərmək olar.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 iyun 1987-ci il tarixli Fərmanı ilə "Prokurorluq haqqında qanuna" əlavə və dəyişiklik edilir.Həmin dəyişikliyə görə qanunsuz aktdan protest verilməsi protestə baxılana kimi aktın icrasını dərhal dayandırırdı.
Prokuror nəzarətinin predmetinin artırılması,prokuror səlahiyyətinin ən yüksək zirvəsi SSRI Xalq Deputatları qurultayının 26 dekabr 1990-cı il tarixdə qəbul etdiyi"Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar SSRİ Konstitutsiyasına (Əsas Qanununa) dəyişiklik və əlavələr haqqında" SSRİ Qanunun qəbulu ilə başa çatdı. Bu qanunla prokurora yerli Xalq Deputatları Sovetlərinin,siyasi partiyaların və kütləvi hərəkatların fəaliyyətinə nəzarəti də həyata keçirmək səlahiyyəti verilirdi.
Haşiyə: Prokurorluğun səlahiyyətlərinin durmadan artırılması ölkədə istehsal münasibətlərində baş verən nisbi dəyişikliklərin (19 noyabr 1986-cı il tarixli "Fərdi əmək fəaliyyəti haqqında",30 iyun 1987-ci iltarixli"Dövlət müəssisələri(birlikləri) haqqında", 26 may 1988-ci il tarixli"Kooperasiya haqqında" qanunların qəbul edilməsi), məhsuldar qüvvələrin artan tələbinə cavab verə bilməməsi nəticəsində üstqurum kimi siyasi hakimiyyətin laxlaması,nəticədə ölkədə hərc-mərcliyin yaranması,başqa sözlə, yuxarıların əvvəlki qaydalarla idarə edə bilməməsi,aşağıların əvvəlki kimi yaşamaq istəməməsi dövrünə təsadüf etdiyindən prokurorluq üzərinə qoyulan və bir çox hallarda prokuror nəzarətinə xas olmayan vəzifələrin öhdəsindən təbii ki,gələ bilməzdi. Prokurorluğun və ümumiyyətlə, hüquq -mühafizə orqanlarının işinə mənfi təsir edən bir məsələni də qeyd etmək lazımdır.
Sov.İKP MK-nın "Sosialist qanunçuluğunun və hüquq qaydalarının daha da möhkəmləndirilməsi,vətəndaşların hüquq və qanuni mənafelərinin qorunmasını gücləndirmək tədbirləri haqqında" 1986-cı il tarixli qərarında xətaya yol vermiş istintaq və prokurorluq işçiləri nəinki intizam tənbehinə, həmçinin partiya tənbehinə məruz qalırdılar. Məsələn, Qəbələ rayonunda bir qrup şəxs (ikisi erməni olmaqla) qabaqcadan əlbir olub xüsusilə külli miqdarda dövlət əmlakını mənimsədiklərinə görə, Ali Məhkəmənin hökmü ilə məhkum olunmuşdular. Sonradan SSRİ Ali Məhkəməsi plenumunun qərarı ilə hökm ləğv olunduğuna görə, həmin işdə iştirakı olmuş prokurorluq və istintaq işçilərinin demək olar ki, hamısı - başda Respublika prokurorunun birinci müavini Ə.Sultanov olmaqla ağır partiya cəzası alaraq, SSRİ Baş Prokurorunun əmri ilə prokurorluq orqanlarından xaric edilmişdilər.
Bu qərar hüquq mühafizə orqanlarını partiya orqanlarından asılı vəziyyətə salırdı.Prokurorluq və istintaq içiləri səhvsiz işləməyə məhkum edilmişdilər. Heç kim risqə getmək istəmirdi. Bunun nəticəsidir ki, tezliklə bütün ölkə üzrə cinayətkarlıqla mübarizə zəiflədi. Bağlı cinayətlərin sayı sürətlə artmağa başladı. (Statistik göstəricilər bunu təsdiq edir).

(ardı gələn sayımızda)