ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Vaqif Bayatlının doğum günümə hədiyyəsi – Ayxan Ayvaz yazır...

11851    |   2018-10-01 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Bu gün böyük şair Vaqif Bayatlının doğum günüdür. Adalet.az bu münasibətlə Ayxan Ayvazın "Vaqif günü” yazısını təqdim edir.

Vaqif Bayatlıyla ilk dəfə ad günümdə tanış olmuşam. Dostlarla İçərişəhərdə gəzişirdik. Bir də gördüm ki, Elşad Paşasoy məni əli ilə yanına çağırır. Yaxınlaşanda ayağını ayağının üstünə aşıran, qalın qaşlı, üzündə günəş doğan bizim Vaqif Bayatlıyla qarşılaşdım. Sən demə, müsahibə verirmiş göy üzünün şairi. Jurnalist dostumuz məni görüb tanıdı, salamlaşdıq, sonra rica etdi ki, şəkillərini çəkim. Vaqif Bayatlı göy üzünə baxırdı, Elşad Paşasoy obyektivə. Çox qəribə şəkil alındı. Sonra birdən şair məni diqqətlə süzdü: "Sən bizim Ayvazın oğlusan? Eyvaz Əlləzoğlunun..."

- Bəli, Vaqif müəllim.

- Şəklini görmüşdüm qəzetdə. Yazılarını oxuyuram, maraqlı dünyan var.

Vaqif Bayatlı məni qucaqladı. İndi fikir verdim ki, o mənim kimi geyinib: cins şalvar, krasovka, göy köynək. Elə bil Vaqif Bayatlı göy üzünü keçirmişdi əyninə. Qəribə tərzdə gülümsünürdü. Onun bir vaxtlar hansısa müsahibədə dediyi sözlər yadıma düşdü bu an: "Mən iki qatarın arasında duranda şeir gəlir sinəmə".

Bu fikir qəribə gəlmişdi mənə. İlahi, qatar səslərinin yaratdığı ritmi sən demə, Vaqif Bayatlı öz şeirlərinə hopdurubmuş.

- Bu gün mənim doğum günümdür. - dedim. - Sizi görmək mənim üçün ən böyük hədiyyə oldu.

- Vayy! - elə təəccübləndi ki, qalın qaşları alnına tökülən saçına dəydi. - Yanımda kitabım var, gözlə.

"Yumyumru eşq ilə" kitabını verdi. Sonra bir anlıq fikrə getdi:

- Uşaqlar, - yanımdakı dostlara səsləndi. - Siz də bu kitabdan oxuyarsınız. Yanımda təəssüf ki, başqası yoxdur.

Sonra bilirsiniz nə oldu? Vaqif müəllim soruşdu ki, hara belə, nəsə planınız var.

- Yox, eləcə İçərişəhərdə gəzişirdik.

- Mən də sevirəm buraları. Hüzur verir mənə.

Çevrilib Elşad Paşasoya əl elədi:

- Yaxşı, Elşad, görüşərik. Mən cavanlarla getdim.

Dostlarım təəccüblə mənə baxdılar.

- Vaqif Bayatlı biznən yaşıddı elə. - gülümsündüm. - Şeirləri kimi təzə-tərdi.

Vaqif Bayatlı ortamıza keçdi, bir qolunu mənim çiynimə keçirdi, o birini də bəxtəvər dostumun çiyninə. İçərişəhərin islanmış küçələrini dolaşdıq. Vaqif Bayatlının əzbərdən bildiyim şeirini də oxudum: "Mən səni dünyada hamıdan çox..."

Dedik, güldük. Vaqif Bayatlının yaşlı olduğunu o an unutmuşduq. Bizə elə gəlirdi ki, hansısa dostumuzdu, sadəcə saçları cavan vaxtı ağarıb. Onun kefi saz idi, fikir verdim ki, üzündə hey gülüş vardı. Dostlarım bir az keçəndən sonra utancaqlığı qırağa qoydular. Hətta "Vaqif" deyənlər də vardı ona. Həmin gün Vaqif Bayatlıyla bir qızın balkonunun altında durub saatlarla gözləyə də bilərdik. Bir məktub yazıb içəri də ata, sonra da qaça bilərdik. Ad günümə gəlib çıxmış bu möhtəşəm insanı Tanrının mənə hədiyyəsi kimi qəbul etmişdim.

Evə çatanda atama bu gözəl günü danışdım. Gülümsündü:

- Göy üzündən gələn adamla rastlaşmısınız. - dedi. - Vaqif böyük şairdi. Həm də uşaqdı.

Xəstələndiyini eşidəndə Vaqif Bayatlıyla keçirdiyimiz o müdhiş günü xatırladım. Sonra nəsə ürəyim dözmədi, zəng elədim. Vaqif Bayatlının o günkü şux səsi zəifləmişdi: "Oğlum..." Kövrəldim, dedim ki, şair, siz bizim həyatımızın işığısınız, hələ bu işıq çox qaranlıqları aydınlandıracaq. Sonra onun bir şəklindən danışdım. Şəkildə Ramiz Rövşən, Afaq Məsud, Rəşad Məcid də var. Soruşdum ki, o şəkli kim çəkmişdi. Cavaba baxın: "O şəkli Tanrı çəkib..."

Tanrıdan bir istəyim var: Vaqif Bayatlının sağalmış, gümrah, o ad günümdəki şəklini çəkib göndərsin. Çox xahiş edirəm. Xəstə şəkil Vaqif Bayatlıya yaraşmır. O işıqdakı kölgəni götür, Tanrı.



İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK