adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Oktyabr 2018 11:45
4627
GÜNDƏM
A- A+

Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Bilik Fondunun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda Bilik Fondunun Himayəçilik Şurasının üzvləri – Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, həmçinin, təhsil nazirinin müavini Firudin Qurbanov iştirak ediblər.

O. Səmədov Bilik Fondunun həyata keçirdiyi layihələr, maarifləndirici proqramlar üzrə həyata keçirilmiş işlər barədə geniş məlumat verib.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Bilik Fondunun dördillik fəaliyyətini müsbət dəyərləndirərək, ölkə başçısının sərəncamı ilə təyin olunmuş şura üzvlərinin onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əmin olduğunu bildirib.

Prezidentin köməkçisi Bilik Fonduna dövlətin geniş xalq kütləsinə çatdırmaq istədiyi fikir və ideyaların sistemləşdirilməsi, milli təbliğatın forma və məzmun müxtəlifliyinin təmin olunması, şura üzvlərinin Bilik Fondunun paytaxt və bölgələrdə keçirdiyi tədbirlərə dəvət edilməsi, Fond vasitəsilə xalqımızın tarixi və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin gənc nəslə daha yaxından tanıdılması, əhalinin maarifləndirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından daha geniş istifadə edilməsi, Azərbaycan reallıqlarını sosial şəbəkə istifadəçilərinin geniş auditoriyasına dəqiq və düzgün çatdırılması məqsədilə yeni maarifləndirici veb-saytın yaradılması ilə bağlı tövsiyələr verib.

Qeyd edək ki, iclasda çıxış edənlər Bilik Fondunun gələcək fəaliyyəti barədə fikir və mülahizələrini bölüşüb, təklif və tövsiyələrini səsləndiriblər.

Akademik Akif Əlizadə iclasın sonunda elmlə təhsilin inteqrasiyasında Bilik Fondunun fəal iştirakının təmin edilməsi, alimlərin gənclərlə canlı ünsiyyətə cəlb edilməsi, elmi turların və ekspedisiyaların təşkilinə dəstək göstərilməsi ilə bağlı məsələlərdən söz açıb, maarifləndirici layihələrdə AMEA institutlarının elmi kadr potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çəkib.