ANA SƏHİFƏ / MÜSAHİBƏ

Məşhur Azərbaycanlı filosof: “İndi Nitşeye gülərlər...” - MÜSAHİBƏ

35984    |   2018-10-01 10:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Adalet.az filosof Müşfiq Şükürovla müsahibəni təqdim edir.

- Müşfiq bəy, sizcə, bir filosofu yaradıcı adam saymaq olarmı?

- Filosofu "ədəbiyyatdan-yaradıcılıqdan” kənar saymaq olmaz. Çünki filosof da mətn, ədəbiyyat yaradır.

Fəlsəfəni elm hesab etməyin həmişə əleyhinə çıxıram. Elm vadisinə çəkib fəlsəfəni şərəfləndirmək adı ilə öldürmək istəyirlər, əslində. Yaradıcılığa gəldikdə isə, həyəti belə süpürmək üçün yaradıcılıq lazımdır.

- Bir az da konkret danışaq... Fəlsəfə və ədəbiyyat? Bir-birindən nə qədər yaxın, nə qədər uzaqdırlar?

- Ədəbiyyatla fəlsəfə arasında sərhəd çəkmək çətindir. Fəlsəfəni ümumiyyətlə sərhədləmək çətindir. Bu, onun xislətindən irəli gəlir. Azadlıqsevər olduğu üçün hər yerə sızır və bu yolla çərçivələnməkdən qurtulur. Ona görə də o sərhəddi tapmaq çox çətindir. Məsələn, indi Lao Tzı, Platon, Nitşe, Kamyu... kimi filosoflar yazılarını götürüb Fəlsəfə insititutuna gətirsələr, onlara gülər və Yazıçılar İttifaqına yönləndirərdilər. Bu, fəlsəfə deyil, deyərdilər.

Siz Tolstoyu və ya Dostoyevskini hara aid edə bilərsiniz? Yalnız ədəbiyyata? Düşüncələrə bu qədər təsir etmiş yazarları, məsələn, Jorj Sand və ya Salam Qədirzadə ilə necə bir tuta bilərsiniz?

Mətni fəlsəfi edən ondakı fəlsəfi reflefsiyanın dərəcəsidir. Filosof təkcə terminlərlə ifadə etmir fəlsəfəsini, obrazlarla, süjetlə, mifologiya, poetik mənzərə ilə də ifadə edə bilir ifadə etmək istədiyini. Bu mənada fəlsəfə çətin tutulan nəsnədir. Tutulsa idi, ondan çoxdan kabab çəkmişdilər.

- Belə bir tendensiya var ki, fəlsəfəşünaslıq elm, fəlsəfə isə daha çox yaradıcılıqdır. Siz necə düşünürsünüz?

- Bununla da razılaşmaq çətindi. Əvvəla, "fəlsəfəşünaslıq” deyə bir anlayış yoxdur. Amma doğrudur, fəlsəfə üzrə alimlik dərəcəsi alanların böyük əksəriyətinin gördüyü işi məhz "fəlsəfəşünaslıq” adlandırmaq olar. Filosofların həyatları, bioqrafiyaları barədə yazırlar. Bu, bilirsiniz nəyə bənzəyir? Ömrü boyu düşüncə adamları barədə yazasan, özün isə düşüncə adamı olmağa cəsarət etməyəsən. İkincisi də, filosof ola bilməsən, filosofları necə anlayacaqsan? Necə yaza biləcəksən onlar haqqında? Butafor (əldəqayırma) filosoflar təqdim edəcəksən sən, özün kimi. Süni, saxta. Mənim düşüncəm budur ki, özün filosof olmasan, filosoflar və fəlsəfə haqqında yazdıqlarının da elə böyük əhəmiyyəti yoxdur. Zahiri təsvir ola bilər sənin kitablarında, əslində azdırıcı.

Yaradıcılıq isə insanın nəfəsidir, bayaq dedim. Mənə görə, yaradıcılığı olmayan adam - ölüdür. Məsələn, analar olur ki, çox yaradıcı analıq yaşayırlar. Az-az da olsa rastıma çıxır elələri. Sözə sığmaz onların uşaqları üçün etdikləri. Adi bir təbəssümləri ilə... Bunun üçün insan öz xüsusiliyini dərk etməlidir.

- Bir bədii əsəri oxuyanda onun fəlsəfi tutumuna yoxsa, bədii-estetik səciyyəsinə diqqət göstərirsiniz?

- Təbii, tutum önəmlidir. Bir də önəmli olan müəllifin, həyatın məni maraqlandıran aspektinin tədqiqi ilə məşğul olmasıdır. Mənə müəllif maraqlı olmalıdır. Həyatın, insanların nəyinə fikir verir, nələr baradə refleksiya edir...

Onun şəxsiyyəti və cəmiyyətdəki duruşu da çox önəmlidir mənim üçün. Məsələn, adam yaltaqdırsa, konformistdirsə, istedad dağarcığı da olsa, oxumaram onu. Vaxtıma heyifdir. Onun qabiliyyəti çatmayıb şəxsiyyət olmağa, nə maraqlı söz deyəcək ki, mənə? Üsyankar ruhlu adamları sevirəm. Məsələn, Tolstoy kimiləri. Oşo ilə bu məqamda xüsusi ilə razıyam: "Üsyankar olmayanın ruhu da yoxdur.”

- Bəs sizcə, ümumiyyətlə, oxucular çağdaş ədəbiyyatda daha çox fəlsəfi dərinlik axtarmalıdır, yoxsa bədii-estetik dəyər?

- Məncə, belə tövsiyyələr vermək, doğru deyil. Hər kəs, yaşına, ruhunun oyanış səviyyəsinə müvafiq olan şeyləri oxumalıdır. Kiməsə Elxan Elatlı və ya məsələn, Varis maraqlıdırsa, ona "get, Sveyqi oxu” necə demək olar? Hər auditoriyanın öz yazarı var. Və o yazarlar da, o insanlara düşdükləri şüur səviyyəsini gəzib-dolanmaqda, tədqiq etməkdə yardım edirlər. Faydalı iş görürlər. İnsan bir səviyyəni tədqiq edib bitirməmiş digər səviyyəyə keçə bilməz. Zorla kimisə böyütmək mümkün deyil, geri salmaq isə olar.

Bəzən bir səviyyəni tədqiq etmək üçün bir ömür belə yetmir. İnsanlar fərqli səviyyələr və vəzifələrlə doğulurlar.

- Sizin dünya görünüşünüzün formalaşmasında ədəbiyyatın nə dərəcədə rolu olub?

- Olmazmı? Gözəl düşünmək, gözəl yaşamaq, bütün həyat strategiyalarını və fəlsəfələrini biz ədəbiyyatdan qavrayırıq əvvəlcə. Öncəliklə nağılların rolu böyük oldu həyatımda. Nağılları uşaqlıqda da sevirdim, sonra o sevgim mifologiyaya keçdi. Son dərəcə ciddi idraki hadisə sayıram mifologiyanı. Az qala bütün dünya xalqlarının nağıllarını oxumuşdum uşaqlıqda. Azərbaycan xalq nağıllarını daha çox bəyəndim. "İbrahimin nağılı”, "Məlikməməd” ən sevdiklərimdən idi. Sonra Qrimm qardaşları. Onlar bəsit gəldi mənə. Amma Andersenə valeh oldum. Çox fəlsəfi nağıllar yazırdı.

Jül Verni çox sevirdim. Onun bilik romantizmi məni zəbt etmişdi. Bir romanını bəzən üç dəfə oxuyardım.

Məktəbdə oxuyanda Arçibald Kroninin "Qala” romanını oxumuşdum. Çox ciddi təsir etmişdi mənə. Həyat, insan ömrü, mübarizəsi barədə düşünməyə başladım o kitabla.

Əziz Nesinin "Taxtalıköydən məktublar”ını əzbər bilirdim, özüm də bilmirəm necə. İstedadlı yumorun nə olduğunu anlatmışdı mənə Nesin.

Çox oxuyurdum və qarışıq oxuyurdum, uşaqlıqda. İnternet-filan da yox idi o zamanlar, xoşbəxtlikdən.

20 yaşlarımda daha ciddi fəlsəfi müəlliflər cəlb elədi. Sveyq, Kamyu, Sartr... Sonra Asif Ata ilə xəstələndim. Bütün əsərlərini oxudum, 5 il. Sonrakı mütaliəmə və zövqümə həlledici təsiri Asif Ata elədi. Mənim fəlsəfə müəllimim o oldu əslində. Xoşbəxtəm ki, dörd il onu canlı dinləmək mənə müyəssər oldu. Nəhəng adam idi.

Sonra R.Taqor və L.Tolstoyu oxudum əsasən. Taqor poetik zövqümü formalaşdırdı. Ondan sonra şairləri oxumaq çətin oldu mənim üçün. Məncə, gəlib-getmiş ən böyük şairdir o. Asif Atanın pafosu yüksək və parlaq idi, Tolstoy o rəngləri yaxşı mənada söndürdü məndə. Mürəkkəbliyi anlatdı. "Hər şey o qədər də sadə deyil” həqiqətini anlatırmiş kimi oldu.

Oşonu çox oxudum sonra. Adiliklə qeyri-adiliyi birləşdirdi mənim üçün Oşo. Yerlə Göyün sintezini ondan örəndim. Oşonu bəyəndiyimə görə, çox adam dodaq büzür mənə. Rüsvayçı dahiləri sevirəm. Füzuli kimi, rindü-şeydaları. Oşo unikal dərinlikdir. Adam çox böyük olanda təqdim etmək çətinliyi yaranır. Dodaq büzənlərə qarşı isə immuniteti məndə Asif Ata yaratdı. Bir dəfə dedi: "Dodaq büzənlərin də hər çeşidini gördüm mən həyatımda”.

Son 10 il ən çox Şərq ruhaniyyatı ilə məşğul oldum. İllərlə Quranla "xəstələndim”. Çox bəhrələndim, yenilədi məni o kitab. Yeri gəlmişkən, bəzi "intellektuallara” bu da qəribə gəlir. Filosof Quranda nə axtarır, deyə düşünürlər. Ziddiyyət görürlər bunda. Amma mənə bu mətnlər, həqiqətən, çox maraqlı gəlir. İncilin, Tövratın, Dhammadanın, Lun Yünün, Dao De Çinqin mətnləri. Bəzilərini tərcümə də etdim sonra. Konfutsi barədə kitab da yazdım.

Ədəbiyyatın təsirləri barədə danışmaq uzun məsələdir. Qısaca bunları deyə bilərəm ancaq.

- Eynşteynin belə bir fikri var ki, mən Nisbilik Nəzəriyyəsini Dostoyevskidən öyrəndim. Nəzəri kitablarda rast gəlmədiyiniz elə bir nüans olubmu ki, onu məhz bədii əsərlərdə görəsiniz?

- Nəzəri kitablar oxumadım. Nəzəri kitabları mühəndislik oxuyanda oxuyurdum, institutda. Riyaziyyat, fizika, mühəndislik kitabları o zaman maraqlı idi mənə. Və pis də oxumurdum. Müəllimlərimdən sağ qalanlar, tələbə yoldaşlarım yalan danışmağa qoymazlar.

Amma sonra fəlsəfə ilə maraqlananda nəzəriyyə iyi gələn fəlsəfi kitabları heç sevmədim. Kantı, Hegeli də sevmədim ona görə. Həndəsə yazırlar elə bil. Zövqsüz gəldi mənə bu cür fəlsəfə. Dərinlik var. Amma bu dərinlik küsdürücü nəzəri formada verilib. Elmə bənzəmək, avtoritetli görünmək həvəsindən qaynaqlandı bu üslub. Antik fəlsəfəyə baxın. Qərb fəlsəfəsinin səhəri ədəbiyyata daha yaxın idi. Sonra bu Aristotelçilik qalib gəldi. Aristoteli də sevmədim eyni səbəbdən. Və sonra Nitşeyə baxın. Yenidən ədəbiyyat formasında gəldi fəlsəfə. Və necə gəldi, tufan yaratdı ağıllarda. Şeir yazırdı Nitşe.

Fəlsəfəni nəzəri elm kimi görənlərə pretenziyam yoxdur. Zövqlər müxtəlifdir. Və fəlsəfənin çoxplanlığı hər cür müxtəlifliyə imkan verir. Amma mənə görə fəlsəfə dərinliklə müalicə etməkdir, loğmanlıqdır. Siyasi, hüquqi, bədii, elmi təfəkkür qidalana bilər fəlsəfədən, amma fəlsəfə ruhaniyyat fenomenidir, mənə görə. Mikrokosmun makrokosm qarşısında duruşu hadisəsidir.

Və fəlsəfə bütün digər sahələri qidalandırdığı kimi, özü də hər şeydən qidalanır. Poeziyadan da, elmi araşdırmalardan da, şahmat oyunundan da, heyvanların davranışlarından da.

- İstər fəlsəfədə, istər ədəbiyyatda Şərq-Qərb bölgüsü var. Sanki Qərbdən danışan intellektual, Şərqdən danışan bunun əksidir. Sizcə, bu bölgü varmı və varsa, siz bunu necə səciyyələndirirsiniz?

- Şərq-Qərb bölgüsü var. İki fərqli xarakter, yanaşma olaraq, hər halda bu planetdə belə bir mənzərə yarandı. Şərq təfəkkürü duyğulu, poetik, Qərb təfəkkürü quru, rasional. Birincisi daha çox subyektivliyə, ikincisi, obyektivliyə meyl edən. İndi məsələni elə firladıblar ki, obyektivlik sözünün özü birmənalı yaxşı deməkdir, subyektivlik isə yanlışlığın sinoniminə çevrilib. Adam o sözü işlədəndə ehtiyatlanır. Halbuki, subyektivlik həm də insaniliyi, dərinliyi təmsil edir. Fəlsəfədə subyektivliyi, deyək, intuisiyası inkişaf etməmiş adamın gələcəyi yoxdur. Bəsit əqliyyətçidən başqa bir şey deyil o.

Qərb rasional təfəkkürü böyük nailiyyətlərə gəlib çıxdı. Sosial həyatı nizamladı, texniki cənnət yaratdı, Qərbi dünyanın ağası elədi. Amma içəridəki ruhani boşluğu doldura bilmədi o təfəkkür. Bu üzdən Qərbdə bu gün meditasiya mərkəzləri bunca populyardır və Şərqin ruhani irsinə də maraq daim artmaqdadır.

Şərqi tənqid etmək lazımdır. Mən də edirəm. Amma Şərqi yalnız geriliyin və xurafatın mücəssəməsi kimi təqdim etmək – sadəcə, axmaqlıqdır. Şərqin əsil mahiyətini görməməkdir.

- "Tanımadığımız Konfutsi” adında kitabınız çap olunub. Daha çox Şərq fəlsəfəsinə marağınız var. Sizi orda əsasən nələr cəlb edib?

- Konfutsi haqqında yazdığım kitabda Şərq fəlsəfəsini müasir oxucuya, bir növ, tərcümə etməyə çalışdım. Konfutsinin sadə sözlərinin, tələbələri ilə ünsiyyətinin arxasında nə durur, onları göstərmək istədim. Həzz aldım o kitab üzərində işləyərkən.

Konfutsinin əvəzinə hər hansı digər Şərq mistikini də seçə bilərdim. Amma onu seçdim. Çünki oxucu diqqəti ilə çirkləndirilmiş obraz deyildi. Onun vasitəsi ilə Şərq fəlsəfəsini açmaq münasib idi.

Şərq fəlsəfəsində məni nə cəlb edir? Dərinlik! Hüzur və səadət qoxan dərinlik.

- Mifik qəhrəmanlar, antik filosoflar, Konfutsi, Dao, Budda, səmavi kitablardakı peyğəmbərlər, filosoflar... Bu nəhəng okeanın içində özünüzə ən yaxın kimi hesab edirsiniz? Və nəyə görə məhz o?

- Hər halda şərq tipim var. Amma mən anladım ki, kimisə ideal saymaq, səhər-axşam onun adını çəkmək, o adamı özünə kumir etmək mənlik deyil. Və bu qətiyyən o adamlara qarşı hörmətsizlik də deyildir. Onların bir çoxu mənim müəllimlərimdir. Amma mən anladım ki, bu bir növ bütpərəstlikdir. Şərqin bütün müdrikləri bu barədə uyarıblar tələbələrini. Amma həmin adam ölən kimi onu da dərhal bütləşdiriblər. Bütpərəstlik niyə təhlükəlidir? İnsanlar sonra öz orijinallıqlarına inanmırlar. Təsəvvür edirsinizmi, adam ətdən sümükdən ibarət bədəndə əziyyət çəkə-çəkə yaşayır, sonra öləcək hələ. Amma bununla bərabər öz varlığını ikinci sort sayır. Kiməsə "qurban olur” hər gün. Özünü alçaldır. Haqsızlıqdır bu. İnsanın özünə qarşı haqsızlıqdır. Sən kölgəsənsə, ikinci sortsansa, səni Allah niyə yaratsın ki? Sən əvəzolunmazlığınla var olmaq haqqını qazanmısan. İndi isə özünün orijinallığından imtina edir və özünü görməzdən gəlirsən. Yox olursan, əslində.

Bu bir tələdir. Və bu tələyə insanları soxanlar səhər-axşam mütəvazi olmaqdan danışırlar. İyrənirəm açığı təvazökarlıq təbliğ edən adamlardan. İnamsızlıq yayırlar onlar. İnsanları özlərindən küsdürürlər. Guya özünün bənzərsizliyini dərk etmək şeytani iş imiş! Uolt Uitmeni oxuyun. Adam özünü vəsf edir! Nəsimini oxuyun! "Gövhəri laməkan mənəm!” deyir. Özünü dərk edən – özünə heyran olur! Budur ən ali ruhaniyyat.

O ayrı məsələ ki, hər addımın bir də qəza versiyası olur. Təkəbbürlü adamlar da var. Özlərini sevmirlər təkəbbürlülər. Çünki özlərini ancaq özlərində tapırlar, kənarda görə bilmirlər. "Zərrə mənəm, günəş mənəm..” elə-belə demirdi Nəsimi.

- İslam və Tasavvuf barədə nə düşünürsünüz?

- İndi bayaqdan elə o dünyanı açmaqla məşğuluq əslində. İslam - Şərq ruhunun gözəl manifestasiyalarından biridir. O ayrı məsələ ki, bütün dinlər institusionallaşdırılarkən zülm aparatına döndərildilər. Amma islamı buna bərabər tutmaq - Rumilərə, İbn Ərəbilərə, Nəsimilərə, Nizamilərə qarşı haqsızlıqdır. Mürəkkəbdir məsələ.

Təsəvvüf isə, mənə görə islam fəlsəfəsinin və ruhani praktikasının bütün dərinliyini və gözəlliyini təmsil edir. Allaha eşq yolu ilə özünü təmizləmək və kamilləşmək pratikasıdır. Dzendən, yoqadan fərqlidir bu yol. Amma nəticə olaraq eynidir. Uzun söhbətdir.

- Sizcə, bu günün ədəbiyyatını İslam və Tasavvuf necə qidalandıra bilər? Bəzilərinin düşündüyü kimi çağdaş əsərin yaranmasına bu amillər mane olur?

- Bilirsiz, sufilər o zaman yalnız keçmişə baxsa idilər, yaranmazdılar. Mən sintez və yenilənmə tərəfdarıyam. Keçmişə sədaqətin ən yaxşı yolu müasirləşməkdir. Keçmişi keçmiş kimi yaşatmaq onu öldürməkdir. Çünki o sevdiyimiz adamlar müasir olublar öz zamanlarında. Sözləri ilə, düşüncələri ilə, geyimləri ilə... Amma indi guya onlara sədaqətli olmaq onların zəmanəsini yamsılamaq imiş. Bir də görürsən, adam müasirindir, çuxa geyir, nə bilim sarı geyir... Sanki tarixi filmə çəkiləcək. Nitqi belə arxaik kəlmələrlə doludur. Bu, sədaqət deyil, mənə görə.

Şərqdə bir qorxaqlıq var indi. Yeni heç nə yaratmaq istəmirlər. Yenilikdən, yaradıcılıqdan qorxurlar. Keçmişdən beşəlli yapışıblar. Guya bunlara tapşırıblar ki, amanın günüdür yeni heç nə yaratmayın daha. Ancaq keçmişi rekonstruksiya edin. Qayıdın quldarlığa, hərəmxanalara və s. Ona görə də ümidsizcəsinə uduzur Şərq Qərbə. Qərb aşdı bu qorxunu. Mükafatını da aldı.

Mən əminəm ki, o qorxu aşılsa, Şərq ruhu özünün yeni ifadə formalarını tapacaq. Burda onun qədimliyi də itməyəcək, həm də ruhu yenilənərək yenidən etkili olmağa başlayacaq. Təsəvvüfü təkrarlamaq effekt verməyəcək. Dünya başqa dünyadır indi. İndiki dünyaya refleksiya etməlidir Şərq ruhu.

- Özünüz bədii nəsə yazmısınız? Şeir, hekayə...

- Gəncliyimdə yazırdım. Amma sonra Asif Ataya rast gəldim və anladım ki, yazıçı və ya şair olmaqdan daha cəlbedici iş var mənim ruhum üçün. Fəlsəfəyə aludə olmasa idim, yəqin ki, ya şair olacaqdım, ya da yazıçı.

- Tolstoy haqqında kitab hazırlayacaqdınız... Aqibəti necə oldu? Nə vaxt görəcəyik o kitabı?

- İdeyadır, hələ durur. Boş zaman və maddiyyat lazımdır kitab yazmaq üçün. Yaşayaq görək, necə olacaq. Hər şey məndən asılı deyil.

- Fikir vermişəm, siz danışmadan əvvəl barmağınızı alnınıza söykəyib uzun müddət susursuz. Sanki hər hansısa bir ayini icra edirsiniz. Bunun bir mistik açıqlaması varmı? Hər dəfəmi belə olur?

- Aha, fikir vermisiz, deməli. Pranayama edirəm. Yoqanın nəfəs texnikasıdır. Başqalarını bilmirəm, çox tez itirə bilirəm tarazlığımı. Həssaslığımdandır. Kiminsə baxışı, ya sözü, yolda gələrkən gördüyüm adamlar təsirlərini buraxırlar psixikamda. Hüzurum əksilir. Pranayama yenidən təmizləyir, sakitləşdirir və yaradıcı əhvala qaytarır məni. Zaman olursa, meditasiya da edirəm, sakitləşmək üçün. Olmayanda, pranayama yetir.

Bu yaşıma bir şey öyrəndim. Nə baş verir versin, sakitləşmək və sonra gerçəkliyə baxmaq lazımdır. Tarazlığımızı itirəndə, biz özümüz olmuruq. Tarazlığımızı itirən kimi bizi yıxıb sürümək də asan olur.

- Sizcə, filosof doğurdan da ötgün olmalıdır?

- Ölümlə yarışmaqdır filosofluq. Yəqin ki.

Söhbətləşdi: Ayxan Ayvaz




İmza:

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Tanınmış teleaparıcı: - “O şeirə görə səhərə qədər içib ağlamaq olar”

Məşhur Azərbaycanlı filosof : “İndi Nitşeye gülərlər...” - MÜSAHİBƏ

Aqşin Yeniseyin mənə atmaca atması maraqlı deyil - MÜSAHİBƏ

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”

Murad Arif: : “Söyüşcül olmaq istəyirdim” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK