adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Sentyabr 2018 14:54
5850
MƏMLƏKƏT
A- A+

“Ekoleks” beynəlxalq təcrübəni öyrədir

Dünən "Kaspian Plaza” Biznes Mərkəzində "Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi "Ekoloji nişanlar – beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi” mövzusunda növbəti seminarını keçirib. Dövlət qurumlarının təmsilçilərinin, ekspertlərin, biznes və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi toplantıda layihənin direktoru Sevil İsayeva əvvəlki seminarlar barədə danışıb, tədbirin məqsədi haqqında ətraflı məlumat verib.

Seminarda ekoloji nişanlar-beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi ilə bağlı adlı təqdimat da keçirilib. Təqdimat zamanı dünyada məhsul istehsalı və istehlakında əhəmiyyətli yer tutan ekoloji təmiz məhsul və xidmət standartlarından, belə standartlara uyğunluğu müəyyən etmək üçün akkreditasiya və sertifikasiyadan, ekoloji təmiz məhsul nişanları, onların nişanlanma qaydası və üstünlüklərindən geniş bəhs olunub. Ekspertlər Azərbaycandakı vəziyyət və beynəlxalq tələblərə uyğunlaşdırma üçün zəruri addımlar barədə fikir mübadiləsi aparıblar, təkliflərini səsləndiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihənin məqsədi ətraf mühitin mühafizəsi və istehlakçıların təhlükəsizliyi normalarına cavab verən ekonişanlar barədə əhalinin maarifləndirilməsi və sahibkarların məlumatlandırılması yolu ilə istehlak və istehsal mədəniyyətinin yüksəlməsinə, məhsul və xidmətlərin ixrac qabiliyyətinin artırılmasına dəstək verilməsidir.