adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Sentyabr 2018 22:40
15683
ƏDƏBİYYAT
A- A+

Mən səni tanıya bilmədim, Bakı

İbrahim
Yusifoğlu

 
Bakı, səndən uzaq, Oğuz elində,
Dünyaya göz açıb, yaşa dolmuşam.
Özümü düyandan adın dilimdə,
Səninlə öyünən balan olmuşam.

Adına yazılan şeir, nəğməni,
Həvəslə oxuyub, əzbər deyərdim.
İnşa yazılarda, ay Bakı, səni,
Ürək sözlərimlə tərifləyərdim.

Açardım önümə lal xəritəni,
Bir-bir "dolaşardım" adalarında.
Qəzetdə, jurnalda görçək şəklini,
Ürəyim qalardı qalalarında.

Dərib kol dibindən bənövşələri,
Verərdim qatara, qoynuna çatsın.
Dilə tutardım ki, bələdçiləri,
Mənim güllərimi Xəzərə atsın.

Bakıda yaşayan Əziz əminin,
Kəndə gəlişini bayram edərdik.
Anam pay götürüb çil-çil beçəni,
Onun görüşünə birgə gedərdik.

Oxuyub, kəşf etdim "gizli Bakı"nı,
Öyündüm qəhrəman övladlarınla.
Sanırdım,varlısan ömrün hər anı,
"Qara qızıl"kimi sərvət-varınla.

... İlk dəfə qoynuna yolum düşəndə,
Gözümdən heyrəti silmədim, Bakı.
Səninlə üz-üzrə biz görüşəndə,
Mən səni tanıya bilmədim, Bakı!

Gəldiyim Qaqarin adına mərkəz,
Guya, uşaq-gənclər sarayı idi.
Burda yad dillərdə səslənən hər səs,
Dilimə qadağa harayı idi.

Bu billur sarayda nazla əylənən,
Ədalı erməni "xanımları"ydı.
Çörəyin yediyi xalqa söylənən,
Onların nankorluq anımlarıydı.

Hara addım atdım qorxub-dayandım,
İçimdə qururum alışdı, yandı.
Özümü bir qərib şəhərdə sandım,
Küçənin, meydanın ünvanı "yan"dı.

Şaumyan adına metro önünüdə,
Dondu heyrətimdən damarımda qan.
Heykələ dönərək xalqa bu gün də,
Deyirdi sözünü "yoldaş Şaumyan".
Kəsmək istəsəm də mənfur səsini,
Heykəldən yuxarı səsim yetmədi.
Düşündüm babamın dediklərini:
- O daşnak Bakıda nələr etmədi.

Təkqulaq Andronik Şəril elini,
Topdan oda tutdu, qana bələdi.
Qan içən cəlladın vəhşiliyini,
Bolşevik Şaumyan təbrik eylədi.

... Xalqın nifrətini heykəl duyurdu,
Duyurdü...duyulur kimdi kim, Bakı!
Sən isə dinmirdin, hələ susurdun,
Mən səni tanıya bilmədim, Bakı!

Yazarlar eviylə üzbəüz bağda,
"Azadlıq məşəli" şölə saçırdı.
Həqiqət susduğu qorxulu vaxtda,
Çoxları bu bağdan uzaq qaçırdı.
Burda qranitləşən "mərd komissarlar",
Azadlıq önünə sədd çəkmişdilər.
Qoynunu zəbt edən "sarılar, yan"lar,
İşıqlı qəlblərə qəm əkmişdilər.

Gördüm, mətbuatın "doğum evi"də,
Kəsilən, boğulan xalqın səsiydi.
Ellərə yayılan jurnal, qzetdə,
Unvan Avakyan məhəlləsiydi.

Parapet bağından sükutla keçib,
Gəldim Vannikovda kurslar keçməyə.
"Erməni bazarda" "Cermuk"dan içib,
Axşam gecələrdim "Ermənikənd"də.

Bu dəbli evlərin erməniləri,
Özlərin "xozeyin" tam sayırdılar.
Yerli tələblər zirzəmiləri,
Kirayə tutaraq yaşayırdılar.

Beləcə, qəlbimə hopdu qəm-kədər,
Bircə yol sevinib, gülmədim, Bakı!
O sənli günlərim ötdülər hədər,
Mən səni tanıya bilmədim, Bakı!
1988-ci il... Yanvar ayının sonu,
Qara şəhər, geymişdin
qardan ağappaq donu.
Adamlar qaşqabaqlı,
sönürdü qəlblərdə şam,
Bu xalqda qalmamışdı Moskvaya ta inam.

Yığışdıq doğma yerə - "Natəvan klubu"na,
"Gənclər günü" olacaq, kimsə söz etməz bunu.
O gün kimsə susmadı, od püskürdü ağızlar,
Qorboçovun adına imzalandı kağızlar.

Çökmüş bir imperiya yenidən qurulurdu,
Guya, qaranlıq dünya çalxanıb-durulurdu.
Ən qorxulu bu idi, bir söz deyirdi hərə,
Məhəl qoyulmayırdı qanunlara, rəhbərə.

Bir-bir üzə çıxırdı erməni daşnaqları,
Bu dəfə ki "ovları" Qarabağ torpaqları.
Aqanbekyan, Balayan yollarını azmışdı,
Sərsəm fikirlərini "Humanite" yazmışdı.

İyrənc siyasətilə Mərkəz yalan yayırdı,
Ermənini "yazıq xalq", bizi vəhşi sayırdı.
Şaxta yaman kəsirdi, külək tuğyan edirdi,
Bakı Qanlı Yanvara adım-adım gedirdi.

Göylərdən yağışın, qarın çox yağıb,
Küləyin sərt əsib, şimşəyin çaxıb,
Nə çaxıb, nə yağıb köksünə axıb-
Küləklə, yağışla barışan şəhər.

Bəxtinə dərd düşüb, dərd bəsləyibsən,
Hər bir övladını mərd bəsləyibsən,
"Beynəlmiləl" adlı ad bəsləyibsən-
"On beş qardaş"ıyla yarışan şəhər.

Yanvar küləkləri səmtsiz əsdi,
Qəddar imperiyanın göründü qəsdi.
Dünya bu qırğına demədi bəsdi-
Şəhidi-şəhidə qarışan şəhər!

Qəfəsdən qurtulan pələngə döndün,
Qərənfil hörülmüş çələngə döndün,
Qəhrəmanlıq rəmzi al rəngə döndün-
Ulduzu göylərdə sayrışan şəhər.

Bu xalq xəyanətin oynuna gəldi,
Elindən qovulan qoynuna gəldi,
Bütün ağrı-acı boynuna gəldi-
Bəxtsiz taleyiylə barışan şəhər.

Xalqın iradəsi zülməti yardı,
Bu yolda qoynunda qan axdı, Bakı.
İstiqlal məşəli köksünü sardl,
Müstəqil dövlətin paytaxtı Bakı!

Fərsiz siyasəti rəhbər bəylərin,
Məhvə aparırdı bu sərvət-ləli.
Elin Xəzər boyda istək, səyləri,
Bakıya gətirdi Ulu Heydəru.

Onun gəlişindən qara qüvvələr,
Qara əməllərdən qorxdu, dayandı.
Qəlblərdə buzlaşmış soyuq ürəklər,
Azadlıq eşqiylə alışıb-yandı.

Zəhməti bar verdi Ulu Öndərin,
Hamı heyran qaldı "Bakı-Ceyhan"a.
Xəzərdən çəkilən qaz kəmərləri,
Yayıldı dünyada neçə ünvana.

Köhnə görkəmindən əsər qalmadı,
Göylərə ucaldı göydələnlərin.
Boyuna baxanlar baxıb doymadı,
Oldun sevimlisi sən gələnlərin.

Həllini tapmayan çox sirli işlər,
Tapdı öz həllini səndə, ay Bakı.
Qoynunda baş tutan rəsmi görüşlər,
Açdı qapıları taybatay, Bakı!

Köksündən yüksələn üç rəngli bayraq,
Ginnesin rekordlar siyahısında.
Dünya mahnıları səslənir hər vaxt,
"Xurustal saray"ın siyah zalında.

Sonsuz səmalardan süzdüm boyunu,
Gördüm gecələr də büsat varındı.
Həvəslə dolaşan "İpək yolu"nu,
Bu Bakı-Tiblisi, Qars qatarındı.

Hər idman yarışı, olimpiada,
Sənə qazandırdı neçə zəfəri.
Birinci Avropa oyunlarında,
Adlandın ən məhşur idman şəhəri.

Müstəqil çağından ta üzü bəri,
BMT, ATƏT-də səsləndi səsin.
Şərurdan dərdiyim üzərrlikləri,
Yandırdım, kaş sənə nəzər dəyməsin.

Hər gün gəncləşirsən, təzələnirsən,
Möhtəşəm, yenilməz, ay qədim Bakı.
Bilmirəm, nə əfsun, de, necə sirsən,
Mən səni tanıya bilmədim, Bakı.
Şərur-Bakı-Şərur