adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Sentyabr 2018 22:32
21746
ƏDƏBİYYAT
A- A+

Barat Vüsal sevilən şairdir

Danılmaz bir həqiqətdir ki, hər bir insanın öz dünyası var. Hər kəsin qəlbinə bir dünya sığır. Biz bu dünyanı özümüzlə yaşadırıq, biz bu dünyanı özümüzlə aparırıq. Çağdaş Azərbaycan poeziyasının tanınan simalarından olan Barat Vüsal da zəngin mənəvi dünyaya malik bir şairdir. Özünəməxsus yaradıcılıq yolu, gərgin sənət axtarışları şairin
qələmini günü-gündən püxtələşdirib, onu şeirin keşməkeşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri edib. Barat Vüsal öz dünyası olan bir insan, öz taleyi olan bir şairidir O, XX əsrin sonlarında, XXI əsrin əvvəllərində yaşayıb yaradan şairdir. Amma əsl poeziya, əsl sənət əsəri üçün zaman həddi, zaman sərhədi olmayıb, yəqin ki, B.Vüsal da yazıb-yaradanda zamanı yox, sənəti nəzərə alıb.

Gözəl, gözəl baxtla gəldim dünyaya,
Haqqı sevdim, haqla gəldim dünyaya.
Sən gəldiyin vaxtda gəldim dünyaya,
Mən dünyaya başqa vaxtda gəlmərəm!

Çağdaş Azərbaycan poeziyasının görkəmli simalarından olan Barat Vüsal özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın keşməkeşli yollarında ağır sınaqlarla üzləşən, qalib çıxan, ilhamla yazıb-yaradan, təravətli əsərləri ilə rəğbət qazanan, ədəbiyyatımızda imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. 67 yaşlı bu şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır.
Hər şeydən öncə, B.Vüsal dövrünün övladıdır. Əgər o, bir tərəfdən insanın daxili aləmi, yüksək amallar uğrunda mübarizəsi barədə yazıbısa, digər tərəfdən XX əsrin diktəsi, tələbləri də bi şairin yaradıcılığında öz əksini göstərib. Barat Vüsal müasir dövrün ən gözəl lirik şairlərindən biridir. Onun qələmindən çıxan məhsul həm çoxcəhətli, həm də bu gün öz əhəmiyyətini itirməyən, oxucuların, şeirsevərlərin marağını, zövqünü oxşayan yaradıcılıq nümunələridir.
Zəngin yaradıcılığa malik olan B.Vüsal öz əsərlərində Azərbaycanın poetik tablosunu çox əlıvan yaradıb. Şairin bütün müşahidələrinin, poetik münasibətlərinin, mərkəzində insan və onun arzuları dayanıb. Adi yarpaqdan yazanda da, çiçəyə, quşa nəğmə qoşanda da, xarüqələr yaradan əməkçinin zəhmətini tərənnüm edəndə də çox sevdiyi qəhrəmanını - insanı unutmayıb:

Ey vətən, deyirəm haqqı qalıbmı,
Hər bəndə deyənə bəndə deyəm mən?
Ruhumla bu yurdun həndəvərində,
Gecə də, gündüz də keşikdəyəm mən!

Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada alıb. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. 1968-ci ildə "Sarı sünbül" adlı ilk şeirini yazıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. "Göz aydınlığı", "Ürəyimdən bir çay axır", "Yolumuz eşqə bağlıdı", "Ömür bitər, Yol bitməz", "Qazaxda yaşadım mən öz ömrümü", "Ruh gəmisi" və "Kufə əhli" kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb, əməkdar incəsənət xadimidir.

***
Şairi tanımaq üçün bəzən onun əsərləri kifayət eləmir. Hərdən gözündən qaçan bir şey olur və ya sənə çatmayan hiss duyğu olur. Burada şair haqqında yazılan yazılar, deyilən fikirlər köməyə gəlir. Hər bir şairin tərcümeyi-halı, yaradıcılığı haqqında yazılan məqalələr, kitabları haqqındakı resenziyalar onun hərtərəfli səciyyələndirilməsinə kömək edir. Bəzən şübhəli qaldığın bir məsələni aydınlaşdırmaqda da bu yazılar böyük rol oynayır. Barat müəllim öz ömrünü yaşayır, bu yola nəzər salanda, dolu bir həyatla qarşılaşırsan.

Ürəkmi, ölümdən qorxursa ürək,
Nə elə qorxuram, nə əsirəm mən.
Allah, yaşamağa tələsirmiştək,
Torpağa dönməyə tələsirəm mən!

Məni yazıq etmə, yazığam Allah,
İstərəm ki, ömrüm ömrə calansın.
Torpağa dönməyə hazıram Allah,
Torpaqdan qoy yenə insan yaransın!

Əsl şairlərin yaradıcılığı adətən xalqının taleyidir, bədii ensiklopediyasıdır, bioqrafiyasıdır. Çağdaş dövrümüzdə yaşayıb-yaradan Barat Vüsal kimi şairlərimizin tədqiq edilməsi, öyrənilməsi həm də Azərbaycan tarixinin müəyyən bir hissəsinə işıq salınması deməkdir! Zaman keçib, illər ötdükcə Barat Vüsal poeziyası daha isti, daha şirin görünür.
Çünki, bu poeziya insana və onun daxili aləminə hər vaxt yaxın olub. İnsan isə heç vaxt yaxın olanı unutmur. Sözün həqiqi mənasında, Barat Vüsal poeziyası yaşarı poeziyadır. Onun humanist, müasirlərimizi, düşündürən, yaşadan ideyalarla qidalanan əsərləri, Azərbaycan poeziyasının bir çox müsbət keyfiyyətini, qabaqcıl ənənələrini davam etdirən şeirləri öz həyat gücünü, ideya-estetik təsirini bu gün də itirməyib. Barat müəllimin şeirləri nədən bəhs edirsə-etsin, onlarda oxucu, hər şeydən əvvəl, büllur ideya və şeiriyyəti görür.
Barat Vüsalın müasirləri, onu tanıyanlar şeirləri, yaradıclığı haqqında müsbət fikirlər söyləyirlər. Barat müəllimi ədəbiyyata ötəri bir həvəs, gəldigedər bir hiss gətirməyib. Qəlbən, ruhən şair olan B.Vüsal ədəbiyyata böyük ideallar, sağlam məslək, yüksək amallar gətirib. O, bütün rəyi, bütün ilhamı ilə doğma torpağına bağlı insandır. Heç vaxt şeirdə, sənətdə şöhrət axtarmayıb. Təbiətən təvazökar və sadə bir insan olan Barat müəllim şeirə, ədəbiyyata, xalqa, vətənə bəslənən böyük, güclü məhəbbətin ifadə forması kimi baxır, incəsənəti məhz belə bir mövqedən qiymətləndirir. Ona görə də Barat Vüsalın yaradıcılığını Vətənimizin, xalqımızın həyat və mübarizəsindən ayrı təsəvvür etmək mümkün deyil.
Bu fikrə ədəbiyyat adamı, pedaqoq, Nəsimi rayonundakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Firuzə Abdullayevanın "Barat Vüsalın poeziyası" kitabını oxuduqdan sonra gəldim. Qənaətim budur ki, Barat Vüsal sevilən şairdir. Ömür yoluna nəzər salanda, mənə elə gəldi ki, elə 67 illik ömrü vərəqlədim. Səməd Vurğun kimi böyük şairlər yetişdirən Qazaxın səsini eşitdim onun yaradıcılığında. Elə ustad S.Vurğunun səsini eşitdim, duydum onun yaradıcılığında. Elə bildim ki, Barat Vüsal haqqında fikir deyən şairlərin, yazıçıların, tənqidçilərin səsini eşitdim bu kitabla tanış olanda. Sevgi də gördüm, nifrət də. Giley də eşitdim, tərif də. Eləcə də Barat Vüsalın həmkarlarına olan münasibətində fərqli çalarlar duydum. Bəlkə bu da insan deyilən bir varlığın həqiqi səsidir. Hamını eyni cür görmək olmur. Hamını eyni məhəbbətlə sevmək olmur.

Ağıl var elə bil, ağılı yoxmuş,
Könül var, sən ona ağıl kimi bax!
Nağıl var, oxusan dastan bilərsən,
Dastan var, oxuyub nağıl kimi bax!

Ömür çilik-çilik, bölük- bölükdür,
Yük var ki, bir tükmüş, tük var ki, yükdür...
İz var ki, cığırdan, yoldan böyükdür,
Yol var ki, uzanır cığır kimi... bax!

Poeziya bir gülşəndir, burada müxtəlif güllər bitir. Biri qızıl gül dərir, biri qərənfil, biri zanbaq, biri nərgiz...Birinin dahi saydığını o birisi bəyənmir, birinin sevdiyinə digəri nifrət edir. Şair qəlbinin anlaşılmaz duyğuları olur, aldadıcı hissləri olur. Mən Barat Vüsal bağçasından nə dərdim, dərdiklərimi hansı rəngdə, hansı çalarda gördüm. Həmin çiçəklərdən necə tablo yaratdım, bilmirəm. Sadəcə onu bilirəm ki, bir çoxu kimi nifrətlə, qəzəblə, kinlə yaşamadım, məhəbbətlə, hörmətlə yaşadım və öz yaşantılarımı yazdım...
Və sonda Firuzə Abdullayevanın kitabının məndə yaratdığı xoş təəssüratlardan biri bu oldu ki, el şairi Barat Vüsalın yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki, onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır, mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir. Sirr deyil ki, B.Vüsal bəzi həmkarlarından fərqli olaraq, sözün həqiqi mənasında, Azərbaycan cəmiyyətində geniş tanınan, sevilən və hörmət bəslənilən insandır.
***
Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilirg Barat Vüsal bizim bütövlükdə XX əsr ədəbiyyatımızda bir məktəbdir.