adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MƏZAR ÜSTÜNDƏ DÜŞÜNCƏLƏR

FƏRİDƏ RƏHİMLİ
27732 | 2018-09-28 22:29
Son illər ölkəmizin dünyada tanınması, doğru-dürüst təqdim olunması üçün çox cəhdlər olur və sevindiricidir ki, müəyyən uğurlar da qazanılır. Lakin əzəli düşmənimiz olan qonşu ölkənin yanlış təqdimatının yalan olduğunu isbat etmək üçün ən az onlardan iki dəfə artıq fəaliyyət göstərmək lazım olduğu hər kəsə gün kimi aydındı.

Amma xaricdən təşrif buyuranlara ölkəmizin, insanlarımızın təqdimatında əksər vaxt yanlışlıqlarla rastlaşıram. Bu bəlkə də bəzilərinə adi görünə bilər, amma getdiyin bir ölkədə ilk rastlaşdığın, nəysə soruşduğun insan, ilk ehtiyac duyduğun taksi sürücüsü, otel işçisi o ölkənin ilk təqdimatçısı olur onlar üçün və onlara cavab verən, yönləndirən insan şəxsi mənafeyini düşünməklə bərabər dövlətini təqdim etdiyini də dərk etməlidir.

Bir neçə il əvvəl rayondan gələn qardaş-bacı uşaqlarını toplayıb muzeylərə aparmaq qərarına gəldim. Əvvəlcə Qız Qalasından başladım. Qalanın dar pilləkənlərində sıxlıq idi. İstidən tıncıxmış adamlar cəld içəri girərək pilləkənləri qalxmağa çalışırdılar. Xarici vətəndaşların da olduğu bu basabasın onlara heç aidiyyəti yoxmuş kimi davranan üç-dörd qız bilet kassasının arxasında qeybət edirdilər. Heç kimi saya salmadan etdikləri bu saymazlığa dözməyən bir qadın onlara çımxıraraq işlərini görmələrini tələb etdi. Həə, əsl mərəkə də onda başladı. Qızlar qadına elə "dərs" verdilər ki, sanki küçədə saçyolduya çıxmağa hazır idilər. Xarici vətəndaşlar da məətəl qalmışdılar. Üzlərindəki istehza dolu ifadə təəssüf doğurucu idi...

Sonra Şirvanşahlar muzeyinə getdik. İndi necədir, bilmirəm, amma o zaman muzeydə tək-tük eksponatlar vardı və turistlərlə kimsə maraqlanmırdı. Soruşanda isə "bura şahın oturduğu yerdi, bura məhkəmə salonudu, bura məsciddi"dən başqa bir məlumat yoxdu, hansı ki, onu deməsələr də anlamaq olardı. Muzeyin içində uşaqlara demək olar ki, məcbur qədim geyimlərimizi geyindirib şəkil çəkmələri üçün israr edən işçi isə o şəklin birini adi şəkildən on dəfə artıq qiymətə "sırıdı".

Sonra İncəsənət muzeyinə yollandıq. Gəncliyimdən bəri heç dəyişməyən az sayda eksponatlara baxmağa marağım da olmadı. Sanki bu qədər incəsənəti, ədəbiyyatı, rəsm-sənət əsəri ilə məşhur olan ölkəmizdə eksponat qıtlığı vardı... nəysə o vaxtdan bəri muzeylərə getməyə həvəsim qalmayıb.
Amma yaxınlarda Ankarada olarkən Cəbəci məzarlığında Şərqdə ilk demokratik dövlətin qurucusu, Cümhuriyyətimizin banisi Məmmədəmin Rəsulzadənin ziyarət edərkən Mustafa Kamal Atatürkün məzarını da ziyarət etmək, muzeyinə baş çəkmək keçdi içimdən.

Heç xarici ölkədə olarkən orada bayrağımızla rastlaşmısınızmı? Üçrəngli bayrağımızı görmək sizdə hansı təəsüratları yaradıb? Məzarlığın 2-ci qapısından içəri girib sağa dönən kimi uzaqdan görünən bayrağımız məni elə kövrəltdi ki, ona sarı necə qaçmağım, öpərək baş əyməyim özümdən asılı olmadı. Dahi insanın məzarı üstündə keçirdiyim hisslərsə sözlə ifadə edilməyəcək qədər kədərli idi... Şərqdə ilk demokratik ölkənin banisinin məzarı yetim görünürdü. Düzdü, üstündə yeni qoyulmuş qərənfillər vardı və məzar baxıcısının dediyinə görə, buraya tez-tez gələnlər olurdu, amma Mustafa Kamal Atatürkün məzarını, hektarlarla sahəni əhatə edən məzarüstü muzeyini, onun hər bir fəaliyyət sahəsini işıqlandıran rəsmləri, döyüş səhnələrini əks etdirən səsli eksponatları gördükdə və ən əsası, yüksək savada, intellektə, tarixi biliyə malik gidlə tanış olduqda gerçəkdən özümüzə - bu millətə yazığım gəldi.
M.Rəsulzadə Emin Abidin:

Sən mənimsən, mənimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

-misrasını çox sevərdi və yeri gəldikcə təkrarlayardı. Amma biz ona lazımınca sahib çıxa bilirikmi? Bizə, başımızın üstündə fəxarətlə dalğalandırdığımız üçrəngli bayrağımızı təqdim edən insanın qiymətini verə bilirikmi?

Son nəfəsində içindən qopan ahla "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək gözlərini yuman insanın ruhuna Azərbaycan inasanının sevgisini hiss etdirə bilirikmi? Bir dəfə yüksələn bayraq bir daha enməz! - dedi, amma gənc bir dövlətin çoxlu sayda bədhaxları arasında barınması çətin oldu. O bayrağı yenidən qaldırmaq uzun çəkdi amma əvəzində Mustafa Kamal Atatürk: "Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!"- dedi.

Gid Atatürkün doğulduğu Selanikdən başlamış ölümünə qədər keçdiyi həyat yolunu elə maraqlı şəkildə izah edirdi ki, keçən saatların fərqində olmadıq.

Atatürkün vəsiyyətinə əsasən qəbirinin torpağına səpilən və məzarın üstündə çoxlu sayda - Türkiyənin hər tərəfinin gətirilmiş torpaqlar doldurulmuş vazalarda Azərbaycan torpağı da vardı və gid Doruq Gökanın sakit danışığının arasında səsini yüksəldərək bir peşəkar aktyor bacarığı ilə Atatürkün dilindən söylədiyi: "Qardaş caaan Azərbaycan" torpağını da görmək istəməsini ifadə edən kəlməsi qan coşduran təəssüratlarımdandı...

Gidin ətrafında bütün muzeyi dolaşan insanların ekskursiya bitdikdə təəssüflənmələri və böyük mənəvi qida ilə oradan ayrılmağım içimdə rahatlıqla bərabər bir kədər də yaratdı.

Bizim də tariximizi, keçmişimizi, mədəniyyətimizi, insanlığımızı ifadə edə bilməmiz üçün yetmiş-səksən il dövlətçilik təcrübəmizmi olmalıdır? Hər il minlərlə tələbə universitet bitirir. Savadlıların iş tapmaları üçün mütləq vəzifədə qohumlarımı olmalıdır? Bu gənclərdən dövlətimizi, xalqımızı təmsil edəcək birilərini seçmək çətindirmi?

Həm də indi əvvəlki kimi deyil, istənilən mədəniyyəti də, ədəbiyyatı da, incəsənəti də sosial mediadan anında tapmaq, öyrənmək, istifadə etmək, yanlışları atıb, doğruları özündə tətbiq etmək imkanımız var! Elə isə niyə dəyişmirik, niyə mədəmizdən o tərəfi görə bilmirik? Niyə qiymətli tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə, dəyərli insanlarımıza bu qədər laqeyd, saymaz yanaşırıq?

TƏQVİM / ARXİV