TüRKiYƏNi çALXALAYIRLAR

AQİL ABBAS
34535 | 2007-01-23 02:29
Mənim üçün ən çətin yazıdı. Bu yazı təmiz başqa bir səpgidə yazılmalıydı. Əsəblərimi cilovlaya bildim, bilmirəm, bəlkə də cilovlaya bilməmişəm. Əslinə qalsa biz əsəbi minməmişik ki, cilovlaya bilək, əsəb bizi minib çapır.
   
   Türkiyədə Hrant Dink adlı bir jurnalist öldürüblər. Milliyyətcə ermənidi. Xoşagəlməz hadisədir. Öldürən də 17 yaşlı bir uşaqdı. İndi bütün Türkiyə çalxalanır. Adamdı da, öldürüblər. Sinənizi niyə cırırsınız?
   
   Neçə il bundan əvvəl Türkiyənin ən məşhur ziyalılarını, yadımdan çıxıb hansı şəhərdə olub, bir evdə qapıları bağlayıb yandırdılar. Onda Türkiyə belə sinəsini cırmırdı, onda Baş bakan dəsmal götürüb ağlamırdı, onda millət küçələrə çıxıb hayqırmırdı. Dünyanın da filan yerinə deyildi. Çünki öldürülənlər böyük türk ziyalıları idilər, o türk ziyalıları ki, Hrant Dink onların heç dırnağı da ola bilməz. Yəni bizi öldürmək olar, yandırmaq olar! Ermənistanda qırmaq olar, Qarabağda qırmaq olar. Kərkükdə qırmaq olar, Bosniyada qırmaq olar, harda istəyirsiniz ey! Amma dünyanın filan yerinə deyil.
   
   Türkiyədə milliyyətcə erməni olan bir jurnalist öldürüblər. Bütün dünya tumanını çırmayıb başına. Dünyayla işim yoxdu, dünyanı yaxşı tanıyıram, məni özümüzünkülər yandırır.
   
   Kiçik bir haşiyə. Türk televizyonlarına baxanda, Türk qəzetlərini oxuyanda yadıma Qarabağ hadisələri düşdü.
   
   Xankəndində, Meşəlidə, nə bilim day harda ermənilər bizi qırırdılar. Bizim televiziya isə ziyalılarımızı çıxarırdı ekrana, ilahi, bu gülməliydi, ağlamalıydı, oynamalıydı, nəydi, Allah, ermənilər haqqında mədhiyyələr söyləyirdilər. Biri deyirdi uşaq vaxtı anamın südü quruyub, qonşu Haykanuşun südünü içmişəm. Biri deyirdi Aşot mənim əmimdi, məni oğlu qədər sevib. Biri deyirdi, nə bilim, ermənilər çox müdrik xalqdı, onların günahı deyil, beş-altı boyevikin işidi. Bir sözlə, hər gün televiziyada "Qardaş olub Hayastan-Azərbaycan" mahnısı. Hayastan da bizi həm Hayastanda qırırdı, həm də evimizin içində - Qarabağda.
   
   Yadımdadır, o vaxt bircə Anar dözmədi dedi ki, belə şey olmaz, səni sevəcəyəm, sən sevməsən də.
   
   Mən də "Sovet kəndi" qəzetində işləyirdim. Mərkəzi Komitə tapşırmışdı ki, Azərbaycanda nə qədər traktor sürən, su suvaran, pambıq yığan geroylar var, onların adından qəzetdə yazılar yazaq ki, ermənilər bizim qardaşlarımızdı. Bir az yazdırdılar da. Mən yazmamışam, qəhrəmanlıq eləyib yazmamışam yox ey, sadəcə olaraq gedib oturmuşdum Qarabağda, camaatımın içində, tapıb yazdıra bilmirdilər. Onda da Vaqif Bəhmənli iclasda durub demişdi ki, day bəsdi də, bizi bu qədər təhqir eləməyin. Elə ondan sonra da dayandı.
   
   Niyə yazdım bunu?
   
   Yuxarıda dediyim kimi, Türk televizyonlarına baxıram, Türk qəzetlərini oxuyuram, eynilə bizdə olan kimidi. Türkiyənin tanınmış ziyalıları "Qardaş olub Hayastan-Azərbaycan" mahnısını dəyişib, "Qardaş olub Hayastan-Türkiyə" kimi oxuyurlar. İnsan özünü nə qədər alçaldar?!
   
   "Kanal-D" adında namussuz bir kanal var (sağ olsun Nuşirəvan müəllimi ki, bu kanalın yayımını dayandırdı, onu da deyim ki, Türkiyənin bir çox məşhur kanallarını "Star"ı, "Habertürk"ü və sair və ilaxır "Kanal-D" alıb), 24 saat Hrant Dink haqqında verilişlər verir, canlı yayımlar verir, Türkiyədə nə qədər tanınmış qaluboy ziyalı var yığır ekran başına, ermənilərə mədhiyyələr söylətdirir və sair və ilaxır.
   
   Qəzetlər də onun kimi.
   
   Hrant Dink kimdi? Ermənicə çıxan həftəlik "Aqos" qəzetinin baş redaktoru, sahibi. Bu adam həmişə Türkiyəyə, eləcə də böyük Atatürkə söyüb. Qəzetində yazıb ki, "Türkün qanı pis qandır". Uydurma erməni soyqırımını tanıyıb. Qısası, Türkiyənin və türkçülüyün düşmənlərindən biridir.
   
   Və Türkiyənin düşmənləri də bilirlər kimi öldürmək lazımdı, bilirlər Türkiyəni necə qarışdırmaq lazımdı və öldürüblər, Türkiyəni də qarışdırırlar, çalxalayırlar. Çox təəssüf ki,Türkiyə bu çalxalanmaya gedir. Özü Türkiyəni qarışdırmaq istəyənlərə meydan verir.
   
   Adi bir jurnalist öldürüblər, indi buna görə bütün Türkiyə ölməlidi?! Dəniz Baykal hönkürə-hönkürə getmişdi yas yerinə, elə bil qardaşını öldürmüşdülər. Ərdoğan neçə gündü nə təhər ağlayırsa, heç rəhmətlik atası öləndə belə ağlamamışdı. Hətta üzr istəyir ki, dəfndə iştirak edə bilməyəcək, çünki həmin vaxt İtaliyanın baş naziri Prodi ilə dövlət tədbirində olmalıdı. Kardeşim, cəhənnəm olsun Prodi də, dövlət tədbiri də, get Hrantın dəfninə.
   
   Görün Türkiyə nə günə düşüb ki, Türkiyəni və türkçülüyü təhqir eləyən bir adamı Türkiyə bayrağına, ermənilərin qırdığı türklərin qanına boyanmış Türk bayrağına sarıyıb dəfn etmək istəyirlər. Ayıbdı ey, adam kişi olar! Dövləti bu qədər hörmətdən salmayın. Axı bu dövlət təkcə Türkiyədə yaşayan türklərin deyil. Bu dövlət həm də ermənilərin coluq-cocuğa baxmayıb qırdığı 20 min azərbaycanlı şəhidin də dövlətidir, bizim də dövlətimizdir!
   
   Ermənilər həyasızcasına İstanbulun küçələrində Türkiyənin əleyhinə sloqanlar ataraq "Biz erməniyik, bura bizim torpaqdır" (yalançının dədəsinin goruna itin nə bilim nəyi) deyə hayqırırlar, Türk televizyonları da elə bil Kərkükdəki türklərin mitinqlərini göstərir, bütün dünyaya yayır.
   
   Hanı Türkiyənin ideologiyasına baxan gülməşəkərlər?! Hanı Türkiyənin xüsusi xidmət orqanları ki, məsələni açıb ortaya qoysunlar.
   
   Kardeşim, ermənilər və ermənilərin arxasında duran kəslər çox düşünülmüş şəkildə bu qətl hadisəsini törədiblər. Bunu açın qoyun ortaya.
   
   Dünyayla bir Türk kimi danışın, bir Boz qurd kimi danışın. Çingiz xanın, Teymurun, İldırım Bəyazidin, Sultan Mehmetin, Atatürkün diliylə danışın. Bir dayanın! Qaçdıqca sizi qovacaqlar, necə ki qovurlar! Bəsdi qabağınızdan yediyiniz, düşmənlərinizi qabaqlarından yedirdin!
   
   Görün Türkiyə hansı gündədir ki, Avropa siyasətçiləri deyir ki, Hrantın ölümü Türkiyənin Avropa Birliyinə girməsi məsələsini atdı qırx aşın quyunun dibinə. Ağlınıza dua yazım, guya Hrant ölməsəymiş Avropa Birliyi Türkiyəni qəbul edəcəkdi?! Yəni bu Türkiyə o qədər sadəlövhdür ki, inanır Avropa Birliyi onu qəbul edəcək?!
   
   Kendinə qayıt, kardeşim, qayıt kendinə!

TƏQVİM / ARXİV