adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Sentyabr 2018 21:32
14385
ƏDƏBİYYAT
A- A+

İSMAYIL MƏHƏMMƏD

Bilmirəm dünyanın
harasındayam

Ruhu burda verib Yaradan mənə,
Yurdun harası var - orasındayam.
Olumdan ölümə yol gedir bəşər,
Gedən yolçuların sırasındayam.

Gəlmişəm, yol uzun, ömrə güman yox,
İnsanlar yad olub, qanı daman yox.
Vədlərin içi boş, Haqqa iman yox,
Bilmirəm dünyanın harasındayam.

Məqsədim, məramım yarı-yarımçıq,
Dərdlər sinəm üstə qurub alaçıq.
Sevinc ayaqyalın, kədər başaçıq,
Səbri "iki daşın arasında"yam.

Neçə ki, qılıncı qında görürəm
Ümidi səhərdə, danda görürəm,
Qələm şahə qalxır, onda görürəm-
Kağızın ağında, qarasındayam.

Belə yaşadım

Ömür deyiləni hər adam bir cür,
Mən də öz ömrümü belə yaşadım.
Günü həftələrə, həftəni aya,
Ayları tapşırıb ilə, yaşadım.

Olanı dərk edib qananı bildim,
Qəsdən daşa dönüb donanı bildim.
Dərddən alovlanıb yananı bildim,
Döndüm axar suya, selə, yaşadım.

Aşiqi olmadım quruca səsin,
Çəkdim yüyənini eşqin-həvəsin.
Dinlədim sazımı, tarımı həzin
Vuruldum pərdəyə, telə, yaşadım.

Olmadım əsiri nəfsin, tamahın,
Girmədim altına min bir günahın.
Əmri qarşısında ucaAllahın
Boynu qıldan incə, kölə yaşadım.

Tutdummu zamanın nəbzini görən?
Tapdımmı yolunu, izini görən?
Qırdımmı namərdın dizini görən?
Atmadım vicdanı çölə, yaşadım.

Şəhidlərə

Siz..., Ey ərməğan ömürlər,
Ən uca səslər-səmirlər!
Sağım Haqqdan rəhmət dilər,
Solum yalvara-yalvara.

Ölüm də qəm deyil Sizə,
Sizin kimi ölümsüzə.
Yaş olum o nakam gözə,
Dolum, yalvara-yalvara.

Ötsə illər, keçsə zaman,
Unudarmı Sizi dövran.
Ay ruhunuza mən qurban,
Olum, yalvara-yalvara.

Üzüm üzünüzə doğru,
Başım dizinizə doğru.
Gəlir izinizə doğru
Yolum yalvara-yalvara.

Döyüm kimi, söyüm kimi?
Ya basdırım öz hikkəmi.
Xəzan vurmuş çiçək kimi
Solum, yalvara-yalvara.

Qeyrətim dönüb silaha,
Qana qan istərəm daha.
Açılıb uca Allaha
Qolum yalvara-yalvara.
Burax burdan beləsini

Bir işiydi, oldu getdi,
Burax burdan beləsini.
Çiçək idi soldu, getdi,
Burax burdan beləsini.

Nahaq verdik əli-ələ,
Qadağa qoymadıq dilə.
"Ay bağ belə, bostan belə"-
Burax burdan beləsini.

Əl uzatdım, uzaq keçdi,
Biləmmədim bu nə işdi.
Buracan yaxşı gəlmişdi -
Burax burdan beləsini.

Dostu-dosta tən bilirəm,
Sən bilmirsən, mən bilirəm.
Zülüm çəkirsən bilirəm,
Burax burdan beləsini.
Harda qaldı bəs əhd-ilqar,
Quru sözün nə hökmü var?
Töksün yağış, ələnsin qar...
Burax burdan beləsini.

Koxa bulağı

Bu bulağa "Qara bulaq" deyənlərə

Suyu dumdurudur göz yaşı kimi,
Kim görüb, qara da bulaq olarmı?
Tarixin silinməz yaddaşı kimi
Bir təmiz əmələ calaq olarmı?

Nə ağa qara de, nə danış, nə din,
İtməsin zəhməti Koxa Məmmədin.
Özülü çəp olsa, həqiqətlərin -
Üst-üstə yığılıb qalaq olarmı?

Gəlin qaraltmayaq ağ olanları,
Kefi kök, damağı çağ olanları.
Ot-ələf basmasın bağ olanları
Bağçada, bağda da alaq olarmı?!

Tarix özü versin sənə sorağı,
Adına möhürdü "Koxa bulağı".
Haqqın ağızlarda car olan çağı
Düzü səhv eşidən qulaq olarmı?

Dağlara, dağlara

Yolum düşdü şəhərlərə,
İzim dağlara-dağlara.
Abbas Abdulla

Gözlərimdən yuxu qaçır,
Səhəri üzümə açır.
Ayım düzə işıq saçır,
Günüm dağlara, dağlara.

Ağ varağın sətri mənəm,
Solan gülün ətri mənəm,
Ruh ölübsə qəbri mənəm,
Önüm dağlara, dağlara.

Gücüm yox bu yükü çəkəm,
Taqəti kəm, ovqatı kəm.
İstərəm bir nərə çəkəm,
Yönüm dağlara, dağlara.

Üzünü döndərib fələk,
Hanı yağış, hanı külək?
Dərə, təpə ələk-vələk,
Dönüm dağlara, dağlara.
A qardaşım

Yox olan, var olan nədir?
Doğru nədir, yalan nədir?
Ruh ölübsə, qalan nədir?
Soruşmursan, a qardaşım.

Tanrı döndərməz üzünü,
Haqqa gəl, öyrən düzünü.
Duyub Nəsimi sözünü -
Barışmırsan, a qardaşım.

Qaş əyib, göz tökməliyik,
Qəm biçib, dərd əkməliyik.
Yük bizimdi, çəkməliyik
Qarışmırsan, a qardaşım.

Yuxu - bir ölüm, qoy qaçsın,
Əməllərin cığır açsın
Yan, alovun işıq saçsın
Alışmırsan, a qardaşım.
Dünya

Mən bir parça, sən hüdudsuz,
Mən qürürlu, sən qürursuz.
Həm duyğulu, həm duyğusuz,
Qəm tütəyi çalan dünya.

Günlərin nə adi gündü,
Min arzudan biri çindi.
Özün söylə, nədir indi
Səni gözdən salan, dünya?

Nə deyim mən bu zamana,
Oğul istər bir şey qana.
Dünya boyda Süleymana
Nədir səndən qalan, dünya?

Keçir günlər aram-aram,
Ömür vəfa etsə varam.
Sənə könül bağlamaram,
Yalan olar, yalan, dünya.

Vaxtsız əcəl gələr birdən,
Çıxmaq olmur bu əmrdən.
Ayıl duyğusuz ömürdən,
Ömrümüzə calan, dünya.

Haqqın vardır üzərimdə,
Giley də var sözlərimdə.
İsmayılam, gözlərimdə
Min bir rəngə çalan dünya.

Gəncə şəhəri