adalet.az header logo
  • Bakı 18°C
26 Sentyabr 2018 12:48
8635
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLSƏ…

Sükan arxasında əyləşmiş hər bir sürücü ilk növbədə yol hərəkəti qaydasına əməl etməyə borcludur. İstər respublika əhəmiyyətli, istərsə də şəhərdaxili yollarda nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol nişanları var. Və bu yol nişanları da hər bir sürücüyə dəqiq gedəcəyi istiqaməti müəyyənləşdirir. Çox təəssüf ki, bizim əksər sürücülər yanlış düşüncəyə malikdilər. Məsələn, onlar deyirlər ki, hər yerdə nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol polislərinin fəaliyyəti mütləq vacibdir. Düzdür, elə yollar var ki, orda işıqforlar işləməyəndə, yaxud da tıxaclar yarananda bir anın içərisində həmin yerlərdə yol polisləri avtomobillərin hərəkətini tənzimləyir, yolu açır və fasilələrlə hər iki tərəfə şərait yaradırlar ki, onlar hərəkəti dayandırmasınlar.

Dünyanın heç bir yerində istənilən yerdə yol polisi gözə dəymir. Çox nadir hallarda yol polisinə rast gəlmək mümkündür. Ancaq bizim sürücülər respublika əhəmiyyətli və şəhərdaxili yollarda hərəkət edərkən mütləq yol polisinin köməkliyini arzulayır. Bəs onda yol nişanları, ayrı-ayrı xəbərdarlıqlar və məlumatlar nə üçündür? Təbii ki, bu onun üçündür ki, sürücülər bu xəbərdaredici yol nişanlarına diqqət yetirsinlər və ona da uyğun nəqliyyat vasitəsini idarə etsinlər.

Bizdə bəzi sürücülər harda radar varsa, həmin istiqamətlərdə sürət həddinə əməl edirlər. Elə ki, radar gözə dəymir, yaxud uzaq bir məsafə var, bax, həmin yerə qədər sürücü saatda 90-la avtomobili idarə etmək əvəzinə 130-140-la və bəzən də daha yüksək sürətlə nəqliyyat vasitəsini idarə edir. Bu isə birmənalı olaraq baş verə biləcək qəzalar üçün münbit şərait yaradır.


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları bu cür qanun pozuntularının qarşısını almaq üçün mütəmadi olaraq respublika əhəmiyyətli yollarda reydlər təşkil edir, qabaqlayıcı tədbirlər görür. Aydındır ki, belə tədbirlərin gerçəkləşdirilməsi hər hansı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edir.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində hərəkətin təhlükəsizliyini təmin edirlər. Bu isə birmənalı olaraq proflaktik tədbir deməkdir və hərəkət iştirakçılarının təhlükəsizliyinə hesablanıb. İlk növbədə tağımın əməkdaşları kobud qayda pozuntularına qarşı mübarizəni yüksək səviyyədə təşkil ediblər. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, qəza şəraiti yaradan, ara məsafəsi saxlamayan, texnkii baxışdan keçməyən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən sürücülər diqqətdən kənarda qalmırlar. Bununla yanaşı, reydlər zamanı cinayət tərkibli işlər də üzə çıxır. Belə ki, dəfələrlə tağımın əməkdaşları mənşəyi bilinəmyən ət aşkar ediblər və eləcə də nəqliyyat vasitəsində narkotik vasitə aşkar olunub. Bu barədə onlar adiyyəti qurumlara məlumat veriblər və adiyyəti qurumların araşdırılmasından sonra məsələlərə aydınlıq gətirilib.

Həyata keçirilən proflaktik tədbirlər nəticəsində əvvəlki vaxtlarla müqayisədə tağımın xidmət apardığı Bakı-Qazax yolunda ölüm və xəsarətalma halları aşağı enib. Bununla yanaşı, stasionar postda qəflətən səhhəti pisləşən bir neçə sürücüyə onlar tərəfindən təcili köməklik göstərilib və təcili tibbi yardım çağırılıb. Tağım əməkdaşlarının yardımıyla səhhətində kritik anlar yaranan sürücülər və sərnişinlər həkimlər gələnə qədər çətin vəziyyətdən çıxarılıb.

Son vaxtlar 6-cı tağıma yeni gənclər gəlib. Təbii ki, bu gənclər həm fiziki cəhətdən dözümlüdür, həm də bir çox məsələlərin həllində daha cəsarətlidilər. Yəni onlar xidmət apararkən heç bir çətinlikdən və təhlükədən çəkinmirlər. Əksinə, yol hərəkəti qaydasını pozan, hətta ictimai asayişə əməl etməyən, polisə tabe olmayan hərəkət iştirakçılarını da intizama dəvət etməyi bacarırlar. Belə əməkdaşlardan biri polsi baş serjantı Xəzər Rzayevdir. O, əvvllər Yol Patrul Xidməti Alayının digər tağımında çalışıb. Bir ildir ki, 6-cı tağımda fəaliyyət göstərir. Dövlət tədbirlərində və eləcə də tağımın keçirdiyi reydlərdə çox bacarıqla çalışır. Yəni yol hərəkti qaydasını pozan, qanuna hörmətsizlik edən heç bir sürücü onun diqqətindən kənarda qalmır. Xəzər Rzayevlə yanaşı, bu tağımda yeni fəaliyyətə başlamış bir polis serjantı da var – Şəmsəddin Əliyev. O, 3 il Bakı şəhər Dövlət Yol Polisi İdarəsində fəaliyyət göstərib. İndi isə 6-cı tağıma göndərilib. Çox intizamlı, savadlı və həm də tapşırılan işə məsuliyyətlə yanaşan bir gəncdir. Təbii ki, yol polisi öz üzərinə düşən missiyanı yeriən yetirəndə bu birmənalı olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rol oynayır.

Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bildirir ki, hər iki polis əməkdaşını – Xəzər Rzayevin və Şəmsəddin Əliyevin fəaliyyətindən və iş əmsalından razıdır. Biz onlara hansı tapşırığı veririksə, bu gənclər həmin tapşırığı məsuliyyətlə icra edirlər. Bu isə o deməkdir ki, gənclərə güvənmək olar. Bizimlə söhbətində Namiq Əzizov bir fikri də xüsusilə vurğuladı ki, yaşayış sahələrində piyadaların və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri addımlar atılıb. İstər Sahil, istər Sanqaçal, istərsə də Ələt qəsəbəsi istiaqəmtində piyadaların yolu təhlükəsiz keçməsi üçün yerüstü və yolüstü keçidlər vardı. Çox təəssüf ki, bəzən piyadalar təyin olunmuş yerdən deyil, nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi yoldan keçmək istəyirlər. Bu isə həmin piyadanın həyatını təhlükə qarşısına atır.

Göründüyü kimi, hərəkətin təhlükəsizliyi təkcə yol polisinin həyata keçirdiyi tədbirlərlə məhdudlaşmamalıdır. Əgər hər bir hərəkət iştirakçısı, o cümlədən sürücülər təhlükəsizliklərini təmin etmək istəyirlərsə, onların hamısı yol hərəkəti qaydalarına əməl etməyə borcludular. El dilində demiş olsaq, sürücülər yol nişanlarına diqqət yetirməli, piyadalar isə işıqforların yaşıl işığının yanmağını gözləməli, yerüstü və yeraltı keçdlər varsa, ordan istifadə etməlidir. Bu addımı atanları heç bir təhlükə gözləmir.