adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Sentyabr 2018 11:24
47774
GÜNDƏM
A- A+

Namiq Qaraçuxurluya, Damlaya, Üzeyirə zəng – Ayxan Ayvaz yazır...


Ziyalı, gecə-gündüz Borxeslə, Kafkayla vaxt keçirən Ayxanın işinə-gücünə baxın: bütün günü müğənnilərlə müsahibə üçün dəridən-qabıqdan çıxıram. Qabağımda siyahı, damağımda siqaret bir-bir zəng edirəm.

- Salam. Namiq Qaraçuxurludur?

- Yox. Köməkçisi. Nə lazımdı?

İzah edirəm. Deyirəm, Namiq Qaraçuxurlu uşaqlığımızın müğənnisidir, onun rəvayətinə də qurban olaram, Aygün Kazımovasına da...

- Bu sözlərinizi çatdıraram.

Növbəti gün:

- Namiq bəy deyir ki, İstanbuldayam.

Deyirəm, İstanbula da qurban olaram, Namiq Qaraçuxurlunun baxdığı Kız Kulesinə də...

- Dincəlmək istəyir.

Siyahıda Üzeyir Mehdizadə var.

- Qardaş, mən Üzeyirlə verilişdə də olmuşam.

Prodüserinə əsgərliyimdən də danışdım. Dedim ki, hər gün növbədə olanda Üzeyirin mahnıları ilə stress atmışam. Daş atıb başını tutdu. Üzeyir deyibmiş ki, heç yerə müsahibə vermirəm. Elə bil Umberto Ekodur bu. Dedim, qardaş, vallah, nə Baxa qulaq asıram, nə Bethovenə, nə də Sezen Aksuya, yalnız Üzeyir Mehdizadəyə. Hətta Üzeyir deyəndə yadıma dahi Hacıbəyov yox, Mehdizadə gəlir. Xeyri olmadı.

Damla da məni yaxın qoymadı. Prodüseri 5 nömrə verdi. 3-nə zəng elədim, onlar da 10 nömrə verdi. Belə getsə, bütün Azərbaycanla danışacaqdım. Buna nə kontur çatardı, nə hövsələ. Damlaya qovuşmaq mümkün olmadı. Deyə bilmədim ki, sənin səsinlə yatıram gecələr. Bilmədim, bilmədim.

Toliklə söhbətimiz əfsanə oldu. Müsahibə deyirəm, deyir, mən Elçibəyi söyməmişəm. Bəy deyirəm, deyir, mənə bəy demə. Razılaşdı əvvəl, sonra da zənglərimə cavab vermədi.

Bircə Faiq Ağayev... O, yenə də alicənablığını göstərdi. Mədəni şəkildə mənimlə söhbət etməyin xoş olacağını söylədi. Kitab oxuyan adam başqadı. Yazıdan Faiq bəyə qucaq dolusu sevgilər göndərib keçirəm növbəti abzasa.

Manıs tayfasının əlində girinc qalmışam. Bəlkə də günah məndədir. Mən onların ayağına düşüb yalvarmalı deyildim. Deyəcəksiniz ki, nə işin var onlarla? Var, əlbəttə. Çünki onlar bu qədər kütləni özlərinə cəlb eləyə biliblərsə, günah onlarda deyil. Manıslıq bizim içimizdə var. Etiraf edək. Hamımızda bu manıslığın işartıları görünür.

Məni bağışlayın. Yazını yarımçıq qoyub yeni bir manisəyə zəng vurmalıyam. Xoşca qalın!