adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Sentyabr 2018 19:09
22770
MƏDƏNİYYƏT
A- A+

İti ilə intihar etmək istəyən qoca

Uzaq şəhərlərə, getmədiyimiz küçələrə, bilmədiyimiz mədəniyyətlərə filmlərlə, kitablarla səyahət edirik. O uzaq şəhərlərdə gəzirik, gülürük, hüznlənir, sevinirik... Kinolar uzaqları yaxın edir bizlərə. Necə ki, kitablar bizi xəyalən yaratdığımız dünyaya aparır...

Elə isə bu yazı ilə II Dünya Müharibəsindən sonrakı İtaliyaya səyahət edək. Dövrün tanınmış rejissorlarından Vittorio De Sikanın "Umberto D” filmindən danışacağıq. Qeyd edim ki, "Umberto D” neorealizm cərəyanın son filmi sayılır. Rejissorun atasına ithaf etdiyi "Umberto D” filmi atasının gərçək həyat hekayəsidir. Film, professional olmayan aktyorlar, cəmiyyətdə önəmli yer tutmayan obrazlar və təbii məkanlar ilə neorealizmin bir çox elementlərini özündə saxlayır.

Gələk, filmin mövzusuna. Pensioner bir dövlət məmurunun həyatla mübarizəsini, yaşamaq arzularını dilə gətirir. Rejissor dünya müharibəsindən sonrakı İtaliya dövlətininin sosial-iqtisadi, siyasi, dini tərəfini göstərir bizə. De Sika ustalıqla bir qocanın fonunda cəmiyyətin necə çirkləndiyini, saxtakarlığını ekran əsərinə çevirir. Açılışda bir qrup qoca pensionerlər meydanda dövlətə etiraz aksiyası edirlər. Bağırırlar: "Ömrümüz boyu çalışdıq, pensiyamızı artırın. Təqaüdçülərə ədalət”, "Acıq! Dolana bilmirik!” Ancaq polsilər qısa zamanda mitinqi sonlandırırlar. Qocalar küçələrə səpələnir, gözdən itirlər. Qəhrəmanımız Umberto baba kirayədə qaldığı ev yiyəsi ilə üz-gözdü. Belə ki, ona borcu var. Ev yiyəsi də qəti şəkildə konkret pulunu istəyir. Ya pul, ya da evi tərk elə. Bu qocanın da nə uşağı, nə arvadı, nə də bir dostu var. Yalnız və yalnız balaca bir iti var. Ona o qədər bağlıdı ki… Ev yiyəsinə olan borca görə saatını satır. Daha sonra dəyərli kitablarını... İnsafsız ev yiyəsi pulun tamamını istəyir. Ağır duruma düşən qoca tezliklə xəstələnir. Monastrın xəstəxanasında bir həftə qalır. Bu həftə ərzində onun yanına qullquçu qız və iti gəlir. Pəncərədən itini səsləməyi insana toxunur. Dəhşətli səhnədi. Kimsəsizliyi, tənhalığı rejissor üzümüzə çırpır. Pəncərə, it, qoca…


Borucunu ödəyə bilməməsi onu küçələrə salır. Burada köhnə tanışları ilə qarşılaşır, lakin onlar Umbertoya soyuqanlı və laqeyd yanaşırlar. Filmin məqsədi sosial problemləri, insanların düşdüyü vəziyyətləri göstərməkdir.

Qoca dilənmək fikrinə düşür. Lakin qüruru, ləyaqəti buna imkan vermir.

Sonda Umberto D intihar etmək istəyir. İlk ağlına gələn fikir özünü qatarın altına atmaq olur. Parkda iti Flaykı bir balaca qıza vermək istəməsi uğursuzluqla nəticələnir. Qızın ailəsi buna razı olmur. Umberto iti ilə birgə intihar etmək qərarına gəlir. Bu zaman iti ona üsyan edir. Qatarın gəlişi səhnəsində itinin onun qucağından düşməsi və qatarın uğultusu fonunda Umbertonun başını tutması onun katarsizi kimi görsənir. İti Flaykın ondan küsməsi isə heyvanların güclü hissiyatının olmasını göstərir. Umberto D ağacdakı qozanı ona atmaqla Flaykla barışır. Bu barışıq insanın əzablarla qalib gəlməsini göstərir. Amansız səhnədi.


Umberto Domenikonun əhvalatına inanırsan, çünki o, həqiqətə yaxındır və çox həyatidir. Bu süjetin böyüklüyü də həyatı bizə olduğu kimi, bütün dəqiqliyi ilə göstərməsindədir. Film bütün əzab-əziyyətlərə, aclıqlara baxmayaraq yenə də ümid işığı qoyur. Sevgi, yaşamaq, mübarizə qoyur… Film mənə Knut Hamsunun "Aclıq” əsərini, babamı, küçə itlərini, yoxsulları xatırlatdı.