PREZiDENT iLHAM ƏLiYEVi TƏBRiK EDiRiK!

AQİL ABBAS
27837 | 2006-12-23 03:13
Zati-aliləri, cənab prezident!
   
   Azərbaycan xalqı Sizi haqlı olaraq Heydər Əliyev zirvəsinin bayraqdarı adlandırır. Müstəqil dövlətimizin yaranmasında misilsiz tarixi xidmətləri olan Heydər Əliyevin müqəddəs əməllərini yaşatmaq və inkişaf etdirmək yolunda əldə etdiyiniz uğurlar göz qabağındadır. Azərbaycan müstəqilliyini möhkəmlətməklə yanaşı iqtisadi və siyasi sahələrdə əvəzolunmaz söz sahibinə çevrilib. Regionda sülhün, əminamanlığın bərpasında və qorunmasında qətiyyətli addımlarınız dünyanın ən nüfuzlu dövlətləri, qurumları tərəfindən məmnunluqla qarşılanır.
   
   Cənab prezident! Azərbaycanın torpaq bütövlüyü, toxunulmazlığı bir dövlət başçısı kimi qarşınıza qoyduğunuz ən ümdə məqsəddir. Bu məqsəd uğrunda gecə-gündüz yorulmadan çalışırsınız və xalqımızın dəstəyini qazanmısınız. Elə bu günlərdə Naxçıvana səfəriniz zamanı "Hələ ki, Dağlıq Qarabağa muxtariyyət vəd edirik, gələcəkdə bu olmaya da bilər" xəbərdarlığınız işğalçı ölkəyə, onu dəstəkləyənlərə tutarlı mesaj kimi qiymətləndirildi. Azərbaycan xalqı bir daha əmin oldu ki, ölkə başçısı, Ali Baş Komandan müqəddəs torpaqlarımızın bir qarışını belə güzəştə getməyəcək.
   
   Cənab prezident! Azərbaycan xalqı Sizi sevir və inanır. İnanır ki, onun gənc, ağıllı, uzaqgörən rəhbəri siyasi və iqtisadi sahələrdəki problemləri həll etmək iqtidarındadır.
   
   Azərbaycanın bütövlüyü uğrunda canından keçən milli qəhrəmanların, 20 yanvar, Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, elm, sənət, əmək adamlarına göstərdiyiniz qayğılar rəğbətlə qarşılanır. Sizin ad gününüz bütün xalqımızın bayramıdır. Ən dəyərli bayramlar ərəfəsinə təsadüf edən bu tarixi gün bir Allah vergisi, Allah hədiyyəsi, Ulu Öndərimiz Heydər Əliyevin yadigarıdır. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edir, uğurlar, uzun ömür diləyirik. Bir daha təkrar edirik ki, bütün xalqımızla birgə biz də həmişə, hər yerdə sizinləyik.
   
   
   
   Ad gününüz mübarək!

TƏQVİM / ARXİV