adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

CÜMHURİYYƏT FƏDAİLƏRİ HAQQINDA KİTAB

VAQİF YUSİFLİ
27298 | 2018-09-25 21:41
ƏDƏBİ HƏYAT

İstedadlı publisist Rəhman Salmanlının "İstiqlal mücahidləri" adlı çox dəyərli, xalqımızın XX əsr tarixinin bir çox qaranlıq səhifələrini işıqlandıran kitabı çapdan çıxıb. Doğrusu, bu kitab bir oxucu kimi mənə çox şeyi anlatdı. Kitabda Azərbaycan Gümhuriyyətinin yaranmasında fəal iştirak edən, milli dövlət quruculuğumuzun fəaliyyətində mühüm rol oynayan istiqlal mücahidlərindən söz açılır.Onların bəziləri bizə yaxşı tanışdır, onların keçdikləri ömür yolu, Azərbaycançılıq və Cümhuriyyət yolunda aramsız fəaliyyətləri haqqında az-çox məlumatımız var. Lakin bir publisist kimi Rəhman müəllim istər bizə məlum olan, istərsə də haqqında çox az məlumatımız olan o şəxsiyyətlərlə bağlı geniş informasiyalar təqdim edir.Bu vaxta qədər tədqiqatçıların nəzərdən qaçırdığı, ya az toxunduğu məsələlərə, onların ömür yolu ilə bağlı faktlara geniş yer verir. Nəticədə, Rəhman müəllimin təqdim etdiyi hər bir oçerk mükəmməl bir sənədli hekayə təsiri bağışlayır.
Kitabda ilk oçerk Cavad Axundov haqqındadır. Məlum olur ki, onun babası Axund Əli Turab Axundzadə Qafqazda böyük nüfuz sahibi, məşhur din xadimlərindən olub. Bu insan öz zəmanəsinin maarifpərvər bir şəxsiyyəti idi, böyük mesenat Hacı Zeynalabdin Tağıyevlə dost idi. Onun vəfat edəndə Hacı Zeynalabdin Tağıyevin məzarının ayaq ucunda dəfn etmişlər. Cavad Axundov da babasına layiq bir şəxsiyyət olmuş, həyatını Azərbaycançılıq idealına həsr etmişdir.O, hələ repressiyaların tam tüğyan etmədiyi 1927-ci ildə, özü də yeni il axşamı ən ağır cəzaya-güllələnməyə məhkum edilib.Təbii ki, oçerkdə Cavad Axundovun tutulmasının səbəbləri də açıqlanır.
Rəhman Salmanlının kitabında Hacıbaba Cəbiyevin, Qaranpapaq Məhəmmədin, Hüsaməddin Tuğacın, Abuzər bəy Rzayevin, Cahangir Ağazadənin, Hacı Rəhim Bayramovun, İsfəndiyar bəy Bədirbəylinin, Ələsgər Şahbazovun -yəni həyat və fəaliyyətləri bizə heç məlum olmayan yaxud ötəri bilinən istiqlal mücahidlərinin keçdikləri ömür yolu ilə tanış oluruq.
Bu oçerklərdən birinin qəhrəmanı-Qazanpapaq Məhəmmədin həyatı o qədər maraqlı və dramatikdir ki, belə bir insanın indiyə qədər bədii ədəbiyyatın qəhrəmanına çevrilməməsi səni təəccüğləndirir. Yaxud milli ordu quruculuğunun fəallarından olan Hüsaməddin TuğacgOnun həyatı da bir romanın mövzusu ola bilər.
Kitabda məni ən çox maraqlandıran oçerklərdən biri də XX əsrin əvvəllərində çoxlarının yaxşı tanıdığı xeyriyyəçi-həkim, publisist, dilçi Qarabəy Qarabəyov haqqındadır.Bəzi əsərlərdə adına cüzi də olsa rast gəldiyim, amma dolğun məlumata ehtiyac hiss etdiyim bu şəxsiyyət haqqında Rəhman müəllim çox geniş informasiya verir, demək olar ki, onun həyatının hər ilini, bu illərdə başına gələn əhvalatları, öz əqidəsindən, idealından dönməyən cəsarətli bir ziyalının ömür yolunu əks etdirir. Yaşadığı illərdə Azərbaycan ən məşhur ziyalıları, ədibləri ilə yaxın ünsiyyətdə olan Qarabəy Qarabəyov bir an belə dinclik bilməmiş, gah Bakıda, gah da ondan kənarda milli dövlətçilik mənafeyini inadla müdafiə etmişdir.Çox maraqlıdır ki, Qarabəy Qarabəyoviyirminci illərin əvvəllərində Nərimanovun rəsmi göstərişi ilə Moskvadakı Kreml xəstəxanasında həkim olmuş, hətta o zaman xəstə yatan V.İ.Lenini də müayinə etmişdir.
Haqqında nisbətən az məlumatım olan bir şəxsiyyət haqqında da məhz bu kitab vasitəsilə geniş məlumat ala bildim.
Hüseyn Cavidlə bağlı bir kitabın redaktəsində mən Xəlil İbrahim adlı bir ədəbiyyatşünasın məqalələrini oxumuşdum. Lakin onun həyatı, ümumən yaradıcılığı bərədə heç nə bilmirdim. Rəman Salmanlı "Unudulmaz Xəlil İbrahim" yazısı ilə bu ehtiyacımı ödədi. Xəlil İbrahim 1937-ci il repressiya qurbanı olmuşdur. O, Şura inqilabından əvvəl Müsavağ partiyasının üzvü, onun Şuşa şəhər özəyinin katibi olmuşdur. O, Ü.Hacıbəyli, S.Hüseyn, S.Mənsur, F.Ağazadə kimi aparıcı ziyalılarla yaxın dost idi. Sovet dönəmində isə bir tənqidçi və ədəbiyyatşünas kimi fəaliyyət göstərirdi, ancaq təbii ki, daim təqib edilirdi. Azərbaycan teatrının və ədəbiyyatının fəal təbliğatçısı, 200-dən artıq məqalənin müəllifi olan Xəlil İbrahimin bütün bü xidmətləri nəzərə alınmadı, onu Müsavatın sıralarında olduğu və guya Şuşada əksinqilabi qiyam hazırlamaqda suçlandırıb həbs edirlər, 46 yaşında -Novruz bayramı günlərində (1938-ci ildə) Nargin adasında güllələyirlər.
Rəhman Salmanlının əksər yazılarında bir maraqlı situasiya da izlənilir. O da bundan ibarətdir ki, müəllif hansı istiqlal mücahidi haqqında söz açırsa, onların övladlarını da unutmur. Məsələn, Rəhman Salmanlının xüsusi rəğbət bəslədiyi və ömür yolundan kitab yaxdığı Vəli Xuluflunun ocağının yadigarları, onların hal-hazırda fəaliyyəti, Xuluflu nəfəsini, Xuluflu irsini yaşatdıqları fotoşəkillərlə təqdim olunur.Xəlil İbrahim ocağının yadigarları kimlərdir? Həyat yoldaşı Gülüstan canım (1905-1967), oğlu Elxan İbrahimov (1921-1981), qızları Solmaz İbrahimova və Gülarə İbrahimova (onların hər ikisi yaşayır, təqaüdçüdürlər)gElxan İbrahimovu mən də tanıyırdım, balacaboylu bir kişi idi. Tərcüməçi idi. 
Repressiyaya məruz qalmış görkəmli sənətkarlardan biri də Hacı Kərim Sanılı idi. XX əsr Azərbaycan poeziyasında xüsusi yeri olan buş air-pedaqoq haqqında Ədəbiyyat tarixi kitablarında çox cüzi məlumatlara rast gəlirik. Mərhum ədəbiyyatşünas Məsud Əlioğlu onun yaradıcılığı haqqında gözəl bir məqalə də yazmışdır.
Lakin Hacı Kərim Sanılının mükəmməl bioqrafiyası, keçdiyi ömür yolu haqqında ilk dəfə Rəhman Salmanlının "Ölüm kamerasında "ürəyi dayanan" şair" adlı oçerk vasitəsi dolğun təsəvvür əldə etdim. R.Salmanlı onun müəllimlik fəaliyyəti haqqında geniş məlumat verir. O, Qori Müəllimlər Seminariyasının məzunu idi.
Ən böyük arzusu bu idi ki, doğulduğu Qazaxın Çaylı kəndində bir məktəb binası ucaltsın, orada dərs desin və çox çətinliklə buna da nail olur. O, "Difai" və "Müdafiə" təşkilatlarının fəaliyyətində də yaxından iştirak edib, maarifçiliklə yanaşı, ictimai-siyasi işlərdə də fəallıq göstərib. Hətta həbs olunub. Azərbaycanda milli hökumət qurulanda Xalq Cümhuriyyəti parlamentinə seçilmişdi. Sovet dövründə də qəzet və jurnallarda ədəbi yazıları ilə çıxış edirdi.Lakin həmişə o dövrkü qarayaxma tənqidin suçlanmalarına məruz qalırdı. Hacı Kərim Sanılın "Aran köçü", "Namus davası", "Trut qaçaqları" poemaları milli dəyərlərimizi, xüsusilə, xalqın etnoqrafik dünyasını əks etdirirdi. Amma di gəl ki, Hüseyn Cavidlə, Əhməd Cavadla bir sırada onu da amansız tənqid edir, köhnəliyi təbliğ etməkdə, guya keçmimşə qayıtmaqda günaşlandırırdılar.Və nəhayət, o da, ozü də qoca yaşında repressiya qurbanı olur.
Rəhman Salmanlı daha bir "!əksinqilabçı şair"i bizə yaxından tanıdır. Bu Əli Razi Şamçızadədir.O Şamçızadə ki, həm Şura inqilabından əvvəl, həm də Sovet dövründə qəzet və jurnallarda müxtəlif mövzuda şeirlərini, publisist məqalələrini çap etdirir, həm də bu qəzet və jurnallarda mücxtəlif vəzifələrdə çalışırdı.
Əsasən satirik şeirlər yazırdı. "O zaman dövrün böyük mütəfəkkiri Cəlil Məmmədquluzadə Əli Razinin satirik yaradıcılığına yüksək qiymət vermiş, "Molla Nəsrəddin"in bir çox nömrələri üçün Razinin satiraları mövzusunda rəssamlara karikaturalar çəkdirmişdir. "Molla Nəsrəddin" 1921-ci ildə Təbrizdə çap edilərkən Cəlil Məmmədquluzadə hətta orada da Razini soraqlayıb tapmış, onun əsərlərini jurnalında çap etdirmişdir".
Bəs niyə tutulmuş, ittiham edilmiş və repressiya qurbanı olmuşdur?
R.Salmanlı yazır: "Şamçızadə Əli Razi Məşədi Yəhya oğlu 7 yanvar 1938-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 643, 70, 73-cü maddələri ilə təqsirli bilinərək Cəncə dairə Fövqəladə Üçlüyün qərarı ilə "1936-cı ildən əksinqilabim fəaliyyəti, terrorçuluq, diversiya (təxribatçılıq) ilə burjua-millətçi təşkilatın üzvü kimi, həmçinin silahlı üsyana-"Şəmkmr davası"na, Gəncə üsyanına, 1929-cu ildə Bakı-Tiflis-Zaqafqaziya dəmir yolunun Şəmkirçay üzərindəki körpünün partladılmasına hazırlıq görülməsində Sovet hökumətinə qarşı apardığı təbliğata görə güllələnməyə məhkum edilir".
Rəhman Salmanlının "İstiqlal mücahidləri" kitabı, zənnimcə, Azərbaycan Xalq Cümhuriyyətinin fədapilərinə həsr olunan, bir çox mətləbləri işıqlandıran faydalı bir kitabdır və müəllifə arzumuz budur ki, bu yolda axtarışlarını davam etdirsin.

TƏQVİM / ARXİV