adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Sentyabr 2018 21:14
31962
LAYİHƏ
A- A+

EL MÜCRÜSÜNDƏ SAXLANAN SÖZ İNCİSİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Yetmişinci illərdə poeziyamızın üfüqlərində təzə bir ulduz parladı. Özüylə dağ çayı kimi gur həvəs, bulaq suyu kimi duru bir nəfəs gətirdi şeirimizə. Seyrək-seyrək olsa da, imzası qəzetlərdə, dərgilərdə görünməyə başladı: Məşədi İsmayıl! O zaman tez-tez çap olunmaq onsuz da çox çətiniydi. Arxasız, kimsəsiz cavanların qabağını isə çox zaman Çin səddi kəsirdi.
Məşədi İsmayıl ilk baxışda çox salğarlı, sanballı, təmkinli görünürdü. Oturuşu, duruşu, sözü-söhbəti yaşından çox-çox qocaydı. Di gəl ki, haqsızlıq görəndə susmurdu, haqqı tapdalayanlarla barışmırdı. Sözü bir dəfə deyərdi, ondan dönməzdi. Kişilik, mərdlik iliyinə, qanına hopmuşdu.
Məşədi İsmayıl istedadlı şairiydi. Az vaxtda özünü tanıtmışdı. Bütün gənc şairlər kimi, o da qaranquş qanadı boyda ilk şeirlər kitabını görmək arzusuyla yaşayırdı. O zaman "qaranquş qanadı boyda kitab" deyimi gənclərin dilindən düşmürdü. Məşədi İsmayıl da hər axşam o kitabın həsrətilə yatıb, hər səhər onu görmək arzusuyla oyanırdı. Onun sözlə dolmuş ürəyi od püskürürdü. Mənə elə gəlirdi ki, atası İsmeyil kişinin dəmirçi körüyünü sinəsinə basıb Bakıya gətirib. Bu körüyün püskürdüyü alovdan gözləri qorxanlar onu get-gələ saldılar. Məşədi İsmayıl nəşriyyatlara ayaq döyməkdən yoruldu, onu süründürənlər yorulmadılar. Hər gün eşitdiyi yalan-yalan vədləri yumaqlayıb, düyçələyib ürəyinə yığdı, günlərin bir günü ürəyi bu yükə dözməyib çat verdi.
Məşədi İsmayıl infarkt oldu. Onda "Azərnəşr"də bir yerdə işləyirdik. Hər şeyi ürəyinə salan Məşədi İsmayıl infarktdan sonra da dəyişmədi. "Dan üzü" şeirində "Can mənimdi, özüm durdum qəsdinə" deyən şair doğrudan da öz canının düşməniydi. Hər adam onun üzünün güldüyünü görməzdi. Bu cür ağır xəstəlikdən sonra da nəşriyyat rəhbərlərinin daş asılmış ürəkləri yumşalmadı. Onun qaranquş qanadı boyda kitabının işıq gələn yollarına fil boyda daş dığırladılar. Kitabının nəşri yenə də ildən-ilə ötürüldü.
Məşədi İsmayıl bir vaxt anasını ellərə, güllərə, tellərə tapşırıb, "Ellər, anam amanatı" adlı bir şeir yazmışdı:

Nə umursa, gözdən umur,
Həvəsimi sözdən umur.
Hər ətrimi sizdən alır,
Güllər, anam amanatı.
Bir döyünən ürək qalıb,
Yalqız qalıb, kövrək qalıb.
Mən gəlmişəm, o tək qalıb,
Ellər, anam amanatı.

O infarkt olanda mən də anasının dilindən "Bakı, oöğlum amanatı" adlı bir şeir yazlb, Məşədi İsmayılı Bakıya amanat elədim:

Beş istəsə beşin varmı,
Döş istəsə döşün varmı?!
Ona layıq işin varmı,
Bakı, oğlum amanatı!
"Oğlun gəlmir yola" nədi,
"Sözə baxa nola" nədi.
Bilirsənmi bala nədi,
Bakı, oğlum amanatı!

Nə deyəcək harda, billəm,
Gözü yoxdu varda, billəm.
Kim kimədi orda, billəm,
Bakı, oğlum amanatı!

Od mənimdi, ocaq sənin,
Oğul mənim, qucaq sənin.
Duaçınam ancaq sənin,
Bakı, oğlum amanatı!

Sən də ana, mən də ana,
Bircə budu sözüm sana.
Qoyma bağrım dönsün qana,
Bakı, oğlum amanatı!

Ancaq Bakı bu amanatı qoruya bilmədi. Məşədi İsmayıl ikinci dəfə infarkt oldu.
Dostlarının da, doğmalarının da bağrını qana döndərdi.
Dağ çayı kimi daşıb kükrəyən Məşədi İsmayıl cavan yaşında dünyadan köçəndən sonra onun "Dağ çayı" adlı qaranquş qanadı boyda ilk şeirlər kitabı işıq üzü gördü. Bu adı onun da, mənim də dostum, gözəl şair Müzəffər Şükür qoydu və kitaba "Bir şair uyuyur Qoşabulaqda" başlıqlı ön söz də yazdı. Kitabın üz qabığında dağ çayının adıyla Məşədi İsmayılın adı alt-alta yazıldı. "Dağ çayı" adı təsadüfən qoyulmamışdı. Aşağıdan üzü yuxarı zirvəyə qalxan Məşədi İsmayılla zirvədən tökülən dağ çayının taleyi arasında bir oxşarlıq varıydı və şair öz sağlığında bunu duymuşdu:

Taleyinlə taleyimin
Yaxın-yaxın oxşarı var.
Birimizin odlanmağı,
Birimizin axarı var.
Bir yolçuyuq yollar ayrı,
Xidmətimiz bu yurdadı.
Sən "əyilən", mən "əyilməz",
Fərqimiz də bax burdadı.

Məşədi İsmayılın varlığı onun sağlığında "Dağ çayı" kitabının yolunda qırmızı işığa dönmüşdü. İndi özü yoxuydu deyə, o qırmızı işıq yaşıl işıqla əvəzləndi. Əgər bu kitab 1989-cu ildə yox, ondan cəmi ikicə il əvvəl işıq üzü görsəydi Məşədi İsmayıl onun sevincini yaşayacaqdı və yəqin ki, ürəyindəki qalaq-qalaq dərdi-qəmi də həmin sevincin istisi, həniri əridəcəkdi.
Məşədi İsmayıl sazın-zözün beşiyində doğulub boya-başa çatmışdı. Saz havalarıyla böyümüşdü, özü gözəl saz çalırdı. Onun sazı əlindən, sözü dilindən düşməzdi. Sazını ürəyinin havasıyla, sözünü də sazının havasıyla kökləyirdi həmişə. Nəfəsi doğulduğu dağların havası kimi tərtəmiziydi, dili içdiyi bulaqların suyu kimi dumduruydu. Sinəsi sözlü ədəbiyyatla, aşıq poeziyasıyla, dastanlarla doluydu. Şeirlərinin mayası bayatılarla, laylalarla, xalq mahnılarıyla, aşıq havacatları üstündə düzülüb-qoşulmuş qəhrəmanlıq nəğmələriylə yoğrulmuşdu. Bütün bunlar da onun qəlbindən süzülüb misralarına hopmuşdu:

Köçdü köçərilər düşməmiş sərin,
Əlindən qurtardı yüz dərdi-sərin.
İndi çəpər üstdə boz sərçələrin
Yığılıb dərdini bölən vaxtıdı.

Burada dilin saflığı, duruluğu, fikrin aydınlığı, dolğunluğu, poetik düşüncənin dərinliyi, deyimin gözəlliyi göz önündədir.
Sanki sözlər inci kimi bir sapa düzülmüşdür. Söz sözü, misra misranı çəkib gətirdiyinə görə hər şey yerli-yerindədi. Onun gəraylılarında bir bayatı axıcılığı, şirinliyi və gözəlliyi var ki, bunlar qəlbinin istisindən, nəfəsinin saflığından süzülüb gəlmişdir.
Çəmənlərdə sərgiyə bax,
Dərələrdə bürküyə bax.
Qayalarda mürgüyə bax,
Hanı yuxu yozan, dağlar!

Bu bənddə gözəl bir mənzərə yaradılıb gözlərimiz önündə canlandırılmışdır. Sözdən çox bir rəssam lövhəsinə bənzəyir bu bircə bənd. Bunlar çoxlarımızın gördüyü canlı lövhələrdir, lakin Məşədi İsmayıl təbiətin bu sirli, sehrli gözəlliyini gözlərilə görsə də, ona elə gəlir ki, bunlar bir yuxudur. Ona görə də dağlara üz tutub yuxu yozanı soruşur ki, gəlib onun gördüklərini yozsun.
Məşədi İsmayılın doğulub boya-başa çatdığı yerlər Koroğlu yurdudu. Onun doğulduğu Qoşabulaq kəndi "Koroğlu" dastanındakı Qoşabulağın adını daşıyır. Bu həmin Qoşabulağıydı ki, köpüklü suyundan içən Koroğluya aşıqlıq, şairlik və nərə verilmişdi. Məşədi İsmayıl da o bulaqdan su içmişdi. Bəlkə elə ona görə Məşədi İsmayılın canında, qanında, ruhunda bir Koroğluluq varıydı:

Qılınc tutdu bir əlində,
Qoç Koroğlu öz elində.
Qocalmadı at belində
Telli sazı çala-çala.

Məşədi İsmayılın Koroğlu ruhu hopmuş şeirləri çoxdur. Bu sözlər onun mərdlik, kişilik, qəhrəmanlıq, igidlik motivli şeirlərinin hamısına aiddir. Onlarda Koroğlunun adı çəkilməsə də, misralara, bəndlərə, hətta bütöv şeirə hopmuş hisslərin, duyğuların hardan süzülüb gəldiyini aydın görmək olur.
Məşədi İsmayıl az yaşadı, az yazıb-yaratdı. Bu Tanrının qismətiydi. O da Tanrının verdiyi ömür payını yaşadı. Onun bu az ömürdə yazıb-yaratdıqlarını poeziya xəzinəmizdə saxlanan balaca bir mücrünün içindəki inci adlandırsaq yanılmarıq.