adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Sentyabr 2018 10:14
9956
DÜNYA
A- A+

RUSİYA-BELARUS SAMMİTİ

Ötən həftənin sonunda Belarus və Rusiya prezidentləri arasında keçirilən görüş, demək olar ki, nəticəsiz başa çatdı. Çünki müzakirə masasına çıxardılan və tərəflər arasında mübahisə predmeti olan çoxsaylı məsələlərin heç biri haqqında konkret razılıq əldə olunmadı.

Əslində ekspertlər şərti olaraq "Soçi-2” adlandırılan bu görüşdən çox şey gözləyir, onun iki ölkə arasında xeyli vaxtdır yığılıb qalan çoxsaylı problemlərin həlli yolunda mühüm mərhələ olacağını düşünürdülər. Elə görüş subyektlərinin, yəni başda birinci şəxslər olmaqla hər iki ölkə rəsmilərinin özləri də xeyli vaxtdır ki, geniş şəkildə hazırlıq görülən bu görüşdən çox şey gözləyirdilər. Sammitin adından da göründüyü kimi bu görüş iki "dost və qardaş” ölkə arasında illərdir yığılıb qalmış problemlərin cözülməsinə bundan əvvəl də cəhd edilmişdi. Yenə Soçidə keçirilən və indi artıq "Soçi-1” adlanan birinci görüş bu ilin avqust ayında keçirilmiş, ancaq mübahisəli məsələlərin çoxluğu ucbatından yarımçıq qalmışdı. O vaxt Putin fikir ayrılığına səbəb olan məqamları ətraflı araşdırmaq və konkret addımlar atmaq üçün daha geniş tərkibli görüşün keçirilməsini təklif etmişdi. Həmin vaxtdan etibarən bu görüşə ciddi hazırlıq görülmüş, baş nazirlər, baş nazirin müavinləri, nazirlər, komitə

sədrləri və mütəxəssislər arasında intensiv danışıqlar, məsləhətləşmələr aparılmışdı. Ancaq 21 sentyabr görüşü göstərdi ki, Belarus və Rusiya zahirən nə qədər "dost və qardaş” ölkə təsiri bağışlasalar da, əslində hazırkı durumda bu iki ölkəni ayıran məqamlar onları birləşdirən məqamlardan daha çoxdur. Başqa sözlə desək, bu diplomatik vurnuxmalar bir daha sübut etdi ki, milli-mənəvi dəyərlər adlı romantik duyğular heç vaxt merkantil maraqlar və şəxsi siyasi ambisiyalar meydanında qol-qanad aça bilməyib.

Biz elə yaşadığımız bu tarixdə həmin duyğuların necə meydan suladığının bir dəfə şahidi olmuşuq. Ancaq bu barədə bir az sonra. Hələliksə Belarus-Rusiya münasibətlərində bu qədər gərginlik yaradan, bu gün həmin münasibətlərin inkişafını faktiki olaraq dalana dirəyən məsələlərə, daha doğrusu, məsələlər toplusuna fikit verək.

Rusiya bütün sferalarda iki ölkə arasında inteqrasiya prosesinin dərinləşməsini təklif və təkid edir. Bu tezisi diplomatik dildən siyasi dilə çevirsək, Belarusu öz vassalı kimi görmək istəyir. Çünki Belarus iqtisadiyyatı hazırkı məqamda Rusiyaya sıx bağlıdır, ondan birbaşa asılıdır. Kreml hələ bir neçə ay bundan əvvəl illərdir Belarusa edilən "karbohidrogen subsidiyası”na "əl gəzdirəcəyini, gömrük rüsumu ödənmədən verilən neft və neft məhsullarının həcmini kəskin şəkildə azaldacağını, ilin əvvəlindən bəri Minskin Ukrayna, Baltikyanı ölkələr və Polşaya reeksport etdiyi benzinə görə kompensasiya tələb edəcəyini,

üstəlik, bu ölkəyə kredit verməyi dayandıracağını açıqlamışdı. Bir çox ekspertlərin fikrincə Kremlin belə bir açıqlama ilə çıxış etməkdə əsas niyyəti bu prosesdən siyasi dividentlər götürməkdir. Yəni, Moskva artıq Belarusa etdiyi iqtisadi güzəştləri siyasi kapitala çevirmək fikrindədir ki, istənilən ölkənin oxşar situasiyada bu cür davranış sərgiləməsi təbii qarşılanmalıdı.

Məlum olduğu kimi hazırda Belarus neft və neft məhsullarını Rusiyadan gömrük rüsumu ödəmədən alaraq onları üçüncü ölkələrə satmaqla xeyli pul qazanır. Reeksportdan əldə edilən gəlir Rusiyanın yox, Belarusun büdcəsinə daxil edilir. Yuxarıda adlarını sadaladığımız reeksport ölkələrisə yumşaq desək, Rusiya ilə isti münasibətlərilə seçilmirlər. Təbii ki, belə vəziyyət öz xarici siyasətində siyasi maraqları həmişə iqtisadi maraqlardan üstün tutan Moskvanı heç cür qane edə bilməz. Odur ki, Belarusa xam neft satışında razılığa gəlməyə hazır görünən Kreml reeksport məsələsini heç danışıqlar predmeti kimi də görmək istəmir.

Ancaq üst-üstə 6 saat davam edən və Belarus prezidentinin təbirincə çox ağır keçən "Soçi-2” sammitində neft və neft məhsullarının satışı müzakirəyə çıxarılan yeganə məsələ olmayıb. Müzakirə mövzusu olan məsələlərin siyahısının nə qədər uzun olduğunu Lukaşenkonun sammitdən bir gün sonra onun yekunlarıyla bağlı Minskidə keçirilən müşavirədəki çıxışından təxmin etmək mümkündür. O həmin müşavirədə bəyan etdi ki,

Soçidə yuxarıda dediyimiz kimi neft və neft məhsullarının satışı, yeni kreditlər, Belarus AES-in tikintisinə ayrılan kreditin qaytarılması müddətinin uzadılması və faiz dərəcəsinin aşağı salınması, kənd təsərrüfatı, sənaye, nəqliyyat sahəsində əməkdaşlıqla yanaşı, üçüncü ölkə vətəndaşlarının Rusiya-Belarus sərhəddini keçmək qaydaları və nəhayət, bağlı qapılar arasında müzakirə edilən hərbi-siyasi əməkdaşlıqla bağlı çoxsaylı məsələlər ətrafında müzakirələr aparılıb. Lukaşenko müzakirə olunan mövzuları sadalasa da, onların hansı barədə razılıq əldə edilib-edilməməsindən kəlmə də kəsməyib. Bu isə heç bir məsələ ətrafında konkret razılıq əldə olunmamsı anlamına gəlir. Çox güman ki, razılıq da həmin məsələlərin hamısı haqqında birdən, necə deyərlər, paket halında (hərçənd, bəzi istisnalar da mümkündür) əldə ediləcək. Bunun üçün ilk növbədə Rusiyanın əsas istəyi, siyasi ambisiyaları təmin olunmalı, Belarus başçısı Rusiyalı həmkarını qıcıqlandıran siyasətindən əl çəkməli və ya onu yumşaltmalıdır. Bu cür qıcıq yaradan məsələlərin siyahısı da elə danışıqlar masasına çıxarılan mövzular qədər genişdir.

Lukaşenkonun Abxaziyanın, Cənubi Osetiyanın müstəqilliyini və Krımın Rusiyaya birləşdirilməsini tanımaması, Ukrayna prezidenti P. Poroşenko ilə yaxşı münasibətlərdə olması, Ukraynaya hərbi-texniki yardım göstərməsi, bütün bunlar azmış kimi Rusiyadan aldığı neftin hesabına həmin ordunu yanacaq-sürtgü materiallarıyla təchiz etməsi, Lukaşenkonun Qərblə əlaqələri genişləndirməsi, nəhayət, Rusiya ilə şəffaf sərhəd

rejiminin fonunda onun 80-dən çox ölkəylə vizasız gediş-gəliş rejimi tətbiq etməsi, nəhayət, Qərbin Rusiyada qadağan olunan ərzaq məhsullarını Belarus malı altında, eləcə də Belarusun öz istehsalı olan süd və süd məhsullarını ucuz qiymətə Rusiya bazarına çıxartması Kremli bərk narahat edir. Ən ciddi narahatlıq isə rəsmi Minskin ölkə ərazisində Rusiya hərbi bazasının yaradılmasına razılıq verməməsidir.

Məlumat üçün deyək ki, hazırda Rusiyanın Belarus ərazisində "Antey” və "Volqa” adında iki hərbi obyekti fəaliyyət göstərir ki, onların da müddəti 2020-ci ildə başa çatır. Moskva hazırda həmin obyektlərlə bağlı müqavilənin müddətini uzatmaq, üstəlik, Polşada qurulması barədə söz-söhbət gedən və prezident A. Dudanın zarafatla "Tramp fortu” adlandırdığı hərbi bazaya cavab olaraq tank, piyada qoşunları və aviasiyadan ibarət böyük hərbi baza yaratmaq niyyətindədir.

Belə görünür ki, Rusiya hakimiyyəti atrıq Belarusla iqtisadi münasibətlərin inkişafında əngəllər yaratmaqla bu ölkəni küncə sıxmaq və onu yenidən özünün forpostuna çevirmək vaxtının çatdığını hiss edib. Odur ki, ekspertlərin fikrincə ilin axırına kimi iqtisadi sahədə Belarusa ediləcək güzəştlərin taleyi rəsmi Minskin Moskvanın siyasi istəklərini necə qarşılayacağından, yəni Qərblə münasibətlərinin dozasını azaldacağından, vizasız rejimi ləğv edəcəyindən, Ukraynayla münasibətləri Rusiyanın istədiyi müstəviyə keçirəcəyindən, mütləq əksəriyyəti hələ də dövlətin

əlində olan Belarus sənaye obyektlərinni rus kapitalı vasitəsiylə özəlləşdirilməsinə yaşıl işıq yandıracağından, Belarus qaz-nəqliyyat sistemini "Qazprom”un nəzarətinə keçirməyə şərait yaradacağından, Belarus eksportunu Latviya və Litva portlarından Leninqrad vilayətinin portlarına keçirəcəyindən, ən başlıcasısa öz ərazisində Rusiya hərbi bazasının yaradılmasına razılıq verəcəyindən asılı olacaq.

Bütün bu deyilənlərdən məntiqi bir sual doğur? Putin birdən-birə indiyə kimi hər şıltaqlığına dözdüyü Lukaşenkoya qarşı nədən öz sərt üzünü göstərməyə, illər boyu qoltuğu altına aldığı bu "dost və qardaş” ölkənin qarşısına bu cür sərt sosial-iqtisadi tələblər qoymağa başlayıb? Sualın cavab məhz həmin iqtisadi tələblərin altında gizlənir. Bu danışıqların sonunda çox güman ki, hər iki tərəf öz istədiyini əsasən alacaq və "dostluq və qardaşlıq” erası zahirən bir müddət də davam edəcək. Ancaq Ukraynada qızışdırılmış separatçılıq dalğasının Rusiyaya gətirdiyi "uğurlar”, Krımın işğalı kimi çağdaş dünyanın siyasi şərtləri altında mümkünsüz görünən bir aksiyanın gerçəkləşdirilməsi ( yeri gəlmişkən, dünya birliyi bu məsələ ətrafında nə qədər ajiotaj qaldırsa da artıq bu faktla barışmış kimi görünür) Kremli daha qətiyyətli addımlar atmağa, slavyan qardaşlarını bir çətir altına toplamağa sövq edir. Bir vaxtlar, konkret desək, Yeltsin hakimiyyətinin son illərində bu iki ölkənin birləşdirilməsiylə bağlı Belarus prezidentinin necə canfəşanlıq etdiyini, yəqin ki, çoxları xatırlayır. Həmin vaxt o, Rusiya və Belarusun iclas salonlarında bu təklifi səsləndirməkdən,bu yöndə təbliğat aparmaqdan yorulmurdu. Onda Yeltsinin xəstə vaxtı idi və bu ümumslavyan patriotizmi Lukaşenkonun şəxsi ambisiyalrıyla şox uzlaşırdıdı. Amma Rusiyadakı hakimiyyət dəyişikliyindən, xəstə Yeltsini cavan, enerjili Putin əvəzləyəndən sonra Lukaşenko bu təklifi bir daha dilinə gətirmədi, onunla birlikdə slavyan təəssübkeşliyinin də üstündən xətt çəkdi. İndi belə görünür ki, estafet Rusiya tərəfinin əlindədir. Putin bu barədə nə bəyanatlar verir, nə də müxtəlif yığıncaqların kürsüsündən alovlu çıxışlar edir. O öz məqsədinə, sadəcə, çoxkombinasiyalı siyasi gedişlərlə çatmaq istəyir. Çünki Ukraynadan fərqli olaraq Belarusda Rusiyaya qatı nifrət bəsləyən millətçi kəsim yoxdur. Burda hədəfə doğru iqtisadi ritorikalarla pərdələnərək də addımlamaq mümkündür. Yeri gəlmişkən, bu günlərdə Polşa qəzetlərindən biri Moskvadakı öz məxfi qaynaqlarına istinad edərək artıq Rusiya-Belarus birgə parlamentinin yaradılmasına hazırlıq getdiyini yazmışdı. Buna paralel şəkildəsə Lukaşenkonun insult keçirməsi, Putinin öz yaxın ətrafına hətta onun varisinin adını açıqlamasıyla bağlı yayılan şayiələr hər iki ölkəni bürüməkdədir.

ANALİTİK XİDMƏT