Faiq QİSMƏTOĞLU: YER ÜZÜNÜN MƏLƏKLƏRİ

FAİQ QİSMƏTOĞLU
54584 | 2018-09-25 13:49
… Payız fəsli gələndə həmişə özümü çox narahat hiss eləyirəm. Çünki bu aylarda mən öz doğmalarımı – atamı, anamı, qardaşımı itirmişəm. Belə düşünəndə hər şey öncədən Allah-Təala tərəfindən insanın taleyinə yazılır. Yəni hər bir adam Allah-Təala tərəfindən yazılmış nə varsa hamısını ömrünün son anına qədər yaşayır və görür. Mən Allahı çox sevən adamam və heç vaxt da ulu Yaradanın işinə qarışan deyiləm. Onun verdiyi sevinc də, kədər də, dərd də mənim üçün çox doğmadır. Və səbrli olanda, Allaha sığınanda bu dərd necə gəlibsə, eləcə də adamdan uzaqlaşır…

Son yazımda bildirmişdim ki, sentyabrın 17-də Mərkəzi Gömrük Hospitalında əməliyyat olunacam. Və sentyabrın 17-si həm də ağır gün idi. Çünki həmin gün dərslər başlanırdı, on minlərlə insan iş yerlərinə şəxsi nəqliyyat vasitələrilə getməliydilər. Və məni də tanışlarımdan biri səhər saatlarında Mərkəzi Gömrük Hospitalına aparmalıydı. Həkimim tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva bildirmişdi ki, səhər saat 9-nun yarısında hospitalda olum. Ancaq elə oldu ki, məni aparan sürücünün maşını texniki nasazlıq nəticəsində yarıyolda qaldı. Bu an isə tanımadığım bir maşın yanımda saxladı. Dedi ki, əmi, görürəm çox narahatsınız, gəlin əyləşin maşına, hara lazımdı aparım. Maşına əyləşdik, yolda tıxacların olmsına baxmayaraq, Vüqar adlı taksi sürücüsü bizi vaxtında hospitala çatdırdı. Lazımi vəsaiti ödəyəndən sonra yenidən qan analizləri verdim və həkimim Aynur xanım bu analizlərin nəticələrinə baxdı. Ancaq bir gün əvvəl ürəyimlə bağlı qandurulducu dərmanı qəbul etməyim müəyyən problemlər yaratmışdı. Rəşad həkimin və digər həkimlərin mənimlə söhbətindən sonra bu məsələnin bir o qədər də ciddi olmadığı aydınlaşdı. Lakin ürəyimə stend qoyulması ilə əlaqədar olaraq məni yenidən exo-kardioqrama elədilər. Müayinədən iki saat keçəndən sonra həkimlər ortaq məxrəcə gəldilər ki, əməliyyata götürülüm. Əməliyyata məni arabacıqda sarışın bir oğlan apardı. Əməliyyat otağına yaxınlaşanda dedi ki, mənimki bura qədərdi. Burdan o yana səni bu tibb bacısı aparacaq. O tibb bacısı da məni ayağa qaldırdı, qolumdan tutub əməliyyat otağına apardı. Çox ürəkli idim. Çünki əməliyyata getməmişdən öncə həmişə olduğu kimi, «Qurani-Kərim»in dörd surəsini «Əl-Fatihə», «Əl-İxlas», «Əl-Fələq», «Ən-Nas» surələrini ürəiymdə oxudum. Özüm də hiss etmədən mənə qeyri-adi bir inam və güc gəldi.


… Əməliyyat masasının üzərinə uzandırdılar. Əvvəlcədən həkimlərlə razılaşmışdım ki, mənə belimdən narkoz versinlər. Elə belə də etdilər. Həkimlərdən biri yenidən məni ayağa qaldırdı. Qarşımdakı oğlan başımı aşağı əydi. Onurğa sümüyümə keyidici iynə vurdular. Daha doğrusu, elə bu narkoz idi. Və bir də həkimimə demişdim ki, mən əməliyyat anını görmək istəyirəm. Həkimim də bununla razılaşdı. Ancaq dedilər ki, birdən monitorda baxanda həyəcanlanıb eləyərsən. Artıq əməliyyat başlamışdı. Cərrah-proktoloq, gözəl insan və mənim çox böyük hörmət elədiyim Aynur Səfiyeva öz komandası ilə əməliyyata start vermişdi. Onun ətrafında nə az, nə çox 14 tibb işçisi vardı. Monitorda əməliyyatın necə getdiyini, həkimlərin hansı çətinliklərlə üzləşdiyini bir daha özüm görürdüm. Qətiyyən həyəcanlanmadım. Son ana qədər əməliyyata monitorda baxdım və heç bir sıxıntı yaşamadım. Düzdür, qurşaqdan aşağı hər şey donmuşdu. Hətta ayaqlarımın belə varlığını hiss eləmirdim. Nə ağrı vardı, nə də həyəcan. Mənim başımın üstündə və ətrafımda isə tibb işçilərindən Türkan( anestrezist), Türkanə (anestrezist), Nərmin (anestrezist), Türkan (əməliyyat tibb bacısı), Cavid (texnik), Tural həkim (anestexioloq), Bəylər həkim (assisent) dayanmışdılar. Onların hər birinin öz vəzifəsi vardı və hər biri də bu vəzifəni vicdanla yerinə yetirirdi.

Cərrah-proktoloq və mənim bacım qədər çox istədiyim Aynur Səfiyeva sevinclə dillənir:
- Faiq müəllim, hər şey uğurla bitdi. Əməliyyat yaxşı alındı. Keçmiş olsun!

… Onun alınında tər damcıları görünür. Eləcə də digər tibb işçilərinin çöhrəsində bu təri aydın hiss edirəm. Sanki çiyinlərimdən ağır yük götürülür…

Bir müddət reanimasiya otağında qalıram. Yenə ətrafımda əməliyyat zamanı başımın üstündə dayanmış yer üzünün mələklərini görürəm. Düzdür, onların xalatları ağ deyil, göydür. Amma bu göy xalatlı tibb işçiləri və eləcə də məni əməliyyat eləmiş cərrah-proktoloq Aynur Səfiyeva Allahın yer üzünə göndərdiyi mələklərdi. Və Allahın yer üzünə göndərdiyi bu mələklər hər gün mənim kimi neçə-neçə insanı ölümün pəncəsindən xilas edib həyata qaytarırlar…

Cərrah-proktoloq, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva barəsində bir neçə kəlmə demək istəyirəm. O, Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Bir müddət Bakıdakı 6 nömrəli xəstəxanada internatura keçib. Sonra Gürcüstanda Tbilisi şəhərində klinikada işləyib. 2004-2007-ci illərdə isə Səudiyyə-Ərəbistanının Abu-Anesh Mərkəzi Hospitalında ümumi cərrah-proktoloq vəzifəsində çalışıb. İtaliyanın klinikasında təcrübə keçib. Türkiyənin İstanbul və Ankara şəhərlərindəki məşhur klinikalarda kursda olub və böyük təcrübə toplayıb. 2009-cu ildən isə Mərkəzi Gömrük Hospitalında cərrah-proktoloqdu. Bir sözlə, Aynur xanım nəinki ölkəmizdə, hətta xaricdə tanınan məşhur cərrahlardan biridir.

Reanimasiyadan sonra məni hospitaldakı 412-ci palataya gətirirlər. Əvvəlcədən qeyd edim ki, əməliyyata getməmişdən öncə palatada müalicə olunan çox nurlu bir insanla tanış oldum. Bu Füzuli Talıbov idi. Əməliyyata gedində mənə ürək-dirək verirdi. Dedi ki, qorxub eləmə, hər şey yaxşı olacaq. Elə hər şey də yaxşı oldu. Bir neçə saatdan sonra durumum yaxşılaşdı. Təzyiqim qalxsa da, onu da qaydaya qoydular. Günortadan sonra vəziyyətim bir az da sabitləşdi. Axşam saat 11-də həkimlər məni ayağa qaldırdı. Bu anlara qədər mənə tibb bacısı Emma xanım çox böyük diqqət yetirdi. Sisetmlərimi o köçürürdü və lazımi nəzarəti də bir göz qırpımında yerinə yetirirdi. Burdakı tibbi presonalın xidməti İstanbuldakı klinikaların xidmətindən heç də geri qalmırdı. Əksinə, səliqə-səhmana görə, ondan bir qədər də unikal idi. Xəstələrin yanına kim gəlirsə, mütləq ayağına qoruyucu geyir. Hətta xəstəxananın baş həkimi Elman Məmmədov da içəri girməmişdən dəhlizdə bu qoruyucunu ayağına taxır. Bu da şübhəsiz baş həkimin başqalarına nümunə göstərməsidi. Əgər baş həkim bunu eləyirsə, deməli, xəstəni ziyarətə gələnlər və digər insanlar daha öncə bu vasitələrdən istifadə etməyə borculudur.
Axşam saat 6-9 arasında ziyarətə gələnlər olur. Mən heç kəsə bir söz deməmişəm. Təkcə baldızımın oğlu Seymur gəlib. Ona da demişəm ki, heç kimə bildirmə. Çıxandan sonra qohum-əqrəba xəbər tutar. Füzuli müəllimin qızı və qızının həyat yoldaşı ziyarətə gəlib. Çox tərbiyəli gənclərdi. Bir azdan isə Füzuli müəllimin qardaşı, məşhur yazıçı Aqşin Babayevin oğlu gəlir. Füzuli müəllim onlarla məni tanış eləyir. Deyir ki, bu oğlan Aqşin Babayevin oğludur. Aqşin Babayev çox ləyaqətli, istedadlı və tanınmış bir ziyalıdır. Müxtəlif dövrlərdə məsul vəziflərdə çalışıb. Heç vaxt başqaları kimi özündənrazı olmayıb. Gənclərə, ehtiyacı olanlara əl atıb. Elə oğlu da onun kimi sadə və səmimidi. Söhbətimiz alınır və bir-birimizlə daha ətraflı tanış oluruq. Gecə saat 12-də Füzuli müəllimin durumu ağırlaşır. Tibb bacısı İradə xanım əldən-ayaqdan gedir. Bir azdan Füzuli müəllimin qardaşı və hospitalda həkim-nevropotoloq işləyən bacısı Mənsimə Talıbova gəlir. Digər həkimlər də dəvət olunur. Həkimlərin operativ müdaxiləsindən sonra dostum Füzuli müəllimin durumu yaxşılaşır. Səhərə qədər isə tibb bacısı İradə xanım bir an da olsun onu nəzarətdən qoymur. Həmin axşam yaxşı yata bilmədiyinə görə, mənim özüm də Füzuli müəllimin narahatlığını görürəm və tibb bacısının da köməkliyini hiss eləyirəm. Səhər açılanda yenidən həkimlər gəlir, münayinəyə başlayır.

Ayın 19-u səhər saat 9-da baş həkim Elman Məmmədov özü xəstələrə baş çəkir. Onların durumu ilə maraqlanır və lazımi tapşırıqlar verir. Bir qədər sonra isə mənim çox böyük hörmət elədiyim həkimim Aynur Səfiyeva öz komandası ilə palataya gəlir. Yaraya baxır, deyir ki, hər şey normaldır. Yenidən tibb bacıları əməliyyat olunmuş yeri sarıyırlar. Tibbi xidmətə görə, mən bir daha Aynur həkimə təşəkkür eləyirəm. Deyirəm ki, siz Hippokrat andına sadiq insansınız. O da deyir ki, təşəkkür etməyə ehtiyac yoxdur. Hippokrat andından da əvvəl hər bir həkimin vicdanı olmalıdır. Yadıma böyük yazıçı Vikto Hüqonun bu sözləri düşür: «Vicdan insanın Allahıdır». Deməli, vicdan varsa, orda haqq-ədalət heç vaxt tapdanmaz.

Sonra qalxanvarı vəzi ilə bağlı analizlər verdim. Öyrənirəm ki, mənim klinikaya xeyli borcum var. Evə zəng edib həyat yoldaşımdan pul gətirməyi bildirirəm. Bunu eşidən Füzuli müəllim deyir ki, heç bir narahtlıq keçirmə. O məsələni özüm həll edəcəm. Və mənim xəbərim olmadan klinikaya olan borcumu ödənildiyini öyrənirəm. Sonradan bilirəm ki, bunu Füzuli müəllim edib. Mən ömrümdə iki dəfə sevincimdən ağlamışam. Bir dəfə Mərkəzi Klinik Xəstəxanada müayinə olunandan sonra Firdovsi həkim dedi ki, ürəyində açıq əməliyyat olunmayacaq. Onda sevincimdən kövrəldim. Bir də indi Füzuli müəllimin bu cür xeyirxah əməlindən gözlərim yaşardı. Sevindim ki, nə yaxşı dünyada belə insanlar var. Və dünya da belə insanların çiynində odduğuna görə, hələ dağılmayıb. Tanımadığın adam sənə əl tutursa və arxa durursa, bu Allahın möcüzəsi deməkdir.

… 412-ci palatda və eləcə də digər palatalarda həmin günü bu tibb bacıları pasiyentlərə çox vicdanla xidmət elədilər: Emma, Fatma, Nigar, İradə, Eldanə, Aysel, Arzu, Ruhiyyə, Sevinc, İlahə, Pərvin, Rəmiziyyə, Qala. Bu insanlar sözün həqiqi mənasında vicdanlarının səsilə hərəkət edirdilər. Bu insanlar həm də Allahın yer üzünə göndərdiyi mələklərdi. Bu insanlar xəstələrə öz sevgilərini, hərarətini verirdilər. Başqalarını deyə bilmərəm, onların bu sevgisi, bu məhəbbəti ömrümün sonuna qədər mənim yadımdan çıxmayacaq.

Mənim böyük müəllimim, böyük yazıçı, böyük insan Qulu Xəlilovun bir povesti var: «Yaşamaq istəyirəm». Elə bu povestin qəhrəmanı da, əzab-əziyyəti yaşayan da Qulu Xəlilov özüdü. Düz 11 dəfə professor Qulu Xəlilov ağır cərrahiyyə əməliyyatı keçirib. Həyat eşqi və daxili inam onun qəlbində heç vaxt sönməyib. Və mən də son 2 ildə beş dəfə əməliyyat keçirmişəm və hamısında da Allahın köməkliyi ilə uğurla qurtarmışam. Mənim başqa şeydən bəxtim gətirməsə də, həkim sarıdan bəxtim gətirib: tibb elmləri doktoru, professor Müşfiq Həsənov, tibb elmləri doktoru kardio-cərrah Firdovsi İbrahimov, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva, tibb elmləri namizədi kardioloq Rafiq Yusifli və gözəl həkim nevrepotoloq İdrak Həsənov! Allahın və bu həkimlərin gücüylə mən ağır əməliyyatlardan sağ-salamat çıxmışam. Çünki Allahın göy üzündəki mələkləri ilə yanaşı, yer üzündəki mələkləri də bizi ağır xəstəliklərdən ulu Yaradanın əliylə xilas edib.

P.S. Əməliyyvat olunduğum günlərdə və xəstə yatdığım vaxtlarda mobil telefonuma çoxlu sayda zənglər gəlib. Bunlar hamısı mənim səhhətimlə maraqlanan insanlardı. Kimin zənginə cavab verməmişəmsə, məni üzrlü saysınlar. Səhhətimlə maraqlanan bütün dostlara, yaxınlara minnətdarlığımı bildirirəm!..


TƏQVİM / ARXİV