adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Sentyabr 2018 11:42
30911
ƏDƏBİYYAT
A- A+

Atamın ayaqqabıları - Orxan Saffaridən YENİ HEKAYƏ

Adalet.az gənc yazar Orxan Saffarinin "Atamın ayaqqabıları" adlı yeni hekayəsini təqdim edir. 


Səhər oyanıb görəndəki həyətimiz nurani babamın saqqalıtək ağarıb; sevincindən yerimdə hoppanıb düşdüm, əllərimi bayraqtək havada yellədim. İçimi xoşbəxt bir həyəcan bürüdü. Tez keçən ildən qalma köhnə paltomu geyindim, papağı və şərfi də taxıb həyətə düşdüm. Bircə əlcəyim yox idi...

***

Atam heç yerdə işləmirdi, əlillikdən aldığı pul ilə dolanırdıq. Bəlkə də bir əlcək almağa pulu çatardı, amma atama bunu deməyə ürək eləmirdim. Özümün də pul yığmağa həvəsim yox idi.

Amma qar... Vaxtından tez yağdı. Bir az gözləsəydi nə olardı ki? Əllərim əlcək görüb sevinərdi. İndi iri əllərimi corabların içinə həbs eləmişdim. Qıraqdan baxanda qarnınızı tutub gülə bilərdiniz bu mənzərəyə... Mənsə xoşbəxt idim. İlk qarın sevincindən əlcək də vecimə deyildi. Sonradan da almadım, nədənsə. Əlcəksiz də keçinmək olardı...

Onda günümüz ancaq qartopu oynamaq, qar adam düzəltmək, bir də buz bağlayan yerlərdə sürüşməklə keçərdi. Yolda maşınları da qar atəşinə tuturduq, bəzən bir-birimizi yerə yıxıb ağzımıza qar təpirdik. Səhəri gün qızdırma içində uzaqdan görünən pəncərəmizin arxasında uşaqlar sevinclə, qışqır-bağırla qar topu oynayırdı. Biz çarpayıda büzüşüb baxardıq eləcə. Boz-bulanlıq mənzərə içimizdə tərifsiz kədər oyadardı...

Həmin il qış sərt keçdi. Hər gün bir neçə saat dayanmadan qar yağırdı, gecələr çovğun olurdu. Onu deyirdim axı... Atam işləmirdi. Əlcəyim yox idi. Qar isə hər gün üzlü qonaqtək həyətimizə soxulurdu...

Qarlı günlərdən biri həyətdəydik. Uşaqlarla qar adam düzəltmişdik. Bu dəm anamın məni səslədi, qar xışıltısının arxasından yeksənəq səsi gəlirdi. Güclə eşidirdim.

Dabanıma tüpürdüm. Anam mənə baxanda hiss elədim ki, bütün bədəni xorla qışqırır: "Hava soyuqdu. Üstün-başın düz-əməlli deyil. Birdən xəstələnsən, nə edərik? Dədən də işləmir. Dərman pulu var bunun, həkimə getməyi var. Hardan tapacayıq pulu?”

Anamın gözlərində yazılan bu cümlələrdən bərk utandım. Qapının aralığından evə dürtüldüm. Soyuq, qarı özü ilə dartıb gətirən külək kürəyimə vurdu. Dostcasına... Elə bildim ki, hər şey yaxşı olacaq. Gülümsündüm bekara...

Corabları çıxardanda əllərim yalan danışan bir adamın yanaqları kimi qıp-qırmızı idi. Əlimi-əlimə sürtə-sürtə qızınmağa çalışırdım. Bir köhnə qaz sobamız da var idi. Nə yaxşı ki, sağ-salamat yerindəydi. Hər gün gəlib onun dibində otururdum...

Qış girəndən anam daha çox sulu yeməklər bişirərdi. Elə evə girəndə də qızışmaq üçün bir kasa isti borş verdi. Soyuq havanın əsl yeməyidir bu. Buğlanan borşa baxıb xoşbəxtcəsinə gülümsündüm.

Sarımsaqlı qatıqla bir kasa borşu ləzzətlə içəri ötürdüm. Anam zoğal mürəbbəsi ilə çay da gətirdi. Buzum əridi. Pəncərə tərəfə boylananda uşaqların sevinc qışqırıqlarının qulağıma dəydi, həvəsim oyandı. Təzədən həyətə düşüb oynamaq üçün anama dil tökdüm:

- İcazə ver, çıxım gəzim... Heç olmasa... Tez gələcəm, nolar... Qurban olum... Bütün uşaqlar çöldədi...

Anamın üzünə təbəssüm qondu.

Sevincək evdən çıxmağa hazırlaşırdım ki, qapının ağzında gözüm atamın yan tərəfi cırılmış ayaqqabılarına sataşdı.. Kefimi pozmamaq üçün "yəqin başqa ayaqqabısı var da atamın" - deyib öz ayaqqablarımı geyinib evdən çıxdım.

Soyuq məni vuranda qulağıma evdəki səslər gəldi:

Anam: "Bu qədər pulla nə edəcəyik? Uşağın məktəb pulu var, ev-eşiyin pulu var...”

Atam susmuşdu deyəsən... Sözlərin arasına uğultu dolmuşdu ya da. Xatırlamıram indi...

Mənim heç vaxt bir topum belə olmadı. Hələ başqa oyuncaqları demirəm. Heç onların varlığından xəbərim yoxdu. Başqa uşaqlarda görmüşəm o oyuncaqları. Bəzən atam nəyisə almaqdan ötrü aylarla aldadırdı məni. Gülə-gülə yalan danışır, kürəyimdən vurub deyirdi ki, darıxma, yaxşı olacaq.

***

Evdən çıxan kimi uşaqların daha çox yığışıb oynadığı, bizdən iki küçə arxada yerləşən məhləyə üz tutdum. Həmin küçəyə də çatmamış zibillik var idi yolun üstündə. Ordan keçəndə gözüm daşın üstünə qoyulmuş qalın, boğazlı ayaqqabılara sataşdı. Təptəzə görünürdü...

Yaxınlaşıb baxdım. Elə bil ayaqqabıları mağazadan alıb gətirib qoyublar ki, kimsə geyinsin. Atamın ayaqqabıları yadıma düşdü. Amma evə qayıtmağa da ərindim. Tez daşın arxasına qoydum ki, qayıdan kimi götürərəm.

Nədənsə, həmin gün o məhləyə də getmədim. Yadıma bir rus qadın düşdü. Dostumgilin məhləsində taxtadan koma kimi düzəldilmiş yerdə yaşayırdı. Bir ara zibillikdə gecələdiyini görmüşdüm.

Küləyin qarı sovurub apardığı kimi, məni də hansısa qüvvə həmin məhləyə apardı. Fikirləşirdim ki, görəsən, nə edir indi orda? Hava çox soyuqdu axı.

Ora çatanda gördüm uşaqlar qar topu oynayırlar. O qadın yadlarına düşmürdü bəlkə də. Həm də niyə düşsün ki? Qarı buraxıb, qadının yanına gedəcək uşaq görmüsünüz? Mən görmüşəm. Gülməyin. Özümü deyirəm...

Komaya yaxınlaşdım. Açığı, qapını açmağa qorxdum. Sınıq-salxaq yer idi. Qadın zibilliyin içində yatırdı. Üstü açıq qalırdı. Anam kimi gecələr onun üstünü örtən biri lazımıydı o qadına. Deyəsən, arada-bir qonşular ona yemək verirdi. Heç olmasa qarnı doyurdu...

Tez fırlanıb arxa tərəfdən hasara qalxdım.

Qalxmaz olardım kaş, görməzdim bu mənzərəni. Elə bil külək bir topa qarı çırpdı sifətimə. Bədəninin yarısı qarla örtülmüş cəsədlə qarşılaşdım. İlk dəfə idi ki, ölü görürdüm. Ağzı və gözləri açıq qalmışdı. Tez qışqırıb uşaqları da çağırdım. Hamı hasara çıxıb baxmağa başladı. Çox keçmədi ki, qonşular da səs-küyümüzə çıxdı, bizi qovdular ordan. Özləri qapını açdılar... Daha sonra maşın çağırıb meyidi apardılar.

Sonrasını biz uşaqlar bilmədik. Yəqin ki, kimsəsizlər məzarlığında basdırdılar. Başqa nə ola bilərdi ki?

Kor-peşman evə qayıtdım. İti addımlarla gedirdim ki, evdəkilərə də danışım gördüklərimi. Yolumu da həmin zibillik olan məhlədən saldım ki, orda olan ayaqqabıları da götürüm, atama aparım. Zibilliyə çatanda gördüm ki, ayaqqabılar yerində yoxdu. Ora-bura nə qədər baxsam da tapa bilmədim. O cəsəddən sonra əhvalımı düzəldəcək ayaqqabılar da sovruldu göyə. Axı onu atama aparacaqdım, axı atamın ayaqqabıları çox köhnə idi.

Evə çatanda bir anlıq yerimdə dondum. Zibillikdəki ayaqqabılar qapımızın ağzında gülümsəyirdi. Qapını atam açdı. Saçını külək qarışdırdı, üzünə qar dənəcikləri qondu.