adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 22:45
5527
GÜNDƏM
A- A+

NAMUS QURBANI...

AZƏRBAYCAN PROKURORLUĞU- 100

"Prokurorluq orqanı hüquq - mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün əsas vasitədir.
Prokurorluq peşəsi hörmətli, şərəfli peşədir. Prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir."
Heydər ƏLİYEV

İstedadlı yazıçı - jurnalist, hüquqşünas, "Həsən bəy Zərdabi", "Cəfər Cabbarlı" və "Rəsul Rza" Mükafatları laureatı Rafiq Hacıyevin imzası mətbuatda və ədəbiyyatda kifayət qədər tanınanlardandır. Belə ki, onun qələmindən çıxan publisistik yazılar, kriminal oçerklər, sənədli hekayələr, povestlər həmişə öz aktuallığı ilə oxucu diqqətini cəlb edibdir.
Rafiq Hacıyevin qanunçuluğumuzun keşiyində sayıqlıqla, cəsarətlə dayanan prokurorluq əməkdaşlarının çətin, çox gərgin, məsuliyyətli və daim narahat işindən bəhs edən və bu orqanın 80 illik yubileyinə həsr olunan "İstintaqı peşəkarlar aparır" adlı kitabı da çox oxunaqlı nəşrlərdən sayılmaqdadır.
Azərbaycan Respublikası Baş Prokurorluğunun məsul əməkdaşı olmuş Rafiq Hacıyev "Başsız qadının sirri..." beş hissəli istintaq romanı üzərində yaradıcılıq işini başa çatdırıb. Onun bu sənədli romanı sovet dönəmində baş vermiş xüsusilə ağır cinayət hadisəsindən bəhs edir. Zamanında respublikada həm də çox məşhur olan bir şəxsin adı ilə bağlı olmasıyla geniş əks-səda doğurmuş bu cinayətin gizlinləri çoxlarına bələd olmadığından, bu gün əsər bütün nəsillərdən olan oxucular üçün maraq doğurur. Heç şübhəsiz sujeti hər hansı uydurma motivlərdən uzaq olan bu sənədli romanın çox oxunaqlı olmasını şərtləndirən bədii məziyyət onun yüksək sənətkarlıqla yazılmasıdır. Özündə cinayətin geniş coğrafiyasını və həyati obrazların təzadlı psixoloji yaşantılarını birləşdirən əsər əvvəlindən sonuna qədər oxucusunu gərgin vəziyyətdə saxlaya biləcək bədii qaynaqdır. Ədəbi-bədii şərhinə görə Azərbaycan ədəbi məkanında oxşarı olmayan bu sənədli romanın da yer alacağı kitabda toplanmış sənədli povest və hekayələrin qəhrəmanları yenə də qanunçuluğumuzun keşiyində dayanan istintaq işçiləri - müstəntiqlər, prokurorlar və onlara daima yaxından kömək edən polis əməliyyatçılarıdır.
Müəllif bu dəfə də prokurorluq əməkdaşlarının ağır, gərgin, məsuliyyətli fəaliyyətini əks etdirməyə çalışıb, yaradıcılıq işinə böyük həvəslə, orqan işçilərinin əməyinə dərin rəğbət və maraqla yanaşıb, qələmə aldıqlarını oxuculara dolğun və şirin bir dillə çatdırmaq üçün bacarığını əsirgəməyib. Maraq doğuracağına inanaraq, "Başsız qadının sirri..." kitabına daxil olan sənədli hekayələrdən birini oxucularımızın diqqətinə çatdırırıq.

"Allahı güldürmək istəyirsinizsə, ona gələcək planlarınızdan danışın".
Vudi Alen.

...Məhkəmə prosesi başa çatıb. Müttəhim, zərərçəkmiş, şahidlər danışıb, hakimin, xalq iclasçılarının, dövlət ittihamını müdafiə edən prokurorun, vəkillərin suallarına cavablar verilib, cinayətin başvermə səbəbləri, törədildiyi şərait-hər şey, ən xırda məsələlər belə dərindən və hərtərəfli araşdırılıb, hadisənin tam mənzərəsi canlandırılıb.
Söhbət açacağım qanlı müsibətdə acılı-şirinli, qəm-qüssəli, iztirablı çalarlar, ibrətamiz məqamlar çoxdur. Nələr yoxdur bu əhvalatda? Qürbətdə çalışıb ailəsinin çörək qeyrətini çəkən bir gəncin faciəli qismət payı, aldadılmış, həddi buluğa çatmamış, qızlar bulağından hələ təzə-təzə su içən yeniyetmənin dəhşətli, amansız qətli, prokurorun, müstəntiqin və istintaq zamanı onlara kömək göstərən polis əməliyyatçılarının yuxusuz gecəsi əlvan mozaika kimi bir-birinə qarışıb.
İttihamnamədə və hökmdə qətl geniş təsvir olunub. Mən də yazıda bu yolla gedəcəyəm, yəni 1997-ci il oktyabrın 24-də Ağdaş rayonunun Aşağı Ləki kəndində törədilmiş xüsusilə ağır cinayətlər barədə sizə bir qədər müfəssəl danışacağam...


...EVƏ BÖYÜK
ARZULARLA QAYIDIRDI

...Vaqonlar silkələndi. Sərnişin qatarı içini arıtlayıb kəhilti ilə tərpəndi. Təkərlər relslərin üstündə fırlanıb özünü bərkitdi və qatar asta-asta yola düşüb canlı məxluq kimi sevinə-sevinə Bakı vağzalından çıxaraq havanı uzun bir fit səsi ilə sarsıtdı. İntizarlı baxışlar, yellənən yaylıqlar, "yaxşı yol!" - deyə pıçıldayan dodaqlar arxada qaldı.
Qaranlığa bürünmüş çılpaq yollara topa-topa işıq səpələyib, fit səsləri ilə arabir zülməti dilə gətirən qatar sürətlə getsə də, Gülağa - sərnişinin adı belə idi - kupenin pəncərəsindən gözlərini ulduzlu gecəyə zilləyib maraqla çölə baxırdı və ona elə gəlirdi ki, vaqonlar relslərin üstündə takka-tukla irəliləmir, ağır-ağır sürünür.
Lakin havada, fənərlərin dövrəsində qırmızı qığılcımlar uçurdu. Öz dəli qaçışından məst olmuş qatar tez-tez sevinclə fit verirdi.
Şimaldan gələn Gülağa iki sutkasını yolda keçirmiş, iki dəfə - Moskvada və Bakıda - qatar dəyişmiş, buna baxmayaraq Ağdaşa etdiyi üzücü səfərin axırına yaxın onun həyəcanı nəinki yatmamış, əksinə bir ildən də çox görmədiyi anası, bacıları və qardaşları ilə qarşıdakı görüşün oyadacağı xoş təsirdən fikirləri daha da coşmuşdu.
Qatar sürət götürüb mülayim oktyabr gecəsinin qoynunda ləngər vura-vura stansiyaları sayırdı. Təkərlər relslərin birləşdiyi yerlərdə taqqıldayır, taqqıldayırdı. Və həmişəki kimi uzaq yollar mahnısını aramla oxuyur və Gülağaya deyirdilər:
- "Tələsmə, evə az qalıb... Tələsmə, evə az qalıb... Taq...taq... taraq... taq..."
Yolların başı üzərində ulduzları par-parıldayan payız səması dayanmışdı: səma qatarla birgə irəli gedir, qatardan geri qalmırdı. Gecənin qaranlığını qatarın uzaq, coşğun və yel kimi çox sürətlə şığıyan fiti doldururdu.
Çöldəki mənzərə o qədər ürəkaçan idi ki, vaqonun pəncərələri adamlarla əhatə olunmuşdu. Çimir döyən yaşlı insanlar mürgünün yapışqanlı yuxusunu hörümçək toru kimi üzlərindən silmişdilər.
O ulduzlu oktyabr gecəsində yuxarıda göy qübbəsi "min bir çiçəkli, min bir yarpaqlı" idi və aşağıda sərnişin qatarında isə...
...Gülağa papiros çəkmək üçün kupedən dəhlizə çıxdı, vaqonun pəncərəsini aşağı salıb, başını çölə çıxartdı. Külək üzünü ətirli qız saçı kimi qıdıqladı. Çoxdan görmədiyi azərbaycanlı ulduzlar ona və yerə baxırdı. Gecənin saflığı, çayların, şırıldayan bulaqların sərinliklərini toplamış son dərəcə sakitləşdirici təravət onun çöhrəsini oxşadı, boynunda-boğazında gəzdi. Baxışları uzaqlara, lap uzaqlara dikildi.
Ay da doğmuşdu-yeyin uçuşan buludların arasından çıxıb parıldayırdı. Qəliblənmiş Ayın ziyası oyuq-oyuq çökəklərə dolur, pambıq dənizini qarlar səltənətinə oxşadırdı. Qatar-qatar ilbizlərin, isa-musa, anadil quşlarının oxumaları da qəlbə bir qəriblik səpirdi.
Gülağa diqqətlə çöl-bayırı seyr eləyirdi. Elə bil gördüyü hər şeyi yadında saxlayacaqdı ki, sonra kiməsə danışıb, hafizəsinin necə iti olduğunu yoxlasın.
Vaqondakılardan heç kəs onu tanımırdı. Heç bilmirdilər ki, hardan gəlib, hara gedir.
Dəhliz boyu pəncərələrin qarşısında dayanaraq söhbət edən, deyib-gülən sərnişinlərin sırası yavaş-yavaş seyrəlirdi. O, isə dodağında siqaret közərə-közərə gah yaxınlaşan, gah da qaranlıqda boyundan açılıb itən mirvari dənələrinə bənzər işıqlara baxırdı. Nələr düşünürdü bu uzun yollarda? Xatirələrimi, gecənin ulduzlu səmasınımı, uyğulu düzənlərimi, qaranlıqla sillələnmiş dərələrimi? Yoxsa mürgülü dayanacaqları özüylə aparmaq istəyirdi?
Vaxt ağır-ağır keçir, təkərlər isə yenə bayaqkı kimi öz mahnısını aramla oxuyur və Gülağaya deyirdilər:
- "Tələsmə, evə az qalıb... Tələsmə, evə az qalıb... Taq...taq... taraq... taq..."

Papirosuna
sonuncu qullabı

da vurub öz kupesinə keçdi. Yumşaq vaqonun bələdçisi yatacaq dəyişəyi gətirmişdi. Cəld əsgərcəsinə soyunub adyalın altına girdi və qollarını başından dala uzadıb gözlərini tavana zillədi. Gah közərən, gah da öləziyən şimşəkvari tellərin qızartısına tamaşa elədi. İşıqlar can verən adamın ürəyi kimi gah döyünür, gah da nəbzini itirirdi.
Gülağanın gözünə yuxu getmirdi. Pəncərədən düşən Ay işığında fikri, düşüncələri əlçimlənib darandıqca quş olub uçur, teyləm-teyləm teylənirdi. Anası, bacıları və qardaşları ilə görüşün sevinci yuxusunun kürəyinə söykənirdi...
...Taleyin bölüb verdiyi və qırıq-qırıq xatirələrdən ibarət 26 illik ömrü kino lenti kimi gözlərinin önündən keçirdi. Dünyaya təzəcə qarışan vaxtlarından kəndlərindən ayrılmışdı. Dörd il idi ki, atası Əlibala kişi vəfat etmişdi. Evin böyük oğlu olduğundan altı bacı, üç qardaş və bir ana onun ümidinə qalmışdı. Atasından sonra dolanışıqları çətinləşdiyindən, üstəlik də iş tapa bilmədiyindən kənddən baş götürüb Rusiyanın şəhərlərinə getmişdi. Harada işi tutmuşdusa, orada da məskən salmışdı. Hal-hazırda Moskva şəhərində qərarlaşmışdı. Bir sözlə, min bir məşəqqətlər içərisində çalışır, qazancından mütəmadi şəkildə evlərinə göndərirdi ki, anasının və uşaqların maddi cəhətdən korluqları olmasın. Vaxt tapanda iki ildə bir dəfə ata ocağına baş çəkirdi.
Qəlbindəki arzular bir-birinin ardınca sıralanmışdı: əvvəlcə subaylığın daşını atacaqdı, ürəyinin istəyi ilə könlünü elə öz kəndlərindən seçdiyi, onu bəyənən qızlardan birinə verəcəkdi. Öz ailəsi, balaları olacaqdı.
Sonra da ki...
Qardaşlarının, bacılarının xoşbəxt gələcəyi.... Onların naminə dünyanın lap o başına da gedərdi işləməyə-təki evlərindəki bu fidanlar bəxtəvərliyə qovuşsunlar, anası da baxıb sevinsin. Ailədə ata əvəzi olmağın məsuliyyət yükünün ağırlığını dərindən dərk edir, ağsaqqallığından qürurlanır, zövq alırdı Gülağa. Elə bil içindəki sevincə su səpmişdilər və daxili başlamışdı çiçəkləməyə. Çiçəklər üzündə, gözündə, dodaqlarında gizlənmişdi...
...Bir siqaret yandırmaq üçün yerindən durub geyindi və kupedən dəhlizə çıxdı.
Qatar səhərə yaxın Ləkiyə çatacaqdı. Onu burada heç kim qarşılamayacaqdı. Çünki nə vaxt gələcəyini bildirməmişdi: "Axı, anamı, evdəkiləri niyə yuxudan eyləyim? Kirimişcə gedərəm, qapını döyüb deyərəm: - Sabahınız xeyir, bu da mən, gəlmişəm".
Qatar yenə əvvəlki sürətlə gedir, təkərlər əvvəlki mahnısını oxuyur və Gülağaya deyirdilər:
- "Tələsmə, evə az qalıb... Tələsmə, evə az qalıb... Taq...taq... taraq... taq..."
Dəhlizdə duran sərnişinlər öz kupelərinə çəkilmişdilər. Yəqin indi şirin yuxuda idilər. O, isə yata bilmirdi. Viktor Hüqo demişkən o, zülmət içərisində sayrışan ulduzların gözə görünən cah-cəlalı ilə uca tanrının gözə görünməyən cah-cəlalından mütəəssir olaraq qəlbini məchulluq aləmindən gələn fikirlərə açıb dərin düşüncələrə dalmışdı. Kainatın hər şeyə nüfuzedən nuraniliyi qarşısında sanki vəcddən əriyir, qəlbində nələr baş verdiyini heç özü də dərk etmirdi. Fikirlər onu ötən illərə qaytarırdı. O, vaqonun pəncərəsindən boylanan sərnişin kimi bir anlığa öz içindən bayıra - ömrün unudulmayan çağlarına boylanırdı.
Xatirələr isə gecə vaxtı təyyarə meydanındakı qırmızı işıqlar kimi düzülmüşdü. Gülağa fikrini cəmləşdirir, yenə yaddaş kələfini çözələyirdig
...- "Oğul, ailənin bütün yükü sənin çiyinlərindədir. Mən çox zəhmət çəkdim, Allah ömür payımı bura qədər yazıbmış. Allahla allahlıq etmək olmaz ki? İndi ağırlıq sənin üstündədir. Bütün əzablara qatlaşmalısan..." - Sanki atasının səsi onu keçmiş illərdən çağırdı.
-"Kaş ki, Allahın altında atam sağ olub mənim bu günümü görəydi" - Gülağa fikirləşdi.
Lakin, bu istək, arzu əlçatmaz, ünyetməz idi. Oğlan özü də bunu başa düşdüyündən üzünə qonmuş ani kədəri uçurtdu. Təzədən arzularına qayıtdı. Onların mütləq həyata keçəcəyinə inamı gücləndi. Gələcəyə bəslədiyi ümiddən doğan ruh yüksəkliyinin birdən-birə bütün varlığını çulğaladığını, ona qeyri-adi bir qüvvə gəldiyini hiss etdi. Ürəyindəki sevinc çırağının işığı daha da gurlaşdı. Bu çırağın nurunu heç kəs söndürə bilməzdi.
- Baxaq hələ irəlidə nələr olur... - Gülağanın fikirli baxışlarında uzaq bir ümidin qığılcımı titrədi. - Görəsən tale bizi hara aparır, bizə nə vəd eləyir?

Gecə düşüncələri

Kupedəki digər sərnişinlər artıq yeddinci yuxuda idilər. O isə yatmayıb pəncərədən qaranlıq çölə tamaşa edirdi. Gözlərində haçansa itirdiyi bir sevincin, bir səadətin xatirələr arxasına çəkilən solğun sarılığı vardı.
Sanki ona vida deyən o işıq da, o sarılıq da qatı zülməti yara-yara son nəfəsində Gülağanın gözlərinə güclə gəlib çatırdı. Ötən günlərə qayıtmaq isə göynərtili olduğu qədər də ovundurucu idi...
...Gecə uzun çəkirdi. Vaqonlar cilovu yığılmış yorğa at kimi yorta-yorta gedir, adama yuxu gətirirdi. Qatar Ləki stansiyasına yaxınlaşırdı. Təkərlər yolayrıcı relslərdə taqqıldayır və yavaş gedən vaqonlar yırğalanırdılar. Xatirələrin şirin bir aləmində bələdçinin səsini eşidib yerindən qalxdı: pəncərədən dumanlı payız sübhünün toranlığı azacıq hiss olunurdu. Gülağa səssizcə üst qatdan düşüb, yol yoldaşlarını oyatmasın deyə, ayaqlarının ucunda kupedən çıxdı.
Yol gözətçisinin pəncərəli evi sürətlə keçdi. Gözətçi yol ayrıcında dayanmışdı və onun əlindəki sarı-yaşıl bayrağı meh tənbəl-tənbəl tərpədirdi. Gülağa yarıqaranlıq tamburda durub siqaret çəkə-çəkə gecənin səssizliyinə tamaşa edirdi.
Aramsız - aramsız cırıldayan relslərin, "taqqatuq"la gecənin yuxusunu qırıb tökən təkərlərin yeknəsəq səsi adamın beynini deşirdi. Su qülləsi, yolun o biri tərəfindəki evlər yavaş-yavaş yanından ötüb arxada qalırdı.
Sərnişin qatarı platformaya yaxınlaşırdı.
Gurhagurla gələn qatarın qabağında "Ləki" yazılmış birmərtəbəli kiçik dəmir yolu stansiyasının binası sanki zağ-zağ əsirdi. Relslər boyunca odlu işarələr sayrışırdı. Vaqonların qarşısına qaçan relslərin get-gedə daha da ucalan iniltiləri eşidilirdi. Qatar bir az yavaşıdı, elə bil ki, götür-qoy eləyirdi dayansın, ya dayanmadan getsin?
Amma qatar dayanacağını qət etmişdi, vaqonlar güclə sürünürdü. Onlar yel xəstəliyinə tutulmuş qocanın sümükləri kimi sızıldayırdı. Bir az da, bir az da yavaşıdı və nəhayət, qatar platformaya yaxınlaşıb dayandı. Yarıqaranlıq vaqon pəncərələrindən yuxulu sifətlər, başlar, çiyinlər göründü...
...Gülağa qatardan düşdü. Gecənin səhərə yaxın dərin sükutu ətrafı bürümüşdü. Ancaq stansiyada paravozların hərdən kəsik fit səsi eşidilirdi. Sonra vaqon təkərlərinin yeknəsəq, ahəngdar səsi gəlirdi.
Bir-neçə dəqiqə keçəndən sonra sərnişin qatarı ağır-ağır nəfəs alıb fit verdi, təkərlər relslərə sürtüşüb qıcıldadı, vaqonlar ilk hərəkətdən bir-birinə toxunaraq şaqqıldadı, yerindən qopdu, çalxalana-çalxana tərpəndi. Qatar stansiyanın "yaşıl küçə"si ilə irəliləyib tez sürət götürdü. Təkərlərin səsi qulaq deşməyə başladı: "Taq - taraq, taq - taraq..." Sonra vaqonlar qaranlıqda gözdən itdi. Ancaq uzaqlarda bir şeyin uğuldadığını və qaranlıq gecənin daha dərinliklərinə doğru irəlilədiyini eşitmək mümkün idi.
Saniyələr ötdü və gurultu azaldı, uğultu kəsildi.
Gülağa sonuncu vaqonun qırmızı işığı gözdən itəndən sonra sərnişin platformasından perrona gəldi. Vağzalda və perronda gözünə adam dəymədi. Dəmiryoluna çıxdı. Parlaq, düz, boş, uzaqlara qaçan relslər bomboş idi. O, dəmiryolu xəttini keçdi, relslər semafor işığında iki yaşıl ox kimi bir anlığa bərq vurdu və sonra o işıq yenə oradan uzaqlaşdı.
Stansiyanın ağaclar əkilmiş kiçik bağında ötən quşların nəğməsini eşitmək yalnız gecənin bu vaxtı mümkün olurdu...
...Gülağa Aşağı Ləkini ağuşuna almış mürgü dumanına sığınmış stansiya ilə ayaqüstü görüşüb ayrılarkən saat 5-ə işləyirdi. Artıq dünən qurtarırdı. Bu gün başlanırdı. Başlanan bu gün parabolik qanadlı bir körpü kimi qabarıb qalxacaq, o biri ucu ilə sabahın sahilinə enəcəkdi və necə ki, dünən, necə ki, bu gün, eləcə də sabah bu dünya Gülağanın qarşısında, Gülağa da bu dünyanın qarşısında heyrət içində üz-üzə dayanacaqdı - bir-birindən sirli iki möcüzə kimi.
O, stansiyadan çıxıb evlərinə doğru istiqamətləndi. Ətrafda bir kimsə yox idi. Quşların səsi ağacların şənliyinə qarışmışdı. Ağacların ad günü idi elə bil.
Kəndin başından uzun ban səsi eşidildi" "quq... qulu... quuu!". Xoruz elə bil öz səsinə heyran olmuşdu: hay-harayı xeyli uzandı. Oradan-buradan başqa xoruzlar da onun səsinə səs verdi. Bu, hələ xoruzun ilk banı idi: səhərə xeyli var idi.
Elə bil dörd dövrədə nə vardısa hamısı - həyət-bacalar, bağ-bağatlar, əkin-biçinlər, boz kirəmitli evlər uzun yol gəlib yorulmuş yolçular kimi yükünü yerə qoyub nəfəs dərir, dincəlirdi. Yollarda, cığırlarda heç kəs gözə dəymirdi. Sanki kənd sakinləri hələ bir çimir də yuxu almaq istəyirdilər.
Kiçik arxı keçib dayandı. Şehə batmışdı. Əlini belinə qoyub əyri-üyrü cığırlara, doqqazların ağzına gedən yollara tamaşa etdi.
Körpəlikdən gəzib dolaşdığı bu yerlərin elə bil ətrini sinəsinə doldurub saxlamağa çalışdı. Arxın qırağı ilə məktəbə getdiyi, uşaqlarla deyib güldüyü günləri xatırladı. Doluxsundu.
Bir neçə dəqiqədən sonra ata ocağına yaxınlaşacaqdı. Seyrək duman içində evlərin taxtapuşları görünürdü. Sıx ağaclarla dövrələnmiş tanış evlər, həyətlər... Gözləri öz evlərini axtardı. Bəs onların evi hanı?..

...Evlərində hamı
yatmışdı.

Hənirini ilk olaraq ortancıl qardaşı Əliağa aldı. Qucaqlaşıb-öpüşdülər. Hal-əhvaldan sonra sakit bir guşəyə çəkilib xeyli dərdləşdilər. Gülağanın sevindiyindən yuxusu tamam çəkilmişdi. Yatmaq istəmirdi. Bu il birinci gəlişi olduğundan ürəyi dolu idi. Ona görə də qardaşına danışmağa aman vermir, anasını, bacılarını, qardaşlarını, sonra da qohum - əqrəbanı soruşa-soruşa həsrətinin soyuğunu sözündə - söhbətində qızdırırdı.
Amma... Qəfil eşitdiyi xəbərdən Gülğanı elə bil ildırım vurdu. Dodaqlari kip bağlandı. Ürəyinin yelçəkərindən içinə sanki qılınc kimi bir sazaq əsdi. Qulaqları küyüldədi. Dişini dişinə sıxdığından çənəsi kilidləndi. Alnının qırışları sıxlaşdı. Çuxura düşən gözləri az qaldı ki, hədəqəsindən çıxsın, bəbəklərinə qan sağıldı. İşləməkdən qabırğaları çıxmış sinəsi qalxıb düşdü. İçərisi göyüm-göyüm göynədi: təndir qalamışdılar elə bil, ciyərləri qor bağlamışdı, nəfəsi ağzından od kimi çıxırdı.
Qeyri-ixtiyari qatarda gecə ürəyində yaşatdığı arzuları xatırladı. Sızıldadı. Acı-acı gülümsündü: "Bu da Allahın tale qisməti, Allahın alın yazısı..." Kövrəldi.
Baxışları ətrafı dolandı, qayıtdı və gözləri dola-dola bir də diləklərinə tərəf boylandı - uzaq, yaşıl adada bundan sonra solacaq, quruyacaq və heç vaxt çiçəkləməyəcək diləklərinə. İndicə aldığı xəbərin acı küləyi bütün arzularını xəzəl eləyirdi. Kirpiklərinin bayaqdan toxunub oyatdığı göz yaşları yatmaq bilmirdi ki, bilmirdi. Ağlamaq tutmuşdu onu və bu ağlamaq kişini qeyrətsiz edən o ağlamaqdan deyildi...
Daha evə dönmədi. Anası Bibixanımla, bacıları və qardaşları ilə görüşməyib həyətdən çıxdı...
...Üfüq ağarırdı. Gecə nəfəsini dərə-dərə çəkilib gedir, dünyanın, insanların görüşünə təzə-tər, körpə bir səhər gəlirdi. Yarpaqlar həzin-həzin titrəşir, sanki sehrli bir mahnı pıçıldayırdı.
Payız günəşi zəngli saat kimi oktyabrın 16-nın sübh yuxusuna haray salırdı...
(ardı növbəti sayımızda)