adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 16:20
18776
MƏDƏNİYYƏT
A- A+

“Bu, yaradıcılıq azadlığına məhdudiyyətdir” – Deputatdan ETİRAZ

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişikliklər zamanı deputatlar arasında fikir ayrılığı yaranıb.

Modern.az-ın məlumatına görə, qanun layihəsinin müzakirəsi zamanı deputat Jalə Əliyeva tütün və tütün məmulatlarının bir çox yaradıcılıq sahələrində qadağan edilməsinin anlaşılan olmadığını bildirib.

"Mən Mədəniyyət komitəsinin iclasında da bu məsələyə toxundum, ancaq qaneedici cavab almadım. Ona görə indi yenidən bu məsələnin aydınlaşdırılmasını istəyirəm. Bəli, filmlərdə bunu hardasa etmək olar. Amma teatr tamaşalarında və teatr səhnələrində bunu qadağan etmək düzgün deyil.

Axı, elə əsər var ki, orada siqaret, tütün məlumatı, siqaret çəkən şəxs təsvir olunur. İndi biz kiməsə durub deyəcəyik ki, teatrda, teatr tamaşasında siqaret çəkmək olmaz? Bu, həm də yaradıcılığa, yaradıcılıq azadlığına məhdudiyyət qoyulması deməkdir. Biz siqaretlə, tütündən istifadə ilə bağlı mübarizəni alqışlayırıq, bu, lazımdır. Amma bunu yaradıcılığa gətirib çıxarmağın mənasını heç cür anlamaq və qəbul etmək mümkün deyil”.

Deputat bu məsələyə dəqiqlik gətirilməsinin vacibliyini qeyd edib. Komitənin digər üzvü deputat Musa Quliyev isə bu qadağanın vacib olduğunu bildirib. "Məsələn, hansısa əsərdə Səməd Vurğunun və ya Çörçilin siqaret çəkməsi sənhəsinin olduğu kimi göstərilməsi əslində siqaretin təbliği deməkdir.

Biz isə siqaretin, tütün məmulatlarının reklam edilməsinin məhdudlaşdırılmasını, qadağan olunmasını istəyirik. Qanunumuzda da indi bu məsələnin əksini tapması olduqca vacibdir. Burada yaradıcılıq azadlığına da heç bir məhdudiyyətdən söhbət gedə bilməz”.