adalet.az header logo
  • Bakı 7°C
26 Sentyabr 2018 10:00
83366
MÜSAHİBƏ
A- A+

Murad Arif: “Söyüşcül olmaq istəyirdim” - MÜSAHİBƏ


- Murad bəy, Sumqayıtda anadan olmusunuz. Uşaqlığınızı necə xatırlayırsınız? Daha çox hansı oyunu oynayırdınız? Necə bir uşaq idiniz?

- Biz buna "Çijik" deyirdik, amma "Çiling-ağac" kimi də tanınır bu oyun... Bundan başqa "Dava-dava", futbol, bir sözlə məhlədə nə oynayırdılarsa, bütün oyunlarda var idim. Bir balaca tərbiyyə, ədəb baxımından məhlə dostlarımdan seçilirdim və bu mənim xoşuma gəlmirdi. Mən də onlar kimi, dalaşqan, söyüşcül, daha sərbəst olmaq istəyirdim. Hərdən məndə də alınırdı...

- Həm aparıcılıq edirsiniz, həm bəstəkarlıq, həm də müğənnilik. Harda özünüzü daha rahat hiss edirsiniz?

- Yazıb, oxumaq mənim üçün bir həyat tərzidir, qarşısı-alınmaz bir ehtirasdır... Aparıcılıq isə xarakterdir. Xarakter etibariylə, sual verməyi, öyrənməyi, araşdırmağı sevirəm. "Musiqiçi" və ya "Aparıcı" olmağı müqayisə etməliyəmsə, daha çox peşəkar aparıcı adlandıraram özümü... Bununla belə, bəzən düşünürəm ki, yazdığım "Bu şəhər ikimizə dar" və ya "Sənə ehtiyacım var" mahnıları, xalqa daha çox lazımlıdır... Hər işimi sevərək yapıram, heç biri rahat və ya asan başa gəlmir.

- Nə vaxt özünüzdəki istedadı kəşf etdiniz. Mahnılar, aparıcılıq və s.

- Artistlikdən danışırıqsa, mən buna "istedadı kəşf etmək" deməzdim. Bu mənimlə doğulan, içimdən gələn şeylərdir. Ağlım kəsəndən, susmuram, gecə-gündüz yazır, oxuyuram... Musiqi dəlisi bir uşaq idim. Sadəcə özümü ifadə etməyə fürsətim yox idi... Aparıcılıq da həmçinin... Söz ehtiyatı, oxuduğun kitablar, cümlə qurmaq, sual çıxartmaq keyfiyyətləri məni mediyaya gətirdi... Sonra da,mahnıları çıxartdıq.

- Sizin mahnılarınızı da bəzən "mövsümi mahnılar” hesab edirlər. Öz mahnılarınıza münasibətiniz necədir?

- Zaman göstərir ki, arasında 8-10 il sevilən nəğmələrim var. Amma mövsümə işləmək, hit yapmaq halva görünməsin. Sevinirəm ki, çox zaman hədəfə vururam və inanın ki, "Hit yazmaq" çox bahalı qabiliyyətdir, hər müğəninin də cibi üçün deyil.

- Bu yaxınlarda "Səni deyirəm” mahnısına sıradan xalq musiqisidir demişdiniz. Necə düşünürsünüz? Bu mahnını lağ edənlər də oldu, onun havasına qol qaldırıb oynayanlar da...

- Dediyim kimi, həmin aksiya, o taylı-bu taylı azərbaycanlıların həmrəylik fləşmobu idi. Buna pis yanaşmaq doğru deyil. Mahnı kimi də bir çox xalq mahnılarımız kimi, səthi və dərin olmayan sözlərdən ibarət, Ruhani üstündə oxunan şən motivdir. Biz bəzən hər şeyə muxalif yanaşıb, ağıllı görünmək istəyirik. Problem də budur. Mən şəxsən qıcıqlanmadım. Amma maşınımda da dinləmərəm.

- Adətən efirdə olan adamlar – müğənnilər, aparıcılar savadsızlıqda ittiham olunur. Deyirlər ki, onlar kitab oxumur, düzgün danışa bilmir. Siz isə öz intellektinizlə seçilirsiniz. Həmkarlarınızda bu hallarla rastlaşanda nə hislər keçirirsiniz?

- Təəsüf ki, intellektli "selebriti" görmək nadir hadisədir. Əslində cəmiyyət hansı intelektual səviyyədədirsə, seçdiyi idollar da o tələbə cavab verir. İdollar hansı səviyyədədirsə, mediya da, gündəm də, xəbərlərin, verilişlərin mövzuları da ona uyğunlaşır... Bir az da bu səbəbdəndir ki, 4 aydır, verilişlərə çıxmıram. Bir çox həmkarlarımın yaşadığı dəyərlər, danışdığı söhbətlər və müzakirəyə çıxartdığı məsələlər mənə maraqlı gəlmir.

- Ümumiyyətlə, kitab oxumaq aparıcı və müğənni üçün nə qədər əhəmiyyətlidir?

- Kitab oxumayan aparıcı bir fəlakətdir. Necə ola bilər ki, sənin "əmtəən" söz ola, cümlə ola və sən kitab oxumayasan...?! Müğənniyə də vacibdir... Çünki özün dərin olduqca oxuduğun misralar da dərinləşəcək. Əks halda, quşlar da oxuyur, heyvanların da gözəl səsi çıxır də... İnsanın "fişkası" düşünmək və düşündürməkdir axı. Məsələn, Müslim Maqomayevin ifasında "О море, море" dinləyərkən düşünürsən ki, bəlkə də Heminqueydən təsirlənib, ya da Ayvazovskinin rəsmlərindən ilhamlanıb... Oxuyan dərindir deyə, nəğmə də dərinləşir və o dərinlik idi bütün Sovetləri, ziyalıları valeh edən. Amma indiki uşaqlardan çoxu mahnı oxuyanda, həmin dərinliyi tapa bilmirsən. Söhbət vokal gücündən, texnikadan getmir, söhbət şəxsiyyət olmaqdan gedir. Müğənnilikdə də belədir... Kitab oxumursansa, cahillərə toxunacaqsan, kitab oxuyursansa ziyalılara...

- Yerli yazarlarımızı oxuyursunuzmu?

- Məktəb illərində çox oxuyurdum. Son 10 ildir ki, dünya ədəbiyyatından ayrıla bilmirəm. Amma, dəyərli Vagif Gərayzadənin tövsiyəsiylə "Əsrimizin Səşiyavuşu"-na başlamağı planlaşdırıram.

- Türkiyədə və Rusiyada yazıçılarla dostluq edən, onları təbliğ edən müğənnilər oldu. Bizdə isə bu tendensiya yoxdur. Sizcə, belə bir təşəbbüslə çıxış etmək olarmı? Məsələn, tanınmış müğənnilərimiz gənc yazıçılarımıza dəstək olsun, onların məşhurlaşmağında rol oynasın?

- Hansısa kitabdan, əsərdən təsirlənsəm, məmnuniyyətlə... Sadəcə, alıb hələ oxumadığım 10-larla kitab evdə məni gözləyir.

- Sonda… Hazırda nə işlə məşğulsunuz? Yeniliklər varmı?

- Həddindın artıq evdar adamam. Ailəmlə, uşaqlarımla məşğulam. Məclis, səhnə, təcili işim olmazsa, evdən çıxmaram. Studiyada layihələrim hazırlanır... 3 yeni mahnı üzərində iş gedir. Arıqlayıram (gülür)... Aparıcı kimi, Youtube layihəsi olan "POPUMUZ VAR" verilişi üzərində işləyirəm. Yeni klip, fotosessiya gəlir... Belə.


Söhbətləşdi: Ayxan Ayvaz