adalet.az header logo
  • Bakı 6°C
22 Sentyabr 2018 13:17
9115
MƏMLƏKƏT
A- A+

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Mingəçevirdə seminar təşkil edib

Sentyabrın 21-də "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Mingəçevir şəhərində seminar təşkil edib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili" adlı seminarda, adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara cəlb edilməsindən, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb. 

Təşkilat sədri Lamiyə İsazadə bildirib ki, qloballaşma şəraitində milli mənəvi dəyərlərimizin ciddi aşınmalara məruz qalması həqiqətən də narahatlıq doğurur. Milli mənəvi dəyərlərimizi qorumaq üçün ilk növbədə Azərbaycan gəncliyinin mənəvi ruhunu yüksəltmək və islamı düzgün təbliğ etmək lazımdır. Burada əsasən din xadimlərinin üzərinə böyük vəzifələr düşür: Onların üzərinə düşən vəzifələrdən biri islamın düzgün şəkildə təbliği, gənclərin öz milli və mənəvi dəyərlərini qorumağa səsləməkdir. Təşkilat sədri onu da qeyd edib ki, bu gün gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur. 

Seminarda Dini Qurumlar üzrə Dövlət Komitəsinin Mingəçevir şöbəsinin rəhbəri Əlisa Fərəcov, Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbin direktoru Elşən Əzim, Mingəçevir Ruhi Əsəb Dispanserinin psixiatrı Şəmsinur Hüseynova və digər ziyalılar çıxış edərək, valideynləri və uşaqları bu mövzuda geniş maarifləndiriblər.