adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Sentyabr 2018 09:22
40398
GÜNDƏM
A- A+

ZƏKULLA BAYRAMLININ FÜZULİ DÜNYASI

Filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlının "Füzuüligvəg" ("Elm və təhsil", 2018) məqalələr toplusu çapdan çıxıb. Doğrusu, Füzuli və onun yaradıcılığı ilə bağlı hər bir məqaləyə, monoqrafiyaya hədsiz maraqla yanaşıram. Səbəbi budur ki, Füzuli mənim ən sevimli şairimdir və hər gün onun şeir külliyyatını, xüsusilə Azərbaycanca divanını vərəqləməmiş yata bilmirəm. Və eyni zamanda Füzuli yaradıcılığı ilə bağlı heç bir məqaləni oxumamış rahat olmuram. Füzuli elə böyük söz ustadıdır ki, tədqiq olunduqca bitib-tükənmir və hər bir tədqiqatçı özünün Füzuli dünyasından söz açır. Zəkulla Bayramlının Füzuli ilə bağlı sırf tədqiqat xarakterli bir sıra məqalələri də Füzuli haqqında təzə söz kimi diqqəti cəlb edir. Bu da təsadüfi deyil, Zəkulla Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirib, on dörd il bundan öncə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "Füzuli yaradıcılığı və çağdaş ədəbi-nəzəri fikir" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.Hal-hazırda da "Klassik Azərbaycan nəsrinin "Füzuli mərhələsi" adlı doktorluq dissertasiyası üzərində işləyir. Zəkullanın Füzuli məhəbbəti təbii ki, onun öz içində, klassik poeziyaya sevgilərindən yaranıb. Amma bu sevgini alovlandıran bir insanı-onun müəllimi, görkəmli füzulişünas, professor Sabir Əliyevi də unutmaq olmaz.
Zəkullanın kitabında on səkkiz məqalə toplanıb və onların on yeddisi müasir füzulişünaslığın bu və ya digər bir problemi ilə bağlıdır. Hiss olunur ki, Zəkulla Füzuli yaradıcılığına yaxşı bələddir, Füzulini dərk etmək üçün onun şeir dünyasına bələd olmaq, şairin poetik sistemini və ümumən Şərq poeziyasının qanunauyğunluqlarını mənimsəmək mühüm şərtdir. Sabir müəllimin "Füzuli alim şairdir"kəlamı əbəs yerə deyilməyib. Füzuli haqqında əsrlərdir ki, söz deyilir, bir-birini təsdiq edən və bir-birini təkzib edən mülahizələr irəli sürülür və deməli, Füzuli "davası" bitmir. Zəkulla Bayramlı öz yazılarında ən görkəmli füzulişünasları istinad edir, amma çalışır ki, nəsə təzə söz desin. Bu gün biz Həmid Araslı, Mir Cəlal, Məmməd Cəfər, Mirzağa Quluzadə, Fuad Qasımzadə, Əkrəm Cəfər, Sabir Əliyev, Azadə Rüstəmova, Əlyar Səfərli, Samət Əlizadə kimi "klassik" füzulişünasların əsərlərindən bəhrələnirik və Azərbaycan füzulişünaslığına yeni tədqiqatçıların (məsələn, Lalə Əlizadə, Teymur Kərimli, Gülşən Kəngərli-Əliyeva kimi) gəlişinə sevinirik. Məncə, Zəkulla Bayramlı da Füzuli qafiləsinin sonuncularındandır.
"Bağdaddan doğan günəş" məqaləsində müəllif füzulişünaslıqda artıq təsdiq olunmuş, onun həyatı və yaradıcılığı ilə bağlı mülahizələr diqqəti cəlb edir. Füzulinin Bağdad yaxınlığında yerləşən Kərbala şəhərində doğulması ("Ey Füzuli, məskənim çün Kərbəladır..), bir çox təzkirəçilərin onu "Füzuli Bağdadi" kimi təqdim etməsi, şairin uşaqlıq və gənclik illərinin Kərbəlada, Nəcəfdə, Hillədə, Bağdadda keçməsi, deyilənə görə müəllimi Xacə Rəhmətullahın qızına dəlicəsinə vurulması, dövrün hökmdarları ilə münasibəti, doğulub boya-başa çatdığı ərəb İraqından kənara çıxmaması, bütün Yaxın və Orta Şərq ədəbiyyatına, ictimai-fəlsəfi fikir tarixinə yaxından bələd olmasıgbütün bunlar məlum fikirlərdir, necə deyərlər, bu məqalə deyilənlərin təsdiqidir-xatırlama məqsədi daşıyır. Ancaq sonrakı məqalələrdə mənzərə dəyişir. "Füzulinin doğum tarixi doğru deyildir" məqaləsində Zəkulla Bayramlı əsaslı dəlillərlə sübut edir ki, sovet dövrü bütün ədəbiyyat tarixi və dərsliklərində göstərilən doğum tarixi kimi 1494-cü ilin haradan, nəyə və hansı tarixi vəsiqəyə əsasən göstərilməsi mübahisəlidir. Odur ki, Z.Bayramlı bir çox tədqiqatçılara istinad edərək belə bir nəticəyə gəlir ki, Füzuli təxminən 1480-85-ci illərdə doğulmuşdur. Bu yazıda müəllif Füzulinin öz şeirlərinə də üz tutur. Çoxlu misallar gətirir, burada birini xatırladaq: "Ərəb dilində qələmə aldığı bir qəsidəsində Füzuli tamamilə qocaldığını, dünyadan doyduğunu, daha heç bir arzu və marağı qalmadığını söyləyir:

Qocalmışam, daha yoxdur muradım aləmdə,
Mənə əvəz doğa bilməz qısır qalan dövran.

Yəqin razılaşarsınız ki, orta yüzillərdə 50-60 yaşında olan bir adam belinin ikiqat büküldüyünü, həyatdan əlini üzdüyünü, artıq dünyada heç bir arzu-istəyinin qalmadığını söyləməzdi. Bu, yalnız dünyanın hər üzünü, isti-soyuğunu görmüş və ən başlıcası, 70-75 yaşı adlamış ahıl qocalara akid edilə bilər".
İki məqalədə Zəkulla Bayramlı füzulişünaslıqda nisbətən az toxunulan məsələlərə münasibətini bildirir. "Füzuli divanlarının "Dibaçə"ləri klassik nəsr örnəkləri kimi" və "Füzulinin məktubları-ədəbi-tarixi qaynaqlar kimi" məqalələrini nəzərdə tuturam. Klassik şeir divanları dibaçələrlə başlayır, divana giriş xarakteri daşıyan dibaçələrdə şairin həyatı, mühitit, yaradıcılığı, bəzi ədəbi-estetik məsələlər barədə, həmçinin dövrünün vacib ictimai-siyasi hadisələrinə münasibət əks olunur. Füzuli divanlarındakı dibaçələr də bu baxımdan çox səciyyəvidir. Amma Z. Bayramlı Füzuli divanlarındakı dibaçələri həm də klassik nəsr örnəkləri kimi təhlil edir. Çünki bu dibaçələr səcli nəsrlə yazılmışdır, Füzuli elə mətləblərə toxunur ki, bunları nəsr parçaları kimi qavrayırıq. Füzulinin məktublarına gəldikdə, bunları da onun nəsr əsərləri sırasına daxil etmək olar. "Həmin məktublarda şairin öz bioqrafiyasına aid bəzi məlumatlar olmaqla yanaşı, ümumən XVI əsr ərəb İraqının, Bağdadın ictimai-siyasi vəziyyəti haqqında da yetərli bilgilər vardır".
Füzulişünaslıqda bir ağrılı məsələ var ki, bu da Mirzə Fətəli Axundzadənin Füzulini bir şair kimi inkar etməsidir və bizim bir çox tədqiqatçılarımız bu məsələyə dönə-dönə toxunmuş, bu münasibəti belə izah etmişlər ki, Axundzadə poeziyada Füzuli tilsimini qırmağa çalışmış, təqlidçilərə, epiqonçulara qarşı çıxmış, öz maarifçi ideyaları naminə belə bir fikir söyləmişdir ki: "Türk arasında dəxi bu zamana qədər mütərəqqimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur, ancaq nazimi-ustaddır". Əlbəttə, buna haqq qazandırmaq olmaz-Z. Bayramlı bu məqalədə həmin tarixi səhvin səbəbləri üzərində dayanır, Füzuli sehrinin və təsirinin bu günə qədər davam etdiyini israr edir. M.F.Axundzadədən fərqli olaraq Firidun bəy Köçərli Füzulini "Bütün türk şairlərinin babası" adlandırmışdır. ("Firidun bəy Köçərli və Füzuli poeziyası" məqaləsində). Z. Bayramlı başqa bir məqaləsində- "Füzuli poeziyası M.Ə. Rəsulzadənin gözüylə" yenə də füzulişünaslıqda az toxunulan bir mövzuya müraciət edir. Məlumdur ki, M.Ə.Rəsulzadə "Azərbaycan şairi Nizami" monoqrafiyasında Nizami yaradıcılığını hərtəfli şəkildə araşdırmış, bu əsərdə elə məsələlərdən söz açmışdır ki, onlar nizamişünaslıqda ilk dəfə irəli sürülürdü. Z,bayramlını maraqlandıran məsələ isə Rəsulzadənin əsərindəki "İki Leyli-Məcnun" bölməsidir. Burada M.Ə.Rəsulzadə Nizami və Füzuli poemalarını tutuşdurur, hər iki əsərin fərqli xüsusiyyətləri haqqında söz açır. Ümumiyyətlə, M.Ə.Rəsulzadə Məhəmməd Füzulinin yaradıcılığına başqa əsərlərində münasibət bildirmiş, onu yüksək qiymətləndirmişdir. Z.Bayramlı M.Ə.Rəsulzadənin 1936-cı ildə Rarisdə nəşr etdirdiyi "Çabdaş Azərbaycan ədəbiyyatı" əsərindən belə bir misal gətirir: "Əgər diqqət edilsə, ona qədər və ondan sonra bir çox böyük klassiklər: Fələki və Xaqani Şirvanilər, eləcə də Nizami Gəncəvi həqiqi Azərbaycan şairi olsalar da, fars dilində yazırdılar, onda aydın olar ki, sözün milli mənasında Füzuli hansı ədəbi inqilabı etmişdir".
Öncə qeyd etdik ki, Füzuli sehri və təsiri neçə əsrdir ki, davam edir və onu inkar edənlərin bütün cəhdlərinə baxmayaraq bu sehr və təsir hələ də sönmür və sönə bilməz də. Zəkulla Bayramlının "Nigari lirikasında Füzuli təsiri" və "Natəvanın Füzuliyə bir nəzirəsi haqqında" məqalələrində elə bu yaradıcı təsirdən söz açılır. Azərbaycan-türk və farsca mükəmməl divanlar yaratmış Mir Həmzə Seyid Nigari Füzulinin bir çox qəzəllərinə nəzirə və təxmislər yazmışdır. Z. Bayramlı haqlı olaraq yazır ki: "Seyid Nigari ilə M.Füzuli poeziyası arasında bu cür yaxındıq, daxili ahəngdarlıq və səsləşmələr təsadüfi deyil. Bu, hər iki şairin dünyagörüş və həyata baxışlarının, gözəlliyə, eşqə münasibətlərinin oxşarlığından qaynaqlanır. Məsələn, Füzuli

Eşq imiş hər nə var aləmdə,
Elm bir qeylü-qal imiş ancaq

deyirdisə, XIX yüzil ədəbiyyatımızın ən tanınmış irfan-təriqət şairi Nigari isə eşqi bu cür tərənnüm edirdi:
Eşqdəndir cümlə əşya, innəma
Eşqdəndir əslü fəri-külləma.
Eşqdəndir nuri-xurşid, nuri-məh,
Eşqdəndir cümlə pərtov vəzziya.
Eşqdəndir, ey Nigari, hər nə var,
Eşqdəndir cümlə əşya, intəha"

Zəkulla Bayramlı Füzulidən əvvəl yaşamış şairlərin Füzuli ilə poetik bağlılığını da gözdən qaçırmır.Onun "Sürurinin bir qəzəli haqqında", "Nəsimi və Füzulinin türk divanlarında səsləşən bəzi məqamlar" məqalələri sübut edir ki, Z.Bayramlı Füzuli yaradıcılığına təkcə onun öz dövrünün və sonrakı əsrlərin hədisəsi kimi deyil, həm də özündən əvvəlki ədəbiyyatdan da öyrənən, təsirlənən, amma qətiyyən təqlidçiliyə yol verməyən bir şair olduğunu nəzərə çarpdırır. Süruri XI əsrin əvvəllərində yaşamış, anadilli ədəbiyyatımızın inkişafında xidmətləri olan bir şair idi. Z.Bayramlı yazır ki, Füzuli Sürurinin üç qəzəlinə nəzirə yazmışdır. Amma qətiyyən onu təqlid etməmiş, əksinə, onun nəzirələri öz poetik səviyyəsi ilə hətta Sürurini ötüb keçmişdir. Bizim fikrimizcə, Füzuliyə ən yaxın, ən doğma şair Nəsimi idi. Zənnimmizcə, Z.Bayramlı da belə düşünür və o da bir çox füzulişünaslar kimi Nəsimi lirikasını Füzuli ədəbi dühasının yetişməsi üçün zəruri tarixi mərhələ hesab edir. Adını çəkdiyimiz məqalədə isə bu yaxınlıq və doğmalıq konkret misallarla sübuta yetirilir.
Biz Zəkulla Bayramlının "Şah İsmayıl Xətayi", "Orta yüzillər mühacir şairimiz Hamidi divanının yeganə avtoqraf nüsxəsi", "Vidadi poeziyası və Füzuli kədəri", "Hədiqətüs-süəda"da işlənmiş bəzi poetik füqurlar haqqında" məqalələrindən də xoşhallıqla söz aça bilərik. Bu yazılarda da Zəkullanın tədqiqatçı səriştəsi özünü göstərməkdədir. Zəkullanın görkəmli füzulişünas -mərhum professor Əlyar Səfərliyə həsr etdimyi məqaləyə gəldikdə isə, çox sevindim. Ustadlara hörmət və ehtiramın bir ifadəsidir bu yazı. Əlyar Səfərli Xəlil Yusifli ilə birgə Füzuli yaradıcılığının son iyirmi ildə ən mötəbər tədqiqatçılarından sayılırdı.
Təbii ki, bir füzulişünas kimi Zəkulla Bayramlıya Füzuli sevgisindən bundan sonra daha çox enerji alacağına inanıram.
Bu qədər.



Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru