adalet.az header logo
  • Bakı 12°C

Xalid KAZIMLI: “Kasıb ölkə”də şagirdə qayğı və alına yazılan “2"

XALİD KAZIMLI
28548 | 2018-09-21 14:57

"Latviya Avropanın ən kasıb ölkəsidir. Ancaq burada uşaqlar 18 yasa qədər marşruta pul vermir . Dərsdə isə yemək, çay, qəhvə, süd, meyvə pulsuzdur”.

Bu mesajı mənə virtual dostum yazıb. İki gün yazdığım yazıya dair dostumun söylədiyi fikirlər arasında marağıma ən çox səbəb olan məhz bu cümləydi.

İndi bilmirəm, Latviyada yaşayan oxucum ad-soyadının çəkilməsini istəyir ya, yox. Hər ehtimala qarşı mən onun soyadını məxfi saxlayır, adını çəkirəm. Adamın adı Nüsrətdir.

Əlbəttə, indi çoxunuz Avropanın ən kasıb ölkələrindən biri olan Latviyada şagirdlərdən ictimai nəqliyyatda pul alınmamasına inanmayacaqsınız. Düzü, başqası olsa mən də şübhə edərdim, amma Nüsrət belə yazandan sonra inanıram.

Əgər inanmayanlar varsa, Latviyada yaşayan dost-tanış, qohum-əqrəbalarına yaza (zəng edə) və cavab alaraq bu acı həqiqətin meydana çıxmasına yardımçı ola bilərlər.

Düzü, bu informasiyanı alandan sonra Google-də axtarış verərək, Latviyanın "ətinin, budunun” nə olduğunu yüngülvari şəkildə araşdırmalı oldum.

Ölkənin ÜDM-nün 50 milyard dollardan artıq olduğunu biləndə şagirdlərin evdən dərsə, dərsdən evə pulsuz daşınmasının, məktəbdə onlara müftə yemək-içmək verilməsinin sirrini çözmək olar.

Amma yenə də mat qalmalı işdir: axı bu necə olur? Latışlarda bu qədər pul hardandır?

Neftləri yox, qazları yox. Yox, əslində, qazları və ördəkləri var, amma bildiyimiz kimi, hər adamın lap altmış min ördəyi, qazı da olsa, bu ölkəyə milyardlarla dollar gətirməz. Rəsmi statistikaya görə, bu "kasıb ölkə”nin gəlirlərinin 70 faizi xidmət sektorundan gəlir.

Latviyanın ən böyük üstünlüyü odur ki, qədim Avropa ölkəsidir və hazırda Avropa ailəsinin (AB-nin) üzvüdür. Almaniya, İsveç, İngiltərə və Rusiya ilə geniş ticarət əlaqələri var. Ona görə də 2 milyonluq əhalisini pis-yaxşı dolandıra bilir.

Belə baxanda 2 milyon əhali nədir ki? Bizim 10 milyon əhalimiz var, elə 2 milyonu Rusiyada, Türkiyədə, Ukraynada, orda-burda yaşayır.

Bəlkə də bu, hələ köhnə rəqəmlərdir, dəqiq deyil.

Hər nədirsə, ortada olan fakt odur ki, bizdə dərsə gedən uşaqlardan pul alırlar.

Bir ara almırdılar, uşaqlar da avtobuslara doluşub dərsə gedirdilər. Bəzi sürücülər uşaqları pulsuz daşımaq məsələsinə dözümlü yanaşırdı, komfortsevər sərnişinlər basırıqlıqdan gileylənəndə və bunu sürücüyə irad tutanda onlar deyirdilər: "Neynəyək, uşaqlar bizim gələcəyimizdir”. Bəlkə də ürəkdən demirdilər.

Amma sidq-ürəkdən mırıldayan sürücülər də vardı. Bir də görürdün, donquldanırlar: "Bir deyil, beş deyil, bu qədər uşaq olarmı, pul verənlərə yer qalmır, müdiriyyət məndən plan tələb edir, bunlar da guya oxuyub nə olacaqlar ki...” və s.

Sonradan bu "özbaşınalığa” son qoyuldu. İndi uşaqlar hamısı bircə-bircə öz pullarını verirlər. Latış deyillər ki...

Əgər hansı pul verməsə, avtobusun dalınca baxa-baxa qalar. Hətta adam, məsələn, Bakubus avtobuslarına yanında gəzdirdiyi çeburaşkanı belə pulsuz mindirə bilməz.

Latviyadan yazan oxucum da elə onu deyir: "Fərqimizə baxın”.

Əlbəttə, fərq böyükdür. Fərqlərdən təfərrüatlı şəkildə yazsaq, gərək yekə bir kitab bağlayaq.

Başqa bir oxucum (o, adının çəkilməsini dəqiq istəmir) isə elə bir şey yazıb ki, bunu zamanında yazmış olsa, ölkə miqyasında qalmaqal düşərdi. Heç demə, iki-üç il qabaq bir müəllimə onun oğluna iki yazıb, həm də ürəyi "2"-ni jurnala yazmaqla soyumayıb, tutub uşağın alnına da ”2" yazıb. Uşaq təbii ki, "2" tatusunu alnından pozub, amma qəlbinin qırıldığını kontuziyalı atasından gizlədə bilməyib. Veteran oxucum uşağı da götürüb məktəbə qayıdıb, müəlliməni tapıb, deyib, indi mən də sənin alnına bıçaqla ”2" yazacam. Hay-küy, qovğa-mərəkə... Məktəb rəhbərliyi, tanışlar, dostlar işə qarışıb, valideyni sakitləşdiriblər. Amma veteran əl çəkməyib, deyib, bütün sinif həmin fəndən imtahan edilməlidir. Sinifi imtahandan keçiriblər və alnına "2" yazılmış uşaq bu dəfə bütün suallara əla cavab verib və ”5" alıb. Məlum olub ki, müəllim uşağa qarşı qərəzli imiş.

İndi gərək, Nüsrətdən soruşum, görüm, Latviyada da dərsi bilməyən uşağın alnına "2" yazmaq söhbəti varmı?


TƏQVİM / ARXİV