adalet.az header logo
  • Bakı 11°C
21 Sentyabr 2018 14:47
7490
MƏMLƏKƏT
A- A+

Girov götürülən şəxslərin hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb

21 sentyabr 2018-ci il tarixində "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” mövzusunda layihəsinin yekun təqdimatını keçirib. 

Birlikdən verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərində, Abşeronda, Ağdam rayonunun kənd və qəsəbələrində, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, yaş həddi 28-70 olan 100 nəfər girovluqdan azad edilmiş qadın və girov götürülən zaman azyaşlı olmuş şəxslərlə sorğular keçirilib. Birliyin rəhbəri Esmira Orucova bildirdi ki, layihənin məqsədi erməni girovluğundan azad edilmiş mülki əhalinin - qadınların və girov götürülən zaman yetkinlik yaşına çatmamış uşaqların qarşı tərəfdə saxlanılan zaman qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onlara tətbiq edilmiş işgəncə və zorakılıqları - şəxsiyyətlərinin tapdanması, şantaj edilməsi, hədə-qorxu altında saxlanılması, alçaldılması, fiziki, mənəvi, psixoloji və digər zorakılıqlara məruz qalması hallarını tədqiq etmək olub: "Eləcə də həmin şəxslərin hüquqlarını həm milli və beynəlxalq səviyyədə müdafiə etmək məqsədi ilə toplanmış sorğulara istinadən emal olunmuş informasiya resursları və digər məlumatlar, həmçinin layihənin icra prosesi təhlil olunaraq müvafiq metodologiya əsasında əldə olunmuş nəticələrə istinadən erməni tərəfi ərazilərimizi işğal edən zaman girov götürdüyü mülki əhaliyə qarşı beynəlxalq konvensiya və sənədlərin pozulduğu aşkar edilib. Belə ki, 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş "İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri, 14 dekabr 1974-cü ildə qəbul olunmuş "Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”nin, 9 dekabr 1948-ci ildə qəbul olunmuş "Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nın tələbləri, 12 avqust 1949-cu il tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyaları, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli Protokolu ( I Protokol ) IV hissəsi ermənilər tərəfindən kobud surətdə pozulub. Aşkar olunmuş hüquq pozuntuları müvafiq yerli və beynəlxalq təşkilatlara – BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İşgəncələrə qarşı Komitəsinin rəhbərinə, BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədrinə, Avropa Şurasının baş katibinə, Avropa İttifaqının sədrinə, NATO-nun baş katibinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədrinə, Azərbaycanda akkreditə olunmuş bütün xarici ölkə səfirliklərinə göndərilib”. Qeyd edək ki, erməni girovluğundan azad edilmiş 1476 nəfərin 363-ü qadın və 223 nəfəri isə girov götürülən zaman uşaq olub. Münaqişə zamanı itkin düşmüş hesab olunan 3875 nəfərin 265-i qadın, 67 nəfəri isə uşaqdır. Şahid ifadələrinə əsasən, girov götürülməsi sübut olunmuş 773 nəfərin 68-i qadın, 29 nəfəri isə uşaqlardır. Əsir və girovluqda qətlə yetirilmiş və ya müxtəlif səbəblərdən vəfat etmiş 553 nəfərin 104 nəfəri qadın olub. 

Qeyd edilib ki, layihə çərçivəsində tədqiqat predmeti olan, sorğusu götürülmüş 100 nəfər girov götürülmüş mülki şəxs – qadın və uşaqlar beynəlxalq humanitar hüquq pozuntularına, işgəncə və qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə, həmçinin digər beynəlxalq cinayətlərə məruz qaldıqdan sonra azad edilmiş məcburi köçkünlərdir. Sorğuya cəlb edilənlərin bəziləri həm də qaçqın yəni, 1989-cu ildə Azərbaycan xalqının əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) zorla qovulmuş və işğaldan əvvəlki Qarabağın müxtəlif bölgələrində yerləşdirilmiş şəxslərdir. Layihənin yekun təqdimatında AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, AR Hərbi Prokurorluğu, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AR Ombudsman təsisatı nümayəndəsi, Milli QHT Forumunun vitse-prezidenti və idarə heyətinin sədri, işğal olunmuş ərazilərin icra hakimiyyətlərinin əməkdaşları, tanınmış hüquqşünas alimlər, girovluqda olmuş şəxslər, QHT sədrləri və KİV nümayəndələri iştirak ediblər.