adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 12:20
65148
MƏDƏNİYYƏT
A- A+

“Araz Əlizadə böhtan atır” – Sayman Aruzdan CAVAB


Bu yaxınlarda millət vəkili Araz Əlizadənin "Ədalət” qəzetində müsahibəsi yayımlanmışdı. Müsahibə gənc yazarların narazılığına səbəb olmuşdu. Millət vəkili eyni zamanda müsahibədə Yazıçılar Birliyinin Cənubi Azərbaycan bölməsinin sədri Sayman Aruz haqqında da tənqidi fikirlərini söyləmişdi. Sayman Aruz redaksiyamıza tənqidə cavabını göndərib. Adalet.az həmin cavabı oxucuların diqqətinə çatdırır.


Deputat Araz Əlizadənin

Ədalət qəzetinə verdiyi "müsahibə"sinə

cavab kimi

Araz Əlizadənin "müsahibə"sini oxudum. Qəti təəccüblənmədim. Bununla neçənci dəfədir ki, onun Yazıçılar Birliyi, Rəsul Rza, Xalq yazıçısı Anar, Süleyman Rüstəm və mənim haqqımda böhtan dolu dediklərinə rast gəlirəm. Ona görə də bu məqamda müəyyən məsələləri qeyd etmək yerinə düşər.

Deputat olmaq kimsəyə bu haqqı vermir ki, kiminsə barəsində ağıl və ədəbdən kənar dilinə gələni desin. A.Əlizadənin şəxsiyyəti və savadı hər kəsə bəllidir. Adını Google axtarış sistemində yazan kimi hansı yazıların çıxdığını hər kəs sınaya və görə bilər. Maraqlıdır ki, A.Əlizadənin ictimai-siyasi fəaliyyətlərindən müsbət mənada danışan bir yazıya belə rast gəlmək mümkün deyildir. ("ARAZ ƏLİZADƏ QADINDIR, YOXSA KİŞİ?!” – Namizəd ..., Araz Əlizadə: "Rəsulzadə Azərbaycan üçün heç nə etməyib...”, Araz Əlizadənin atası məhkəmədə Əbülfəz Elçibəyin üzünə ..., "Araz və Zərdüşt Əlizadə farsdır, onların atası..." - Hafiz .., "Sosial şəbəkələrdə normal adamlar olmur” – Araz Əlizadə və s.)

İctimai-siyasi kariyerasının acı sonuna yaxınlaşan, müqəddəs ocağımız Azərbaycan Yazıçılar Birliyi, onun rəhbərliyi, üzvləri və Güney Azərbaycan Ədəbiyyatı Şöbəsinin uğurlu fəaliyyətini görmək istəməyən, Koroğluya, Şah İsmayıla, Nəbiyə, Məmməd Əmin Rəsulzadəyə təhqirlər yağdıran, türkü özünə düşmən hesab edən bir adamın belə "müsahibə”lər verəcəyi əslində gözləniləndir. Babəkə, Koroğluya, Şah İsmayıla, Rəsulzadəyə fars deyən, Türk dünyasına Firdovsinin şovinist gözü ilə baxan Milli Məclisin deputatı Azərbaycan gənclərinə istedadsız, sosial şəbəkə istifadəçilərinə anormal deyir, Bəxtiyar Vahabzadədən tutmuş Səməd Vurğuna qədər qarşısına çıxan bütün alim-yazarlarımızı aşağılayır. Təəssüflər olsun ki, nə bir millət vəkili, nə ictimai xadim, nə də bir ədəbiyyatçı kimi uğur qazana bilməyən bu fərd, gündəmə məhz təxribat dolu müsahibələrlə gəlmək istəyir. Min təəssüf ki, vaxtilə Anarların, Vaqif Səmədoğluların, Bəxtiyar Vahabzadələrin oturduğu kreslolarda, Nizami Cəfərov, Rafael Hüseynov, İsa Həbibbəyli, Elmira Axundova kimi alimlərin təmsil olunduğu Milli Məclisdə bu gün Azərbaycan cəmiyyətini istedadsız, tarixsiz, keyfiyyətsiz cəmiyyət hesab edən A.Əlizadə də təmsil olunur.

Ən düşündürücü məqamlardan biri də budur ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə təntənəli şəkildə 100 illiyini qeyd etdiyimiz Bakının azadlıq bayramının səbəbkarından biri olan Nuru Paşaya da rəhm etmir. Əlinə fürsət düşən kimi Azərbaycan və Türk dünyasına aid hər şey və hər kəs haqda iftira dolu çıxışlar edir. Daxilində daşıdığı Türk düşmənliyini müxtəlif formalarda büruzə verən deputat, hətta öz deputat həmkarlarına da iftira atmaqdan çəkinmir. Nuru Paşaya "qızıl hərisi” xitab edərək, alim-deputat Fazil Mustafanın adından sui-istifadə edib Nuru Paşaya şər-böhtan atır, sonda isə üzr istəməyə məcbur qalır:

"Araz Əlizadə Bakını xilas edən və Cümhuriyyətimizin mövcud olmasında böyük əməyi olan türk komandanı Nuru Paşanın da əleyhinə ifadələr işlədib. Jurnalistin hansı mənbəyə istinad etməsi ilə bağlı sualı qarşısında isə deputat özünü gülünc vəziyyətə qoyaraq, həmkarı Fazil Mustafanın adını çəkib:"Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın: Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

F.Mustafanın ona cavabı isə gecikməyib. Öz facebook səhifəsində paylaşdığı statusunda o, A.Əlizadənin üzr istədiyini bildirib:"Media quruluşlarından, ayrı-ayrı vətəndaşlardan zənglər olur ki, həqiqətənmi sizin belə bir məqaləniz var? Əlbəttə ki, yoxdur və ola da bilməz. Çünki illərdir Nuru Paşanın haqqının tanınması üçün hərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmam mümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq bu, bir böhtandır və əgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından bir neçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuru Paşanın adını çəkərdim. Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməni qətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür. Maraqlıdır ki, bir neçə dəqiqə öncə Araz Əlizadə zəng edərək mənim adımı yanlış olaraq müsahibədə çəkdiyinə görə üzr istədi”. https://publika.az/news/nida_xeber/186204.html

Gördüyünüz kimi A.Əlizadə üçün böhtan atmağın heç bir sərhəddi yoxdur. O, öz atasını böyük alim-tərcüməçi hesab edir. Atasının Azərbaycan dövlətçiliyinə olan xidmətlərindən danışır. M.Əlizadənin müəyyən xidmətlərini danmaq mümkün deyildir, ancaq paradoks buradadır ki, o boyda alimin oğlu siyasətdə niyə belə qəribə açıqlamalar verir?! A.Əlizadənin siyasətdə hansı mövqedə olmağı Azərbaycan xalqına hələ də bəlli deyil.

Elə bu gün sosial şəbəkədə, daha dəqiq Facebook-da Azərbaycan tarixi adlı səhifədə qəribə bir məlumata rast gəldim. Sən demə, bayaqdan yuxarıda bəh-bəhlə təriflədiyimiz Araz Əlizadənin atası Məmməd Mübariz Əlizadə 1975-ci ildə Əbülfəz Elçibəyin məhkəməsində KQB sifarişi ilə onun üzünə duranlardan biri olub.Məhkəmənin sonunda hakim Əbülfəz Elçibəyə üzünü tutaraq "Son sözünüz nədir?" deyəndə mərhum Azərbaycan prezidenti Əbülfəz Elçibəy belə cavab verib: "Mənə son sözüm üçün ayırdığınız 5 dəqiqəni bu kişiyə verin, çıxış edib özünü bir az da biabır etsin!"

Bir çox şeylər var ki, irs kimi nəsildən nəsilə keçir. Əsl-nəcabət, kökdən, genetikadan irəli gələn böyük mirasdır ki, nə universitetdə, nə də heç bir məclisdə kreslo kimi onları kiməsə pay vermək olmaz. Eyni zamanda keyfiyyətsizlik də irsi bir xəstəlikdir. Böhtan atmaq, təhrif etmək, həqiqəti danmaq, yalan danışmaq və bir çox zəif insanlara məxsus keyfiyyətlər var ki, göründüyü kimi genetik olaraq nəsildən nəsilə irsi keçir.

A.Əlizadə öz "müsahibə”sində atası haqda deyir: "Nizamini Azərbaycan xalqına qaytarıb. O vaxtı atam deyəndə ki, Nizami Azərbaycan şairidir, Yazıçılar İttifaqındakı bir qrup atamın əleyhinə çıxırdılar. Nizami Gəncəvini həm onlar, həm də dünya fars şairi kimi tanıyırdı. Atama qarşı da buna görə hücumlar olurdu. Əsasən də Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza. O zaman Səməd Vurğun etiraz mövqeyində idi. Səməd Vurğun bizə gəldi, atamla söhbətləri oldu. Daha sonra böyük şair getdi Mərkəzi Komitəyə, məsələni həll elədi. O vaxt qərar verdilər ki, Nizamini ordenli şairlər tərcümə etsin. O cümlədən Süleyman Rüstəm, Məmməd Rahim və Rəsul Rza (gülür)”.

Onun sözlərindən belə çıxır ki, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza və Səməd Vurğun Nizamini Azərbaycan şairi bilmirdilər və sən demə atası M.Əlizadənin səyləri nəticəsində Nizami Azərbaycan şairi kimi tanınıb! Eyni zamanda M.Əlizadənin etdiyi Firdosi tərcüməsi də o dövrdə birmənalı qarşılanmayıb və şərqşünas alim Rüstəm Əliyev həmin tərcümə haqda kifayət qədər öz iradlarını bildirmişdir. O, Güney Azərbaycan Ədəbiyyatı Şöbəsini özünə böhtan hədəfi kimi seçir, amma uzun illər Yazıçılar Birliyinin Güney Azərbaycan üzrə katibi işləmiş xalq şairi Balaş Azəroğluna "Balaş Azəri” deyir. Həm də neçə vaxtdır zehnimi məşğul edən bir sualı təkrarlamaq istəyirəm: görəsən mənim Xaqani haqqında yazdıqlarım, tərcümələrimdir Araz Əlizadəni danışdıran, yoxsa başqa bilinməyən məsələr də var ki, hər iki aydan bir müxtəlif bəhanələrlə Yazıçılar Birliyi və mənim adımı çəkərək aşağılamağa çalışır?

A.Əlizadənin dediyinə inansaq, Mərkəzi Komitə Nizaminin tərcüməsini ordenli şairlərə tapşırır. Əvvəla mərkəzi komitə missiyanı o dövrün məhz ordenli deyil, tanınmış peşəkar şairlərin öhdəsinə qoyur. Hər kəsə məlumdur ki, Süleyman Rüstəm, yubiley komissiyasının sədr müavini və Yazıçılar Birliyinin sədri olan Rəsul Rza və Səməd Vurğundan fərqli olaraq rəhmətlik M.Əlizadə orta səviyyəli bir şair idi. Bəs necə olur ki, Nizamini onu tərcümə edən Süleyman Rüstəm, yubiley komissiyasının sədr müavini Rəsul Rza və Səməd Vurğun deyil, M.Əlizadə Azərbaycan xalqına qaytarır? Ya məgər Nizami Azərbaycan-Türk xalqından alınmışdır ki, kimsə də onu qaytarsın? Hər bir ağlı başında olan və Nizamini oxuya bilən şəxs elə Nizaminin öz kitabında "pedər bər pedər mər məra Tork bud”, yəni "atam və atamın ataları da Türk idilər” kimi misralara görüb onun Azərbaycan türkü olduğunu başa düşə bilər. Faktlardan da bəlli olduğu kimi A.Əlizadə Azərbaycanın nə yaxın, nə də uzaq tarixini bilmir deyə ona bir tarixi faktı xatırlatmaq istəyirəm. Ey Araz Əlizadə, sənin fars hesab elədiyin Məmmədəmin Rəsulzadə hələ 100 il bundan öncə Nizami Gəncəvinin Azərbaycan-Türk şairi olduğunu yazmşdı.

Mütəxəssislər bilirlər ki, sadəcə sətri tərcümə etmək ilə Nizami kimi dühanın haqqını vermək olmaz? Hər kəsə məlumdur ki, İranda yaşayan 80 milyon vətəndaşın 80 milyonu da farscanı Nizamini sətri tərcümə edəcək qədər bilir. Önəmli olan sətiraltını, sətirlərin məna qatında olanları tərcümə etməkdir ki, o da hər adamın işi deyildir.

Mənə elə gəlir ki, A.Əlizadənin içində müvəffəq və milli adamlara qarşı böyük bir paxıllıq hissi vardır. Müsahibəsində deyir: "Baxın... Anarı götürək. Anar mənim çox sevdiyim yazıçıdı. Amma o 70-ci illərdə qurtardı. Daha onun maraqlı bir əsərini görmürəm. Bircə Elçin qalıb ortada. Elçin mənimlə qonşu idi, Hüsü Hacıyev küçəsində.”

Görünür Araz Əlizadənin nə Azərbaycan ədəbiyyatı, nə mədəniyyəti, nə də kino sahələrində baş verən prosseslərdən qətiyyən xəbəri yoxdur. Bəlkə də onun qonşusu olmaq lazımdır ki, hansısa bir əsəri oxuya, qiymətləndirə bilsin. Anarın yazdığı roman, hekayə, ssenari və əsərləri haqda çəkildiyi uğurlu filmlərin demək olar ki, böyük əksəriyyəti 70-ci illərdən sonra baş verib. Necə olar ki, son əlli ildə ədəbi-mədəni mühitdə baş verənləri hansısa bir partiya rəhbəri, millət vəkili görmür? Cavab çox sadədir: 70-ci illər əslində Araz Əlizadənin bitdiyi dönəm idi. Onun ictimai-siyasi məlumatı 70-ci ildə donub qalıb, heç bir inkişaf etməyib. İndi gördüyümüz A.Əlizadə ilə əlli il qabaqkı A.Əlizadənin təkcə bir fərqi var. O da yaşının çoxalması, ictimai-siyasi kariyerasının sona çatmasıdır. Yoxsa "Kərəm kimi, ”"Ağ qoç, qara qoç”, "Vahimə”, "Dantenin yubileyi”, "Göz muncuğu” kimi nəsr əsərləri, "Ötən ilin son gecəsi”, "Dədə qorqud”, "Evləri köndələn yar”” Otel otağı” "Üzeyir ömrü”, "Cavid ömrü” və "Sübhün səfiri” və s. kimi ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmləri nə kimsə görməzdən gələ, nə də ki, unuda bilər.

Maraqlıdır ki, işdi birdən millət vəkili kimi səfər etdiyi Avropada, Amerikada hansısa bir xarici ölkələrin deputatı Azərbaycan ədəbiyyatın tanınmış simaları haqda soruşsa o nə cavab verəcək? Vəkili olduğu millətin ədəbiyyatı və mədəniyyətindən necə müdafiə edəcək? Hansı mütaliə və savad ilə öz ölkəsinin gənclərini müdafiə və təqdim edəcək? O ki klassikləri oxumayıb, gəncləri isə istedadsız hesab edir! Öz müsahibəsində isə jurnalistin (Ayxan Ayvaz – red):

"Müasir yazıçılarımızdan kimləri oxuyub bu qənaətə gəlmisiniz?” sualına belə cavab verir:

- Kimsə gəlib deyir ki, bax, bu kitab yaxşı kitabdır, götür bax. Açıb baxıram, vərəqləyirəm, görürəm ki, o deyil. Mən axı onları necə yadda saxlayım? Yadda saxlamalıyam?

- İmza sizi çəkmədiyi üçün yadda qalmayıb?

- Yazısı xoşuma gəlmədiyi üçün imzası da yadımda qalmır.

Yəni hansısa bir kitabı oxumaq üçün hansısa bir işi görmək üçün A.Əlizadəyə mütləq kimsədən sifariş gəlməlidir. Göründüyü kimi o ya milli yaddaşını itirdiyi kimi ədəbi yaddaşını da itirib, ya da özü bilərəkdən özünü yaddaşsız göstərir. Hər iki halda da onun Milli Məclisdə oturmağı təhlükəlidir. İşdi birdən xalqımız, tariximiz və xüsusilə də Qarabağla bağlı hansısa bir sənədi hardasa ya unudar, ya da bilmədən hansısa bir sənədə qol çəkər ki, o zaman həm özünü, həm də dövlətimizi çıxılmaz vəziyyətə salar bilər. A.Əlizadədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin son 10 ildə gördüyü saysız-hesabsız uğurlu fəaliyyətlərini, o cümlədən üç Güney Azərbaycan şeir antologiyası, 22 nəsr və nəzm kitabı, iki Türk dünyası şeir antologiyası, 9 klassik ədəbiyyatımıza aid olan əlyazmaların Azərbaycana qaytarılması, onlarla konfrans və tədbirləri görməzdən gəlir. Mənsə ona belə bir xüsusi sual vermək istəyirəm: sənin atan Təbrizin Xamne kəndində doğulub, özünsə təbrizli bir alimin oğlusan. Bəs sən və rəhmətlik atan bütün həyatınız müddətində hətta bir kəlmə belə Güneyli soydaşlarınız, Güney ədəbiyyatı haqda yazıb və ya danışıbsızmı? Təmsil olduğun dünyada yaşayan 60 milyon azərbaycanlının Milli Məclisində necə, bircə dəfə Urmu gölü problemindən, ana dilimiz və s. haqda çıxışlar edibsənmi? 10 ildir ki, Yazıçılar Birliyində Güney Azərbaycan Ədəbiyyatı Şöbəsi fəaliyyət göstərir. Bircə dəfə gəlib soruşubsanmı ki, vəziyyətiniz necədir? Sən Təbrizli balasısan, amma nə Təbriz, nə də Cənubi Azərbaycan yolunda bircə addım belə atmayıbsan. Halbuki təmsil olduğun milli Məclisdə çox asanlıqla 45 milyon soydaşının haqdan danışan dili ola bilərdin.

Mən "Ədəbiyyat” qəzeti və müxtəlif saytlarda Xaqaninin "Şiniyyə” qəsidəsi haqqında silsilə yazılarla çıxış etmişəm. (nümunə olaraq buradan oxuya bilərsiniz http://edebiyyatqazeti.az/news/diger/927-siniyye-qesidesinde-irfani-terminler)

Qəsidənin irfani-fəlsəfi terminləri və doğru tərcüməsi haqda ardıcıl olaraq məqalələr paylaşmışam. Təkcə rəhmətlik Mübariz Əlizadə deyil, Sovet dövründə klassik ədəbiyyatımızı tərcümə edən alimlərimizin dönəmin həqiqətləri əsasında yola verdiyi yalnışlıqlardan kifayət qədər yazmışam.

Faktlar əsasında dəfələrlə yazdığım kimi təkcə Xaqaninin "Şiniyyə” qəsidəsinin tərcüməsi bəs edir ki, rəhmətlik M.Əlizadənin irfan təsəvvüf terminlərindən xəbərsiz olduğu, Fars dilinə tam bələd olduğu halda tərcümələrdə yalnışlıqlara yol verdiyi öz sübutunu tapsın. Görünür ki, A.Əlizadə nə saytları, nə də mətbuatı izləmir, oxumur, ona görə də heç nədən xəbəri yoxdur. Milləti təmsil edən bir deputat üçün gündəmdən xəbərsiz olmaq yolverilməzdir. Əminəm ki, rəhmətlik atası M.Əlizadənin tərcümələrini tərifləsəydim bu gün o mənim və şöbəmizin fəaliyyətlərini tərifləmiş olacaqdı. Süleyman Rüstəm, Məmməd Rahim və Rəsul Rzanın Nizami haqda tərcümələrini "bildilər, bilmədilər, tərcümə elədilər və Nizaminin qol-qabırğasını sındırdılar." kimi təqdim edən A.Əlizadə bir dəfəlik dərk etməlidir ki, Mübariz Əlizadənin müdafiə üçün oğluna ehtiyacı yoxdur. Ədəbiyyatın öz yolu, əsərin isə öz dili var. M.Əlizadə də tərcümə edib və məsələ bağlanıb. İndi isə ancaq və ancaq həmin tərcümələr tərcüməçisini müdafiə edə bilər. Onu da edə bilsə... Fars-ərəb dillərini mükəmməl bilən bir ədəbiyyatçı kimi təəssüflə etiraf etməliyəm ki, M.Əlizadənin Xaqani haqqında tərcümələri onu qəti şəkildə müdafiə edə bilmir. Etmiş olsaydı, yəni müdafiə edə bilsəydi bu gün A.Əlizadə əlinə böhtan silahını alıb alimlərimizə tərəf tuşlamazdı. Lazım gələrsə istənilən tribunada Fars dilini bilən alimlər qarşısında irandlarımı sübut etməyə də hazıram.