adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 10:12
35439
MƏDƏNİYYƏT
A- A+

Məşhur kitab qrupunun admini: “Qadınlar daha çox oxuyur”


Facebookda "Kitabsevərlər” adlı bir qrup var. Qrupun 41 min üzvü hər gün kitablar haqqında fikirlərini paylaşır, müzakirələr təşkil edir.

Adalet.az "Kitabsevərlər” qrupunun adminlərindən Fariz Bayramovla müsahibəni diqqətinizə çatdırır.

- Fariz bəy, maraqlı bir layihəni reallaşdırmısınız. Facebookda "Kitabsevərlər” qrupu açmısınız və bir çox insanı ora cəlb etmisiniz. İdeya necə yarandı? Mümkünsə bizə bundan danışardınız…

- "Kitabsevərlər” qrupu 2009-cu ildə Rəşad Babalı tərəfindən yaradılıb. İdeya Rəşadın ağlına gəlib, əsas məqsədi sosial şəbəkədə olan kitabsevərləri bir araya gətirməklə onların bir-birlərinə stimul verməyini təmin etmək olub. İlk illər yalnız virtual fəaliyyət göstərilib. Mən özüm 2013- cü ilin sonunda qrupa qoşulmuşam, 2014- ün yanvar ayında isə Rəşad Babalı ilə Səbuhi Şahmursoy saqqızımı oğurlayaraq mənə də adminlik verdilər (gülür). Tədricən, üzvlər artıqca virtual müzakirələrin, paylaşımların real həyata daşınması qərara alındı. 2013-cü ildən başlayaraq qrup üzvləri mütəmadi görüşməyə başladı. Və beləcə zamanla böyüyərək indiki hala gəldik. Xatırladım ki, indiyədək qrupda görülən işlərin 95 %- i qrup fəallarının şəxsi büdcəsi ilə görülüb və görülür.

- Qrupda daha fəal xanımlardı. Bunu siz də etiraf etmişdiniz. Sizcə, səbəb nədir?

- Bəli, bizim üçün də sevindirici haldır ki, qadınlar mütaliə sahəsində belə fəaldırlar. Sizə bir şey deyim, qadınlar bizim qrupda təkcə sırf mütaliə sahəsində, yalnız virtual olaraq yox, həm də bizim bütün sosial layihələrimizdə, müzakirələrimizdə, real görüşlərdə, təqdimatlarda və s. də kişilərdən daha fəaldırlar. Gerçəklik budur ki, realda görülən işlərdə istər fiziki, istər də cəmiyyətimizdə sərbəst olmağı baxımından adətən kişilər ön planda olur. Ancaq son illər biz müşahidə edirik ki, qadınlar bu sahələrdə də kişiləri üstələmək üzrədirlər. Bəlkə də inanmayacaqsınız, hətta bəzən mətbəədən kitabları götürmək, kitab bağlamalarını harasa daşımaq və s. kimi fiziki işlər üçün qrupa müraciət edəndə, qızlarımız buna ürəklə, oğlanlardan daha tez reaksiya verir, köməklərini təklif edirlər. Əlbəttə, gender bərabərliyinin ədalətsiz formada pozulduğu cəmiyyətimizdə bu cür balanslaşma bizi sevindirir. Düşünürəm ki, bu balanslaşmanın son illər belə sürətlə irəliləməyində qadınların get-gedə cəmiyyətdə öz hüquqlarını, sosial statuslarını möhkəmləndirmək üçün aktivləşmələri ilə yanaşı, kişilərin də nədənsə bu cür sosial fəaliyyət sahələrindən sanki - bezməklərimi deyim, yorulmalarımı deyim, yoxsa özlərini artıq Nirvanaya çatmış hesab etdiklərimi deyim – rol oynayır.

- Bu yaxınlarda Oxu marafonu təşkil etmisiniz. Necə bir marafondu bu? Mahiyyəti nədir?

- Bu cür marafonları biz arabir təşkil edirik. Müəyyən bir vaxt qoyulur, təxminən 2-3 ay, kateqoriyalar müəyyən edilir, iştirakçılardan o kateqoriyaların sayına uyğun kitab oxumaqları və hər kitab haqqında geniş və əhatəli yazı yazaraq qrupda paylaşmaqları tələb olunur. Qaliblərə də mükafatlar verilir. Mükafatlar adətən kitab və ya kitab mağazalarından kartlar olur ki, bunun da bir hissəsini hansısa nəşriyyat və ya kitab mağazasının sponsorluğu ilə, bir hissəsini isə qrup fəallarının şəxsi büdcəsi ilə təmin edirik. Son marafonumuz üçün 2 ay vaxt müəyyən etmişdik, iyulun 15- i başlayan marafon bu ayın 15- i bitdi. Sponsorumuz KitabAl.Az Kitab Evi, informasiya dəstəkçimiz isə Parafr.az saytı idi. Çox uğurlu marafon oldu. 7 kateqoriya üzrə yarış keçirildi. Hamısını oxuyanlar da var, yarısını da, ikisini də. Ümumilikdə 80-dən çox kitab haqqında yazılar paylaşıldı. Mahiyyəti əlbəttə böyükdür. Əvvəla bu marafon oxuculara stimul verir, yarış həyəcanı ilə daha ciddi şəkildə mütaliəyə girişirlər. İkincisi, yarışmanın şərtləri oxucuları öz oxuduqlarına səthi yanaşmamağa vadar edir. Çünki oxuduqları haqqında yazı yazmalıdırlar və bunu etmək üçün gərək kitabı anlayaraq oxusunlar, təhlil etsinlər. Siz də bilirsiniz ki, mütaliənin keyfiyyətli olması üçün bu məziyyət vacibdir. Üçüncü məsələ oxucuların yazı yazmağıdır. Düzdür, bu yazıların heç də hamısı professional esse, məqalə deyil. Təbii ki, arasında professional deyə biləcəyimiz yazılar da var. Hər biri həvəskar mütaliəçi tərəfindən yazıldığına görə bunlar həvəskar yazılar sayılır. Lakin bu yazıların əsas mahiyyəti, oxucuların özlərini ifadə etmə cəhdidir. Qrupumuzun əsas məqsədlərindən olan mütaliəyə təşviq baxımından, oxuyanların öz oxuduqlarını ifadə etməsi, bununla da digər kitabsevərlərə stimul verməsi üçün bu cür müsabiqələrin əvəzsiz rolu var.

- Bildiyim qədəri ilə "Kitabsevərlər” qrupu həm də kitablar çap edir. Bu günə kimi neçə kitab çap etmisiniz? Hansı meyarlarla çap edirsiniz?

- Doğrusu 2014-cü ildən ciddi real görüşlərə, müzakirələrə başlayanda, bütün yeni başlayanlar kimi biz də çox "qazlı” başlamışdıq (gülür). Elə bilirdik ki, birdən-birə dağı-dağ üstə qoya bilərik. O vaxt qrupun 18 min üzvü var idi və biz sanırdıq ki, bu 18 min nəfərin hamısı bir nəfər kimi səsimizə səs verəcək və biz istədiyimiz kanala müraciət etsək, o kanal kitab haqqında heç olmasa həftədə bir dəfə efirə gedən bir veriliş verməyə razı olacaq. Çox saf olmuşuq (gülür). Təbii ki, biz əvvəlcə o 18 minə müraciət etdik və təxminən 200 nəfər rəy yazaraq razılaşdığını bildirdi, işi reala daşıyanda isə ortalıqda 50 nəfər də qalmadı. Petitsiya filan hazırlamaq, imza toplamaq kimi saf fikirləri qoyduq bir kənara və sıfırdan başlamağa qərar verdik. Özümüzə bir kamera alacaq, videoçarxlar çəkəcək, kitab təbliğatına həm də bu yöndən davam edəcəkdik. Qrupun öz büdcəsini formalaşdırmaq üçün kitab nəşr etdirmək istədik. Və beləcə qrupun ilk kitabı "İz” meydana çıxdı. Bu kitab gənc yazarların hekayələr toplusu idi. İndiyə kimi nəzərdə tutduğumuz büdcəni heç vaxt toplaya bilməsək də, kitab təqdimatlarımızın maraq doğurduğunu görüb davam etdik. İlk kitabdan sonra qrupun həvəskar tərcüməçilərinin birgə əməyinin nəticəsi olan Nikolas Sparksın "Gündəlik” romanı oxucularla görüşdü. Ardınca da sovet vaxtı nəşr olunmuş bəzi dəyərli əsərlərin yeni əlifbayla həyata geri dönməsi baş verdi. Həvəskar şairlər də unudulmadı. Onların şeirlərindən ibarət "Bir nəfəsə sığışmaq” adlı antologiya işıq üzü gördü. Qrupun ən əsas məqsədlərindən biri də uşaq ədəbiyyatının təbliğatıdı. Gələcəyin sahibləri olan körpələrdə kitab sevgisinin qazandırılması cəmiyyət üçün çox faydalıdı. Bu məqsədlə də dünyaca məşhur uşaq ədəbiyyatından əsərlər qrupun kitablarının arasında yerini aldı. Bu meyarlarla bu günədək 20 kitabımız nəşr edilib. Oktyabrın 28- də isə 21- ci kitabımızın təqdimatı olacaq. Daha bir uşaq ədəbiyyatı, bu dəfə yerli və müasir ədəbiyyatdan, bir müddət əvvəl uşaq ədəbiyyatımıza "Donu qırmızı” kitabını verən Sevinc Elsevərin "Şeytan çarxı” adlı nağıl-romanını "İki kitab al, bir kitab qazandır” kampaniyası çərçivəsində nəşr etdirmişik. Təqdimata qatılanlar özlərinə kitab almaqla əyalətlərdə yaşayan balaca kitabsevərlərə kitab qazandırmış olacaq.

- Qrupdakı üzvlərlə görüşlər, müzakirələr təşkil olunurmu?

- 2013-cü ildən başlayaraq qrup üzvləri mütəmadi görüşməyə başlayıb. Əvvəlcə adi tanışlıqlar şəklində görüşlər təşkil edildi. Sonra öz aramızda bir kitab müəyyən edib bir ay vaxt qoyduq, bir aydan sonra o əsəri müzakirə etdik, müzakirənin sonunda isə növbəti müzakirə üçün kitabı seçdik. Bu cür əsası qoyulan müzakirələrimiz elə bu minvalla da mütəmadi davam etdi. Yay aylarında müzakirələrə ara versək də, qalan aylarda təxminən ayda bir kitabın müzakirəsini təşkil edirik. Bir gün qrupumuzun üzvlərindən olan bir ədəbiyyat müəlliməsinin təklifi ilə onun işlədiyi, Zabrat qəsəbəsində yerləşən orta məktəbdə uşaqlarla müzakirə təşkil etdik. Həm uşaqlar, həm də bizim üçün çox maraqlı oldu və bu fəaliyyəti başqa məktəblərdə də davam etdirmək qərarına gıldik. Bu fəaliyyətin də əsası belə qoyuldu. Qrupumuz bu günədək bir neçə orta məktəbdə şagirdlərlə əsərlərin müzakirəsini keçirib. 2018-ci il ərzində demək olar ki, hər ay belə müzakirələr təşkil edildi. Həm kitab oxumağa həvəsləndirmək, həm də özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək üçün yararlı olan bu müzakirələr tək paytaxt məktəblərində yox, əyalətlərdə də keçirilib.



- "Kitabsevərlər”də daha çox hansı kitablar diqqət çəkir? Detektiv, sevgi, tarixi və s.

- Bütün ölkədə olduğu kimi, bizim qrupda da detektiv və sevgi romanlarını sevən üzvlər çoxluq təşkil edir. Amma qrupda demək olar ki, hər janrı sevən oxucular mövcuddur. Hər yerdə olduğu kimi, qrupumuzda da bəzən olur ki, elmi, psixoloji, fəlsəfi mövzularda kitab oxuyanlar, detektiv və sevgi janrında kitab oxuyanlara istehza edirlər, bir növ üstdən aşağı baxırlar. Ancaq qrup fəallarının qarşısına qoyduğu əsas məqsədlərdən biri də budur: heç oxumayanı oxumağa, az oxuyanı çox oxumağa, yüngül mətnlər oxuyanları daha ciddi mətnlər oxumağa həvəsləndirmək. Bizim fikrimicə, oxucuların mütaliə bazası zamanla dolduqca, beyni get-gedə daha ciddi mətnlər tələb edəcək. Kiməsə "sən yalnız sevgi romanları oxuyursan” deyərək aşağılamaq olmaz. Buna görə də yuxarıda dediyim nüansa adminlər ciddi nəzarət edirlər. Bu cür xorgörmələrə, rişxəndlərə, istehzalara izn vermirik. Bizim qrupda hər hansı janrda oxuyan şəxs oxuduğı əsər barədə sərbəst şəkildə, sadəcə qrupun qoyduğu bəzi qaydalar çərçivəsində fikir bildirə, yazı yaza bilər.

- Qrupda üzvlər oxuduqları kitablar haqda fikirlər paylaşırlar. Necədir vəziyyət?

- Bundan əvvəlki sualda da bildirdiyim kimi, biz kimsəyə fikir paylaşmaqda məhdudiyyət qoymuruq. Ona görə də hər cür yazılar olur; bəzən bir neçə cümlə ilə, bəzən geniş və əhatəli, bəzən tamam dəxlisiz, bəzən əla təhlil yer alan yazılar paylaşılır. Yəni belə deyək də, "Kitabsevərlər” qrupunu ölkədəki ümumi vəziyyətin bir güzgüsü kimi götür. Ümumi vəziyyət necədirsə, bizdə də elədir. Oxuduqlarını yaxşı anlayan, təhlil edən və bunu yaxşı ifadə edərək yaza bilən üzvlərimiz azlıq təşkil edir. Amma bizə hər bir oxucunun paylaşdığı qısa yazı belə xoşdur. Çünki o öz fikrini bildirir, o dəqiqə yazının altında rəylər yazılır, müzakirələr gedir, fikir mübadilələri aparılır, beləcə paylaşan adamın özünə də qaranlıq qalan məqamlar üzə çıxır. Artıq gələn dəfə o üzvün daha dolğun yazı yazdığını, oxuduğunu daha yaxşı anladığını müşahidə edirik.

- Cəmiyyətimizi oxumamaqda ittiham edirlər. Qrupdakıların intellekt səviyyəsi size qane edirmi?

- Belə baxanda mənim özümün belə intellekt səviyyəm məni qane etmir (gülür). Hamımıza məlumdur ki, cəmiyyət olaraq intellekt göstəricimiz aşağıdır. Cəmiyyətimizin oxumamağına gəldikdə, əlbəttə, ümumi götürəndə az oxuyan toplumuq. Müstəqillik dövrünün əvvəlinə nisbətən son illərdə kitab oxuyanların sayının xeyli artdığına baxmayaraq, ümumi olaraq çox az oxuyuruq. Bunu danmağın bir xeyri olduğunu sanmıram. Bunu əlavə edim ki, bizdə kitab alanların sayı, oxuyanların sayından daha azdır. Kitab, həqiqi təhsil bizim ümumi xərclərimiz arasında bəlkə də ən son yerlərdə durur. Təəssüf ki, həqiqət budur.

- Üzvlər arasında kitab alıb vermək, bir-birilərinə kitab hədiyyə etmək ənənəsi varmı?

- Mənim hazırda azı 30 kitabım qrup üzvlərindədir, oxuyub qaytaracaqlarına söz veriblər (gülür). Əlbəttə, bu ənənə var. Artıq bir-birini yaxından tanıyan, güvənən üzvlər arasında bu ənənə illərdir ki, davam edir. Bəzən heç bir-birini tanımayan şəxslər də həm kitab mübadiləsi aparır, həm də bir-birlərinə hədiyyə edirlər.

- Tanınmış yazıçılarla görüşlər keçirmək kimi fikriniz varmı?

- Çoxdan bu fikrimiz var. Bir neçə dəfə cəhd də etmişik, bəzən məkan, bəzən zaman baxımından imkan olmadığına görə qalıb. Ümid edirəm qarşıdakı aylarda bunu həyata keçirə biləcəyik.

- Ümumiyyətlə, üzvlər daha çox hansı yazarlara üstünlük verirlər? Yerli, yoxsa xarici?

- Bunu artıq klişeyə çevirdim, bilirəm, ancaq yenə də deyəcəm: bütün ölkədə olduğu kimi, bizim qrupda da paylaşımların əksəriyyəti xarici ədəbiyyat haqqındadır. Ancaq yerli ədəbiyyata qarşı elə də laqeyd deyillər.

- 41 min üzvünüz var. Bu sayı artırmaq üçün nə işlər görülür?

- Qrup üzvləri 2014- cü ildə 18 min idisə, 4 ildə 3 dəfədən çox artaraq 41 min olub. Bunun üçün heç bir ödənişli və ya ödənişsiz reklam təşkil edilməyib. Bir hissəsi təqdimatlarımızdan, müzakirələrimizdən çəkilən fotolar sosial şəbəkədə maraq doğurub deyə, bir hissəsi üzvlərin öz yaxınlarına, tanışlarına bizi tövsiyyə etməyi ilə və digər bu kimi yollarla toplanıb. Virtual olaraq yaxşı görünsə də, sonradan anladıq ki, qrupda kəmiyyətin çox da önəmi yoxdu. Ancaq səhifədə çox önəmlidir. Bizim eyni adlı səhifəmiz də var. Səhifədə də 41 mini ötmüşük, daha da artırmaq üçün çox nadir hallarda ödənişli reklam veririk, əsasən isə müxtəlif maraqlı, kitaba aid şəkillərlə cürbəcür aforizmlər, kitablardan impuls verən cümlələr, maraqlı, öyrədici məlumatlar paylaşılır. Bəzən də hər yerdə olduğu kimi, biz də intriqa yaradan, ziddiyyətli fikirlərə yer veririk, buna məcbur qalırıq (gülür). Ancaq hər hansı halda bu mövzular kitab, maarifçilik, mədəniyyət, elm kimi mövzular olur. Bütün bunlar yalnız səhifədə edilir. Qrupda isə daim ciddiyyəti qorumağa, müəyyən çərçivənı aşmamağa səy göstəririk.


Söhbətləşdi: Ayxan Ayvaz