adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
22 Sentyabr 2018 12:07
16978
ƏDƏBİYYAT
A- A+

Şərif Ağayarın ovsunlayan romanı - Orxan Saffari yazır…


Adalet.az gənc yazar Orxan Saffarinin "Şərif Ağayarın Ağ gölü” yazısını təqdim edir.

Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir.

.....Bütün bu yazılanları unudun.

Çünki haqqında danışacağım "Ağ Göl" başqa bir "Ağ göldür".

O, 2017-ci il də Şərif Ağayar tərəfindən yazılıb və bir çox oxucular romanı son vaxtlar yazılan ən yaxşı roman kimi qiymətləndirib.

Kitabı əlinizə alıb oxuduğunuz andan əfsanələrlə aşıb-daşan "Ağ gölün" kənarındakı Pircahan qəsəbəsinin sakinlərini görəcəksiniz.

Əsərdə susqun Camal atanı, doğuş zamanı dünyasını dəyişən Cahan ananı və.s kimi maraqlı obrazları tanıyacaqsınız.

Romanı oxuduqca mistik hadisələrin cərəyan etməsi və bunun real həyatda olanlarla əlaqələndirilməsi diqqətimi xüsusi cəlb elədi. Bu cür mistikalara dünya ədəbiyyatında da rast gəlmişəm. Məsələn, Antov Çexovun, Nikolay Qoqolun bəzi əsərləri.

Elə bu hadisələrin ətəyindən bərk-bərk yapışıb, yol aldım əsərin sonlarına doğru.

Deyim ki, öz abu-havası olan bu Pircahan qəsəbəsində günlərin bir günü real həyatdakı kimi dövranın dəyişməsinin qəsəbəyə təsiri, əsər boyunca oxucunu ovsunlayır.

"Ağ Göl" romanı tam olaraq müqəddəs övliyaların yetirdiyi halallığı, harama dəyişən Pircahan qəsəbəsinin sakinlərindən bəhs edir.

Burada təsvir olunan boz, kimsəsiz Pircahanın Ağ Baba adlı bir övliya tərəfindən müqəddəsləşməsi əsərə başqa bir estetika qatır.

Hansı ki, əsərdə Ağ Baba şah tərəfindən öz məskənindən qovulur, Pircahana gəlir və günlərin bir günü qeyd etdiyimiz kimi bir anda hadisələrin başqa səmtə yönəlməsi, dövranın dəyişməsindən sonra baş verən hadisələr təsvir olunur.

Oxucu bu əsərdə Hacı Mikayılın, Qəbzəliyevin, Maarif müəllimin timsalında insanlığın yoxa çıxması, mənəviyyatın məhv olmasını görəcək.

Əslində, əsərdəki obrazların bəzilərini real həyatda da görürük. Məsələn, mən o qədər Hacı Mikayıllar, Qəbzəliyevlər, Maarif kimi müəllimlər görmüşəm ki, bunlar əsəri mənə daha da doğma elədi...

Və də əsərdə susqun Camal atanın xilas cəhdləri, qaratikan kolları ilə Pircahan qəsəbəsini, oranın sakinlərini qorumağa çalışmağı və bütün bunların heç bir işə yaramadığının da şahidi olacaqsınız.

Sonradan Camal atanın müqəddəs bildikləri iydə ağacını baltalamağı, hördüyü qaratikan kollarını yandırmağı da görəndə, inam-iman haqqında təsəvvürlərinizin dəyişəcəyinə də ümid edirəm.

Əsərdə görəcəksiniz ki, insanlar inanclarını itirməsəydilər, inamlı-imanlı olsaydılar Pircahan qəsəbəsi daha da müqəddəsləşərdi, qəsəbə sakinləri daha da xoşbəxt bir ömür sürərdilər.

Bütün bu mifik, metafizik hadisələr, sizləri əsər boyu təəccübləndirəcək. Məsələn, pircahanlılardan qaçaraq körpəsi ilə birgə qəbirə sığınan Camal atanın əsər boyu susqun obrazı bu yerdə hayqıracaq.

Əsərdəki obrazların, məkanların təsvirinin mükəmməliyindən isə tam olaraq danışmaq istəmirəm.

Ona görə də fikirlərimi burda bitirib, sizlərə kitabı oxuyaraq alacağınız bu həzzi kiçik yazı ilə verməyi nə özümə rəva bilirəm, nə də sizin oxumağınıza.

...Şərif Ağayarın digər bir çox yazılarında da kənd abu-havası duyulmaqdadır. Zənnimcə, bu, müəllifin uşaqlığın bütöv, gəncliyinin isə bir hissəsinin kənddə keçməsindən xəbər verir. Əsərlərdə canlandırdığı bir sıra obrazlar və hadisələr də, əsasən kənd həyatında baş verənlərdir. Magik-realist üslubda yazılan bu əsəri oxumağı, bütün oxuculara tövsiyyə edərdim.