adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2018 00:29
11546
ƏDƏBİYYAT
A- A+

Kəbəmdir, pirimdir yurd yerim mənim


Vasib
Hüseynəliyev



Doğma yurd yerinin həsrəti məni
Gəmirir qurd kimi, didir şir kimi.
Gedib o yerləri bir də görsəydim,
Hər daşın öpərdim kəbə, pir kimi.

Gözümün önündən getmir surəti,
Gənclik illərimin sevgisi kimi.
Allahım, yaşat sən bu məhəbbəti,
Daima ilk eşqin dəlisi kimi.

Vətən eşqi ilə döyünsün ürək,
Arzu, diləyinə çatan günədək.
Sonrası sənlikdir özün bilərsən,
Demərəm bircə an aman ver görək.

Deyirlər qocalıq güc gəlir mənə,
Onunçün o yurda çox can atıram.
Allahım əzəldən bəllidir sənə,
Vətənlə oyanıb, onnan yatıram.

Şəhidlik ucadan uca bir zirvə
Şəhidlik dünyanın elə zirvəsi,
Əlini uzatsa Allaha çatar.
O uca zirvəyə çatan hər kəsi,
Vətən də özünə bərabər tutar.

Şəhidlər ölmürlər deyir insanlar,
Bu sözün çox böyük məna yükü var.
Şəhidlik o qədər uca bir məkan,
Ölümün orada gözü qaralar.
Qorxudan ölümün rəngi saralar.

Ölümdən qorxmayan igid oğullar,
Qartal tək şığıyır onun üstünə.
Onlar bu qeyrətlə, bu cəsarətlə,
Ölümün özünü öldürür onlar.
İgidlər ölməzdən bircə an əvvəl,
Qorxudan ölümlər edir intihar.

İgidlər Vətənin yanan çırağı,
İgidsiz yaşarmı Vətən bircə an?!
İgidsiz ucalmaz elin sorağı.
İgidlər qisası alar qana-qan,
Onlardır düşmənin qanın donduran.

Bu qisas yolunda canından keçən,
Şəhidlik zirvəsin odur fəth edən.
Sən ey igidlikdən gen-bol bəhs edən!
Şəhidlər yapışdı sənin əlindən.
Şəhidlər canını sipər eylədi,
Qoymadı üstünə yerisin düşmən.
Sən də tut onların belindən gələn
Oğulun əlindən,qızın əlindən.
Yerisin o da!
Onu aparacaq genindən gələn
İgidlik yenə də haçansa oda.

Kəndimin cənubdan
çəkilən şəkilinə baxarkən

Yenə doldu gözlərim,
Yenə xəyala daldım.
Dərdi düşmən əlindən
Elə bil satın aldım.

Göy üzündə buludun,
O da pərən-pərəndi.
Yenə də o buludun,
Gözü ki, üstündədi.

Araz da sənnən qoşa,
Yenə lal axır araz.
İstər nə qədər coşa,
O səsinən ağlamaz.

Dərdlər görübdü Araz!
Bu millətin dərdindən,
O da udmamış olmaz.
Bəlkə də ağlamaqdan
Sonda sönübdü Araz.
Bəlkə də qınanmaqdan
Üzün dönübdüAraz?

Bu talesiz millətin,
Bir Araz dərdi də var.
Qəzəbin,həm nifrətin,
Hərdən ona ünvanlar:
"Sən bölübsən Vətəni,
Sənsən Araz günahkar."

İndi mən özüm Vətən,
Bölük-bölüyəm indi.
Canım səndə qalıbdı,
Ruhsuz ölüyəm indi.

Xatirə- ömür

Hər ömür bir xatirədir,
Xatirə yox ömür bitər.
Ömür var ki,bir qətrədir,
Xatirəsi ümman qədər.

Xoşbəxt odur,o ömür ki,
Bu dünyada izi qalar.
Özü külə çevrilsə də,
Ürəklərdə közü qalar.