adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2018 00:22
14693
ƏDƏBİYYAT
A- A+

ZAKİR BAYRAMLININ POEZİYA DÜNYASI

Yeni kitab barəsində qeydlərim

Bu gün bölgələrdə yazıb-yaradan ədəbiyyat adamlarının təkcə özəl həyat şəraitləri deyil, həm də yaradıcılıq mühitləri Sovet dönəmindən xeyli fərqlənir. Yəni bu qəbildən olan insanlar öz ictimai fəaliyyətlərində olduğu kimi, yaradıcılıq müstəvisində də sərbəstdilər, daha çox sözə, qələmə vaxt ayırmaq imkanları var. Təbii ki, söhbət ciddi, yaradıcı insanlardan gedir. O insanlardan ki, onlar şair-yazıçı adına iddialıdılar, özlərini bu adla sübut etməyə çalışırlar.
"Ədalət" qəzeti olaraq bölgə yazarlarının üzünə həmişə qapımız açıq olub. Onların uğurlu yaradıcılıq nümunələrini oxuculara çatdırmağa çalışmışıq. Bax, bu mənada daha çox Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir və şimal bölgəmizdən redaksiyamızın poçtuna yaradıcı insanların məktubları daxil olur. Həmin məktubların arasında Şabranda yaşayan Zakir Bayramlının da özəl yeri var. Biz hətta onun yubiley törənindən də xəbərdarıq. Bax elə indi barəsində söz açacağımız kitab da Zakir müəllimin seçilmiş əsərlərinin birinci cildidir. Kitab Bakıda, "Müəllim" nəşriyyatında işıq üzü görüb. Çox səliqəli şəkildə oxucuların ixtiyarına verilən kitabın ön sözünün müəllifi tənqidçi alim, oxucularımızın yaxşı tanıdığı filologiya elmləri doktoru Vaqif Yusiflidir. Vaqif müəllim oxuculara təqdim olunan kitabın ön sözündə vurğulayır ki, "ən əvvəl deyim ki, Zakir Bayramlı çox sadə və anlaşıqlı yazıb. Təbii ki, onun şeir dili lap əvvəlcədən xalq dilindən, folklor şeirindən qidalanıb və indi də Zakir başqa cür yaza bilməz". Bax, elə təkcə bu fikrin özü oxucuya gerçək təqdimatdı. Yəni oxucu artıq əlindəki kitabın müəllifinin onunla sadə, anlaşıqlı, başa düşülən dildə danışan müəllif olduğunu bilir. Ona görə də Zakir Bayramlı ilə daha tez ünsiyyət qurur, dil tapır, anlaşır. Şair yazır ki:

O düz sənin, bu düz mənim, qaçışaq,
At oynadaq, cıdır açıb yarışaq.
Ən yaxşısı vətən üçün çarpışaq,
Dağlarını, düzlərini qoruyaq.
Yad əllərdə, yad ellərdə qoymayaq.

Elə bu bəndin özündən məlum olur ki, şair bizim hər birimizin düşündüyünü, ürəyindən keçirdiyini, arzuladığını poetik şəkildə, şeir formasında, özü də uca bir səslə özümüzə çatdırır, pıçıltımızı səsə çevirir. Özü də elə bir səsə ki, onu duymamaq mümkün deyil. Çünki bu səsdə vətən nidaları, torpaq yanğısı, tarix diqtəsi var.

Ömrümün mənası, dünya gözəli,
Sənsən həyatımın ilki, əzəli.
Sənə həsr edirəm şeiri, qəzəli,
Hüsnün, camalındı məni ram edən,
Ey Vətən!

Sənsiz neynəyirəm dünya mülkünü?
Vətənsiz xoş keçməz insanın günü.
Yazma həyatıma belə sürgünü,
Candan ayrı düşsə yaşamaz bədən,
Ey Vətən!
Və yaxud:

Büründüm tarixin qədim kürkünə,
Çıxdım səyahətə, vətən mülkünə

Qaytarıb özünə adını Şabran
Yandırıb ocaqda odunu Şabran.

Və yaxud:

Açdım varaq-varaq ötən tarixi,
İllərin üstünü örtən tarixi.
Arayıb-axtardım itən tarixi,
Bəlkə keçmişimdən bir soraq ola,
Sənin neçə yaşın var, Çıraqqala?

Bax, bu nümunələrdən göründüyü kimi, Zakir Bayramlı vətəni təkcə coğrafi anlamda deyil, həm də tarixi müstəvidə oxucuya tərənnüm etməyə üstünlük verir. Bu yurdun, bu məmləkətin hər tövrünü, halını özünün mövzusu kimi görür və onu poetikləşdirir. Ola bilsin ki, burada bəzən hissə qapılmalar da baş verir. Amma bu, şeirin bütün halına xələl gətirmir. Ona görə ki, fikirlər sadədir və səmimidir. Bax, elə "Lələtəpə zəfəri" şeirində olduğu kimi:

Açıldı həsrətin qapanmış yolu,
Kəsildi düşmənin uzanmış qolu.
Azəri yurdunun bu Azər oğlu,
Qorxmadı mərmidən, yağan qəlpədən
Qovdu düşmənini Lələtəpədən.

Pozuldu atəşkəs, qızışdı döyüş
Qədim Qarabağa başlandı dönüş.
Cocuq Mərcanlıdan yol aldı yürüş
Keçdi tanış izdən, doğma ləpirdən
Boylandı vətənə Lələtəpədən.

Zakir Bayramlının oxuculara təqdim etdiyi seçilmiş əsərlərinin birinci cildində şairin müxtəlif mövzulu şeirləri ilə yanaşı, qəzəlləri, satirik ruhda poetikləşdirdiyi təmsilləri, həmçinin bayatıları və "Qobustan dünyası" poeması da toplanıbdı. Tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusiflinin də vurğuladığı kimi, Zakir Bayramlının yaradıcılığında bir az publisist stil özünü büruzə verir.
Bu da ordan irəli gəlir ki, şair daha çox sadəliyə, reallığa meyl edir. Və həmin an onun obrazlı ifadələri publisist yanaşmaya məğlub olur. Amma bütün bunlara baxmayaraq, Zakir Bayramlının bizə təqdim etdiyi kitabı göstərir ki, şair hansı mövzuda yazır-yazsın, onun məqsəd və məramı oxucuya öz duyğularını olduğunu kimi təqdim etmək və təbii ki, oxucuları da bu təbii istəklərə inandırmaqdı.
Zənnimcə, Zakir Bayramlı bunu edə bilib. Bax, bu poetik uğurların da kökündə dayanan o təbiilik şeirin ümumi ovqatını axıcı, diləyatımlı və yaddaqalan olmasının təminatçısıdı.
Mən də bir oxucu olaraq Zakir Bayramlının seçilmiş əsərlərinin birinci cildini bölgədə yaşayıb-yaradan söz adamının uğuru hesab edirəm və onu təbrik edib, uğurlar diləyirəm.