ÜMİD KƏNDİRİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
54701 | 2018-09-21 00:12
Günün içindən çıxarın məni

BAXIŞ BUCAĞI

Bəlli olduğu kimi, günlər bir-birinə o vaxt daha çox bənzəyir ki, onda həyat sönür, yorucu, hətta yaşam eşqi sıfırın altına düşmüş vəziyyətdə olur. Məhz həmin anda insan özünü o qədər anlaşılmaz, o qədər bezici bir formada görür, təsəvvür edir ki, onun üçün vaxtın necə ötməsinin, hətta heç ötməməsinin də önəmi olmur. Bu da gətirib bir psixoz durumuna çıxarır. Yəni hamıdan aralanırsan, hamıya anlaşılmaz bir nəzərlərlə baxırsan, hamını özünə yad sayırsan. Lap çılpaq desək, özün özündən iyrənirsən. Bütün bunlar günahkar saydığın günün aurasıdı... onun çəkisidi... onun sıxmaq, boğub məhv etmək gücüdü... Bu da yenə sonda insanın özünə ikinci bir zərbədi...
Bax, bütün bu söylədiklərimin indiki günə, indki zaman kəsiyinə bütün ağırlığı ilə hopması məndə də həmin o durumun yaşanmasına gətirib çıxarıb. Və indi bugünün içərisində bir havasızlıq, bir tənhalıq, bir sahibsizlik, bir ümidsizliklə qarşı-qarşıya durmuşam.
Və elə bilirəm ki, bu gün hər şeyin, hətta həyatın sonudu. Bir az ümidsiz, bir az insanı çıxılmazlığa çəkib aparan belə bir günün ovqatını yaşamaq və onu həm də sözə çevirmək olduqca çətindi.
Amma Allahın verdiyi söz yazmaq qabiliyyəti bu anda bəlkə də son və yeganə çıxış vasitəsidi. Mən də həmin o vasitəyə söykənib, daha doğrusu, o sözləri bir-bir sapa düzüb yaşantılarımı yazı etməyə çalışıram. İstəyirəm ki, bu yazıyla sıxıntılı, ümidsiz, məni boğub öldürmək istəyən günün içərisindən özümü çəkib çıxarım. Bilmirəm alınacaq, ya yox, amma necə deyərlər, cəhd özü də bir xilasdı, mən də cəhd edirəm...
Bəli, təbiətin insana təsiri danılmazdır. İlin, günün elə vaxtıdır ki, şair demiş, təbiət insanı ilhama çağırır. Amma bu çağırışı eşitmək hələ işin hamısı demək deyil. Bu çağırışa qoşulub getməkdi işin hamısı. Mənim isə imkanım, gücüm sadəcə çağırışı dinləməyə çatır. Həm maddi, həm də mənəvi baxımdan həmin çağırışı reallaşdırmaq mənim üçün çox çətindi.
Ən azından getmək istədiyim, qol açmaq istədiyim bu təbiət guşəsi düşmən əlindədi. Mənim ora ən yaxşı halda xəyalən, ruhən səfərim gerçəkləşə bilər. Deyə bilərsiniz ki, o yerlər durub Bakıya gələsi deyil. O yerlərə biz durub getməliyik, o cümlədən də mən. Ancaq burada kiçik bir nüans var. Bu da o yerlərə mənim təkbaşına getməyimin heç nəyi dəyişməməsidi. Olsa-olsa mən o yerə ayaq basanda ya gülləyə, ya mərmiyə tuş gələ bilərəm. Bu da bir ailənin göz yaşı olar. Başqa nə dəyişəcək ki? Başqa nə yerinə qayıdacaq? Nə ətrafdakıları ayağa qaldıracaq? Zənnimcə, heç nə. Hətta adama bir ayama qoşulmasının da mümkünlüyü realdı. Ən yaxşı ayama isə yəqin ki, "dəli" olacaq. Deyəcəklər ki, "başı pozulub, özünü idarə edə bilməyib və çıxıb gedib". Və bir də mətbuat bir neçə gün təzə mövzu ilə "bayram" edəcək. Bütün bunlar həmin o dediyim, içində olduğum yorucu günün mənə olan basqılarının, həmlələrinin canımdan, ruhumdan qopardığı qəlpələrdi. Mən də onsuz da şam kimi əriyən içimin işığında durub, dayanıb dözməyə çalışıram. Elə bu durub, dayanıb, dözmək özü da sual yaradır, özü də sıxıntıya çevrilir. Həmin o sual da, sıxıntı da "nə vaxta qədər?" sorğusunu qabardır. Özü də gözünün önündə dağ kimi durur... Təkcə göz önündə yox, ürəyində də dağa çevrilir.
Hə, mən bu yaşananların təkcə özümə aid olduğunu düşünmürəm. Və çox gözəl bilirəm ki, mənimlə eyni yükü çəkən, eyni ağrının daşıyıcısı olan kifayət qədər insanlar var. Sadə dildə desəm, məni çalan ilan çoxlarının yanından elə-belə ötüb keçmir. Ona görə də məni qınayanların, yəni bu ümidsizliyin "daşını at" deyənlərin haqlı olduğuna etiraz etmirəm, sadəcə susuram. Onlar da susmağımı "başa düşmək" kimi qəbul edirlər. Ona görə də üstümə çox gəlmirlər. Üstümə isə məhz yorucu gün gəlir. Özü də bütün arsenalıyla.
Bəli, dedim ki, təbiətin insana təsiri bəllidi. Yuxarıda yazdığım fikirləri oxuyandan sonra yəqin ki, mənimlə razılaşacaqsınız. Axı sizin təbiətlə təmasınız sərbəst və azaddı... axı sizin gedən yeriniz, suyunu içdiyiniz bulaqlarınız... ağaclarına söykəndiyiniz meşələriniz, bənövşəsini dərdiyiniz ormanlarınız var... Ona görə də mənim düşüncələrim, mənim istəklərim bir növü qanadsız quşa bənzəyir. Cəhd edir, amma uça bilmir. Siz isə...
Sizin gününüzün rəngi də, ətri-qoxusu da, hətta səsi də fərqlidi. Gümrahlığıyla, təravətiylə dərhal diqqət çəkir, dərhal ruh oxşayır. Elə sizin çöhrəniz də həmin o dediklərimin güzgüsüdü, ifadəçisidi. Mən bir seyirçi olaraq sizlərə baxa-baxa özümün durumumu, əhvalımı kökləməyə, dəyişməyə bir stimul tapmaq istəyirəm. Bu var, ortadadı, göz önündədi. Amma mənim ona haqqım çatırmı? Mən ondan yararlana bilərəmmi? - sualları istər-istəməz məni tərk etmir. Görünür, elə buna görədir ki, özümə doğma bildiyim, güvəndiyim, sığındığım, az qala özüm hesab etdiyim kəslər də məndən aralı gəzir, məndən uzaq durur. Yəqin günümün kölgəsinin onların üzərinə düşəcəklərindən ehtiyat edirlər. Axı, mənim bu günüm Baba Pünhan demiş, "it günüdü".
Yəqin ki, həmin məşhur bəndi xatırlayırsınız. Baba Pünhan yazmışdı ki:

İtim, dur gəl önümdə,
Gəl başına dönüm də.
Sən Pünhanın günündə,
Pünhan da it günündə!

Bax, elə bu nöqtədə mən də kökləndiyim həmin o məni sıxan günün içindən, onun cızdığı dairədən çıxmaq üçün sözün ətəyindən yapışmışam. Az qala bir udum hava, bir qurtum su kimi ciyərlərimə hopdurmaq istəyirəm. Əslində isə ürəyimdən ətrafa ünvanlayıram həmin sözü. Özü də misralanmış formada.

Heç vaxt
istəyimi demədim,
yazmadım
sadəcə
bir küncə çəkilib
ürəyimə
qulaq asdım-
dinlədim...
sonra
sıxdım ovcumun içində
ürəyimin səsini
kimsə eşitməsin deyə...
dizlərimi yerə,
gözlərimi göyə
sancıb
çağırdım
öz günümdə olanları
ürəyimə köməyə!..

***

Bir deyim var. Bilmirəm nə qədər gerçəkdi. Amma eşitmişəm və yaddaşıma yazmışam. Deyirlər ki, "günü necə başlayırsansa, elə də başa vurursan". Mən zaman-zaman bu deyimin fərqinə varmadım. Necə deyərlər, eləcə başına buraxdım, sahibsiz at kimi çapıb getdim. İndi düşdüyüm durum, içərisində olduğum aura hardansa o deyimi yaddaşımın alt qatından, arxivin tozlu bir küncündən çəkib çıxardı.
Və mən yadıma düşən bu deyimin izləyicisinə çevrildim, özüm də istəmədən. Başladım bu deyimin günlə birlikdə sonuna doğru getməyə. Və gördüm ki, həqiqətən də sınaqdan çıxmış deyim imiş söylənilən fikir. Belə ki, günün sona, işin başa çatmasına baxmayaraq, ovqatda, iç dünyamda heç nə dəyişmədi, heç nə yerini işıqlı bir nəyəsə vermədi. Eləcə sıxıntı və üzücü əhval mənə qoşulub evə, ailə-uşağın yanına da getdi. Onda özümü daha çox qınadım. Çünki yaşadığım özülsüz mənzilin dörd divarı arasında bir iynə ucu boyda ümid qoruyub saxlayır ailə üzvlərim.
Mən onların ümidini otaqdan, divar arasından sıxışdırıb çıxarırdım. Və onlar da mənim günümün havasına köklənirdilər, özü də günahsız yerə. Bu məqamda ailənin nə demək olduğunu təkrar xatırladım, təkrar dərk etdim. Və günahımın ağırlığı altında elə sıxıldım ki, az qala torpağa yapışdım:
- İlahi, yaratdığın bəndənin sınandığı bütün məqamlar sənə bəllidi və sənin bütün sınaqlarının daşıyıcısı olan bəndə bəzən özündə olmur, özündən çıxıb gedir. Və iç dünyası boşaldığı üçün həmin yeri havasızlıq, sıxıntı, ümidsizlik, ağrılar tutur. Bu da sonda ailəyə təsir edir. Heç olmasa o iç dünyanın boşalmasına, o proseslərin ailəyə transfer olmasına sərhəd çək, durdur, dayandır. Qoy bəndə özü öz gününün yükünü çəksin, öz gününün içində çabalasın. Və onun çəkdiyi də, çabaladığı da özünün olsun.
Elə bu düşüncələrlə də əlimi kağıza, qələmə uzadıram.

İçim dolu göz yaşı
Boğulur içim yaşdan...
Quruyub dil-dodağım-
Mən necə içim yaşdan?!
İtirdim də, tapdım da
Yoğurdum da, yapdım da...
Cəhd etdim ki, vaxtında-
Qurunu seçim yaşdan...
Çox ağrıtdı başımı
Ağır etdi daşımı...
Xatırlatdı yaşımı-
Tay gərək keçim yaşdın...
Qəm də Əbülfətə yar
Köynək gəlir ona dar...
Bir topa ağ bulud var-
Əynimə biçim yaşdan!..

***

Hə, mən bu yazını içində olduğum və içimə hopmuş günün acığına yazıram. İstəyirəm ki, bununla məni sıxan, məni boğub öldürməyə çalışan günə etirazımı, üsyanımı dilə gətirim. Bilmirəm, alınır, ya alınmır. Hər halda mən bacardığımı edirəm. Necə deyərlər, varını verən utanmadığı kimi, mən də söz varımı ortaya qoyuram. Elə bilirəm ki, bu söz, onun təsiri, onun qarşılanma effekti məni bugünün caynağından alacaq və mən ümidin, yəni sizlərin yanında olacam. Elə həmin o ümidin, elə sizlərin işığını uzaqdan da olsa görmək bugünkü halda mənə düşdüyüm quyudan çıxmaq üçün atılmış kəndirə bənzəyir. Çəkin o kəndiri!..

TƏQVİM / ARXİV