adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2018 14:21
4913
MƏMLƏKƏT
A- A+

Azərbaycana gətirilən 50 ton kartofda virus aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına "Gülü-80" MMC tərəfindən 30 E401-10 /30 E402-10 və 84B969-10/84B970-10 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri ilə gətirilən hər birində ümumi çəkisi 24700 kq olan kartof məhsuluna "Biləsuvar" gömrük postunda risklərin təhlili əsasında ilkin baxış keçirilib və məhsulda potensial təhlükə törədə bilən kartof güvəsinin olması şübhəsi yaranıb.

Bununla əlaqədar"Biləsuvar" gömrük postuna dəvət edilən Qida Təhlükəsizliyi Agentliyinin Cəlilabad Regional bölməsinin nəzdində Fitosanitar Nəzarəti sektorunun mütəxəsisləri tərəfindən birgə fitosanitar karantin baxışı keçirilərkən məhsulda potensial təhlükə törədə bilən kartof güvəsi "Phthorimaea operculella Zell" izləri aşkar edilib. Aşkar olunan zərervericinin təsdiq edilməsi üçün nümunə götürülərək Bakı Regional 2 saylı sınaq laboratoriyasına göndərilib və təsdiqini tapmışdır.

Yuxarıda göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 14-cü fəslinin və "Fitosanitar nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (idxal olunan bitki və bitkiçilik məhsullarında zərərli orqanizimlərin sirayətlənmə riski yüksək olduğu üçün) tələblərinə əsasən qeyd olunan hər iki avtomobil müvafiq araşdırma aparılması üçün "Biləsuvar" gömrük postunda saxlanılmış və ölkə ərazisinə gətirilməsinin qarşısı alınmışdır.

Faktla bağlı araşdırma aparılır.