adalet.az header logo
  • Bakı 20°C
20 Sentyabr 2018 12:42
79147
MÜSAHİBƏ
A- A+

Azərbaycanda şair olmaq çox gülməlidir... - MÜSAHİBƏ

Ədəbiyyatda istedadlı imzalardan biri də Alik Əlioğludur. Alik 2000-ci illərdən dövri mətbuatda şeirləri, ədəbi yazıları ilə çıxış edir. "Kamakura" adlı bir kitabın da müəllifidir. Aliklə onun yaradıcılığından, ədəbiyyatdan söhbət açdıq.

Adalet. az şair Alik Əlioğluyla müsahibəni təqdim edir.


-Gürcüstanda doğulmusan. Uşaqlığının bir hissəsi orda keçib. Gürcüstan yaddaşında necə iz qoyub?

- Gürcüstan ikinci vətənimdir. İndi də bir ayağım oradadır, tez-tez gedirəm. Orada doğmalarım var, qohumlarım var. Uşaqlıq xatirələrim, babamın, nənəmin, əmimin məzarı var. Gürcüstan mənim üçün yaddaşa çevrilməyib, yəni oralar mənim üçün indi də var. 

-Alik, bir şeirin var Fəridəyə yazdığın, o qadın kimdir?

- O şeirin adını bir neçə dəfə dəyişmişəm. Özü də qəribədir ki, heç bir dəfəsində real tanıdığım qadın adları yazmamışam. Bir dəfə Natali olub, bir dəfə Fəridə, bir dəfə başqa bir ad. Niyə dəyişdiyimi özüm də bilmirəm. 

-Tez-tez çap olunmursan. Heç vaxtda gündəm yaratmamısan. Səncə yaradıcı adamın gündəmə gəlməyi, cəmiyyəti qıcıqlandırmağı vacibdirmi?

- Son zamanlar çox az yazıram, çap olunmamağım da bununla bağlıdır. Gündəm xatirinə heç vaxt heç bir söz deməmişəm, heç bir şey yazmamışam. Ədəbiyyat adamlarının da bu cür gündəm yaratmağı yaxşı şey deyil. Cəmiyyəti qıcıqlandırmaq ifadəsinin özü anormal səslənir. Normal adam buna niyə getsin ki?! Adamlar tükəndikcə, maraqsızlaşdıqca, balaca uşaq kimi, absurd bir hərəkət edib diqqəti özünə yönəltmək istəyir. Sosial şəbəkədə yüzlərlə ədəbiyyatçı dostlarım var. Axırıncı dəfə nə vaxt onların bir ədəbi yazısına təəccübləndiyimi, həyəcanlandığımı xatırlamıram, lakin demək olar ki, hər gün axmaq statusları ilə, absurd fikirləri ilə, siz demiş – cəmiyyəti qıcıqlandırmağa məqsədlənmiş deyimləri ilə qarşılaşıram. Bilirsiniz, əksər ədəbiyyatçılar qarşılarına məqsəd qoyurlar ki, mən şair, yazıçı olacağam. Sonra yaza bilməyəndə depressiyaya düşürlər, bunu faciə kimi qəbul eləyirlər. Özlərini ədəbiyyata fokuslayırlar. Başqa işə getmək istəmirlər və ədəbiyyatda da uğur qazana bilməyəndə, başlayırlar başqa adamları qıcıqlandırmağa. 

-Yəqin ki, şeiri də gec yazırsan?! Maraqlıdı, şeir yazmaq üçün xüsusi bir an, yaxud bir situasiya gözləyirsən?

- Şeirin üzərində heç vaxt 1 saatdan çox oturmamışam. Sonralar eyni yazının üzərinə qayıtmağım, düzəlişlər etməyim olub. Şeir yazmaq üçün oturub xüsusi bir an, situasiya gözlədiyim isə heç vaxt olmayıb. Çünki qarşıma şeir yazmaq kimi bir missiya qoymamışam. Yazmaq istəyəndə yazmışam, yazmaq istəməyəndə aylarla bu barədə heç düşünməmişəm də. Ədəbiyyat mənim üçün iş və həyat tərzi deyil. Xüsusən son vaxtlar, ədəbi mühiti ciddiyə almıram. Əksər ədəbiyyatçıların yaradıcılığı daha çox facebook statuslarına fokuslanıb və cılızlaşıb. Amma ciddi ədəbiyyat mənim üçün bunların hamısından böyükdür. Adamlar Tanrını özlərinə yaxın tutmaq istədiyi, Allahı cılızlaşdırmaq istədiyi kimi, sözü və ədəbiyyatı da qiymətdən salırlar. Yaxşı ki, Allah da, söz də bu adamlardan çox yuxarılardadır. 

-İnanırsan ki, poeziya sənin taleyinə çevriləcək?

- İnsan taleyinin tək poeziyadan yox, ümumiyyətlə sözdən ibarət olduğuna inanıram. Laylalardan başlamış, dualara kimi insan sözlərdən ibarətdir və bu sözlərlə öz taleyini qurur. Qarğışlar, dualar, yuxular, hətta gündəlik məişət söhbətləri belə insan həyatının kodlarına qarışır və onun taleyində dəyişiklik etməyə qadirdir. Sözlərin mistikasına inanıram və bu mistika mənim həyatımın gedişatını müəyyənləşdirir.


-Gürcü ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını necə dəyərləndirər, müqayisə edərdin?

- Gürcü ədəbiyyatı qərb mədəniyyəti ilə dağ həyatının sintezinə, Azərbaycan ədəbiyyatı isə daha çox şərq mədəniyyətinə söykəndiyi üçün bu iki ədəbiyyat arasında çox ciddi fərq var. Gürcü ədəbiyyatı daha çox temperamentli qafqaz kişisini, Azərbaycan ədəbiyyatı isə öz eşqindən dəli olub səhralara düşən Məcnunu xatırladır. Bizim ədəbiyyat xoş, sakit və əhlikefdir. Gürcü ədəbiyyatı dalaşqan, sərt və narahatdır. Şeir əslində xalqın təcəssümüdür. Biz muğama, segaha saatlarla qulaq asan xalqıq. Gürcü musiqisi isə dağ musiqidir. Ona sakit oturub qulaq asmaq mümkün deyil.


- Necə düşünürsən, şairin əlinə yüksək mövqe, vəzifə keçsə, qəddarlıq edə bilərmi? Şair məmura çevilərmi?

- Şairin məmura çevrilməyi nə deməkdir? Məmur zalım adam demək deyil ki. Guya qəddar şair olmur? Tarixdə buna aid onlarla nümunələr var. Şair mələk zad deyil ki. O, hər yerdə də işləyə bilər. Şair fəhlə də ola bilər, sürücü də, müəllim də, məmur da. Əslində şairlik insan üçün xüsusi bir status deyil. Yəni şair məmura çevrilmir, sadəcə olaraq məmur şeir yazır. Ölkəmizdə yüksək mövqe tutan, vəzifədə olan o qədər ədəbiyyat adamları var ki.

-Bizim cəmiyyət şairə layiq olduğu qiyməti verə bilir?

- Bizim cəmiyyət ümumiyyətlə mədəniyyəti, ciddi ədəbiyyatı çox yaxına buraxmır. Ona görə də, layiq olduğu dəyəri də verə bilmir. Ədəbiyyat adamı üçün ən böyük dəyər nədir? Kitablarının satılması. Kitab oxumayan cəmiyyət, təbii ki, kitab almır. Yəni burada cəmiyyət ədəbiyyat adamına qəsdən yox, sadəcə ona yad olduğu üçün dəyər verə bilmir. Mən ona görə deyirəm, Azərbaycanda şair olub, oturub qonorar gözləmək çox gülməlidir. Ədəbiyyat adamları öz başlarına çarə qılmalı, qeyri-mədəniyyət sektorlarında işləməkdən boyun qaçırmamalı və bununla bərabər, vaxtları olanda şeirlərini yazmalıdırlar. Bizim cəmiyyətdə sən ədəbiyyatı özünə iş seçməməlisən, rayondan çıxıb Bakıya "şair işləməyə” gəlməməlisən. 

-Mənə elə gəlir yeni dünyaya şeir maraqlı deyil. Dünya üçün yeni trendlər, yeni telefonlar, brendlər daha maraqlıdı. Səncə də şeir dövrünü bitirməyib?

- Yaxşı şeir heç vaxt dəbdən düşmür. Əlbəttə, dəyərlər dəyişir, texnologiya inkişaf edir, yeni avadanlıqlar kəşf olunur, amma inanın, sivil cəmiyyətlərdə onların heç biri ədəbiyyatın ziyanına deyil. Adamlar əvvəllər ədəbiyyatı yalnız kitabdan oxuyurdularsa, indi həmin ədəbiyyatı planşetlərdən, elektron kitablardan, smartfonlardan da oxuya bilirlər. Əvvəllər bir kitabın dalınca evdən çıxıb kitab mağazasına gedirdilərsə, indi mobil telefondan həmin kitabların elektron versiyalarını çox rahat şəkildə əldə edirlər. Xüsusən ingilis və rus dillərində nəhəng elektron kitabxanalar mövcuddur.

-Şeirdə ən mühüm nədir? İstedadmı, intellektmi?

- Bunların ikisi də çox mühümdür. Mütaliəsiz istedad da, istedadız intellektual da həmişə yarımçıqdır.

- Yazmadığın, mütaliə etmədiyin günlərin hayıfını necə çıxırsan? Və ya sənətkar həmişə, müntəzəm yazmalı, oxumalıdırmı?

- Mənim üçün dəyərlər bir az başqadır. Mən yazmadığım, mütaliə etmədiyim günlərə yox, anamı görmədiyim, ailəmlə birgə vaxt keçirmədiyim, uşaqlarımı sevindirmədiyim günlərə heyifslənirəm. Bu hisslər mənim üçün ədəbiyyatdan çox yuxarıdadır. Əlbəttə, mütaliə vacibdir, zaman-zaman oxumaq, özünü inkişaf elətdirmək lazımdır, amma ömrünü gününü kitaba həsr eləmək də ifrata varmaqdır. Ümumiyyətlə hər şeydə fanatizmin əleyhinəyəm.

- Ədəbi mühiti izləyirsənmi? Səncə, əvvəlki kimi qaynar bir mühit varmı?

- Ədəbi mühitdən kənardayam, yalnız sosial şəbəkədən izləyirəm. Əksər cavanların hay-küyçü olduğunu, şeirdənsə facebook statuslarını daha istedadla yazdıqlarını görürəm. Bəziləri gündəm yaratmaq üçün özlərini söydürməkdən də çəkinmirlər. Fərqli görünməyə çalışırlar, amma fərqli olmadıqları üçün görünə bilmirlər. Ciddi ədəbiyyatla məşğul olan, ucuz reklama getməyən çox az adamlar var. Səlim Babullaoğlu var, Məqsəd Nur var, Qismət var, Şərif Ağayar var, Mirmehdi Ağaoğlu var, Fərid Hüseyin var, Cavid Zeynallı var, Ziyad Quluzadə var və başqaları... Bu adamları qorumaq lazımdır.


Söhbətləşdi: Oğuz Ayvaz