adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2018 11:42
20013
MARAQLI
A- A+

Liftin dramı

Gündəlik işə gələrkən, evə gedərkən çoxumuz liftdən istifadə edirik. Bu gün liftdən düşərkən bir səs eşitdim. Ürkdüm. Liftin içində məndən başqa heç kim yox idi. Bu yorğun, kədərli səs liftin səsi idi. Yaxın oturun, görək lift bəy nə deyir:

Bu gün də digər günlərdən fərqlənmir. Adamlar laqeydcəsinə ayaqlarını vurur üzərimə. Kimsi tüpürür, kimsi siqaretlə içəri girir. Kök adamları yuxarı daşıyanda gücənirəm, qorxuram ki, guppultuyla aşağı düşəcək. Eh!! Mənim həyat hekayəmi dinləsəz dəsmal çıxardıb gözünüzün yaşını axıdarsınız.

9 mərtəbəli binanın ən yaşlı sakini mənəm. 1973-cü ildə doğlumuşam. Mənim Tanrım adamlardı. Onların ağına da, qarasına da lənət. Əslində mənim heç kimim yoxdu. Dünyanın ən tənha sakiniyəm. Təzə lift olanda çox güclü qollarım, tavanım, cüssəm vardı. 10 adamı bir göz qırpımında yuxarı aparırdım. İndi yaman qocalmışam. Bir neçə dəfə xəstələndiyim vaxtlar da olub. Yenə adamlar məni həyata qaytarıb. Qədir bilməzlər. Buraxın gəbərim da! Heç vaxt da azad ola bilməmişəm. Həmişə insanlara xidmət etmişəm. Onların qulu, köləsi olmuşam. Azad olduğum anlar olub. O da ki, binada işıqlar sönəndə. Elə rahat, elə hüzurlu idim. Heç soruşmayın. İşıqlar sönəndə mənim bayramım başlayırdı.

İndi nə yaxşı ki, bir adam düyməmi sıxmır. Rahat dincəlirəm. Ayaq səsləri gəlir. Deyəsən kimsə üstümə yaxınlaşır. Yanında başqa bir adam da var, deyəsən.

- Dünənki oyuna baxdın?

-Hə, qaqa, nə oyun idi e...

Ay da, lənət şeytana ikisi də siqaret püfüldədir. İndi üstümə kül çırpacaqlar. Cəhənnəm olub çöldə çəkin da o zəhrimarı. 7-ci mərtəbəyə qalxırlar.

-Bu liftə baxan da yoxdu. Nə günə düşüb gör...

-Lift yazıq neyləsin, sovetdən qalmadı da...

Gör bunlara bax, məndən danışırlar. Kaş işıqlar sönə. Qalalar havasız yerdə qalalar. Nə gözəl olardı. Qollarımı ağır-ağır açıram, çıxıb gedirlər.

Ardınca üç-dörd səs-küylü uşaq ayaqlarını yerə vura-vura üstümə gəlirlər. Zalım balaları aşağı düşənə kimi zülm verdilər mənə. Təpiklər, tüpürcəklər, çığır-bağırları başımı apardı. Elə bil əsgərlər məni güllələdilər. Hər yerim ağrıdı. Uşaqlar çıxan kimi də cütlük içəri girdi. Bu cütlük 5-ci mərtəbədə qalırdılar. Di gəl məndən bir saat istifadə edirdilər. 5-ci mərtəbədə məni stop edirdilər. Özləri də nə desən hoqqadan çıxırdılar. Tərbiyəsiz, əxlaqsızlar! Mən sizin üçün otağam, çarpayıyam, nəyəm axı? Yox e kimə deyirsən, bunlarda həya nə gəzir? Bu dəfə də məni yordular. Qollarım ağrıdan elə göynəyir, elə göynəyir ki, istəyirəm böyük bir liftin qucağında dincələm. O lift bu adamların anaları olduğu kimi mənim də anam olsun. Tənhalıqdan xəyallar qururam ancaq...

Bir neçə saatdı ki, liftə bir inni-cinni minmir. Nə yaxşı, kaş belə ola bütün günü. Çifayda. Axşam olan kimi lifti dədələrinin atı kimi çapırlar. Gecə isə lap dözülməz olur. Darıxıram. Gündüzlər heç olmasa adamların hənirtisi, səsi məni deyindirir. Amma gecələr boşluq dolmur. Yuxu da tutmur ki, yatasan.

Deyəsən, kimsə gəldi... Sakit...