("Köhnə kişilər" silsiləsindən)
(əvvəli ötən sayımızda)
II FƏSİL: MƏMMƏD CƏFƏR CƏFƏROV RUS VƏ DÜNYA ƏDƏBİYYATI TƏDQİQATÇISI KİMİ
II.I. XIX əsr rus ədəbiyyatının tədqiqi - üç cildlik fundamental əsər. "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən" monoqrafiyası.
Azərbaycan ədəbiyyatşünaslığında rus və Qərbi Avropa ədəbiyyatı üzrə bir neçə əsas mütəxəssisin fəaliyyəti göz önündədir. Akademik Məmməd Arifin "Qədim dövr rus ədəbiyyatı" (XI-XVII əsrlər), "Rus ədəbiyyatı" (XVIII əsr) ali məktəb dərslikləri, həmçinin Qoqol, Tolstoy, Çexov, Belinski, Qorki, A.Ostrovski, Evripid, Servantes, İ.Bexer, E.Remark yaradıcılığı haqqında məqalələri və kitabları Azərbaycan ədəbiyyatşünaslığının qiymətli örnəkləridir. Ədəbi əlaqələr üzrə bir sıra tanınmış alimlərimizin fəaliyyətini, onların bu sahədə səmərəli işlərini, tədqiqat əsərlərini xatırlamamaq olmaz. Bu tədqiqatçılar sırasında Şıxəli Qurbanovun, Şamil Qurbanovun, Həbib Babayevin, Fəridə Vəlixanovanın Azərbaycan - rus, Abbas Abdullanın Azərbaycan-Ukrayna, Xəlil Rza Ulutürkün, Qulamhüseyn Əliyevin Azərbaycan-özbək, Vaqif Arzumanlının Azərbaycan - Pribaltika, Dilarə Əliyevanın Azərbaycan-gürcü, Murtuz Sadıxovun və Gülər Abdullabəyovanın Azərbaycan-Polşa, Zeydulla Ağayevin Azərbaycan-Amerika, Əskər Əliyevin Azərbaycan-Fransa ədəbi əlaqələrini tədqiq edən araşdırmaları ədəbiyyat tariximizin öyrənilməsində mühüm rol oynayır. Belə ki, Azərbaycan ədəbiyyatının digər ədəbiyyatlarla münasibətləri bir sistem halına gətirilir. Bu sahədə professor Pənah Xəlilovun "SSRİ xalqları ədəbiyyatı" tədqiqatlarının da mühüm rolu olmuşdur.
Akademik Məmməd Cəfər Cəfərov isə Azərbaycan-rus və Azərbaycan-Avropa ədəbi əlaqələrinin ən görkəmli tədqiqatçısıdır. Bu sahədə Məmməd Cəfər qibtəediləcək səviyyədə tədqiqatların müəllifidir.
Məmməd Cəfər üçcildlik "XIX əsr rus ədəbiyyatı" dərsiliyini nəşr etməmişdən əvvəl "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən" (Bakı, Azərnəşr, 1964) monoqrafiyasını ədəbi-elmi ictimaiyyətə təqdim etmişdir. Bu monoqrafiya iki xalqın ədəbi əlaqələrinin XIX və qismən XX əsrin əvvəllərini əhatə edir. Təxminən eyni bir dövrdə ədəbiyyatşünas Şıxəli Qurbanov "XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri" monoqrafiyasını qələmə almışdı (Əsər müəllifin ölümündən üç il sonra işıq üzü gördü-Bakı, Azərnəşr, 1970. Ş.Qurbanovun əsərlərinin ikinci cildi). Şıxəli Qurbanov ilk dəfə olaraq bu ədəbi əlaqələrin inkişafını üç mərhələyə ayırır. 30-40-cı illər, 50-60-cı illər və 70-90-cı illər. Çox geniş məlumat və şərhlərlə zəngin olan bu monoqrafiyada müəllif XIX əsrin müxtəlif tarixi mərhələlərində Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf prosesini izləyir, mədəniyyətlərin bir-biri ilə yaxınlaşması, tərcümə məsələləri, dostluq əlaqələri, rus yazıçılarının Azərbaycan mövzusuna müraciəti və s. məsələlər öz elmi həllini tapır.
Məmməd Cəfərin monoqrafiyası isə XIX əsrin ilk illərindən başlayaraq bu ədəbi əlaqələrin ilkin təzahürlərindən tutmuş ardıcıllıqla necə inkişaf etdiyini, bu inkişaf prosesində hansı meyllərin yaranmasını, ictimai-siyasi şəraitdən asılı olaraq ədəbi-mədəni əlaqələrin dinamikasını, Rusiyanın qabaqcıl və mütərəqqi ədəbi nailiyyətlərindən təsirlənmə faktorlarını nəzərə çarpdırır. M.Cəfər çar imperiyası əsarətində yaşayan xalqların ədəbiyyatında eyni mövzular və motivlər axtarır. "Puşkin, Lermontov, Şevçenko, Belinski, Çavçavadze və Axundovu birləşdirən, yaxınlaşdıran demokratik mədəniyyət, məfkurə idi, azadlıq uğrunda birgə mübarizə idi" (M.Cəfər. "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən", Bakı, Azərnəşr, 1964, səh. 10).
Çar üsul-idarəsinin zülmünü, bu zülmün ağırlığını rus xalqı kimi Azərbaycan xalqı da öz üzərində hiss edirdi. Eyni motivlər hər iki xalqın ədəbiyyatında öz bədii təcəssümünü tapırdı.
Azərbaycan-rus ədəbi əlaqələri tarixində ayrı-ayrı yazıçıların dostluq əlaqələri yaxud müəyyən ədəbi təsirlər mühüm rol oynamışdır. A.A.Bakıxanovun rus mədəniyyəti ilə ünsiyyəti də onun Rusiyanın bir sıra yazıçıları ilə dostluq əlaqəsi ilə başlanmışdır. Mirzə Fətəli Axundzadənin "Puşkinin ölümünə Şərq poeması" əsəri ilk dəfə məhz rus mətbuatında çap edildi. M.Cəfər yazır: "Axundovun ən böyük xidmətlərindən biri budur ki, o, Azərbaycanın ictimai fikir səviyyəsini öz dövrünün qabaqcıl rus və Avropvnın ictimai fikir səviyyəsinə çatdırmaq kimi böyük bir vəzifəni yerinə yetirməyə səy etdi və buna müvəffəq oldu" (yenə orada, səh. 41).M.Cəfər M.F.Axundzadənin Belinski, Çernışevski kimi rus münəqqidlərinin əsərləri ilə tanışlığı və onlarla məfkurə yaxınlığından söz açır.
Axundov bu ədəbi-mədəni əlaqələrin inkişafında bir ənənə yaratdı və onun ardıcılları, xüsusilə Həsən bəy Zərdabi bu ənənəni davam və inkişaf etdirdi. Müəssisi olduğu "Əkinçi" qəzeti ardıcıl olaraq rus mədəniyyətini, onun qabaqcıl ideyalarını, ayrı-ayrı rus yazıçılarının yaradıcılığını təbliğ edən şeirlər, publisistik məqalələr dərc edirdi. Seyid Əzim Şirvani bu qəzetdə rus dilini öyrənməyin vacibliyini qətiyyətlə irəli sürürdü.
Rusiyada tənqidi realizm ədəbiyyatının güclənməsini qeyd edən Məmməd Cəfər bunun Azərbaycan ədəbiyyatına da təsirini nəzərə çarpdırır. Rusiyada Qoqol və Şedrinin satirik əsərləri Azərbaycan ədəbiyyatında da ictimai satiranın inkişafında-xüsusilə, Zakirin yaradıcılığında təsirsiz qalmırdı. Qoqol kimi Zakir də rus məmurlarının rüvətxorluğunu, bürokratik idarə üsulunu kəskin tənqid atğəşinə tuturdu.
M.Cəfər Azərbaycan-rus ədəbi əlaqələrinin XIX əsrin sonlarında daha da inkişaf etdiyini maraqlı faktlarla nəzərə çarpdırır. Ruscadan ilk tərcümələrdən söz açır, XX əsrin əvvəllərində bu əlaqələrin intensiv şəkil aldığını sübut edir.
Rus yazıçılarının da Qafqaza, o cümlədən, Azərbaycana marağı monoqrafiyada öz əksini tapır. Puşkinin, Lermontovun Qafqaz mövzuları bunun ən bariz nümunəsi idi.
Ümumiyyətlə, Məmməd Cəfərin "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən" monoqrafiyası ədəbiyyatşünaslığımızda bu mövzunu elmi səviyyədə araşdıran ilk sistemli tədqiqat əsəri kimi çox qiymətlidir və indinin özündə də o dövrün bəzi ideoloji ştamplarını nəzərə almasaq, dəyərli bir mənbədir.
Məmməd Cəfər təkcə Azərbaycan və rus xalqlarının ədəbi əlaqələrini araşdırmaqla kifayətlənməmiş, rus ədəbiyyatının təbliği və tədrisi ilə bütün yaradıcılığı boyu məşğul olmuş, bu sahədə fundamental təlqiqatlar, dərsliklər, saysız-hesabsız məqalələr ortaya qoymuşdur. "Lakin bu sahədə Məmməd Cəfərin ən böyük tədqiqatı, bütün bu əsərlərin məntiqi yekunu və nəticəsi kimi yaranan monumental rus ədəbiyyatı tarixidir ki, üç cildlik dərslik şəklində düşünülən bu kitablar Azərbaycan dilində sistemli rus ədəbiyyatı tarixi (XIX əsr) yaratmaq sahəsində ilk təşəbbüsdür. O müasir rus və Azərbaycan ədəbiyyatşünaslığının nailiyyətləri zəminində yazılmışdır və bir əsrlik rus bədii fikrinin bütün mərhələlərini əhatə edir" (Yaşar Qarayev. Tənqid: problemlər, portretlər. Bakı, Azərnəşr, 1976, səh. 163). M.Cəfər iki xalqın ədəbiyyatları arasında fikir birliyini
Məmməd Cəfər ədəbi-tənqidi fəaliyyətə ilk əvvəl məhz rus klassikləri haqqında məqalələrlə başlamış, sonrakı yaradıcılıq illərində də müntəzəm və ardıcıl şəkildə bu mövzuya qayıtmışdır.
1.BAX: MƏQALƏLƏR: "Demokrat, revolyusener, sosialist"-Gertsen haqqında. "Ədəbiyyat qəzeti", 1937, 16 aprel. "Belinski"."Ədəbiyyat qəzeti", 1938, 20 may. "Çernışevski", "Ədəbiyyat qəzeti", 1938, 24 iyul. "Sovet poeziyasının günəşi" - Mayakovski haqqında. "Ədəbiyyat qəzeti", 1938, 18 aprel. "Xalq üçün alovlanan böyük ürək"- Qorki haqqında. "Yeni yol" qəzeti, 1938, 28 mart. "Lermontov", "Azərbaycan qadını" jur. 1939.№ 18. "Çernışevskinin estetik görüşləri". "Ədəbiyyat qəzeti", 1939, 12 oktyabr. "Çexov". "Ədəbiyyat qəzeti", 1940, 1 fevral. "Anna Karenina". "Ədəbiyyat qəzeti", 1940, 24 noyabr. "Böyük patriot"- Lermontov haqqında. "Ədəbiyyat qəzeti", 1941, 1 avqust. "İrq haqqında Çernışevskinin fikirləri". "Ədəbiyyat qəzeti", 1941, 17 dekabr. "Tolstoy". "Azərbaycan gəncləri", 1945, 22 noybr. "Nekrasov və müasirlik", "Ədəbiyyat qəzeti", 1946, 7 dekabr. "Nekrasov". "Kommunist" qəzeti, 1946, 4 dekabr. "Cəlil Məmmədquluzadə və rus mədəniyyəti". "Kommunist" qəzeti, 1947 4 yanvar. "A.N.Ostrovski "İnqilab və mədəniyyət"jur.1948, № 1. "Nekrasov". "Kommunist" qəzeti, 1948, 9 yanvar. "Puşkin və Azərbaycan mədəniyyəti". "Ədəbiyyat qəzeti", 1948, 15 dekabr. "A.S.Puşkin". "İnqilab və mədəniyyət" jur. 1946, № 6. "Saltıkov Şedrin". "Kommunist" qəzeti, 1949, 11 may. "Rusiya və Azərbaycan mədəniyyəti". "Ədəbiyyat qəzeti", 1949, 13 may, 16 sentyabr və 15 oktyabr. "Böyük rus yazıçısı Tolstoy". "Kommunist" qəzeti, 1950, 19 noyabr. "Azadlıq müğənnisi"- Nekrasov haqqında. "Ədəbiyyat qəzeti", 1951, 5 dekabr. "Qorkinin Bakıya üçüncü gəlişi". "Kommunist" qəzeti, 1951, 17 iyun. "Belinski Qoqolun sənətkarlıq xüsusiyyətləri haqqında, "İnqilab və mədəniyyət" jur. 1952, № 1. "Böyük realist"- Qoqol haqqında. "İnqilab və mədəniyyət" jur. 1952, № 2. "Qoqol yaradıcılığının müasir əhəmiyyəti". "Kommunist" qəzeti, 1952, 4 mart. "Müfəttiş","Kommunist" qəzeti, 1952, 10 fevral. "Dahi sənətkar - Tolstoy haqqında. "Ədəbiyyat qəzeti"1953, 5 sentyabr. "Böyük mütəfəkkir və yazıçı-Gertsen haqqında "Kommunist" qəzeti, 1955, 21 yanvar. "Böyük yazıçı və mütəfəkkir"-Gertsen haqqında. "Kommunist" qəzeti, 5 aprel. 1anvar.
2.KİTABLAR: "Rus ədəbiyyatı tarixi oçerkləri", Bakı, XMK nəşriyyatı, 1939. "A.İ.Gertsen", Bakı "Uşaqgəncnəşr", 1954. "Böyük inqilabçı demokrat A.İ.Gertsen" Bakı, EA nəşriyyatı, 1963. "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən", Bakı, Azərnəşr 1964. "Rus klassikləri", Bakı, Azərnəşr" 1964. "XIX əsr rus ədəbiyyatı", 1-ci cild, Bakı, "Maarif", 1970. "XIX əsr rus ədəbiyyatı tarixi", 2-ci cild, Bakı, "Maarif" 1974. "XIX əsr rus ədəbiyyatı tarixi", 3-cü cild, Bakı, "Maarif", 1974.
Məmməd Cəfərin "XIX əsr rus ədəbiyyatı" dərsliyində ayrı-ayrı rus klassikləri haqqında16 elmi oçerki və həmin əsrin bütöv ədəbi mənzərəsini yaradan 4 icmalı verilir. Təxminən 930 səhifədən ibarət olan bu üçcildliyi təkcə dərs vəsaiti kimi təqdim etmək doğru olmazdı, bu üçcildlik XIX əsr rus ədəbiyyatı haqqında monumental və möhtəşəm tədqiqat əsəridir, janrını müəyyənləşdirsək, sanballı bir monoqrafiyadır.
Alimin rus ədəbiyyatına, onun XIX əsrdə keçdiyi mürəkkəb inkişaf yoluna bələdliyi üçcildliyin hər bir səhifəsində hiss olunur. Şübhəsiz ki, M.Cəfər bu əsəri yazarkən rus ədəbiyyatşünaslığının XIX əsr ədəbiyyatı ilə bağlı yazılan - bütün elmi əsərlərini diqqətlə oxumuş, mənimsəmişdir, lakin heç bir əsərin təsiri altına düşməmiş, tamamilə müstəqil bir əsər meydana gətirmişdir. Hətta etiraf etmək lazımdır ki, Məmməd Cəfərin "XIX əsr rus ədəbiyyatı" əsəri rus ədəbiyyat tarixçilərinin bu mövzuda yazdığı əsərlərdən heç də geridə qalmır.
"XIX əsr rus ədəbiyyatı" əsəri bir sıra ciddi elmi prinsipləri özündə ehtiva edir. Onları aşağıdakı şəkildə ümumiləşdirə bilərik:
1. Əsərdə XIX əsr rus ədəbiyyatının ayrı-ayrı mərhələlər üzrə inkişafı və hər bir mərhələnin özünəməxsus xüsusiyyətləri şərh olunur. 1800-1830-cu illərin rus ədəbiyyatı ilə 1830-1840-cı illərin rus ədəbiyyatı arasında əlaqə və bağlılıq güclü olsa da, birinci mərhələ ilə ikinci mərhələ arasında fərqli xüsusiyyətlərin olduğu qaçılmazdır.
Yaxud, 1850-1860-cı illərin rus ədəbiyyatı özündən əvvəlki iki mərhələnin və özündən sonrakı 1870-1890-cı illərin irus ədəbyyatı arasında da ciddi fərqlər, ayrıntılar nəzərə çarpır. Bu da vahid rus ədəbiyyatının hər bir inkişaf mərhələsində yeni, tamamilə orijinal bir ədəbi missiya daşıdığını sübut edir. Ədəbiyyatın da zamanın inkişaf meylləri və ictimai-siyasi-mənəvi durumu ilə əlaqədar yeni məzmun və forma xüsusiyyətləri ilə zənginləşməsi, daha proqressiv ideyalarla diqqəti cəlb etməsi inkaredilməz faktdır. Lakin burada bir mühüm məqamı nəzərdən qaçırmaq olmaz.
O da bundan ibarətdir ki, bütün başqa xalqların ədəbiyyatında olduğu kimi, XIX əsr rus ədəbiyyatında ənənə və novatorluq bir-birilə qırılmaz şəkildə bağlıdır, rus ədəbiyyatı inkişaf edib yeni keyfiyyətlərlə zənginləşsə də, ənənəyə bağlılığını heç vaxt itirməmişdir.
2. M.Cəfər XIX əsr rus ədəbiyyatından təkcə rus ədəbi fikrinin kontekstində söz açmır, rus ictimai, fəlsəfi fikrinin də inkişafını izləyir və təbii ki, ədəbiyyatın inkişafında bu amillərsiz keçinmək olmadığını, onların qarşılıqlı, müştərək əlaqəsini, birinin digərinə təsirini ortaya çıxarır. Eyni zamanda, ədəbiyyatın inkişafında hətta senzuranın ciddi təqiblərinə baxmayaraq rus mətbuatının böyük rolunu da unutmur.
(ardı var)